Bu gün şair-mühəndis
ELDAR HACIYEVin ANIM Günüdür!
ELDAR HACIYEVin ANIM Günüdür!
(1938-2006)
Eldar Yəhya oğlu Hacıyev (ELDAR ELOĞLU)
1938-ci il avqust ayının 1-də qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Darvaz kəndində anadan olub.
Orta təhsilini doğma kəndində başa vurduqdan sonra o, Azərbaycan Sənaye İnstitutunu
(sonralar Azərbaycan Neft və Kimya İnstitutu adlanan indiki Azərbaycan Neft Akademiysını) bitirib. Əmək fəaliyyətinə B.Sərdarov adına
Bakı Maşınqayırma zavodunda başlayıb:
mühəndis, sex rəisi, baş mexanik,
baş mühəndisin müavini,
baş mühəndis vəzifələrində çalışıb.
Sonralar bir müddət M.Əzizbəyov adına
Təcrübə-sınaq zavodunda baş mühəndis
vəzifəsində işləyib.
Daha sonralar isə pedaqoji fəaliyyətlə
məşğul olub, Bakı Politexnik və
Maşınqayırma Texnikumlarında dərs deyib.
Ömrünün son gününə kimi Bakı Texniki
Kollecində metodist-müəllim işləyib.
1958-ci ildən müntəzəm olaraq mətbuatda dərc olunan, 10 kitabın - o cümlədən iki texniki kitabın (“Maşınqayırma fəhləsinin yaddaş kitabçası”, “Azərnəşr”, 1980, “Ömrü nəyə həsr edək”, “Azərnəşr”, 1984) bir tarixi xronoloji oçerklər kitabının (“Binəqədidə bir zavod var...”, “Azərbaycan” nəşriyyatı, 1996) müəllifi olan, ziyalılar arasında mühəndis-müəllim kimi böyük hörmət və nüfuz qazanmış Eldar Hacıyev özünü həm də nəğməkar şair kimi tanıda bilmişdir.
Onun “Tut ağacı” (“Yazıçı” nəşriyyatı, 1990), “Yaşadığım dəqiqələr” (1998), ”Dünya sevənlərindir” (2001), “Sevənlərin kitabı” (2002), “Çaylar dənizə tələsir” (2004), “Son nəğmə” (2005) və “Uzaq illərin nəğmələri” (2006) adlı şeirlər kitabları, eləcə də “Çinar pöhrələri” (Bakı, 1979, 1981), “Yeni səslər-1” (Bakı, 1984) almanaxlarında, “Ağır elli Borçalı” (Bakı, 1990, Ərzurum, 1996), “Addımlar” (Bakı, 1995, 1996, 1998) poeziya toplularında, “Azərbaycan”, “Ulduz”, “Göyərçin” jurnallarında, "Ədəbiyyat və incəsənət", "Bakı", "Gürcüstan", "Təhsil", "Ziya", "Borçalı", "Şərqin səsi" və bir sıra müxtəlif mətbuat orqanlarında çap olunmuş neçə-neçə poemaları, yüzlərlə şerləri, nəğmələri oxucular tərəfindən həmişə maraqla qarşılanmışdır.
Yaxşı yadımdadır. 1990-cı il... Təlatümlü bir dövr idi. Şeirə, sənətə maraq azalmışdı. Az qala hamı Meydan həyatı yaşayırdı, bəlkə də cılız şüarlar dalıyca qaçırdı. Belə bir vaxtda şair üçün oxucu tapmaq çətin məsələ idi. Məhz belə bir zamanda - 1990-cı ildə "Yazıçı" nəşriyyatı Eldar Hacıyevin "Tut ağacı" (şeirlər və poema) kitabını oxucuların ixtiyarına verdi...
Kitab nəinki Borçalılıların, eləcə də bütün Azərbaycan gənclərinin sevincinə səbəb oldu. Qısa bir vaxtda kitab respublikaya yayıldı, haqqında qəzet səhifələrində məqalələr dərc olundu. Kitabdakı şeirlər "Ümid bitirən torpaq" və "Dünya sevənlərindir!" sərlövhəli iki başlıq altında cəmlənmişdir. Elə bu başlıqlardan E.Hacıyevin yaradıcılığının mövzusu aydın hiss olunur. Göründüyü kimi, o, əsasən müasirlərimizi düşündürən problemlərdən yazır. Dövrümüzün ümumbəşəri qayğıları, insan taleyi, Vətən və torpağ sevgisi, zəhmət dünyası, təmiz və kövrək məhəbbət aləmi şairin ən çox müraciət etdiyi mövzulardır.
Şairin "Bir anın səhfi" adlı poeması gənclik mövzusunda yazılmış ən gözəl poemalardan biri sayıla bilər. "Gizli məhəbbət", "Qızlar... qızlar...", "Sənsizlik", "Danışa bilmirik", "Təbrik", "Görüş" və s. şeirləri də eyni mövzuda yazılmış sənət əsərləridir.
Eldar Hacıyevin “İnam” sənədli-lirik poeması isə dünya şöhrətli soydaşımız, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Sibir neftinin müəllifi, məşhur neftçi-alim Fərman Salmanova həsr olunub.
Şairin yaradıcılığında vətən, yurd, el-oba məhəbbəti xüsusi yer tutur. "Azərbaycan" şeirində:
Yanmağı sən öyrətdin,
Sevməyi anam mənə.
Yaşamaqçın bir ömrü
Verdiniz inam mənə.
Yer başıma dolansın
Bir an sizi anmasam.
Yana-yana sevərək,
Sevə-sevə yanmasam.
- deyən şairin "Vətən", "Torpaq", "Günəşli dünya", "Tutağacı", "Kəndə gedən yol", "Ümid bitirən torpaq" və s. şeirləri də diqqəti cəlb edir. "Haray", "Qapı dalında", "Palıd", "Fəhlə", "Dəmirçi", "Yanğı", "Kənd toyları", "Analar", "Estafet", ""Yürüş", "Tələs", "Oğlum" və s. şeirləri tərbiyəvi əhəmiyyət daşıyır.
Həyatda xırdalıq çox böyük dərddi,
Hər boş şey dalınca getmə sən, oğlum!
Böyük əməllərə köklə özünü -
Adilik içində itmə sən, oğlum!
Az yaşa, çox yaşa, deyil hünərdən,
Sən könül dolusu sevməyi öyrən.
Quru çöpünə də təsirlənməsən,
Sənə oğul deməz bu Vətən, oğlum!
Könülsüz sənəti, könülsüz yarı
Keçirmə boynuna.... çoxdu qubarı.
Demirəm səhv etmə, etsən də barı
Mən edən səhvləri etmə sən, oğlum!
Şairin "Olmasın" sərlövhəli şeirinə nəzər saldıqda isə
onun doğma kəndinə necə bağlı olduğunun bir daha şahidi oluruq:
İnsan yaşadıqca kövrəlir yaman,
Çalışır hal tutsun dostdan, tanışdan.
Ay Darvaz ətrini gətirən oğlan,
Könlüm mənsiz olsun, sənsiz olmasın!
O yurdun ətiri elə ətir ki,
Ürəyim o yersiz sönüb gedir ki,
Mənə bircə çəngə yarpız gətir ki,
Yazdığım nəğmələr duzsuz olmasın.
Görən, unudubmu o dağlar məni?
Çağırır yuxumda bulaqlar məni.
Bezdirib bəzəkli otaqlar məni,
Heç kəs bu dünyada izsiz olmasın.
Tarixin təkəri fırlanır yaman,
İmtahan dalınca gəlir imtahan,
Bir istəyim vardır qoca Tanrıdan,
Qartal göysüz, ceyran düzsüz olmasın.
Nə üzlə baxarıq Quyu bulağa,
Torpaqdan qalxmışıq - dönək torpağa,
Gələk də, gedək də Bakıya, amma
Biz Darvazsız, Darvaz bizsiz olmasın....
Eldar Hacıyev həm də gözəl ailə başçısı idi. 2 oğul, 1 qız atasıydı, 7 nəvənin sevimli babasıydı...
Onun hələ neçə-neçə arzuları, neçə-neçəyazılmamış əsərləri vardı...
Amma təəssüflər olsun ki, amansız ölüm onu bizdən ayırdı...
2006-cı il noyabrın 27-də Azərbaycan təhsilinin, mədəniyyətinin, poeziyasının, neft və kimya maşınqayırması elminin inkişafında xüsusi xidmətləri olan müəllim-mühəndis-şair Eldar Yəhya oğlu Hacıyev (Eldar Eloğlu) qəflətən dünyasını dəyişdi.
Eldar Yəhya oğlu Hacıyevin əziz xatirəsi qohumlarının, yaxınlarının, dostlarının, tələbələrinin, oxucularının, bütün onu tanıyanların, bir sözlə, qədirbilən xalqımızın qəlbində yaşayır, daim və əbədi olaraq yaşayacaqdır. Allah rəhmət eləsin!..
Müşfiq BORÇALI.
«Bütöv Azərbaycan» qəzeti, 2012.
Eldar ELOĞLU -
Eldar HACIYEV
TUT AĞACI
Kəndin ortasında bir tut ağacı,
Nə vaxtdır fələyə baxır qıyqacı.
O qədər ağsaqqal gəldi dibinə,
Axır, özünün də ağardı saçı.
Qışda hənirlidir, yayda sərindi,
Kəndin pir yerinə dönübdü indi.
Bura tut yeməyə gəlməz bir nəfər,
Burda xatirələr tutdan şirindi.
Bağlı bir kitabdır sanki hər ömür,
Söhbətə başlayan susmaq istəmir.
Odur, Nalbənd Məmmi danışır yenə,
Nahar yaddan çıxıb yoruldum demir.
Kimin ki, gəncliyi ötüb mənalı,
Söhbəti andırır şəkəri, balı.
Xatirə sandığı boş olanlar da,
Baxır ağızlara, ağzıaçılı...
Mənim yaşıdlarım!... günlər ötüşsün,
Bura üz tutmağa üzümüz olsun.
Bir gün Tut ağacı yığsa bizi də,
Söhbət eləməyə sözümüz olsun...
“Azərbaycan” jurnalı,
1982, № 10.
YOLLAR
Rahat yerisək də üzü enişə
Enişlər dərəyə aparar bizi.
Çətin yerisək də üzü yoxuşa
Yoxuşlar zirvəyə aparar bizi.
Enişə endikcə gözdən itərsən
Həb kimi udarlar dərələr səni.
Zirvədən həm özün çox yer görərsən
Həm də ki, çox yerdən görərlər səni.
Dağlar yadıma düşdü...
Könlüm birdən qanadlandı,
Görən dağlar həməndimi?
Otuz ildir görmədiyim
Buz bulaqlar həməndimi?
Kəhər atı yəhərlədim,
Axşamını səhərlədim.
Yeri-göyü xəbərlədim
O torpaqlar həməndimi?
Qara arxac, Ortabulaq,
Lilparlıda süfrə salaq.
Dolaşdığım oymaq-oymaq
O yaylaqlar həməndimi?..
Məni görüb yelləndilər
Çiçək açıb gülləndilər.
Gördüm dağlar həməndilər
Amma Eldar həməndimi?..
Dünya bir dəlixana...
Dünya bir dəlixana
Yığışmışıq yan-yana.
Biri şöhrət dəlisi,
Biri dövlət dəlisi.
Ağılsız bir cür dəli
Ağıllı min cür dəli.
Olmuşuq başdan-başa
Nəfsimizin köləsi.
Yarımız pul dəlisi,
Yarımız eşq dəlisi.
Dünya bir dəlixana...
Telefon danışıqları
Əvvəl əllərindən ayırdın məni
Sonra gözlərindən,
Səsimdən ayrıla bilmədin ancaq.
Bircə gün səsimi eşitməsən sən
Sandım ki, bu saat dünya uçacaq.
Yapışıb qalmışıq biz telefondan
Suda boğulan
Bir saman çöpündən yapışan kimi.
Nöqtə qoyacağam daha bu eşqə
Çıxıb gedəcəyəm qəbrimə sarı,
Bitəcək telefon danışıqları.
Özümü itirib, uf demədin sən
Səsimi itirib sarsılacaqsan.
Hər zəng çalınanda diksinəcəksən,
Hər zəng çalınanda qıc olacaqsan.
Bir gün o dünyadan zəng çalacağam,
Donub qalacaqsan bu qəfil səsdən.
Dəstək əllərindən düşüb sınacaq
Səsimi dinləyə bilməyəcəksən...
Kimdir günahkar?..
Gözlərimi səndən çəkə bilmirəm
Sənmi günahkarsan, mənmi günahkar?
Sən gözəlsən, mən də gözəl dəlisi
Sənmi günahkarsan, mənmi günahkar?
İnsaf et, üzünü çevirmə yana
Könül istər baxışından odlana.
Sən cavansan, mənim üzüm o yana,
Sənmi günahkarsan, mənmi günahkar?
Göz qızınmaz, söz ürəkdən gəlməsə,
Üzüm gülməz, əgər könlüm gülməsə.
Başqaları səni görə bilməzsə-
Sənmi günahkarsan, mənmi günahkar?
Eldar deyər, yarpaq kimi mən əsdim,
Gənc olsaydım, vallah səndən keçməzdim.
Sənmi gec doğuldun, mənmi tələsdim?-
Sənmi günahkarsan, mənmi günahkar?..
“Aşıq Pəri” məclisi
Yaşılbaş sonalar yığışıb yenə
Gözəllik hər şeyi gözəlləşdirir.
Örpək var camala yaraşıq verir
Camal var, örpəyi gözəlləşdirir.
Biri şer deyir, valeh olursan
Birinin səsində dağ şəlaləsi
Zülfiyyə çoxdandır məst edib bizi
İndi də Tellisi, həm Kəmaləsi.
Elə oxuyurlar, elə çalırlar
Ürək az qalır ki, yansın, inləsin.
Təkcə Azərbaycan azdır onlara
Onları qoy bütün dünya dinləsin...
Dördlüklər
Gözünü açırsan, gün olur yarı
Yatsaq, odumuzu kim qalayacaq?
Qabaqda gedənə çatmayanları
Arxadan gələnlər tapdalayacaq..
* * *
Dünyada nə qədər qadın vardısa
Dünyanın o qədər möcüzəsi var.
Qadın görünməmiş bir qüvvədir ki,
Önündə Şahın da diz çökməsi var...
Analar
Özümü anama yetirə bildim
Gördüm, ürəyimin başı göynədi.
Ona bircə qaşıq su verə bildim
“Dərdin ürəyimə gəlsin,”- söylədi.
Göylər bu nidanı görən yazdımı?-
Gözlərim bulud tək dolmaq istədi.
Can verən anamın dərdi azdımı?-
Mənim dərdimi də almaq istədi...
Kəndə getmişdim...
Gözümdə necə də böyüyüb bu kənd,
Könlümdə necə də doğmalaşıbdır.
Elə bil imana, dinə gəlmişəm
Sevincim başımdan aşıb-daşıbdır.
Belə sevdiyimi bilməzdim heç vaxt
Mən ona nə qədər yaxınam indi.
Dünyaya Darvazdan baxırdım bir vaxt
Dünyadan Darvaza baxıram indi...
Bir toya getmişdim
Təsadüf bir toya apardı məni
Alışıb yanırdı ipək pərdələr.
Birdən elə bil ki, od vurdu məni
Dəydi gözlərimə sevdiyim dilbər.
Toy kimin idisə, dəhşət mənimdi,
O axşam neçə yol ölüb-dirildim.
Ağappaq geyinmiş gəlin o idi,
Amma yanındakı bəy mən deyildim.
Baxışlar havada toqquşdu birdən
Yer də silkələndi bir az, deyəsən.
Xəyal toy evindən çıxartdı məni,
Bəs onun əhvalı necoldu görən?!
İlahi, rəhm elə, dözüm birtəhər,
Bir onu bildim ki, getdim özümdən.
Onunla olduğum xoş dəqiqələr
Bir kino-lent kimi keçdi gözümdən.
Onda ayıldım ki, məclis qurtarıb
Bu axşam nə yedim, mənim bəsimdi.
Hamı öz evinə çıxıb gedəcək,
Ürəksiz mən hara gedim bəs indi?!
Gözəlləri süzə-süzə...
(nəğmə)
Gözəlləri süzə-süzə
Bir də gördün çatdım yüzə.
Ovçu gözüm baxmaz sözə
Dilim qalar yana-yana.
Gözümü qaşım saxlayar
Ağlımı başım saxlayar.
Dilimi yaşım saxlayar
Əlim qalar yana-yana.
Deməyin ki, sönəcəyəm,
Mən göylərdən enəcəyəm.
Öləndə də sevəcəyəm-
Ölüm qalar yana-yana...
26.11.2006
* * *
REDAKSİYADAN:
Ay keçəcək, il ötəcək,
Yenə həmin gün gələcək...
Sevgilərin boy atacaq,
Şeirlərin seviləcək...
Ellər səni yad edəcək,
Nəvələrin sevinəcək...
...Onda bu gün düşər yada-
Ölüm qalar yana-yana...
Müşfiq BORÇALI,
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.