Yadıma düşdükcə
kövrəlirəm mən,
İstəyirəm səni bir kərrə görəm...
Gedəm öz yurdumu dolanıb, gəzib
Öpüb torpağını ziyarət edəm,
Mənim ana yurdum,
elim Başkeçid.
Ürəyim çırpınır adın gələndə,
Quş olub yanına uçmağım gəlir,
Tamarzı qalmışam ötən günlərə...
Yadıma düşdükcə bağrımı dəlir,
Mənim ana yurdum, elim Başkeçid.
Yenə o günləri istəyirəm mən,
Lalənin,nərgizin həm bənövşənin,
Arasında qaçım o yan bu yana,
Məst olum içində güllər ətrinin,
Mənim ana yurdum, elim Başkeçid.
Anamın yığdığı şehli çəmənnən,
Nanənin,yarpızın, kəklikotunun...
Bişirdiyi kətə qıcırtikənnən,
Yenə istəyirəm keçir könlümdən,
Mənim ana yurdum, elim Başkeçid.
Gələcəm qoynuna bir qonaq kimi,
Axtaracam səndə həsrətlərimi...
İndi ot bitibdi...alaq örtübdü,
Yolunda, çığrında qalan izimi,
Mənim ana yurdum, elim Başkeçid.
Zamanı qaytarmaq olsaydı əgər,
Dönərdim illərə o çağlara mən,
Atamın qurduğu cahi-cəlala...
Anamın gəzdiyi baxçalı, bağa,
Mənim ana yurdum, elim Başkeçid.
Nə qədər xatirəm qalıbdı səndə,
Uşaqlıq çağımın yadigarısan,
Tahirədən uzaq olsanda belə,
Hər zaman qəlbimdə yaşayacaqsan,
Mənim ana yurdum, elim Başkeçid.
Tahirə İlyas qızı,
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.