Bu günlərdə
Gürcüstanda yaşayan
soydaşlarımıza
maddi və mənəvi
yardım göstərmək
məqsədilə
görkəmli
Azərbaycan alimi,
məşhur dilçi,
tanınmış türkoloq,
zəhmətkeş tədqiqatçı,
Nyu-York Elmlər
Akademiyasının
akademiki,
uzun müddət
Azərbaycan Ali Hərbi
Dənizçilik Məktəbində
"Dillər" kafedrasının
müdiri və
Azərbaycan Respublikasının Prezidenti yanında
Ali Attestasiya Komissiyasının Ekspert Şurasının üzvü olmuş
filologiya elmləri doktoru,
professor Mədəd Çobanovun anadan olmasının
80 illik yubileyi şərəfinə
“Professor Mədəd Çobanov adına XEYRİYYƏ FONDU”
təsis olunub.
Bu barədə mətbuata Fondun icraçı direktoru Müşfiq Borçalı məlumat verib. O, bildirib ki, Azərbaycan Respublikası “Təhsil” Mərkəzinin - “XXI Əsrin Ziyalıları” MMC, “Vetenim.info” MMC, "Şərqin səsi" qəzeti, “Ziya” (turan.info.az) və “Zirvə” (Zirve.info) İnformasiya Mərkəzlərinin birgə təşəbbüsü və təşkilatçılığı ilə yaranan Fondun təsis olunmasında əsas məqsəd Gürcüstanda yaşayan soydaşlarımıza, xüsusilə də yaradıcı gənclərə, tələbə və şagirdlərə maddi və mənəvi yardım göstərməkdir.
Fondun 2017-ci il oktyabrın 16-da keçirilmiş ilk iclasında qərara alınıb ki, yaxın və qısa bir müddətdə işçi qrupu tərəfindən Fondun Nizamnaməsi, Əsasnaməsi, strukturu, gələcək fəaliyyət Proqramı hazırlanıb müzakirəyə təqdim olunsun.
İlk iclasda o da qərara alınıb ki, Gürcüstanda yaşayan soydaşlarımızın milli kadrlara olan ehtiyaclarını qismən də olsa ödəmək məqsədilə ali məktəblərdə, xüsusilə də, vaxtilə Mədəd Çobanovun ali təhsil aldığı və sonralar uzun müddət müəllim, dosent və professor vəzifələrində çalışdığı - indiki İlya adına Tbilisi Dövlət Unuversitetində (keçmiş A.S.Puşkin adına, sonralar S.S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetində), eləcə də Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və digər ali müəssisələrində təhsil alan 5 nəfər tələbəyə “Professor Mədəd Çobanov adına Təqaüd”, vaxtilə Mədəd Çobanovun təhsil aldığı və ilk pedaqoji fəaliyyətə başladığı Bolnisi rayonundakı Darvaz kənd orta məktəbində oxuyan 5 nəfər şagirdə isə “Professor Mədəd Çobanov adına Mükafat” verilsin.
Həmçinin, Gürcüstanda fəaliyyət göstərən Azərbaycan dilli orta məktəblərə, Mədəniyyət Mərkəzlərinə, mətbuat orqanlarına yardım etmək, Gürcüstanda yaşayan ziyalılarımızın, yaradıcı soydaşlarımızın yubileylərini keçirmək, onları mükafatlandırmaq, “Ən yaxşı müəllim”, “Ən yaxşı jurnalist”, “Ən yaxşı mədəniyyət işçisi” və s. müsabiqələri keçirmək, qalibləri “Professor Mədəd Çobanov adına Fəxri diplom”la mükafatlandırmaq, şair və yazıçıların əsərlərindən ibarət kitablar, almanax və məcmuələr çap etmək, ULU BORÇALImızdakı, eləcə də Gürcüstandakı bu və ya digər QƏDİM kəndlərimizlə, el-obalarımızla, bir sözlə, toponimlərimizlə, həmçinin bu bölgənin məşhur ziyalıları ilə bağlı Ensiklopedik xarakterli kitablar hazırlayıb nəşr etmək və s. nəzərdə tutulub.
Qeyd edək ki, professor Mədəd Çobanovun anadan olamsının 80 illik yubileyi Bakıda, Tiflisdə, Borçalıda - Marneulidə və Bolnisidə yüksək səviyyədə qeyd olunub. Tez-tez doğma Borçalıya baş çəkən yubilyar, bu yaxınlarda Bolnisi rayonunda olub, vaxtilə dünyaya göz açdığı və ilk orta təhsil aldığı Darvaz kəndindəki ictimai məktəbdə müəllim və şagirdlərlə görüşüb, onlara müəllifi olduğu çoxsaylı kitablarını, eləcə də, müəllimlər üçün vəsaitlər, şagirdlər üçün məktəbli ləvazimatları və s. hədiyyə edib.
Professor Mədəd Çobanov görüş zamanı bildirib ki, doğma məktəbinə xeyriyyə tədbirləri
bundan sonra da müntəzəm olaraq davam edəcək.
GÜRCÜSTANDA YAŞAYAN SOYDAŞLARIMIZA YARDIM ETMƏK MƏQSƏDİLƏ YARANAN YENİ FONDa
gələcək fəaliyyətində uğurlar diləməklə yanaşı, dəyərli ziyalımız, görkəmli alim,
çox hörmətli professor Mədəd Çobanova uzun ömür, möhkəm cansağlığı,
elmi yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq!..
turan.info.az
.