O, 1966-ci ildə Qızılkilsə kənd orta məktəbini bitirmiş və Gəncə Kənd Təsərrüfatı İnstitutuna daxil olmuşdur.
1971-ci ildə təhsilini başa vurub Borçalıya qayıtmışdır.
İladi Öməroğlu öz ixtisası üzrə bir neçə məsul vəzifələrdə çalışmışdır.
O, işlədiyi müddətdə doğma elinə, təbiətə, meşələrə, dağlara, müqəddəs yerlərə, o, yerlərin insanlarına daha çox bağlanmışdır.
Bu bağlılıq, bu sevgi onu bədii yaradıcılığa həvəsləndirmişdir. Qələmə aldığı şeirləri onun Vətənə, təbiətə nə qədər vurğun olduğunun daha bir əyani sübutudur.
O, daha çox gəzib-qolaşdığı şehli, güllü-çiçəkli Əyriqardan, Qır dağından, Şindi dağından və bu dağlardan süzülüb gələn saf bulaqlardan yazmışdır.
Həm də İladi Öməroğlunun başqa səpkili şeirlər, lətifələr, bayatılar kitabları da işıq üzü görmüşdür.
Onun yazmış olduğu “Başkeçiddə Qızılkilsə kəndi” kitabı “Qızıl qələm” mükafatına layiq görülmüşdür.
Demək olar ki, İladi Öməroğlunun bu vaxta kimi on üç kitabı çapdan çıxmış, iki kitabı isə çapa hazırdır.
İladi Öməroğluna uzun ömür cansağlığı və yeni-yeni uğurlar arzulayırıq.
Əziz oxuçular ! İndi isə İladi Öməroğlunun bir neçə şeirini sizlərə təqdim edirik.
Azərbaycan Yazıçılar Birliyinin və
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
“Şərqin səsi“ qəzetinin şöbə müdiri.
25.01.2016, Bakı şəhəri.
DƏDƏM QORQUD SÖZÜ
Vürğunuyam mən Dədəmin özünün,
Qopuzunun, şöhbətinin sözünün.
Parçasıyam ocağının közünün,
İstərəm ki, od-alovu sönməsin.
Harada var Oğuz yurdu-diyarı,
Çox böyükdü Qorqud sözü əyarı.
Sözdən quraq qala bürcü, hasarı,
İdrakla da bizi kimsə yenməsin.
Qarabağda biz qoymayaq bir dürək,
”Ayğırgözlü”suyunda at üzdürək.
Düşmənlərin gözündən yaş süzdürək,
Onlar bir də qarşımızda dinməsin!
“Başa qaxınc, üzə toxunc olmayaq”,
“Qarğı kimi qara saçı yolmayaq”.
Söz verdiksə onu yerə salmayaq,
“Kişi gərək dediyindən dönməsin”!
Dədəm pirdi Türküstanın elində,
Çox sözü var hər xalqın da dilində.
Uca Tanrım, İladinin qəlbində,
Qorqud eşqi aşıb-daşsın, senməsin!
BORÇALI
Dərbənd ilə Göyçəmizin qardaşı,
Təbriz, Bakı sevimlisi, sirdaşı.
Qarayazı, Başkeçidin lap başı,
Mənim elim Borçalıdı-Borçalı,
Çəmən çölüm Borçalıdı-Borçalı!
Dədələrin, babaların ünvanı,
Həsrət-hicran dərdimizin dərmanı,
Ədəb-ərkan, mərifətin məkanı,
Mənim elim Borçalıdı-Borçalı,
Şirin dilim Borçalıdı-Borçalı!
Sazı-sözü İladiyə qənd olan,
Sinəsində neçə şəhər, kənd olan,
Xram çayı Dəli Kürə bənd olan
Mənim elim Borçalıdı-Borçalı,
Qönçə gülüm Borçalıdı-Borçalı!
QARALOĞLU BƏKİR KİŞİ!
Cavan ikən ağsaqqaldı,
Pürkamaldı, əhli-haldı,
Könüllərə işıq saldı,
Qaraloğlu Bəkir kişi!
Müəllimdi, rəhbər idi,
Borçalıda öndər idi,
Başdan-başa hünər idi,
Qaraloğlu Bəkir kişi!
Saxlayırdı el hörməti,
Çoxdu elmi-şücaəti.
Eyləyirdi məsləhəti,
Qaraloğlu Bəkir kişi!
Tez köçsə də bu dünyadan,
O, qazandı yaxşı ad-san.
Xalq yolunda bil, qoydu can,
Qaraloğlu Bəkir kişi!
Dərman oldu neçə dərdə,
Arxa oldu Qərib, Mərdə.
Hey yaşayır könüllərdə,
Qaraloğlu Bəkir kişi!
ZƏLİMXAN YAQUB
Görməmişdik onun kimi ziyalı,
Dəryalardan dərin idi kamalı,
Borçalıydı fikri-zikri, xəyalı,
Xalqımızın həyanıydı Zəlimxan!
Hər sözünü əridərdi, süzərdi,
İnçi kimi misralara düzərdi,
Söz bağından bizə nübar üzərdi,
Şairlərin sultanıydı Zəlimxan!
Eyləmişdi ilhamını səfərbər,
Səhradan da götürmüşdür bar-bəhər,
Tufarqanlı, Yunus İmrə, Ələsgər,
Aşıqların heyranıydı Zəlimxan!
Türk elinin sevimlisi, dost-yarı,
Kəbə adlı ziyarətin zəvvarı,
Xan Arazla oTəbrizin qəmxarı,
Çin səddinin mehmanıydı Zəlimxan!
Qardaşıydı qardaşımın, bacımın,
Bəzəyiydi şeir adlı tacımın,
“Dağ həsrəti” dedikləri acımın,
Məlhəmiydi-dərmanıydı Zəlimxan!
Sevilərək ön cərgəyə seçildi,
Bir zaman da millətimə vəkildi.
Ömürboyu başına and içildi,
Şöhrət-şanın ünvanıydı Zəlimxan!
El içində çatdı böyük hörmətə,
Sazla gəldi, sazla getdi rəhmətə.
İladi də düşdü dərdə-möhnətə,
Dövrümüzün dastanıydı Zəlimxan!
24.01.2016, Bakı şəhəri.
BAYRAMIN
Bayram Qaralova
Eloğlumdu, qəlbi sözlə doludu,
Ədəb-ərkan, mərifətdə uludu,
Tutduğu yol ərənlərin yoludu,
Şairlikdə öz yeri var Bayramın.
Ormeşəndi yurd-yuvası, məskəni,
O, çox sevir meşə-tala, gülşəni,
Ürəyinə həkk eləyib Vətəni,
Bəzəyidi ar, etibar Bayramın.
Şindi Onun seyrəngahı, ilhamı,
Dağlardandı söz-söhbəti, kəlamı,
Sadəliyi valeh edir adamı,
Qədrin bilir hər ixtiyar Bayramın.
Başkeçidi başa çəkib hər zaman,
Yadındadı yağış-yağmur, çən-duman,
Axır vaxtı kövrəlibdi çox yaman,
Arzusudu doğma diyar Bayramın.
Düzgünlüyü İladiyə əyandı,
Elmi ilə zirvələrdə dayandı.
Müəllimdi, təhsilə can qoyandı,
Olsun görək taleyi yar Bayramın.
DOSTUM ƏLLƏZ
“Borçalıda qədim Ormeşən eli”
kitabının müəllifi,
dostum Əlləz Vəliyevə
Ariflərlə dost-dəmsazdı,
Xoş arzudu, xoş murazdı.
Öz elindən kitab yazdı,
Nur ələdi dostum Əlləz.
Sevdi vətən torpağını,
Meşəsini, həm dağını.
Neçə-neçə bulağını,
Vəsf elədi dostum Əlləz.
Sinə gərdi küləklərə,
Meylin saldı çiçəklərə.
Dərddən yanan ürəklərə,
Su çilədi dostum Əlləz.
Çox çalışdı öz-özünə,
Görünmədi var gözünə.
Danışdığı hər sözünə
Bal bələdi dostum Əlləz.
Yazdı doğru, düz-gərçəyi,
Tanıtdırdı ağa-bəyi,
Ağsaqqalı, ağbirçəyi -
Bax belədi dostum Əlləz.
Bir insandı namus-arlı,
Ağıl-zəka, elmdən varlı.
Elə dağdır başı qarlı,
Silsilədi dostum Əlləz.
Adı düşüb dildən dilə,
Püxtələşib gələ-gələ.
İladiyə ilham ilə,
Eşq dilədi dostum Əlləz.
"ŞƏRQİN SƏSİ" qəzeti,
Dekabr, 2011
MÜŞFİQ BORÇALI
“Çağdaş Borçalı ədəbi məktəbi”
kitabının müəllifi,
hörmətli Müşfiq Çobanlıya
Gözəldi ad-sanı, həm təxəllüsü,
Dəryadı-ümmandı - Müşfiq Borçalı.
Savadda, qayğıda yoxdur əvəzi,
Bir əhli-ürfandı - Müşfiq Borçalı.
Naşirdi - yazmaqdı işi-sənəti,
“Elm və təhsil”di zəri-zinəti.
Vətəndi, millətdi sözü-söhbəti,
Dost-qardaş anandı - Müşfiq Borçalı.
Oğuz övladıdı, Qarapapaqdı,
Turana salamı qucaq-qucaqdı.
Ziyalı oğludu, yanar çıraqdı,
Hamıya həyandı - Müşfiq Borçalı.
Şair var dərədə axan bulaqdı,
Yoxdur axtaranı, gizli-uzaqdı.
Bunları tapmaqda, bilin, qoçaqdı,
Mətin-çalışqandı - Müşfiq Borçalı.
İladi söyləyir coşqundu təbi,
Ürəkdən sevdiyi Koroğlu, Nəbi.
“Alaq Qarabağı”- budur tələbi,
Mübariz insandı - Müşfiq Borçalı.
"ŞƏRQİN SƏSİ" qəzeti,
Dekabr, 2011
MÜŞFİQ BORÇALI
Müşfiq Borçalının bəlli mahalı,
Hamıya məlumdu ağlı-kamalı.
Dilinin əzbəri, arzu-amalı-
Xalqa-millətinə dost-həyan olmaq.
Mikayıl Müşfiqdən danışır hər an,
Bu sözü söyləyib eyləyir bəyan:
“Mənim xəyalımda vardı hər zaman,
Qartal təbiətli bir insan olmaq”.
Yazıb-yaratmaqdı təkdi-uludu,
Vətən sevdasıyla qəlbi doludu.
Onun ürəyindən keçən yol budu,
Azad Qarabağda tez mehman olmaq!
“Şərqin səsi”, iyun, 2014;
“Elm və Təhsil”, sentyabr, 2014.
İladi ÖMƏROĞLU
turan.info.az
.
.