General AYVAZ QARA OĞLU İSMAYILOV (1927-2000)

General AYVAZ QARA OĞLU İSMAYILOV  (1927-2000)
AYVAZ QARA OĞLU
İSMAYILOV
sərkərdə,
general mayor
(1927-2000)



Ayvaz İsmayılov 1927-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Lüksemburq (indiki Bolnisi) rayonundakı Darvaz kəndində anadan olub, 2000-ci ildə Bakı şəhərində vəfat edib.

General-mayor A.Q.İsmayılovun həyatından bir səhifə...

* * *

QƏLƏBƏ GÜNÜ QALİBLƏR

İkinci dünya müharibəsi bəşəriyyətin tarixində ən dağıdıcı və ən çox günahsız insan qanı tökülən müharibə olmuşdur. Xalqı kütləvi halda qırırdılar. Ölkəyə böyük məbləğdə zərər dəymişdir. Ölkəyə dəyən maddi zərərin və ya dağıntının ümumi məbləği iki trilyon manatdan çox olmuşdur. Beş il davam edən bu dəhşətli müharibədə 18 yaşı tamam olmuş kişilərin 69 %-i cəbhələrdə həlak olmuş, yalnız 31 %-i salamat qalmışdır. Hətta, elə olurdu ki, Vətənin müdafiəsinə on beş yaşlı gənclər də göndərilirdi. Onlar da öz həyatlarını qurban verməyə məcbur olurdular.

İkinci dünya müharibəsində 700 minə yaxın azərbaycanlı iştirak etmiş, onların yarısından çoxu Vətən uğrunda gedən döyüşlərdə həlak olmuşlar. İkinci dünya müharibəsinin döyüşçüləri sırasında qədim Borçalının qəhrəman və igid oğulları da az deyildi. Onlardan biri də qədim Borçalının axar-baxarlı guşələrindən biri olan Darvaz kəndinin sakini-yeniyetmə gənc Ayvaz Qara oğlu İsmayılov idi...

General-mayor Ayvaz Qara oğlu İsmayılovun keçdiyi fədakar döyüş yolu ilə bağlı bir epizodu oxucularımızın nəzər-diqqətinə çatdırırıq.
Bu cəbhə epizodu "Soöz-İNFO" reklam-informasiya jurnalında (№2(3), 1999) dərc olunmuşdur.
* * *
General-mayor Ayvaz Qara oğlu İsmayılov könüllü olaraq cəbhəyə gedəndə, hələ, onun on altı yaşı yox idi. Lakin o belə hesab edirdi ki, doğma vətəni, xalqı və gələcək nəsli qarşısında öz müqəddəs borcunu yerinə yetirmək üçün insanda vətənpərvərlik, özü də hərbi vətənpərvərlik hissi güclü olmalıdır. General deyir: "Baxmayaraq ki, 72 yaşım var, mən Rusiyanı əvvəllər necə sevirdimsə, indi də eləcə sevirəm". Rostov-na Donudan Könüksberqə qədər döyüş yolu keçmiş Ayvaz Qara oğlu (döyüş cəbhələrindəki rəşadətinə və igidliyinə görə) səkkiz döyüş ordeni ilə təltif olunmuşdur. Müharibə əsil mə'nada onun insani keyfiyyətlərini sınaqdan çıxartmışdır.

1943-cü ildə tale elə gətirmişdir ki, gənc alman adütantının və eləcə də, onun özü kimi bir cavan oğlanın həyatı, taleyi onun əlində idi.
Bu hadisə Matveyev-Kurqanskda baş vermişdir. “Məni kəşfiyyat bölüyünün rəisi ilə birgə "dil" gətirməyə göndərdilər. İki nəfəri: polkovnik və təxminən mənim yaşımda olan cavan oğlanı gətirdik”, deyə,- Ayvaz Qara oğlu xatirələrini çözələdi. “Dil”lərlə hərbi hissəyə qayıdarkən, rəis əsir alınmış adütantı güllələməyi qərara alır, lakin Ayvaz Qara oğlu belə bir təsadüfün baş verməsinə imkan vermir. Nəticədə rəis və hərbi hissənin komandanlığı ilə münaqişə yaranır. "Nə üçün sənin faşistlərə yazığın gəldi, onlar ki, bizim uşaqları da öldürürlər? - deyə onu sorğu-suala tutdular. "Onlar faşistlərdir, biz ki, faşist deyilik. Silahsız adamları öldürmək nəyə lazımdır? Onu da haradasa, mənim kimi, ana, Vətən gözləyir. Odur ki, mən, ona qarşı heç bir düşmənçilik hiss etmirəm, onun heç bir işdə günahı yoxdur", - dedim.

Uzun illərdən sonra, 1974-cü ildə sağ-salamat qalan alman əsgəri onu ölümdən xilas edəni axtarıb tapmış və Almaniyaya qonaq də'vət etmişdir. Onu Almaniya torpağında ən yaxın qohum kimi qarşılamışlar.
Mənsubiyyətindən, dinindən, əqidəsindən asılı olmayaraq adi bir insanın həyatı hər hansı bir hərbi-strateji tapşırıqdan mühüm olmuş, qisasçılıq öz yerini sağlam düşüncəyə və mərhəmətə güzəştə getmişdir...
* * *
HAŞİYƏ:
General-mayor A.Q.İsmayılovun əldə tam olmayan sənədləri arasında Rusiya Federasiyasının keçmiş Prezidenti B.N.Yeltsenin imzası ilə üç, Ordu generalı A.İ.Nikolayevin imzası ilə isə bir təbrik məktubu vardır. Bunlardan başqa, Rostov vilayəti və rayon rəhbərlərinin adından göndərilmiş təbrik məktubları da general-mayor A.Q.İsmayılovun qəhrəmanlıqla, mərdliklə keçən döyüş yolunun yaşantısıdır, - desək səhv etmərik.


Müşfiq BORÇALI.

(Bax: Müşfiq BORÇALI. "Borçalı Ensiklopediyası". III cild. Borçalı Ulduzları. Bakı, 2000-ci il. Səh. 38-41).
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: