Tariyel Əhməd oğlu Qəribli - 1946-cı ildə
qədim Borçalı mahalındakı Bolnisi qəsəbəsində
(indiki Bolnisi şəhərində) anadan olmuşdur.
Əslən Saraçlı kəndindəndir.
1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.
Uzun müddət orta məktəbdə müəllim işləmişdir.
1964-cü ildən müntəzəm olaraq mətbuatda
çıxış etməyə başlamışdır.
Şeirləri «Gürcüstan», «Azərbaycan müəllimi», «Azərbaycan gəncləri», «Şərq qapısı», «Qələbə bayrağı» qəzetlərində, «Azərbaycan təbiəti» jurnalında, «Çeşmə» və «Dan ulduzu» ədəbi məcmuələrində dərc olunmuşdur.
Şairin «Borc», «Koroğlu qayası», «Dərd»
və s. şeirləri xüsusilə diqqətəlayiqdir.
İki bənddən ibarət olan «Borc» şeirində
bir-birini əvəz edən nəsillərin bir-birinə olan
borc hissəsi çox yığcam şəkildə ümumiləşdirilmişdir.
«Ata olmasan, ata qədrini bilməzsən» zərbi-məsəli bu şeirin epiqrafı ola bilər.
Şeir gənc atanın körpə övladı haqqında səmimi düşüncəsidir:
Anam nələr çəkib beşik başında,
Atalıq qayğısı necə çətindir?
Bunu körpə balam uşaq yaşında,
Mənə yavaş-yavaş «öyrədir» indi.
Bəzən yumruq düyüb ağlamağı var,
Bəzən gülümsəyib açar ovcunu.
Elə bil ki, deyir: «Tez mənə qaytar,
Nənəmə, babama olan borcunu!».
Görkəmli ədəbiyyatşünas-alim Əkrəm Cəfər «Çeşmə» məcmuəsində çap olunmuş şeirlər haqqında söhbət açarkən yazmışdır:
«T.Qəribli «İnsanam» adlı şeirində insana həqiqətən düzgün qiymət verir».
Arzu, dilək olmayanda,
Sevən ürək olmayanda,
Elə gərək olmayanda,
Yaşamağın nə mənası?!
- deyən şair - Tariyel Əhməd oğlu Qəribli, təəssüflər olsun ki, elimzə, obamıza gərəkli vaxtında, yaradıcılığının ən gözəl çiçəkləndiyi bir zamanda 1998-ci il iyunun 2-də qəflətən dünyasını dəyişmişdir...
Allah rəhmət eləsin...Ruhu şad olsun!..
Aşağıda onun bir neşə şeirini oxucularımıza ərmağan edirik.
turan.info.az
(Bax: Müşfiq MƏDƏDOĞLU (Çobanlı). Çağdaş Borçalı Ədəbi Məktəbi".
Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh.125-126.)
Tariyel QƏRİBLİ
SARAÇLI
Sığınıb dağların yaşıl qoynuna,
Yenə gülüstana döndü Saraçlı.
Yayılıb sədası bütün cahana,
Dillərdə söylənir indi, Saraçlı.
Qədim adətidir qonağa hörmət,
Yoldaşa sədaqət, dosta məhəbbət,
Şadlıq bəxş eyləyib ona təbiət,
Yarandığı gündən şəndi, Saraçlı.
Bilirəm dünyada yaxşılıq itməz,
Namərdin bağında tikan da bitməz,
Ömründə heç kəsə xəyanət etməz,
Xətadan, bəladan gendi, Saraçlı.
Bu eldən güc alıb neçə sənətkar,
Aşıq Hüseyni var, Əflatunu var,
Hər yerdə tanınır Zahidlə, Yaşar,
Elmdə, hünərdə öndü, Saraçlı.
Bülbülə gülşəni, gülü şirindir,
Övladları məğrur, dili şirindir,
Hər kəsə öz yurdu eli şirindir,
Tariyel Qəribliyə kəndi, Saraçlı.
MƏN
Demərəm bu yerə bəlkə gəlmədim,
Ömürlük buralı olasıyam mən.
Bu dağda, daşlarda qoyduğum işlə,
Əbədi tarixdə qalasıyam mən.
Sevdim bu yerlərin bahar, yazını,
Duydum elimizin xoş avazını.
Hüseynin, Əmrahın Telli sazını,
«Misri» kökü üstə qalasıyam mən.
Tariyel Qəribliyəm, söylə nə qəmim
Yığılsın başıma könül həmdəmim.
Borçalı yurdumdur doğma məskənim,
Doğma Saraçlının balasıyam mən.
ANA QORXUSU
Göydə gurultu salıb
təyyrələr uçanda
Diktor yad ölkələrdən
Efirdə söz açanda
Təlaş keçirib yaman
Narahat olur anam
Deyirəm ki anacan
Nədəndir Söylə görək
Səndə bu vahimələr
Narahatlıq
Həyacan
O deyir kövrələrək
Nə bilim ay bala mən
Dilim ağzım qurusun
Deyirəm yenə birdən
Boşaldıb ürəyini
söhbəti bitirmir o
MÜHARİBƏ sözünü
dəhşətli ən ağır
acı bir kəlmə kimi
Dilinə gətirmir o...
HƏDSİZLİK
Elə yerindəyəm təbiətin mən
Gözəllik içində itib batmışam
Yapışıb buludun ətəklərindən
Dağın zirvəsinə gedib çatmışam
Buradan aydınca görünür hər yan
Sağ tərəf meşədi sol tərəf dərə
Aşagı baxıram sankin bir zaman
Gül çiçəək yığıbdır çəmənliklərə
Görürəm dərənin düzün həddi var
Sığır bu ölçüyə həm meşə həm dağ
Görürəm hər şeyin bir sərhəddi var
Yoxdur gözəlliyin sərhədi ancaq...
BU NƏ İŞDİ DƏDƏ QORQUD
Ölçüb biçdin hər kəlməni
Danıçanda havayı sən
Ad qoymaqda yanılmadın
Dördcə sözdən savayı sən
Qaranlığa zülmət dedin işığa nur
Seçdin sən öz vədəsində
Yaxşı odur
Yaman budur
Adı kimi uca tutub
MƏRD çağırdın ərənləri
NAMƏRD deyə damğaladın
ər oğluna yaraşmayan
nahaq bir iş görənləri
ulu kimi soy söylədin
ulu kimi boy boyladın
Nəyi gördün bu aləmdə
Nə ad verdin
Yaraşdırdın
Tək dördünün adı ilə
Mənasını qarışdırdın
O zamanlar
Sən cəmisi dördcə sözün
adını düz deməmişdin DƏDƏ QORQUD
Amma indi
...AĞI qara
Qaranı ağ eyləyən var
Düzə əyri
əyriyə düz söyləyən var
Bu nə işdi DƏDƏ QORQUD?...
turan.info.az
.