(1935)
Elm-açıq qapılı açarsız, anaxtarsız bərəkəti azalmayan, tükənməyən bir xəzinədir.
Müəllim qapıya gələnlərdən arayış-zad tələb etməyən səxavətli xəzinədardır. Kim nə qədər mənimsəyə bilirsə o qədər savad sahibi ola bilir.
Ələsgərov Namaz İsmayıl oğlu - 1935-ci ildə qədim Borçalı mahalının Başkeçid bölgəsinin Qızılkilsə kəndində dünyaya gəlmişdir. 1943-1944-cü tədris ilində həmin kənddəki məktəbin 1-ci sinifinə daxil olmuşdur. O, zaman məktəb binası kiçik, uşaqların sayı çox olduğundan məktəbin yaxınlığındakı evlərdən otaq kirayələyib sinif kimi istifadə edilirdi. Gah məktəbdə, gah da evlərdəki siniflərdə əla qiymətlərlə oxuyan N.Ələsgərov 1951-ci ildə 8-ci sinifi müvəffəqiyyətlə bitirmiş və 8 illik təhsil haqqında Şəhadətnamə almışdır. Elə həmin ildən təhsilini Başkeçidin Kirov kəndindəki orta məktəbdə davam etdirmiş və iki il sonra məktəbin fəxri şagirdi kimi məzun olmuşdur.
Ailə üzvləri çox olduğundan ali məktəbə gedə bilməyən N.Ələsgərov bir müddət atası ilə bərabər çobançılıq etmiş, lakin müəllim olmaq arzusundan dönə bilməmiş, gecələr kitab oxumuş, gizlincə ali məktəb imtahanları üçün hazırlaşmışdır.
1956-cı ildə kolxoz sədri Kazım Nəbiyev adlı şəxs Qızılkilsə kəndinin ən hündür yerində ikimərtəbəli, çox otaqlı məktəb tikdirir. Elə həmin ildən 8 illik məktəb 10 illik tam orta məktəb statusu qazanır. O, vaxt kolxoz sədrləri indiki icra nümayəndələri kimi səlahiyyət sahibləri idilər. Xalqa daha çox can yandırırdılar. Onların həyat tərzini yaxşılaşdırmaq üçün var qüvvələri ilə çalışırdılar.
Üç il atası ilə çobançılıq edən Namaz İsmayıl oğlu hər gün qoyun sürüsünü dağlara sarı aparıb, kəndə tərəf endirdikcə Qızılkilsə kənd məktəbinə həsrətlə baxır, əlifba müəllimi Şəmistan Əliyevə həsəd aparırdı. Evləri məktəbə yaxın olduğundan çoban çomağı çiynində sevimli müəllimlərini gizli-gizli müşahidə edirdi. Gənc Namazın anası oğlunun gizli arzusunun, oxumaq eşqinin şahidi olardı. Ürəyində onun arzusuna çatması üçün Allaha dualar edərdi. Bir gün Namaz fikrini anasına söyləyir, müəllim olmaq üçün instituta getmək istəyini və atasının razılığını almağı xahiş edir.
Bəli, Analar hər zaman ailənin sülh göyərçini, Barış bayrağı olublar.
Namaz müəllimin anası, atasını necə yumşaldırsa İsmayıl kişi oğlunun Bakıya getməsinə razılıq verir. N.Ələsgərov 1958-ci ildə Azərbaycan Dövlət Pedaqoji Institutunun İbtidai təhsil üzrə metodika fakultəsinə qəbul olur. Uşaqları çox sevdiyindən, onların ilk məktəb sevincinə şərik olmaqdan həzz aldığı üçün həmin ixtisası seçən Namaz İsmayıl oğlu 1962-ci ildə Institutu bitirib azad təyinat alır və doğma kəndinə qayıdır. Öz müəllimləri ilə çiyin-çiyinə pedaqoji fəaliyyətə başlayır. Hörmətli Şəmistan müəllimi ilə iş yoldaşı olduğu üçün qürurla həyatına davam edir. O, sinif rəhbəri olduğu şagirdlərin əla və yaxşı oxuması üçün, gözəl hüsnü xəttlə yazsınlar deyə yazı xəttləri hamı tərəfindən tam sərbəst oxunsun deyə, biliyini, savadını bütünlüklə aktivləşdirirdi. Ana dili və riyaziyyatı xüsusi bacarıqla öyrədir, onları ali məktəb tələbəsi olmaq üçün həvəsləndirirdi. Onun nümunəvi müəllimlik fəaliyyəti və ali keyfiyyətli insanlığı eldən, elə dolaşır, yavaş-yavaş ətraf kəndlərə yayılır, hər yerdə nümunə göstərilirdi. Şagirdlərinə qayğı ilə, ixtisasına hörmətlə yanaşan Ələsgərov Namaz müəl¬lim adını uca tutan müəllimlərdən olduğu üçün məktəbə gələn komissiyaları həmişə direktor onun sinifinə gətirərdi. İnspektorlar da onun dərs metodundan və şagirdlərin hazır ca¬vablarından məmnun olar, xoş təəssüratlarla rayona qayıdardılar.
Beləliklə, Namaz müəllim rayonda bacarıqlı müəllim kimi hörmət, izzət sahibi olmuşdur. Hər yeni tədris ilinin əvvəlində Başkeçid (Dmanisi) rayon Təhsil Şöbəsi nəzdində müəllimlər üçün Metod Birləşmə məşğələsi keçirilirdi. Müəllimlərin içində fərqli təfəkkür tərzinə, pedaqoji əhəmiyyətli təcrübəyə malik olan Namaz müəllim Qızılkilsə məktəbində işləyə-işləyə, həmin Metod Birləşmə məşğələsi təşkilinin rəhbəri vəzifəsinə təyin edilir. Rayon üzrə metodika müəllimlərinin hamısına şəxsi təcrübəsindən təkmilləşdirilmiş proqram hazırlayırdı. Onların qarşısında alim kimi çıxış edərdi, göstərişlər verərdi.
Savadlı, ali dərəcəli müəllimlər də Namaz müəllimin metodik təcrübəsindən maraqla istifadə edirdilər.
Hər iki vəzifəsini şərəflə yerinə yetirən N.Ələsgərov 1963-cü ildən 1971-ci ilə qədər, düz 8 il vicdanla işlədikdən sonra öz xahişi ilə həmin Metod Birləşmə rəhbərliyindən azad olur.
Bütün elmi gücünü, savadını yenidən ibtidai sinif şagirdlərinə həsr edir. Əlifbamız qədər unudulmayacaq, xatirələrdən silinməyəcək müəllimlərimizdən biri və birincisidir Namaz müəllim. O, şagirdlərini doğmalıqla sevirdisə, şagirdləri də onu eləcə əziz bilirdilər. 1989-1990-cı illərdə Gürcüstanda milli-siyasi aqressiyanın ciddi şəkildə kəskinləşməsinə baxmayaraq, 1995-ci ilə qədər pedaqoji fəaliyyətini doğma kəndində davam etdirən N.Ələsgərov həmin ildə təqaüdə çıxır və Bakı şəhərinə köçür.
Ata yurdunda əzizlərinin əhatəsində, sevimli şagirdlərinin arasında xəyallanmağa vaxtı olmasa da, Bakıda yaxşı-yaxşı düşünməyə vaxt tapır, kifayət qədər araşdırır, bu dünyaya hədər gəlmədiyinin fərqinə varır. Kənddə adlı-sanlı müəllim nüfuzu qazanmış, qonaqpərvər insan kimi tanınmışdır. Evi məktəbə yaxın olduğu üçün əksər hallarda müəllimlər onun evində nahar edərdilər. Rayondan məktəbə gələn komissiyalara, rəsmi qonaqlara öz evində ziyafət verərdi. Kəndin xeyirində, şərində ürəkdən iştirak edərdi. Eldə-obada xalq onu "kəndin böyüyü, ağsaqqalı" kimi qəbul etmişdi.
Ömür xatirələri yada düşdükcə gah kövrəlir, gah da sevinir Namaz müəllim...
Dini mənbələrdə yazılır ki, yer üzünə gələn bütün Peyğəmbərlərin ilk vəzifəsi çobanlıq olub.
Böyük Dədə Qorqud deyir ki, insanlığın saf, mərd, ən səxavətli nümunəsi çobanlar və onların ailəsidir.
Böyük ürək sahibi olan Namaz İsmayıl oğlunun səxavət dolu xeyirxahlığı məhz onun gəncliyində sahib olduğu vəzifəsindən qaynaqlanmış sən demə.
Namaz müəllim Bakıda ömrünün 85-ci ilində bənzərsiz surprizlə qarşılaşır. Qızılkilsə şagirdlərindən 13 nəfər şagirdi ondan xəbərsiz qucaq dolu güllər, çiçəklərlə, dəyərli hədiyyələrlə görüşünə gəlir, yeni yaşını təbrik edirlər. Bu görüşü sevimli şagirdlərindən biri, Londonda yaşayan, iki kitab müəllifi Səringül Sadə Ömər qızı təşkil edir. Onlar dörd saat Namaz müəllimin qonağı olurlar, yenə Ana dilindən dərs keçməyi, sual-cavab etməyi xahiş edirlər. Məktəb illərinin əziz xatirələrindən danışıb şad-xürrəm olurlar.
N.Ələsgərov acınacaqlı "Pandemiya" dövrünə qədər hər il yay-qış deməzdi, könlünə Qızılkilsə düşən kimi kəndə qayıdardı. Camaatla görüşər, onların dərd-sərinə şərik olar, sevincinə qoşulardı. Elinə, obasına bağlı insan kimi Qızılkilsəni qəlbinin ən əziz ziyarətgahı bilirdi. Doyunca hər tərəfi gəzib, ziyarət edərdi.
Ömrünün müdrik çağlarını yaşayan Namaz müəllimin daha bir müqəddəs arzusu da vardı. O, Qızılkilsə məktəbinin 1958-1960-ci illərdə məzun olanlarını bir araya toplayıb Görüş keçirmək istəyirdi. Onun bu arzusu 2018-ci ildə gerçəkləşdi. Sinif yoldaşlarının 60 illik yubiley görüşünün təşkilinə nail oldu.
Qonaqlar məktəbdə müəllimlər otağında ziyafətləşdilər, məktəbli xatirələrindən danışdılar, dünyadan köçmüş bütün müəllimləri və sinif yoldaşları xatırlandı. Ziyafət yenə də Namaz müəllimin hesabına yazıldı. Bu əzəmətli tədbirdə xüsusi çağırışla uzun illər Səfərli kənd məktəbinin direktoru olmuş Zahid Qəhrəmanov və ömrü boyu Dunus kəndinin məktəb direktoru olmuş Kazım Musayev də iştirak etmişlər. Daha sonra Kazım Musayevin oxuduğu "Qurani-Kərim" xətmi həyatdan köçmüş müəllimlərinin və sinif yoldaşlarının ruhuna hədiyyə edilmişdir. Bu gözəl tədbir dünyasını dəyişənlərin qəbr ziyarəti ilə başa çatmışdır...
Həqiqətən, həyatda ləyaqətlə yaşayan Namaz müəllimlə Lalə xanımın üç oğlu, dörd qızı olur.
Xeyirxahlıqda, səxavətdə, yaxşılıqda Lalə xanım da həyat yoldaşının tayı imiş. Sanki Allah onu gözəllik üçün yaradıbmış. O, Namaz müəllimin bütün uğurlarının təkan yoldaşı olubmuş. Yeddi övlad atası olan Namaz müəllimin on yeddi nəvəsi, on səkkiz nəticəsi var. Allah hamısına möhkəm can sağlığı versin.
Əməkdar müəllim, zəhmətkeş ata olan Namaz müəllim övladlarının hamısını oxudub, halal əməkli çörək sahibi edib.
Hər zaman çətin olan həyatda müəllim ləyaqətini qoruyaraq, yeddi övlad böyüdüb, təhsil vermək, şəxsiyyət kimi yetişdirmək həqiqətən Qəhrəmanlıqdır. Ailə Qəhrəmanı hesab edilən müəllimlərimizdən olan Namaz Ələsgərovun qızlarının dördü də - Xanım, Rübabə, Nuraya və Hicran şəfqət bacısıdır.
Oğlu İlham Ələsgərov - Moskvada Tibb Universitetinin Stomatologiya fakultəsini bitirmiş, uzun müddət Ryazan şəhər xəstəxanasında Baş həkim kimi fəaliyyət göstərmişdir.
Digər oğlu İlqar Ələsgərov - Dmanisi rayon daxili işlər orqanlarında çalışmışdır.
Üçüncü oğlu İman Ələsgərov isə bacarıqlı iş adamı kimi özəl sektorda fəaliyyət göstərməyə üstünlük vermişdir.
Bəli, Həyatın yolları başqa, Taleyin yazısı başqa olsa da, hər ikisi insan qismətidir.
Həyatın yollarını mərdliklə addımlayan, El-BərəkAllahı ilə yaşayan Namaz müəllim üç oğul itgisi, üç övlad dağı görsə də, taleyinin yazısını səbrlə qarşıladı.
Ləyaqətli, hörmətli, mərifətli üç oğul acısı ilə ürəyi param-parça olsa da ailəsinin, qızlarının könlünü almağı bacardı.
İçi yana-yana onlara belə təsəlli verdi:
- Allah vermişdi İlhamımı, İlqarımı, İmanımı, Allah da alıb dərgahına qovuşdurdu…
Allah Namaz müəllimə və onun xanım-xatın, tibb işçiləri olan qızlarına səbr versin.
Dağların laləsinə bənzəyən Lalə xanım əziz balalarının acı həsrətinə dözməyib, 2023-cü ildə dünyadan köçdü… Allah rəhmət eləsin…
Azərbaycan xalqına yüzlərlə, minlərlə elm xadimi, ziyalı ordusu bəxş etmiş Qızılkilsə kəndi, həmişə işıqların parlasın, səsin-sədan ucalardan gəlsin.
Mən hesab edirəm ki, Ana-südü körpə uşağın fiziki sağlamlığı üçün nə qədər qiymətlidirsə, əlifba müəllimlərin əməyi də ibtidai sinif şagirdlərinin həyatında və sonrakı elm yollarında o dərəcədə əhəmiyyətlidir.
Çox yaşayın, Namaz müəllim!.. Sizin simanızda bütün əlifba müəllimlərimizə təşəkkür edirik…
Sevgül SƏFƏRLİ,
“Borçalı” qəzetinin
Baş redaktor müavini,
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.