Nizami SARAÇLI MUTLUTÜRK: “Yazıçılar Birliyinə üzv olmaq üçün on yeddi il çalışmışam, əziyyət çəkmişəm”

Nizami SARAÇLI MUTLUTÜRK: “Yazıçılar Birliyinə üzv olmaq üçün on yeddi il çalışmışam, əziyyət çəkmişəm” Bəxtiyar Vahabzadəni sevməyən, “Youtube”də rekord qıran şeirin müəllifi, “Şərəf” ordenli, kəndə çəkilmiş şairlə - MÜSAHİBƏ

Şirin ləhcəsi var. Suallara ətraflı cavab verir. Biz də ona ütülü-sığallı suallar verməyə çalışmadıq.

Məşhur yazıçı və şairlərlə bağlı maraqlı xatirələri var. Şairlərə olan münasibətini də gizlətmir. Turqut Özal, Eduard Şevardnadze, Nursultan Nazarbayevlə görüşləri olub. Yazdığı bir çox şeirləri, o cümlədən “Tanrı türkə yar olsun” çox məşhurdur. Bu şeirə Şəmistan Əlizamanlının bəstələdiyi və ifa elədiyi mahnı “Youtube” kanalında ən çox izlənən mahnılardandır. (1 milyon 800 mindən çox, indi isə 2 milyondan çox izləyici ! - red.)
Elə onunla söhbətləşməyimizə də bu mahnının izlənmə rekordu oldu.




Tanıtım: Nizami Saraçlı (Nizami Paşa Mutlutürk) 1950-ci ildə iyun ayının 10 - da qədim Borçalı mahalının (Gürcüstan) Bolnisi rayonundaki Saraçlı kəndin¬də anadan olub. 1966-cı ildə həmin kənd orta məktəbini, 1973-cü ildə Bakıda Azərbaycan Dövlət Universitetini bitirib.

1963-cü ildən müxtəlif imzalarla şeirlər yazır. 1964-cü ildən mətbuatda çıxış edir Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya və digər ölkələrdə əsərləri çap olunub. Kitabları böyük tirajla nəşr olunub.

Haqqında “Vətən candan irəli” adlı məqalələr toplusundan ibarət 380 səhifəlik kitabı işıq üzü görüb.

Şairin “Bakı-Təbriz-Ankara”, “Heyran türkün bayrağına”, “Tanrı türkə yar olsun”, “Ey sabahın zabitləri”, “Mənim generalım”, “Olmasın”, “Çiləli qurd”, “Yaralı ceyran”, “Qafqaz dağı, yol ver bizə” kimi şeirlərinə bəstəkarlarımız musiqi bəstələyib. .

Bu nəğmələr bir neçə beynəlxalq mahnı festivallarının diplom və mükafatlarına layiq görülüb. Bir çox şeirlərini aşıqlarımız saz havaları üstə oxuyurlar.

Üç dəfə beynəlxalq poeziya müsabiqə və festivalının qalibidir - “Peyğəmbər”, “Abay”“Sülh naminə” beynəlxalq mükafatlar.

Azərbaycan Respublikası Təhsil Mərkəzinin “Abdulla Şaiq” mükafatı və diplomuna layiq görülüb, Gürcüstan Dövlətinin ən ali mükafatı olan "Şöhrət" ordeni ilə təltif olunub.

Qarabağ uğrunda gedən döyüşlərinin fəal iştirakçısı olub, istefada olan zabitdir. Ailəlidir, dörd övladı və nəvələri var.


Nizami SARAÇLI MUTLUTÜRK: “Yazıçılar Birliyinə üzv olmaq üçün on yeddi il çalışmışam, əziyyət çəkmişəm”Nizami Saraclı Mutlutürklə müsahibəni təqdim edirik.


- Niyə Mutlutürk? Bir az gurultulu səslənmirmi? Nədən mutlusuz?

- Atatürkə məhəbbətdən irəli gəlir. Həm də buna layiq olduğumu düşünürəm. Çünki mən Azərbaycanın müstəqilliyi uğrunda əlimdən gələni etmişəm. Hətta bunun üçün ölümə getməyə də hər an hazır olmuşam. Bu işləri gördüyümə görə mutlu olmuşam.
Yurd yerlərinə qayıdış

- Hal-hazırda Gürcüstanda yaşayırsınız?


- Bəli. Borçalı mahalının Saraclı kəndində.

- İndi dolanışıq üçün kəndlərdən şəhərə, əsasən Bakıya axın var. Saraclıda vəziyyət
neçədir? Kənd boşalmayıb ki?


- Qəribə səslənsə də bizim Borçalıda böyüyən, burada müəyyən mövqe tutan həmyerlilərimizin müəyyən hissəsi bir vaxtlar daha “yuxarı” qalxmaq üçün müəyyən yollar axtarırdılar. Bu yolun bir hissəsi kimi Borçalı əhalisini Azərbaycana “köçürmək” istəyirdilər ki, daha yüksək mövqeyə çatmaq üçün lazım gələndə həmyerlilərinin səsindən istifadə etsinlər. Bu köçürməni gürcülər yox, məhz azərbaycanlılar həyata keçirmək istəyirdilər. Sonra Allaha şükür ki, bu işin üstü açıldı, Heydər Əliyev məsələni bildi. O biləndə artıq Gürcüstandakı azərbaycanlıların demək olar ki, yarısı Azərbaycana köçmüşdü, Heydər Əliyev bu prosesin qabağını aldı. Onunla da məsələ dayandı.

- Son 2-3 ildə Gürcüstana və başqa yurd yerlərimizə bir qayıtma başlayıb…

- Birinci mən getdim. Arxamca da digərləri gəldi.

- Siz gedəndə Saraclıda əhalinin sayı nə qədər idi?


- Bizim kənddə 750 ev var. Mən gedəndə 300-ə yaxın evdə yaşayış var idi. Amma indi Allaha şükür, haradasa 600 evdə işıq yanır.

Nizami SARAÇLI MUTLUTÜRK: “Yazıçılar Birliyinə üzv olmaq üçün on yeddi il çalışmışam, əziyyət çəkmişəm”

- Onlar haradan qayıdırlar? Rusiyadan, Azərbaycandan…

- Qayıdış əsasən Azərbaycandandır. Bizim millətdə küyə düşmək problemi mövcuddur: bu hal biri bəri gələndə də, o tərəfə gedəndə də baş verir. Maraqlıdır ki, o vaxt hər kənddən 2-3 adama ev açarı göndərmişdilər ki, Bakıya köçsünlər. Beləliklə də camaat onların arxasınca buraya axın etməli idi. Mən kəndə gedib ev-eşiyimi qaydaya saldım. Bundan sonra bir çoxları da dedi ki, Nizami qayıdıbsa biz də geri, yurd-yuvamıza qayıdaq.

- Orda dolanışıq, Gürcüstan hakimiyyət orqanlarının azərbaycanlılara münasibəti necədir?


- Əladır! Bu məsələ ilə bağlı söylənilən əks fikrin hamısı yalandı. Bizi Azərbaycanda daha çox incidirlər, nəinki Gürcüstanda...

- Nə mənada incidirlər?

- Mənim şəxsi maşınım var. Müharibə veteranıyam, “Şərəf” ordenim var, amma ixtiyarım yoxdur ki, maşınımı sürüm sərhədi keçib gedim. Azərbaycana gələ bilmirəm. 5000 dollar bizdən pul istəyirlər. Dünyanın hansı ölkəsinə gedəndə belə edirlər?! Məsələn, mənim arzumdur ki, maşınımla gedib Göygöldə istirahət edim, amma gedə bilmirəm. Halbuki mən Azərbaycanın müstəqilliyi uğrunda bütün mübarizələrdə iştirak etmişəm. Amma indi sərhəddən o tərəfə keçməyə ixtiyarım yoxdur.
Qəbul imtahanındakı haqsızlıqlar

- Siz fiziksiniz. Necə oldu ki, fizik şairliyə meyl etdi. Fizika hara, şairlik hara?

- Mən yetim böyümüşəm. Atam olsa da məni ancaq anam saxlayıb böyüdüb. Atam Bakıya gələrək başqa qadınla evlənib. Bu ayrılıq məndə istər-istəməz bədbinlik yaradıb. 13 yaşımdan şeir yazmağa başlamışam. Yadımdadır, kəndimizdə övladı olmayan bir nəfər ölmüşdü. Onu dəfn edib qayıdanda gördüm danışırlar ki, bu yazığın da heç nəyi qalmadı. Bu mənə çox pis təsir etdi. Fikirləşdim elə etməliyəm ki, məndən sonra nəsə qalsın. Elə onda ağlıma bir-iki misra söz gəldi...

- Yadınızdadırmı o şeir?


- (Fikirləşir) Yox, yadıma düşmür...
Uşaqlıqdan başım bəlalar çəkib. Hətta qəbul imtahanlarında çox haqsızlıqlarla üzləşmişdim. Birinci il ali məktəbə qəbul ola bilmədim. Sonra politexnikə qəbul oldum. Tədris ili başlayanda dedilər ki, adım siyahıda yoxdur. Rektorun qəbuluna getdim. Sən demə, öz doğma dayım oğlu məndən donos yazıb. Dedi, mən gərək əlavə imtahan götürəm, amma yaydır deyə müəllimlər yoxdur, həm də bura belə bir material gəlib. Dayım oğlu Sofiyev Zahid Hüseyn oğlu (“KQB-nin əməkdaşıydı) yazıb ki, bu adam instituta rüşvətlə girib. Amma, vallah, rüşvət-zad verməmişdim. Beləliklə, orada oxumaq da mənə nəsib olmadı. İki il məktəbə tez getdiyimdən əsgərlik yaşım hələ çatmamışdı, növbəti il də imtahan verdim və universitetin fizika fakültəsinə qəbul oldum.

Şairliyə meyl edən fizik

- İlk şeiriniz nə vaxt çapdan çıxıb?

- Dəqiq yadımda deyil: 1965 və ya 1967-ci illərdə Bolnisi rayonunun “Qələbə bayrağı” qəzetində dərc olunub. Lap əvvəl isə 1963-cü ildə şeirimdən bir bənd çap edilmişdi.

- O ilk şeiriniz yadınızdadırmı?


- Yadımda qalmayıb. Kitablarım çoxdur: 1963-cü ildən 17 yaşıma qədər bir kitab, 17 yaşımdan 25 yaşıma qədər bir ayrı kitab, 25-dən 35 yaşa qədər ayrısı… Hamısını saxlayıram.

- Hamısı şeirdi?

- Yox, poema da var.

65 illik ömürdə qalan əziyyət

Nizami SARAÇLI MUTLUTÜRK: “Yazıçılar Birliyinə üzv olmaq üçün on yeddi il çalışmışam, əziyyət çəkmişəm”
- Keçən il 65 illik yubileyiniz qeyd olunub. 65 ildən geri baxanda nə görürsünüz? Nə qalıb o illərdə?

- Əziyyət. İndi də o əziyyəti yaşayıram. Mən Yazıçılar İttifaqına qəbul olmaq üçün 17 il çalışmışam, əziyyət çəkmişəm. Təsəvvür edin, buradan Mirzə İbrahimov Moskvaya - Yazıçılar İttifaqına məktub yazıb ki, xahiş edirəm Nizami Saraclını qəbul edin. Cavabda Bakıya qeydiyyatı olmadığına görə icazə verilmədiyi bildirilib. Oradan məktubu Gürcüstana göndəriblər. Orada da mənə deyilib ki, gürcü dilində yaza bilmədiyinə görə səni Yazıçılar İttifaqına götürə bilmərik. Bax, bu cür üçbucaq şəklində 17 il bu məsələ fırlanıb. Bu işə Azərbaycan Yazıçılar İttifaqının sədri İmran Qasımov da, Anar müəllim də, İsmayıl Şıxlı da qarışıb. Amma alınmayıb. Axırda, Allah rəhmət eləsin, Maqsud İbrahimbəyov, Elçin Əfəndiyev və Osman Sarıvəllinin zəmanəti olan kağız Gürcüstanın adlı-sanlı yazıçısı və kinostudiyanın direktorunun (adını yenə xatırlaya bilmədi-red.) üstünə göndərildi. O bildirdi ki, Maqsud mənim qardaşımdı, dostumdur. Məni Gürcüstanın Yazıçılar İttifaqının o vaxtkı sədrinin yanına aparsa da bundan da bir nəticə hasil olmadı.



Yalnız 1996-cı ildə Yazıçılar İttifaqının üzvü ola bildim. Onda artıq Azərbaycan müstəqil idi, mən də burada qeydiyyatda idim.

- İndiyə qədər neçə kitabınız çıxıb?

- Onduqquz.

- Çağdaş Azərbaycan ədəbiyyatında hansı şairi sevirsiz?


- İndi yaşlaşmışam neçə deyim ki, filan şairi sevirəm. Amma klassiklərdən deyə bilərəm…

- O şairlər içərisində qəbul etmədiyiniz varmı?

- Qəbul etmədiyim şair ümumiyyətlə yoxdur. Nəriman Həsənzadə ilə münasibətim çox yaxşıdır. Mənim özümə gəlincə, heç kimin təsiri ilə yazmamışam. Ola bilər ki, hardasa Yunus Əmrədən bəhrələnmişəm. Amma həmişə Nizami Saraclı olmağa çalışmışam.

- Ananız yaşayırmı?


- Yox. Rəhmətə getdi.

- Allah rəhmət eləsin! O ondoqquz kitabda ananıza həsr etdiyiniz əsər varmı?

- Əlbəttə. Oxuya bilərəm.


Oxuyur...

Anamın səsi gəldi, dilim yadıma düşdü,
Qəriblikdə çəkdiyim zülm yadıma düşdü.

Uşaq tək gözüm oydum, ana nəfəsin duydum,
Dizlərinə baş qoydum telim yadıma düşdü...


Dərd də Allahsız ola bilərmiş


- Qəribə adı olan bir şeiriniz var: “Allahsız dərd”. Dərd necə Allahsız olur?

- Nə bilim, vallah. Axı şair yazdığını izah edə bilmir . Onda hansı duyğuda olub yazmışam, Allah bilir.

- Orada belə bir beyt var:
Bir vaxt mən də mərd idim,
Niyə namərd elədin?
...Kim siz namərd eləyib?

Nizami SARAÇLI MUTLUTÜRK: “Yazıçılar Birliyinə üzv olmaq üçün on yeddi il çalışmışam, əziyyət çəkmişəm”

- İndi də o proses gedir. İndi də sıxa-sıxa adamı namərd edirlər. Məcbursan ki, geri dönüb səni sıxana bir şillə vurasan.

- Bu konkret adamdır, ya zəmanədir?

- Zəmanə. Zəmanə sıxıb-sıxıb yapışdırır adamı divara. Daha getməyə yer yoxdursa neyləməlisən, qabarmalısan da. Dünya adamı namərd edir.

- İlham pərisi nə vaxt gəlir? Vaxtı, vədəsi olurmu?

- Yox, harada olsa gəlir. Hətta at belində də ağla misra, beyt gəlir. O vaxt yaddaşım da yaxşı idi, hər şey yadımda qalırdı. Sizə bir şey deyim: insanın məlumatı nə qədər az olursa o qədər çox yazır. Məlumat böyüdükcə yazı azalır, məsuliyyət çoxalır. Bundan sonra da hər şeyi şeirə gətirmək olmur. Amma cavan vaxtı, təxminən 40 yaşa qədər fikirləşirsən ki, nə qədər çox yazsan o qədər yaxşıdır.

“Bəxtiyar Vahabzadəni qəti sevmirəm!”

- Bayaq İsmayıl Şıxlının adını çəkdiniz. Yəqin Bəxtiyar Bahabzadə ilə də tanışlığınız olub…

- (tələsik) Yox! Bəxtiyar Vahabzadəni sevmirəm!

- Soruşdum cavab vermədiniz. Demək, sevmədiyiniz şairlər var. Poeziyasını sevmirsiz, ya şəxsiyyət kimi?

- Saxta adam olduğuna görə nə şəxsiyyətini, nə də poeziyasını sevirəm.

- Səməd Vurğuna münasibətiniz necədir?

- Ona münasibətim müsbət və mənfidir. Onun şirin, axıcı poeziyasını oxuduqca adama ləzzət edir. Məsələn, “ Mən tələsmirəm” şeiri çox gözəldir. Və yaxud “Tək məzar”. Amma yaşadığı dövrdə hey tərif edib. Mən xoşlamıram elə şeyləri.

- Bəlkə zaman, dövr belə tələb etdiyinə görə…

- Yox, yox. Məni ayaq altında qoyub əzdilər, evimdən-eşiyimdən didərgin salıb küçələrdə qoydular, evimi dağıtdılar. Onda mən də kiməsə gedib yaltaqlanaydım?! Bu söhbət düzgün deyil. Şairin özündə günah yoxdursa o dünyasında yaltaqlıq eləməz.
Mən onun şeirlərini çox sevirəm. İstəyirsiniz birini deyim.
(Bayaqdan öz şeirlərindən birini belə yadına sala bilməyən şair Səməd Vurğunun “Mən tələsmirəm “ şeirini başdan ayağa əzbər dedi-red.)

- Öz şeirlərinizdən heç olmasa birini belə əzbər deyə bilərsinizmi?




- Nə bilim, gərək yadıma düşə...(fikirləşir)

Aşıq, bir məsəl var bizim diyarda,
Təbib qarşı gəlsə, dərd yalan olar.
Yaddan gəlin gələr, oğul ha gəlməz,
Sənə oğul olsa öz balan olar.
Çıxdım Başkeçidə, qabardı sinə,
Boylandım o keçən ömürə, günə.
Sürüklü gölündə düşəndə çənə,
Dedim Babakərdə qəm talan olar.
Ehey, salam sizə, a doğma yerlər,
Yad eldə adama qərib deyərlər.
Qürbətdə kef çəksən gedəcək hədər,
Vətəndə dərdinə yüz qalan olar.
Nizami Saraclı, haqdı diləyin,
Ölüncə torpağa gəlməz kürəyin.
Sənin əlin olsun, elin ətəyi,
Eldən yazdığın söz qalan olar.

- Yerliniz Zəlimxan Yaquba münasibətiniz neçədir?


- Bir yerdə oxumuşuq. Şair kimi şairdi, söhbət yoxdu. Allah rəhmət eləsin! Sağ olsaydı necə insan olduğunu deyərdim. Amma indi deyə bilmərəm.

- Bəxtiyar Vahabzadə də rəhmətə gedib. Amma onun haqqında fikrinizi dediniz…

- Bəxtiyar Vahabzadənin günahı çoxdur. Zəlimxanın da günahı olub. Amma o təzə rəhmətə gedib. Ona görə heç nə demirəm.

Vaqif Səmədoğlunun şeirini bəyənməyən, “Meşəbəyi” ilə küsüb getdiyi məclisə qayıdan Hüseyn Arif


- Azərbaycanın şair və yazıçıları ilə bağlı maraqlı xatirələriniz varmı?

- Hüseyn Ariflə bağlı maraqlı xatirələr var. O, şair kimi də, insan kimi də gözəldir. Vaqif Səmədoğlu bir yönlü, o isə bir başqa yönlü şair idi. Amma Vaqif Səmədoğlu həmişə gəlib ondan məsləhət alardı. Bir dəfə bunlar Azərnəşrin qarşısında rastlaşırlar. İkisi də bir az içibmiş. Vaqif soruşur ki, a qağa, harıya gedirsən? Deyir: “Öyə gedirəm”. Vaqif qayıdır ki, gəlsənə mən də sənlə gedəm. Hüseyn Arif: “Gedirsən, gəl gedək”, - deyir. Bir az gedəndən sonra Hüseyn Arif dönüb buna baxır: “Sən hardan gəldin?” Vaqif də deyir ki, bayaqdan bərabər gəlirik, dedin sizə gedək. “Hə, gəlirsənsə gəl”. Çıxırlar yuxarı. Süfrə arxasında otururlar. Hüseyn Arif ondan niyə gəldiyini soruşur. Vaqif də qayıdır ki, “Azərbaycan” jurnalında şeirlərim çap olunub. “Dedim görüm onları oxuyubsanmı? Oxumusansa qiymətini ver”. Deyir ki, oxumuşam, indi deyərəm. Sazı götürüb çalmağa başlayır . Qurtarandan sonra Vaqifdən soruşur: “Nə deyirdin sən?” Vaqif dediyini təkrarlayır. Bu bir də başlayır çalmağa. Vaqif də musiqiçi olduğuna görə sazı yaxşı bilirdi. Qurtarandan sonra üzünü tutur Vaqifə: “Necə çaldım sazı?”
Bu da deyir ki, əla çaldın. Hüseyn Arif : “Bax belə çalarlar” - deyib onu yola salır. Yəni yazmağı da belə yazarlar, sənin yazdığın bir şey deyil.



Bir başqasını danışım. Cavan vaxtlarımdı. İndiki “Sahil” bağına qızla görüşə getmişdim. Mən ömrüm boyu “Prima” çəkmişəm (Cibindəki filtirsiz “Prima”nı çıxarıb masanın üstünə qoyur - red). Onda da ağzımda siqaret baxdım ki, qağam o tərəfdən gəlir. Utandığımdan salam vermədim. O da mənə heç nə deməyib yanımdan keçdi. Mən getdim bağ qurtaranda geri döndüm, gördüm o da o tərəfdən bağ qurtarıb geri dönür. Uzun sözün qısası, on dəfə qarşılaşdıq, baxıb keçdi. Birdən qəfildən qayıtdı ki, niyə burda durursan? Dedim: “Ay qağa, utandım sənə deməyə, qızla görüşə gəlmişəm”. Qayıtdı ki, yaxşı eliyifsən, mən də görüşə gəlmişəm. Dedi və adladı. Aradan bir az vaxt keçdi və biz yenidən qabaqlaşdıq. Dedi: “O andırdan birini də ver mən yandırım”. “Prima”nın filtri yoxdur deyə yandıranda ağzına tütün doldu. Hirsləndi ki, bu nə andırdı verdin mənə, bu nədi çəkirsiz, ayıb olsun!..Bu vaxt mən gördüm ki, Axundov kitabxanasının pəncərəsindən bir qız baxır. Qağama işarə elədim. O da qıza işarə elədi ki, gəlirəm. Mənə qayıtdı ki, mənimki gəldi, səninki gəlmədimi? Dedim: “A qağa, mənimki deyəsən heç gəlməyəcək”.

Bir maraqlısını da danışım. Bir dəfə meşədə yeyib içirik. Mən də tamadayam. Rəhmətlik Hüseyn Saraclının yubiley günüdür. Məclisdə bir sovxoz direktoru da var. Hüseyn qağam istəyir ki, buna kitab hədiyyə eləsin. Gördüm ki, bu, kitabı mənə yox, əlinə heç kitab almayan sovxoz direktoruna hədiyyə etmək istəyir, pis təsir elədi. Məndən soruşdu ki, sovxoz direktorunun sağlığına nə vaxt içəcəksən. Mən də dedim ki, özüm bilərəm, nə vaxt istəsəm onda da içəcəm. Hamının sağlığına içirik, amma onu ləngidirəm. Bu da dilxor olub. Arada imkan edib kitabı gizlətdim və sovxoz direktorunun şərəfinə sağlıq dedim. Qağam istədi kitabı verə, gördü ki, yoxdur. Acıqlı şəkildə əlini yerə vurub durub çıxdı. Öz-özümə dedim: “Vay, dədəm, vay, bunu küsdürdüm, Hüseyn Saraclı evimi yıxacaq”. Tez iki aşığı göndərdim ki, gedin körpünün yanında Hüseyn Arifin qabağını kəsib “Meşəbəyi” çalın. Bunlar gedib elə körpünün yanında bunu haqlayıb “Meşəbəyi” çalmağa başladılar. Bu da əlini belinə qoyub axıra kimi qulaq asdı, geri qayıdıb: “Nə gözəl məclisdi” - deyib öz yerində əyləşdi...

Ana qadağası, dərdi ovunduran saz sənətində gedən cırlaşma


- Aşıq demişkən, sizdən bunu da soruşum: qabaq aşıq Əmrah, Hüseyn Saraclı, aşıq Kamandar kimi nəhəng aşıqlar olub. İndi elə aşıqlar yetişmir.


- Cırlaşma gedir də. Dediyiniz bu üçlükdə birinci Əmrah Gülməmmədov gəlir. Yəni ustadlığın zirvəsində odur! Sonra Hüseyn Saraclı, daha sonra aşıq Kamandar gəlir. Yaş fərqi belədir: Əmrahla Hüseyn Saraclı, Hüseyn Saraclı ilə Kamandar arasında 7-8 yaş fərq var. Hüseyn Saraclı Əmrah Gülməmmədovun “ətəyində namaz qılırdı”. Yaşlı vaxtında gedib üzünü qırxırdı, çimizdirirdi, paltarını geyindirirdi. Mən dəfələrlə bunun şahidi olmuşam. O, ustadın böyüklüyünü bilirdi. Kamandarla Hüseyn Saraclının arası tez-tez pozulurdu. Belə olanda Hüseyn Saraclı Əmrahı da götürüb Kamandarın evinə barışığa gedirdi. Yəni Əmrah dayı əsl ağsaqqal idi.

- Deyirsiniz ki, uşaqlıqdan atasız olmusunuz, ananız sizi min əzabla böyüdüb, dərdə meylli olmusunuz. Saz belə zamanlarda köməyinizə çatıb dərdinizi ovuda bilirdimi?

- Uşaqlıqda mənim sazım var idi. Lap siftə taxtadan da düzəltdirmişdim. Anam aşıq sənətini öyrənməyimə razı olmadı . Dedi, ay bala, sən aşıqlıq öyrənib gedib 3 manata oxuyacaqsan. Mən də bunu qəbul etmirəm. Mən də elə buna görə sazı məhv elədim. Sonra təxminən 30-35 yaşımda sazbənd Murad mənə saz hədiyyə etdi. Öyrənə bilmədim. Heç istəmədim də. Çünki anam yanımda idi. Dedim heç olmasa oğlum öyrənsin. O da öyrənə bilmədi. O saz indi Çingiz Əlioğlunun evindədi, ona hədiyyə etmişdim. Sonradan yenə Aşıq Muradın hədiyyə etdiyi kiçik cürə saz evimdədi.

- Ağrılı vaxtınızda hansı saz havasına qulaq asmaq qəlbinizi tərpədir?

- Hüseyn Saraclının çox yaxşı çaldığı “Bəhməni” havası. Bir də “Ruhani”ni çox xoşlayıram.

- Bəs Xındı Məmməd…

- Bilirəm ki, onun çox gözəl zil səsi olub. Aşıqlar çox tərifləyirlər. Mənim şəxsi tanışlığım olmayıb. 1965-ci ildə rəhmətə gedib.

Sahibini axtaran mükafat və təyyarəyə sığmayan hədiyyə olunmuş at


- Şair, eşitdiyimizə görə siz “Peyğəmbər” mükafatı laureatısınız. Nazarbayev də sizə at bağışlayıb. Bundan danışın.

- Onda mən Saraclıda yaşayırdım. Məmməd İsmayıl “Mükafat komitəsi”nin sədri idi. Müsabiqə ilə bağlı “Ədəbiyyat” qəzetində elan getmişdi. Mükafat alan həmin şeir bu kitabda var. (Bizə hədiyyə etdiyi kitabı göstərir: red) Şair-yazıçılar o vaxt bizim kəndə gəlmişdilər. Oxudum bəyəndilər.

- O hansı müsabiqə idi?


- 43 ölkədən 3500 şairin iştirak etdiyi müsabiqə idi; Allah və Peyğəmbərlə bağlı minacat yarışması. O da peyğəmbərin mövlud gününə təsadüf edir. Mən də bununla bağlı yazı yazdım. Bu yazı da əvvəl Bakıya, sonra İrana, axırda da Ankaraya getdi. Aradan iki-üç ay keçəndən sonra eşitdim ki, bununla bağlı Bakıya mənim arxamca xüsusi adam gəlib. Qorbaçovun vaxtı idi. Sən demə, məktub Azərbaycana göndərilməyib, Moskvada saxlanıb. Türkiyənin o zamankı prezidenti Turqut Özal da şəxsi nümayəndə göndərib.

- Sizi niyə tapa bilmirdilər ki?

- Necə tapsınlar? Mən Saraclıda oturmuşam. 43 ölkənin iştirak etdiyi müsabiqədə qalib olmuşam heç nədən də xəbərim yoxdur. Xülasə, gəldim çıxdım Bakıya. Məktubu verdilər. Orada yazılmışdı ki, 43 ölkə nümayəndələri arasında keçirilən müsabiqədə ödül almısınız, ödülü Ankaradan gəlib götürə bilərsiniz. Bütün xərclər də dövlət tərəfindən ödəniləcək. Burada mənə nə Xarici İşlər Nazirliyi, nə də digər qurumlar kömək etdilər. Məcbur olub Gürcüstan Xarici İşlər Nazirliyinə müraciət etdim. Orada mənə bir gün ərzində xarici pasport düzəldib verdilər. Sərhəddən də keçirdilər. Mən orada Turqut Özalın keçirdiyi iclasda iştirak etdim. Prezident məni yanında oturdub 15 dəqiqə də söhbət elədi. Mükafatı da aldım. O həmin vaxt Türkiyədə olan Nazarbayevlə görüşə birgə getməyi təklif etdi. Amma mən bir bəhanə tapıb getmədim. 1991-ci ildə baş verən bu hadisədən iki il sonra Qazaxıstanda Nazarbayevlə görüşmək nəsib oldu. Orada da yüksək səviyyədə qarşılandım. Orada mənə “Abay” mükafatı verildi. Onun qaliblərlə görüşündə mən ortaq dil məsələsini qabartdım, mübahisəmiz də oldu. Ortaq türk dili kimi Azərbaycan dilini təklif etdim. Çünki biz digər türk dillərini yaxşı anlaya bilirik . Gördüm acığı gəldi.

- Bəs sizə atı harada verdilər?

- (gülür) Mükafat veriləndən sonra mənə milli paltar geyindirib ağ ata mindirdilər. Şəkil-zad çəkdilər. Düşəndə dedim ki, indi mən bu atı özümlə aparacam? Dedi: “Əlbəttə, apara bilərsən. Təyyarəyə mindir apar”. Dedim ki, yox, o alınmaz. Cavab verdi ki, onda Heydər Əliyeviç zəhmət çəkib aeroporta bir at göndərər. Bakıya qayıtdım, məni qarşıladılar. Amma at gəlmədi. (gülür)

- Gənclərdən kimi oxuyursan, bəyənirsən?


- Mən internetdən istifadə etmirəm. Özüm də kənddə. “Azərbaycan”, “Ulduz” jurnallarını tapıb oxuya bilmirəm. Ancaq mənə gəlib çıxan bəzi qəzetlər olur. Orada da elə tanınmış şairlər, yazıçılar dərc olunmur. Ona görə də gənclərin yazdıqlarını mütəmadi izləyə bilmirəm. Amma əvvəldən tanıdığım gənclərdən Səlim Babullaoğlunu bəyənirəm. İndi ta o da gənc deyil (gülür)

- Əslində bu müsahibəyə Şəmistan Əlizamanlının ifa elədiyi və youtube kanalında rekord qıran “Tanrı türkə yar olsun!” mahnısı oldu. O mahnının sözlərinin müəllifi sizsiniz. O şeir necə yarandı?


- Bu şeir Şəmistan Əlizamanlının təşəbbüsü ilə yarandı. Dəqiq detallarını, vallah, unutmuşam. Onu Şəmistandan soruşun...



Arzu Səlim
Qaziler.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AŞIQ HÜSEYN SARACLININ  MƏNALI ÖMRÜNDƏN XATİRƏ

AŞIQ HÜSEYN SARACLININ MƏNALI ÖMRÜNDƏN XATİRƏ

Digər ali məktəblər, Bolus
Nizami Paşa Saraclı 20 ildir

Nizami Paşa Saraclı 20 ildir "Azərbaycan", "Ulduz" jurnallarına, "Ədəb ...

Bolus
Ustad aşıq Hüseyn Saraçlı ilə son müsahibə

Ustad aşıq Hüseyn Saraçlı ilə son müsahibə

Bolus
Elçin Hüseynbəyli:

Elçin Hüseynbəyli: "Kür qırağının əcəb seyrəngahı var, yaxud Vaqif Səmədoğ ...

Ədəbi tənqid, UNUTSAQ, UNUDULARIQ!....
Akademik Maqsud Əliyevlə MÜSAHİBƏ

Akademik Maqsud Əliyevlə MÜSAHİBƏ

Elm, MEDİA, Tiflis
Şairə Nazilə Səfərli: “Ərə gedəndən sonra ağ günə çıxdım...”

Şairə Nazilə Səfərli: “Ərə gedəndən sonra ağ günə çıxdım...”

Borçalı, Poeziya
Borçalıdan gələn qonaq ustad aşıq...

Borçalıdan gələn qonaq ustad aşıq...

Folklor, Borçalı
Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ)

Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ)

Poeziya, Borçalı, "Borçalı" Cəmiyyəti
“DOĞRUNU, DÜZ SÖYLƏMƏK…”

“DOĞRUNU, DÜZ SÖYLƏMƏK…”

Qaraçöp, Köşə yazılar
Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalı
Mağvala Qonaşvili: “Mən istəyirəm ki, biz yazıçılar sevgi körpüsü tikək”

Mağvala Qonaşvili: “Mən istəyirəm ki, biz yazıçılar sevgi körpüsü tikək”

Ədəbi əlaqələr, Tiflis
“ƏLLİNİ HEÇ SEVMİRƏM...” Kamandar Eyvazlı: “İçimdəki poeziya istedadını tam ...

“ƏLLİNİ HEÇ SEVMİRƏM...” Kamandar Eyvazlı: “İçimdəki poeziya istedadını tam ...

Bolus
Bəxtiyar Vahabzadənin Daxili İşlər nazirinə şok məktubu üzə çıxdı – “...Gör ...

Bəxtiyar Vahabzadənin Daxili İşlər nazirinə şok məktubu üzə çıxdı – “...Gör ...

Azərbaycan, Əsas xəbər
NAKAM TALELİ VERGİLİ ŞAİR HÜSEYN SARAÇLI (1917-1937)

NAKAM TALELİ VERGİLİ ŞAİR HÜSEYN SARAÇLI (1917-1937)

Borçalı
Emil RASİMOĞLU:

Emil RASİMOĞLU:"Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır. ...

Ədəbiyyat
Ziya Bünyadovun qatilinin atasından ilginc açıqlamalar:

Ziya Bünyadovun qatilinin atasından ilginc açıqlamalar: "Hökumət adamı olm ...

Kriminal
Esmira Şükürova:

Esmira Şükürova: "Bir stəkan qatıq"

Nəsr
Qazax təəsüratlarım

Qazax təəsüratlarım

Regionlar, Köşə yazılar
“Dedi ki, toydayam, narahat olmayın, gələcəm” - Şəhid pilotun atası

“Dedi ki, toydayam, narahat olmayın, gələcəm” - Şəhid pilotun atası

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
“Baltanı götürüb hücum etdim, bir də gördüm xəstəxanadayam...” – ƏFLATUN AM ...

“Baltanı götürüb hücum etdim, bir də gördüm xəstəxanadayam...” – ƏFLATUN AM ...

MEDİA
Rəy yazın: