28 yanvar - Səyavuş UYĞUNUN doğum gündür

28 yanvar - Səyavuş UYĞUNUN  doğum gündür
TƏBRİK EDİRİK!...

28 yanvar
Səyavuş UYĞUNUN
doğum günüdür -
dünyaya göz açdığı gündür
* * *

Bu gün Borçalı ədəbi mühitinin istedadlı nümayəndələrindən biri olan, uzun illərdir ki, imzası qəzet, jurnal, almanax və dərgilərdən düşməyən, şeirləri, poemaları, publisist məqalələri mütamadi olaraq Gürcüstan və Azərbaycan mətbuatında çap olunan,
7 kitab müəllifi, tanınmış şair-publisist Səyavuş UYĞUNUN doğum günüdür.


Qocalırsan saçlarına dən düşür,
Geçən günlərinə neçə sən düşür,
Ömrə yağış yağır daha çən düşür,
Unutma ki, qocalıqdı Səyavuş.

De olubmu, ömür yarı, gün yarı?
Cavanlıqdı ömrün sərvəti- varı,
Başındakı o ağaran saçları,
Elə san ki, ucalıqdı Səyavuş.

Nə yaşından Uyğun oldun ellərə,
Kədərlənmə, həsrət çəkmə illərə.
Adın düşsün indən belə dillərə,
Deməsinlər qocalıbdı Səyavuş.


Səyavuş Uyğun (Hüseynov Səyavuş Dilman oğlu) - 1949-cu ilin yanvar ayının 28-də Ulu Borçalının axar-baxarlı, dilbər güşələrindən biri olan, ərənlər yurdu Qasımlı kəndində müəllim ailəsində anadan olmuşdur.

Atası - Hüseynov Dilman İsmayıl (İstil İsmayıl) oğlu 1920-ci ildə anadan olmuş, 1937-ci ildən ömrünün sonuna kimi Borçalının müxrəlif məktəblərində müəllim, məktəb direktoru vəzifəsində çalışmışdır. O, 2005-ci ildə dünyasını dəyişmişdir. Allah rəhmət eləsin!..


Anası - Gülzar Mürsəl qızı 1927-ci ildə kolxozçu ailəsində anadan olmuş, ömrü boyu kolxoz və sovxoz təsərrüfatlarında fəhlə işləyib həyat yoldaşı ilə bərabər 6 oğul, 2 qız övladı böyüdüb ərəsəyə çatdırıb, hamısına da ali təhsil vermişlər. O, 2010-cu ildə haqqın dərgahına qovuşmuşdur. Allah rəhmət eləsin!..

Babası – atasının atası məşhur el qəhrəmanı, adı-sanı ilə bütün Qafqazda bəlli olan İstil İsmayıldır.
İstil İsmayıl, 1876-cı ildə anadan olmuş və 1930-cu dünyasını dəyişmişdir. Allah rəhmət eləsin!..
İstil İsmayıl mərhum yazıçımız Tahir Hüseynovun “Borçalı əhvalatları”“Çax-çaxda atılan güllə” povestlərinin baş qəhrəmanıdır.

Səyavuş Uyğun 1967-ci ildə Qasımlı orta məktəbini əla qiymətlərlə bitirib Bakı şəhərinə getmiş və sənədlərimi Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna verərək, bu ali məktəbin inşaat fakültəsinə qəbul olunmuşdur.

Texniki instituta qəbul olunmağına baxmayaraq orta orta məktəb illərindən bədii yaradıcılıqla məşğul olmuş və dövrü mətbuatda öz şeirləri və publisist məqalələri ilə çıxış etmişdir. Səyavuş Uyğun hələ orta məktəb illərindən ədəbiyyata böyük meyil göstərmiş, Azərbaycan şairləri Molla Pənah Vaqifi, Aşıq Ələskəri, Səməd Vurğunu, Mikayıl Müşfiqi sevmiş, onların şeirlərindən çox-çox bəhrələnmişdir.

Ali məktəbi bitirib 1972-ci ildə vətəni Borçalıya qayıdan S. Uyğun əvvəl Qasımlı kəndində fəaliyyət göstərən sovxozda inşaat mühəndisi vəzifəsində fəaliyyət göstərməyə başlamış, sonra 1996-cı ildə Qasımlı kənd məclisi idarə heyəti sədrinin birinci müavini - aparat müdiri vəzifəsinə təyin edilmişdir.

2000-ci ildən Marneuli rayon icra hakimiyyətinin mədəniyyət şöbəsinin əməkdaşı kimi fəaliyyətə başlayan Səyavuş Uyğun elə həmin ildən rayon mədəniyyət evi nəzdində “Qönçə” adlı ədəbi birlik təşkil etmişdir. Bu birliyin 100-ə yaxın fəal üzvü olmuşdur. Regionda yaşayan gənc yazarları məclisə toplayıb müntəzəm müzakirələr aparmışdır. 2006-cı ildə onun baş redaktorluğu ilə rayon mədəniyyət şöbəsinin orqanı olan 8 səhifəlik “Qönçə” adlı aylıq ədəbi-bədii qəzet buraxılmağa başlamışdır. Birliyin üzvlərinin bəyənilmiş yazıları mütamadi olaraq bu qəzetin səhifələrində çap olunurdu.

Onun ilk şeiri 1967-ci ildə Cılil Məmmədquluzadənin 100-illiyinə həsr olunmuş “Ədibin 100-illiyinə” adı altında Marneuli rayonunda nəşr olunan “Yeni Marneuli” qəzetində çap olunmuşdur. Elə bu vaxtdan o həmin qəzetin “ştatdan kənar müxbiri" kimi fəaliyyət göstərərək, yüzlərlə kiçik publisistik yazıları ilə çıxış etmişdir.
Səyavuş Uyğun Bakı şəhərində texniki ali məktəbdə oxumaqla yanaşı institutda təşkil olunmuş jurnalistika kursunu bitirmiş və sertkvat almışdır. Onun şeirləri və publisistik yazıları 1967-ci ildə Gürcüstanda nəşr olunan “Yeni Marneuli”, “Qələbə bayrağı”, “Sovet Gürcüstanı”, “Ziya” qəzetlərində, Azərbaycanda nəşr olunan “Azərbaycan Pioneri”, “Azərbaycan Gəncləri” qəzetlərində, “Ulduz”, “Gənclik” jurnallarında, Gürcüstanda nəşr olunan “Dan ulduzu”, “Çeşmə”, “Dağlar dərdə düşsə”, “Borçalıdan keçən yollar” kitab, almanax və toplularında çap olunmuşdur.

O, Gürcüstanda yaşasa da Bakıda nəşr olunan “Borçalı” və “Qafqaz press” qəzetlərində əvvəl bölgə müxbiri, sonra şöbə müdiri, ən nəhayət hər iki qəzetin baş redaktorunun Gürcüstan üzrə müavini kimi fəaliyyət göstərmişdir. S.Uyğunun şeirləri və publisistik yazıları “Borçalı”, “Qafqaz press”, “Zəngəzur”, “Ulu Körpü”, “Dünyaya səsimiz”, “Azərbaycan press”, Gəncədə nəşr olunan “Körpü” qəzetində, “Xudafərin-I”, “Xudafərin-II”, “Göyəzən” toplularında müntəzəm çap olunmuşdur və olunur. Eyni zamanda Gürcüstanda nəşr olunan “Ədəbi Gürcüstan-I”, “Ədəbi Gürcüstan-II”, “Borçalı antologiyası” kitablarında və “Qarapapaqlar”, “Meydan” jurnallarında mütamadi çap olunur.

Səyavuş müəllimin indiyə qədər 7 kitabı nəşr olunub:
1. Nəciblik rəmzi.
2. Borçalının söz xəzinəsi.
3. Ömrünü maarifə həsr etmiş insan.
4. Borçalıda günəş doğar.
5. Babakərim-pirim mənim.
6. Vaxtsız solan çiçək.
7. Ömründən yarımayan İsmayıl.


Səyavuş Uyğunun “Qarapapaqlar” dərgisində Qasımlının böyük el qəhramanları Səməd ağa və İstil İsmayılın igidliyindən mərdliyindən, xeyixahlığından bəhs

“Qaşı kəsilmiş yəhər” adlı povesti hissə-hissə çap olunur.

O, 2010-cu ildə Marneuli rayonunda fəaliyyət göstərən Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin nəzdində nəşrə başlayan çoxtirajlı “Bizim Universitet” adlı qəzetin redaktoru, sonra isə Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyinin orqanı olan “Ziya” qəzetində məsul katib, 2011-ci ilin may ayından Tbilisidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlıları Konqresinin mətbu orqanı olan “Konqres” qəzetində əməkdaş kimi fəaliyyət göstərmişdir.

O, bir neçə kitabın, o cümlədən Gəncə Texnologiya Universitetinin dosenti Rövşən Hüseynovun “Fələk” adlı şeirlər kitabının (ön söz yazmaqla), Yusif Yusiflinin “Gürcüstan Azərbaycanlılarının ədəbiyyatı tarixi XVIII- XX əsrlər” və s. kitabların redaktoru olmuşdur.

S.Uyğun bədii yaradıcılıqda fəaliyyətimə görə “Qızıl saz”, “Göyəzən”, “Vicdanlı qələm” mükafatlarına layiq görülmüşdür.
1997-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2009-cu ilin yanvar ayından isə Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Bədii yaradıcılıqla yanaşı həm də o, ictimai vəzifə daşıyır. Azərbaycan Respublikası “Əlillərin Beynlxalq Əməkdaşlığı Uğrunda”(ƏBƏU) cəmiyyətinin Gürcüstanda yaradılan filialının - “Gürcüstan bürosu”nun idarə heyətinin sədrdir. Bütün Gürcüstanda yaşayan əlil insanların problemləri ilə məşğul olur.

Səyavuş müəllim həm də xoşbəxt və nümunəvi ailə başçısıdır.
Onun bir qızı, bir oğlu var. Hər ikisi Gürcüstanda ali təhsil alıb, istehsalatda çalışır.

Biz də turan.info.az-ın Yaradıcı Heyəti adından qələm dostumuz Səyavuş Uyğunu ad günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, şəxsi həyatında, ictimai fəaliyyətində və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımızın nəzərinə çatdırıriq.

Müşfiq Borçalı,
turan.info.az



Səyavuş UYĞUNUN təzə-tər şeirləri

Olmaya


Yaman bərk gəlibdi qışın sazağı,
Deyirəm ömrümün qışı olmaya.
Gələydi taleyin bəxtəvər çağı,
İnsanın qocalıq yaşı olmaya.

Baharın xoş günü yağış yağırsa,
Tanrı yaxın bilib səni çağırsa,
Cana soyuq dəyib başın ağrısa,
Dərdə dərman edən naşı olmaya.

Qocalıq bənzəyir qışın qarına,
İnanma zamanın etibarına,
Oxşarı olsaydı qış aylarına,
Uğunun nə tayı-tuşu olmaya.


Çatarıq

Bilmədik qədrini yaxşının, pisin,
Çökdü üzümüzə qarasl hisin,
Dözdük sazağına dumanın, sisin,
Dedik ki, bir təhər yaza çatarıq.

“Əzilən” yarandıq, olmadıq əzən,
Olduq “oğru” kimi gecələr gəzən,
Ovçuluq eylədik, söylədik bəzən,
Sonanı ovlayaq, qaza çatarıq.

Çatmadı bizlərə tanrının hoyu,
Şəhid balalara etmədik toyu,
Çalışdıq, vuruşduq ömrümüz boyu,
Qəmzəli, işvəli naza çatarıq.

Yadların rəqsinə oynadıq hər an,
Bizim səsimizə diksindi cahan,
Əzilə-əzilə duyduq hər zaman,
Analar laylası saza çatarıq.

Dörd nala çapmadı bir atımız da,
Birləşə bilmədi hər çatımız da,
Düşünüb-daşındıq həyatımızda,
Çoxa çatmasaq da, aza çatarıq.


Zəlimxanının ölümünə

Xalq şairi Zəlimxan Yaqub bu gün
haqqın dərgahına qovuşdu
.


Bu dünya yırğalandı,
Bayquşlar sırğalandı,
Kimdi qapını döyən,
Dedilər can alandı.

Ürəklər oda yandı,
Dağ uçdu, su dayandı,
Ümidimiz onaydı,
Alışdı o da yandı.

Nə kədərli andı bu,
Qasırğa, borandı bu,
Borçalının balası,
Şair Zəlimxandı bu.


Ay Cahangir
Ustad aşıq Cahangirə


Sən gözəl aşıqsan, can ay Cahangir,
Sazında çaldığın tellərə qurban.
Kamandar ölməyib mən indi bildim,
Səni xəlq eyləyən ellərə qurban.

Çox hikmət yaratdın xoş avazında,
Tapıbsan haqq yolu öz murazında,
Incə barmaqlarla telli sazında,
Vurduğun xallara, güllərə qurban.

Uyğuna ruh verir hər havacatın,
Sazın sədasiylə keçir həyatın,
Eldən əksilməyir toyun-büsatın,
O səni yaşadan illərə qurban.
Sazında çaldığın tellərə qurban.


Ölümdən qayıdıb

Fani olan bu dünyanı,
Bilib, ölümdən qayıdıb.
Əzrayıl adlı mələyə,
Gülüb, ölümdən qayıdıb.

Görüb tale savaşını,
Itiribdi sirdaşını,
Qanlar tökən göz yaşını,
Silib, ölümdən qayıdıb.

Uyğun qeyrət vafasıyla,
Yaylaqların səfasıyla,
Həkimlərin cəfasıyla,
Ölüb, ölümdən qayıdıb.


İstəmirəm

Qəlbim olub para-para,
Deyib gülmək istəmirəm.
Sevincimə şərik olun,
Dərdi bölmək istəmirəm.

Kəsilibdi salam-məlik,
Yerə möhtac, göyə ləlik,
Qəlbim küsüb bir dəfəlik,
Sizə gəlmək istəmirəm.

Bu dərdimi tanrı duyub,
Üz-gözümü nurla yuyub,
Yaşım yanaqda quruyub,
Heç vaxt silmək istəmirəm.

O mələk coşub-daşmasın,
Heç an həddini aşmasın,
Əzrayıl yolu çaşmasın,
Hələ ölmək istəmirəm.

Çox yalvardım dönə-dönə,
Heç baxmadı mən deyənə,
Kim veribdi dərdi mənə,
Uyğun, bilmək istəmirəm.


Giley

Tanrımızdan gileyliyəm,
Enişimi yoxuş edib.
Önümdə qaya yaradıb,
Amalımı behuş edib.

Kəsibdi sağı-solunmu,
Qırıb dibindən qolumu,
Bəxtimin qoca yolunu,
İti gedən bir quş edib.

Məhv eyləyib səadətimi,
Heç bilməyib qiymətimi,
Bu dünyada qismətimi,
Fəqət qəpik-quruş edib.


Ülkör

Bu nə gündü sən düşübsən,
Cındırından cinlər ülkör.
Eldə çıxan ad-sanından,
Yüzlər ülkör, minlər ülkör.

Başındakı nurlu əlsə,
Eylədiyin xoş əməlsə,
İllər hər an gözəl gəlsə,
Aylar ülkör, günlər ülkör.

Tutsan əgər məndən soraq,
Şeirlərə göstər maraq,
Uyğun yazıb-yaradacaq,
Demə onu dinlər ülkör.


Yaylaq təəssüratı

Günəşin istisi çəkildi birdən,
Bürüdü dağları duman layları.
Qəfil peydah oldu burda duman, çən,
Kəsildi quşların hay-harayları.

Gəldi yavaş-yavaş çisək yağışı,
Göründü göylərin qövsü-qüzühi.
Başladı yenə də duman axışı,
Yam-yaşıl otların çoxaldı şehi.

Yaylağın qəribə təbiəti var,
Hərdən yağış yağır, hərdən gün çıxır.
Burda hava xoşdu, safdı bu dağlar,
Burda insanları nə bürkü sıxır.

Səhər toranında adam üşüyər,
İnsanı məst edir bura sazağı.
Dağlara çıxanda hər kəs töyşüyər,
Nəfəsi təngiyər enəndə dağı.

Səsi kəsilməyir dağ çaylarının,
Səhər-axşam ötür kəklik-turaclar.
Arası kəsilmir çən laylarının.
Itir dumanlarda güllü yamaclar.

Gəlir şırıltısı buz bulaqların,
Bəzəyir dörd yanı moruq, çiyələk.
Ətrinə qərq olub bu yaylaqların,
Hər yanı bəzənmiş sankı bir çiçək.

Burda hava dərman, su də məlhəmdir,
Dünyanın ən gözəl dincəlmək yery.
Burda qayalar da çox möhtəşəmdi,
Sanki bu yerlərin vahid lideri.


Havalı könlüm

Havalanıb şair könlüm,
Yaylaqlara qalxasıdır.
Seyr eyləyib çölü, düzü,
Şah dağlara qalxasıdır.

Nədir belə qəddim əyən,
Bu yaşımda qəlbə dəyən,
İnsan ayağı dəyməyən,
Oymaqlara qalxasıdır.

Uçdu candan ruhum bütün,
Uyğun, gəldi ən gözəl gün,
Dağ döşündə içmək üçün,
Bulaqlara qalxasıdır.

Hanı mənim pənahım
Ay allahım görən kimsə,
Qəmdən məni siləsimi.
Əl uzadıb başım üstə,
Hər dərdimi biləsimi.

Qocalıram daha özüm,
Eşidilmir söhbət sözüm,
Qəm-qüssəli ağlar gözüm,
Görən bir gün güləsimi?

Dost-düşməni ayır Uyğun,
Səni kimlər sayır Uyğun,
Anılmasa şair Uyğun,
Diri ikən öləsimi.


Kəndimizə qonaq gəldim

Gəldik kəndimizə bir isti gündə,
Bu yerin havası can dərmanıdır.
Bizi qarşıladı güllər çiçəklər,
Bizlə kəndimizin vüsal anıdır.

Basaraq bağrıma qoca kəndimi,
Sərin bulağından doyunca içdim.
Artıb gözəlliyi bərə-bəndimin,
Ən gözəl talanı yenə də seçdim.

Gördüm insanları yaman qocalıb,
Ağsaqqal kəslərin azalıb sayı,
Tanrımız bu yerdən sankı bac alıb,
Yox olub quşların hayı-harayı.

Yenə şah dayanıb “Haça-qayası”,
Qalın meşələrdə marallar gəzər.
Tutub Babakəri duman tayası,
Yaşıl yamacları çiçəklər bəzər.

Oturub eyvanda baxdım hər yana,
Gözəl meyvələrin ətri duyular.
Yenicə gəlmişəm sankı cahana,
Burda dərdlərimə nöqtə qoyulur.

Sevdasına

Könlüm hər an pərvaz eylər,
Yazda bulaq sevdasına.
Bəm nəfəsi zilə qalxar,
Yayda yaylaq sevdasına.

Qış çağında süzər dağı,
Düzlərə artar marağı,
Payız vaxtı gəzər bağı,
Sarı yarpaq sevdasına.

Hər fəsilin öz aləmi,
Uyğuna göstərər dəmi,
Götürər onda qələmi,
Düşər varaq sevdasına.

Gülüm

Mən torpaq olaydım, sən dən olaydın,
Mənim ürəyimdə bitəydin gülüm.
Dönüb bir çiçəkli çəmən olaydım,
Çiçəklər içində itəydin gülüm.

Sevsəndə ürəkdən, sevirəm demə,
Sevda yollarında kədər-qəm yemə,
Tanrıdan verilən bu taleyimə,
Arılar bal yığan pətəydin gülüm.

Özün bahar qızı, dönüb bahara,
Gəl salma Uyğunu bu əzablara,
Düşsəm eşq yolunda borana, qara,
Onda sən dadıma yetəydin gülüm.

Olaydı

Dörd fəsil yaşayır həyatda insan,
Deyərlər ömrümün yazı olaydı.
Özüm haqq aşığı, düşəydim yola,
Əlimdə Əmrahın sazı olaydı.

Düşməni olaydım qəmin-kədərin,
Olaydım mehmanı, mavi səhərin,
Ana təbiətin, yaşıl düzlərin,
Qəlbimi oxşayan nazı olaydı.

İstisi azalıb ömrün yayının,
Fərqi bilinməyir ilin ayının,
Uyğuna verilən ruzi payının,
Mənə qismət olan azı olaydı.

Nağayrersən?

Şair dostum Salman Qaziyə


Salam sizə Salman Qazi,
Canım, gözüm nağayrersən?
Doyammadım söhbətindən,
Şirin sözlüm nağayrersən?

Gəzirsənmi kəhər atda?
Olursanmı toy-büsatda?
Sitəm dolu bu həyatda,
Odum, közüm nağayrersən!

Uyğun olsun şirin dəmin,
Niyə yazmır de qələmin,
Yüngüldürmü kədər-qəmin,
Dərdə dözüm nağayrersən?

Ustad yadigarı

Aşıq Hüseyn Saraçlının ustadı olmuş,
məşhur aşıq Quşçu İbrahimin oğlu
Bəhram müəllimə


Eşitdim halını əzizim Bəhram,
Hələ cavanlığın həmikarısan.
Xəstəlik yaraşmır qanan kəslərə,
Sən ki, dost yolunun vəfadarısan.

Bu yurdda söz olub, çağlar sim olub,
Sevinc bəxş eyləyən mərasim olub,
Burda Oruc olub, İbrahim olub,
Ustadlar yurdunun iftixarısan.

Od-közü olubsan, yurda nur verən,
Müqəddəs ocağa hər an sur verən,
Hər zaman anlayır eşidib bilən,
Quşçu İbrahimin yadigarısan.

Xəstəlik yad olsun sitəm-karıyla,
Bir yüzü keçəsən könül yarıyla,
Bu ocaq ad alıb etibarıyla,
Indi sən bu yurdun etibarısan.

Hələ keçməlisən neçə mərhələ,
Uyğun şad günündə bir qolaq gələ,
Sənin yaşamağa haqqın var hələ,
Bəhruzun, Arazın şah vüqarısan.

Ömrü

Xalq şairi Zəlimxan Yaquba


Heç kəs ala bilməz əlindən sənin,
Allahın verdiyi bu, gözəl ömrü.
Şairlər Tanrının danışan dili,
Sizlərə bəxş edib o, əzəl ömrü.
Sizlərə bəxş edib o, əzəl ömrü.

Ömür dağ çayıdır axır harayla,
Üşüyər qış ilə, isinər yayla,
Beşikdən qəbrə tək çalınar layla,

Bürüyər hər zaman bu, özəl ömrü.
Allah sədəgahə məkkəyə getdin,
Müqəddəs torpaqda kamala yetdin,
Bütün ellərimə ərmağan etdin,

Borçalı ünvanlı o, təməl ömrü.
Uymadın hər zaman hər fitnə-felə,
Dözdün ərənlər tək hər coşqun selə,
Əzrayil yüz əməl etsə də belə,
Səndən ala bilməz o, əcəl ömrü.

Sizi Borçalılar bir fəxr sayır,
Demirəm ellərdən elləri ayır,
Sizdən ricam budur ey böyük şair,
Döndərmə geriyə gəlha-gəl ömrü.

Səyavuş UYĞUN
Şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: