Tədbirdə kitabın müəllifi, Azərbaycan Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülmüş tarixçi alim Quram Marxuliya, Batumi Dövlət Universitetinin professoru, hüquq elmlər doktoru Rostom Quntaişvili, həmin universitetin pedaqoji heyəti və Acarıstan Muxtar Respublikasının Azərbaycan icmasının rəhbəri Vidadi Axundov və icmanın nümayəndələri iştirak ediblər.
Baş konsul Rəşad İsmayılov qeyd edib ki, bu faciə bəşər tarixinə Azərbaycan xalqına və bütövlükdə insanlığa qarşı törədilmiş ən qatı cinayətlərdən biri kimi daxil olub. Erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən çoxsaylı cinayətlər, o cümlədən Xocalı faciəsi, onun dinc əhaliyə qarşı soyqırımı kimi tanınması barədə bütün həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında məqsədyönlü və davamlı siyasət həyata keçirilir.
Quram Marxuliya çıxışı zamanı qeyd edib ki, kitabda əsasən erməni qəsbkarlarının xüsusi amansızlıqla törətdikləri misli görünməmiş qanlı cinayətdən, köməksiz, əliyalın insanlara divan tutulmasından bəhs olunur.
Tədbirdə çıxış edənlər kitabla bağlı fikirlərini bölüşüb, ermənilərin törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasında nəşrin əhəmiyyətini vurğulayıblar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Batumi
.