Gürcüstanda mövcud olan Azərbaycan məktəblərinin ən böyük problemi isə ana dilimizi tədris edəcək müəllimlərin yetərli olmamasıdır. Borçalı İctimai Birliyinin yeni rəhbrliyinin araşdırmalarına görə, əksər Azərbaycan məktəblərində ana dilimizi tədris edən müəllimlərin əksəriyyəti yaşlı nəslin nümayəndələridir ki, onların da əmək fəaliyyəti sona çatmaqdadır. Belə bir vəziyyətdə soydaşlarımız Azərbaycan ədəbi dilini öyrənmək problemi ilə üzləşə bilərlər. Qeyd edək ki, son illər, hətta Azərbaycanın özündə belə Azərbaycan ədəbi dilinin səviyyəsi aşağı düşməkdə, məhəlli şivələr və ləhcələr güclənməkdədir. Ekspertlər hesab edir ki, bunun əsas səbəblərindən biri də televiziya və radioda ədəbi dilin tələblərinə əməl edilməməsidir. Gürcüstanda yaşayan soydaşlarımız isə ən ciddi problemlə, ədəbi dili tədris edəcək müəllimlərin olmaması problemi ilə üzləşə bilər.
Bu problem Borcalı İctimai Birliyinin yeni rəhbərliyinin əsas diqqət yetirdiyi məsələlərdən biridir. Borçalı İctimai Birliyinin yeni rəhbərliyi bu problemlə bağlı ciddi araşdırma aparır, Azərbaycan dili və ədəbiyyatını tədris edəcək müəllimlərə daha çox ehtiyacı olacaq məktəblərin siyahısını hazırlayır. Bundan sonra Azərbaycan Təhsil Nazirliyi və dövlətin digər qurumları ilə birgə bu problemin həlli istiqamətində addımlar atacaqdır. Bunun üçün artıq müəyyən imkanlar da yaranıb. Məlum olduğu kimi Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı Bakı Dövlət Universitetinin Qazax filialına çevrilmişdir. Bu isə həmin filialın tələbələrinə daha üstün təhsil almaq imkanları yaradacaq. Bu filialın yaranması və indi daha üstün mərhələyə keçirilməsində əsas məqsədlərdən biri Gürcüstandan olan soydaşlarımızın Ana dili və ədəbiyyatı öyrənməklə bağlı problemini həll etməkdir. Bakı Dövlət Universitetinin Qazax filialı ərazicə Gürcüstana daha yaxın bir məkanda yerləşdiyindən burada gənclərin daha yaxşı təhsil almalarına imkan yaradır. Eyni zamanda bu onları bir sıra əlavə problemlərdən də azad edir.
Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının Bakı Dövlət Universitetinin filialına çevrilməsi güman ki, soydaşlarımızın bu ali məktəbdə təhsil almasına müsbət təsir edəcəkdir. Məlum olduğu kimi Azərbaycanın məşhur ali təhsil ocağı olan Bakı Dövlət Universitetində təhsil almaq hər bir gəncin arzusudur. Orta məktəb məzunları seçim zamanı məhz bu ali məktəbə daha çox üstünlük verirlər. Buna görə də indi, gənclərmizin Qazax filalına həvəsi artırmaqla yanaşı, onların ən yaxın məsafədə təhsil almalarına imkan yaradacaqdır. Borçalı İctimai Birliyinin yeni sədri tarix üzrə fəlsəfə doktoru, BDU-nun Arxeologiya və etnoqrafiya kafedrasının dosenti Kərəm Məmmədov buna görə ölkə prezidenti İlham Əliyevə və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova minnətdarlıq edir. Yeni rəhbərlik əmindir ki, Bakı Dövlət Universitetini bundan sonra da Gürcüstandan olan gənclərin arasından ali təhsilli mütəxəssislərin, xüsusilə də ana dili və ədəbiyyat üzrə mütəxəssislərin yetişdirilməsində böyük rol oynayacaqdır.Bu istiqamətdə Borçalı İctimai Birliyi geniş təkliflər paketi hazırlamış və Bakı Dövlət Universitetindən, o cümlədən də ölkənin müfaviq qurumlarından diqqət və qayğı görəcəyinə ümid edir.
Müasir qlobalaşma prosesi, Gürcüstanın Avropa Birliyinə inteqrasiyası bu ölkədəki soydaşlarımıza yönəlik dövlət proqramının qəbulunu zəruri edir. Əks halda bu gün yaşanan problemlər daha da dərinləşəcək. Gürcüstanda yaşayan soydaşlarımızı çətin və arzuolunmaz seçim qarşısında qoymamaq üçün belə bir proqram qəbul edilməlidir. Bu proqram Gürcüstanda ana dilimizə yaranan təhlükəni də aradan qaldıra bilər. Borçalı İctimai Birliyi bununla bağlı təklifləri ictimaiyyətin müzakirəsinə çıxarmağa hazırdır. Azərbaycan Respublikası ilə Gürcüstanda yaşayan soydaşlarımızın əlaqəsini tənzimləyən, onların siyasi, iqtisadi və mədəni problemlərinin həllinə yol açacaq təklifləri dərc etməklə bu istiqamətdə ictimai müzakirələrə nail olmaq niyyətindəyik. Bununla bağlı ictimai-siyasi, elm və mədəniyyət təmsilçilərinin təkliflərini gözləyirik. İnanırıq ki, bu həm də Azərbaycan xalqının ümumi maraqlarına xidmət edəcək.
Arzuman Loğmanoğlu
.