Səhv siyasət isə bir gün onu həyata keçirənlərin özünə doğru bumeranq kimi qayıtmalı idi, qayıtdı da. Belə bir şəraitdə Gürcüstanda istehsal dayanmışdı, mağazalar isə boş idi. Kriminal qruplar, quldurlar dinc sakinləri qarət edir, maşınlarını əllərindən alır, mal-qarasını oğurlayır və onları öldürürdülər. Xüsusilə mal-qara, maşın oğurluqları geniş yayılmışdı. Həmin vaxt Bolnisi rayonunun, sonra isə Azərbaycanın Göyçay rayonun təhlükəsizlik xidmətinin sabiq rəhbəri Nəbi Nəbiyev(KQB Nəbi) və tikinti trestinin sabiq rəhbəri Məhəmmədəli Aslanovla birlikdə 5 nəfərin olduğu minik maşınının qarşısı silahlı svanlar tərəfindən saxlanıldı. Məhəmmədəli Aslanov həmin hadisə barədə deyir: “Uzunbaşoğlu Nəbinin oğlu Əhməd rəhmədə getmişdi. Əhməd Marneulidə elevatorun baş direktorunun müavini işləyirdi və bizə də qohum idi. Marneulidə yas mərasimindən sonra Arıxlıya qayıtdıq. Bir az dincəldikdən sonra Kəpənəkçiyə yas yerinə getmək qərarına gəldik. İsayev Mürsəl müəllimin də Ayortada qohumu rəhmətə getmişdi. Belə qərara gəldik ki, əvvəlcə Ayortaya, sonra Kəpənəkçiyə gedib hər iki yas mərasimində iştirak edək. Maşında məndən və Mürsəl müəllimdən başqa, KQB Nəbi, Şakir Quliyev və qardaşım Möylüd vardı. Kəpənəkçidən geri kəndə qayıdanda Turşbulaqda su içmək üçün maşını saxladıq. Möylüd sükan arxasına keçəndə bildirdi ki, hərbi formada olan silahlılar onları diqqətlə izləyirlər:
– Nəsə narahatam, onlardan uzaq durmaq lazımdır, hərəkətləri xoşuma gəlmir. Mən Möylüdə maşını işə salıb yola düşməyi tapşırdım. Hər ehtimala qarşı güzgüdən arxaya baxdım və silahlı şəxslərin iki maşınla bizi izlədiyini gördüm. Möylüd də narahat idi və maşını Hasannxocalıda kənd içinə sürmək istədi, lakin yola davam etməyi tapşırdım. Hasannxocalı ilə Arıxlı arasında maşınlardan biri bizi ötərək qabaqda çəpəki vəziyyətdə yolda saxladı. Hər iki maşından düşən silahlılar avtomatları bizə tuşlayıb maşından düşməyimizi əmr etdilər. Silah gücünə maşından düşdük, lakin Möylüd bu vəziyyətə etiraz edərək düşmək istəmədi. Silahlılardan biri atəş açaraq onu topuğundan yaraladı. Bir an hər şeyi unutdum, qardaşıma kömək üçün irəli atıldım, amma əlimdən bir şey gəlmədi. Başqa bir silahlı tapançanı alnıma dirəyib dedi:
– Ölmək istəmirsənsə, tərpənmə, hərəkət etsən, atəş açacağam. Möylüd yaralı vəziyyətdə maşından düşürüldü, sonra oğrulardan bir neçə nəfər bizim maşına minərək hadisə yerini tərk etdi. Səs-küyə həm Arıxlıdan, həm də Hasanxocalıdan xeyli adam toplaşdı. Silahlıların arxasınca bir neçə maşın düşsə də, oğruları tapmaq mümkün olmadı. Maşının yük yerində xeyli pul vardı. Maşın da getdi, pul da getdi, üstəlik də qardaşım topuğundan yaralandı. Şükür Allaha ki, güllə yarası ciddi deyildi. Sonradan öyrəndim ki, bizə qarşı cinayət törətmiş silahlılar Abxaziya müharibəsində öldürülüblər”. Maşın bazarından bir neçə gün əvvəl alınmış avtomobil isə Məhəmmədəliyə məxsus olub. Bu kimi hadisələr ölkə miqyasında artıq adi hal almışdı. Arıxlıda da vəziyyət gərgin idi. İşsizlik baş alıb gedirdi. İstər Arıxlı, istərsə qonşu kəndlərin sakinləri arasında Azərbaycandan benzin və digər neft məhsulları gətirib yol kənarında satanlar olurdu. Bu isə Arıxlının ilk şəhid verməsi ilə sonunclandı.
Tapdıq Süleyman oğlu Yusifov Kolagirdə yeməkxanadan çıxıb Arıxlıya qaydarkən yol kənarında kolagirli bir qadının svanlarla mübahisə etdiyini görüb. Svanlar aldıqları benzinin pulunu verməkdən imtina edir, bu azmış kimi, qadını da təhqir edirmişlər. Hətta svanlardan biri qadına silah (avtomat) yönəldərək öldürəcəyi ilə hədələyib. Eyni zamanda da söyüb. Bunu görən Tapdıq svanlara yaxınlaşaraq onlardan silahı yığısdırmağı, aldıqları benzinin pulunu ödəmələrini tələb edib. Bundan sonra mübahisə daha kəskinləşib. Mübahisə zamanı svanlardan biri Tapdığa atəş açıb. Ağır yaralanan Tapdığı Marneuli xəstəxanasına aparsalar da, çox qan itirdiyindən yolda dünyasını dəyişib. Svanlar isə maşına minib qaçmağa çalışsalar da, onlardan birini hadisə yerinə gələn kənd sakinləri tuta biliblər. Həmin şəxs də layiq olduğu cəzasını alıb. Onun meyiti təzə körpünün yaxınlığına atılıb. Qeyd edim ki, Tapdıq Süleyman oğlu Yusifov 1954-cü ildə Arıxlı kəndində müəllim ailəsində anadan olmuşdu, 1993-cü ildə quldur gülləsinə tuş gələn Tapdıq Arıxlı kəndinin ilk şəhididir.
1993-cü ilin dekabrında Arıxlıda vəziyyət daha da pisləşdi. Kənddə sakitliyi, nizam-intizamı təmin etmək üçün gənclərdən ibarət dəstələr təşkil edilmişdi. Bu dəstələrin məqsədi isə kəndin müxtəlif məhəllələrində post qurub kəndi cinayətkarların qəfil hücumlarından qorumaq idi. Hər gün isə bu postlar yoxlanılırdı. Bu dəfə Nəsib Əhməd oğlu Yusifov, Arif Əhməd oğlu Mustafayev və Qamot Vəlinin oğlu Rafiq ağsaqqallardan montyor Məhəmmədin rəhbərliyi ilə postların yoxlanılmasına çıxmışdılar. Sürücü isə Süleyman müəllin idi. Onlar Hasanxocalı tərəfdən Arıxlıya girişdə şübhəli maşın görüb ona yaxınlaşıblar. Olduqları maşından düşən Ariflə Nəsib şübhəli maşına yaxınlaşıblar. Onlar maşındakılara sürüb getmələrini məsləhət görsələr də, qarşı tərəf razılaşmayıb və nəticədə mübahisə yaranıb. Ariflə Nəsib geri, Süleyman müəllimin maşınına doğru qayıdarkən şübhəli maşından onların arxasınca atəş açılıb. Nəticədə Ariflə Nəsib ağır yaralanıb.
Güllələrdən biri isə montyor Məhəmmədin dizinə dəyib və diz qapağını sıradan çıxarıb. Rafiq məktəbə tərəf, əkin sahəsinə qaçaraq oradan qarşı tərəfə atəş açıb, lakin atəş pərakəndə olduğundan heç bir nəticə verməyib.
Ağır yaralanan Ariflə Nəsib dünyasını dəyişiblər.
Nəsib Əhməd oğlu Yusifov 1958-ci ildə, Arif Əhməd oğlu Mustafayev isə 1963-cu ildə Arıxlı kəndində anadan olmuşdular.
Arıxlılar şübhəli maşının arxasınca düşsələr də, izini itiriblər. Hadisədən sonra kənddə təhlükəsizlik tədbirləri gücləndirilib.
Bir gün sonra içərisində svanlar olan minik maşını “dur” əmrinə tabe olmayaraq sürətlə şlaqbaumun yanından keçib – gedərkən arxasınca açılan atəş nəticəsində iki svan öldürülüb, bir neçə nəfər yaralanıb. Bundan sonra hadisələrin nəzarətdən çıxmasının qarşısını almaq üçün Arıxlıya Gürcüstanın qərb rayonlarından avtobuslarla milis dəstələri gətirilib. Hətta zirehli maşınlar da gətirilib. Lakin sakitlik yarandıqdan sonra bu texnikalar kəndi tərk edib.
Növbəti faciə isə bir il sonra baş verib. Kənd yolundan magistral yola çaxan minik avtomobili şübhəli maşın kimi patrul maşını tərəfindən saxlanılıb. Nömrəsiz minik avtomobilinin sürücüsü Eldənizlə milis arasında mübahisə yaranıb. Milis əməkdaşının açdığı atəş nəticəsində güllə asfalta dəyərək istiqamətini dəyişərək yol kənarındakı Tengiz Məhəmməd oğlu Əliyevə dəyib. Yaralanan Tengizi xəstəxanaya aparsalar da, yolda dünyasını dəyişib.
Tengiz Əliyev 1972-ci ildə anadan olmuşdu. Milis əməkdaşı isə arıxlılar tərəfindən tutularaq hüquq-mühafizə orqanlarına təhvil verilib və layiq olduğu həbs cəzasını alıb. Basqa bir hadisədə isə Rafiq Yunusov yaralanıb. Postda duran arıxlılar milis kapitanının maşınını saxlayıblar. Mübahisə nəticəsində təsadüfən atəş açılıb və Rafiq baldırından yüngül yaralanıb. Milis kapitanının maşınında körpə uşaq olduğundan onu arıxlılar bağışlayıblar. Artıq bu belə davam edə bilməzdi. İnsanlar gərgin vəziyyətdə idilər. İstənilən an insan ölümləri ilə nəticələnə bilən milli qarşıdurmalar baş verə bilərdi. Hadisələrin bu fonunda Əlibala Əsgərov və Zümrüd Qurbanlının liderliyi ilə “Qeyrət” Xalq Hərəkatı yaradıldı. Onun qarşısında duran vəzifə borçalıların maraqlarının qorunması idi. “Qeyrət”in fəalları arasında Arıxlıdan Şükür İsmayılov, Musa Tanrıverdiyev də vardı. Yaranmış vəziyyət Gürcüstan rəhbərliyini milli azlıqlara qarşı siyasətinə yenidən baxmağa məcbur etdi. Ölkədəki kriminal, cinayətkar dəstələr prezident E.Şevardnazenin (1995 – 2003) özü üçün də təhlükəli idi. Onlar zərərsizləşdirilməli idi. T.Kitovani və C.Ioseliani həbs edildikdən sonra Gürcüstan hökuməti Borçalıdakı cinayətkar dəstələri zərərsizləşdirməyə girişdi. Aparılan əməliyyatlar nəticəsində xeyli cinayətkar yaxalandı, insanlara əziyyət-işgəncə verən, soğunçuluqla, qarətlə, qətllərlə məşğul olan silahlı dəstələr dağıdıldı. Onu da qeyd edək ki, bu əməliyyatların aparılmasında E.Şevardnadze komandasında məsul vəzifələrdə hələ də möhkəm bərqərar olan əski “zviadçılar” aktiv iştirak etdiyindən bir sıra qatı cinayətkarlar himayə edildi və məsuliyyətdən yayındı. Svanların yaşadıqları evlərin həyətindəki ot tayalarının altından 200-ə yaxın oğurluq minik maşını müsadirə olundu. Bunların mütləq əksəriyyəti azərbaycanlılara məxsus avtomobillər idi.
Gürcüstan hakimiyyəti tərəfindən həyata keçirilən bu tədbirlər Borçalıda müəyyən sakitlik yaratdı.
Lakin bu o demək deyildi ki, diskriminasiya dövrü sona çatdı.
Pünhan ƏFƏNDİYEV,
turan.info.az
.