Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilibYanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirə keçirilib.

Dövlətimizin başçısı müşavirədə nitq söyləyib.

Prezident İlham Əliyevin

nitqi


- 2015-ci ildə dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində neft ixrac edən ölkələr bəzi çətinliklərlə üzləşmişlər. Neftin qiymətinin düşməsi bu gün də davam edir. Biz 2016-cı ildə də bu prosesi müşahidə edirik. Son bir il ərzində neftin qiyməti 4 dəfə düşmüşdür. Yəni, bütün neft ixrac edən ölkələrin gəlirləri böyük dərəcədə azalmışdır. Təsəvvür edin, əgər hər hansı bir ailədə gəlirlər 4 dəfə aşağı düşürsə, əlbəttə ki, o ailədə ailə büdcəsinə yenidən baxılmalıdır. Təbii ki, Azərbaycanın gəlirlərinin böyük hissəsi neftlə bağlıdır. Biz uzun illərdir çalışırıq ki, neftdən asılılığı azaldaq. Buna müəyyən dərəcədə nail ola bilmişik. Ancaq hələ ki, buna tam nail ola bilməmişik. Belə olan halda neftin qiymətinin aşağı düşməsi bizim iqtisadi vəziyyətimizə mənfi təsir göstərir. Hər bir ölkə və hər bir ailə ayağını yorğanına görə uzatmalıdır. Deyə bilərəm ki, Azərbaycan bu vəziyyətdən çıxmaq üçün çox ciddi addımlar atır. Bizimlə eyni vəziyyətdə olan ölkələr arasında bu böhranlı vəziyyətdən Azərbaycan ən az itkilərlə çıxa bilmişdir.

Nazirlər Kabinetinin 2015-ci ilin yekunlarına həsr edilmiş iclasında həm vəziyyətin təhlili, eyni zamanda, müvafiq tapşırıqlar verilmişdir. Bu tapşırıqlar mütləq yerinə yetirilməlidir. Belə olan halda Azərbaycan iqtisadiyyatı 2016-cı ildə də öz templərini saxlayacaq və bu çətin vəziyyətdən ölkəmiz şərəflə çıxacaqdır. Biz əvvəllər bundan da çətin vəziyyətlərlə üzləşmişik. Azərbaycan xalqı və Azərbaycan dövləti buna oxşar bütün belə məqamlarda güclü iradə nümayiş etdirmişdir. Biz müstəqil dövlət quruculuğu işində çox böyük uğurlara nail ola bilmişik. Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkədir. Son 10 il ərzində dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ölkə olmamışdır. Bu, həqiqətdir, reallıqdır və bunu bütün göstəricilər təsdiqləyir. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycanda əldə edilmiş uğurlar daim qeyd edilir.

Deyə bilərəm ki, indiki dünya iqtisadi böhranını heç kim təsəvvür edə bilməzdi. Heç kimin ağlına gələ bilməzdi ki, bir il ərzində neftin qiyməti 4 dəfə aşağı düşsün. Bir daha demək istəyirəm, dünya iqtisadiyyatı indi böhran içindədir, böyük ölkələrdə iqtisadi sahədə çox ağır proseslər gedir. Ancaq bununla belə dünya iqtisadiyyatı bu qədər tənəzzülə uğramayıb ki, neftin qiyməti 4 dəfə aşağı düşsün. Burada təbii ki, başqa səbəblər, geosiyasi səbəblər də var. Ancaq bu, bugünkü müşavirənin mövzusu deyil. Əsas mövzu ondan ibarətdir ki, biz bu vəziyyətdən ən az itkilərlə çıxaq və bu istiqamətdə əlavə tədbirlər görülməlidir. İlk növbədə, islahatlar dərinləşməlidir, müvafiq tapşırıqlar verilmişdir. Son həftə ərzində mən hökumət üzvləri ilə bir neçə müşavirə keçirmişəm, müxtəlif fikirlər, təkliflər səslənibdir və artıq bu təkliflərin icra edilməsinə başlanılıb.

Bugünkü müşavirədə əlavə tapşırıqlar veriləcək. Əminəm ki, bu tapşırıqlar yerinə yetirilərkən həm ölkə iqtisadiyyatı yeni nəfəs alacaq, iqtisadi fəallıq artacaq, əlbəttə ki, həm də insanların sosial müdafiəsi lazımi səviyyədə təmin ediləcəkdir. İlk növbədə, biz insanların sosial müdafiəsi məsələlərini daim diqqətdə saxlamalıyıq. Əslində bu, bizim siyasətimizin əsas istiqamətlərindən biri olmuşdur. Azərbaycanda çox genişmiqyaslı sosial siyasət aparılır. Dəfələrlə bəyan etmişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Son illər ölkədə aparılan işlərin əsas məqsədi Azərbaycan vətəndaşının rifah halını yüksəltmək, işsizliyi, yoxsulluğu aradan qaldırmaq idi.

Ona görə indiki şəraitdə, ilk növbədə, insanların sosial müdafiəsi məsələləri öz həllini tapmalıdır və tapır. Qeyd etməliyəm ki, pensiyaların və əmək haqlarının 10 faiz qaldırılması bu istiqamətdə atılan önəmli addımdır. Bizim imkanımız hələlik buna çatır. Bir daha demək istəyirəm ki, hər bir dövlət ayağını yorğanına görə uzatmalıdır. Onu da qeyd etmək istəyirəm ki, neftlə zəngin olan ölkələrin böyük əksəriyyətində və bu gün bu neftin qiymətinin düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində buna oxşar addımları biz müşahidə etmirik. Hər halda bu barədə məndə məlumat yoxdur ki, hansısa bir ölkə indiki böhran şəraitində əmək haqlarını, pensiyaları qaldırsın. Bu, çox ciddi sosial addımdır. Bir daha demək istəyirəm ki, bizim güclü sosial siyasətimizin təzahürüdür. Bu təşəbbüsü reallaşdırmaq üçün dövlət büdcəsindən 100 milyonlarla manat vəsait xərclənəcəkdir. İndiki şəraitdə bu, nə deməkdir, hesab edirəm ki, bunu izah etməyə ehtiyac yoxdur. İstisna edilmir ki, il ərzində bu məsələyə yenidən baxılacaq. Əlbəttə ki, bu, bizim imkanlarımıza bağlı olan məsələdir.

Süni bahalaşmaya qarşı çox ciddi mübarizə aparılmalıdır və aparılır. Əfsuslar olsun ki, bəzi hallarda natəmiz insanlar, işbazlar bu vəziyyətdən istifadə edərək qiymətləri süni şəkildə bahalaşdırmağa çalışırlar. Dövlət orqanları, prokurorluq, istehlak bazarına nəzarət edən orqanlar bu məsələ ilə ciddi məşğuldurlar. Görülən tədbirlər, o cümlədən verilmiş qərarlar nəticəsində çörəyin və unun qiyməti əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. Bu da sosial təşəbbüsdür. İlk növbədə, biz bunu çətin vəziyyətdə olan insanların mənafeyini nəzərə alaraq edirik. Çalışmalıyıq ki, gələcəkdə bu sahədə maksimum şəffaflıq olsun. İndiki şəraitdə əgər kimsə bu vəziyyətdən öz şəxsi iqtisadi, yaxud da ki, siyasi maraqları üçün istifadə etmək istəyirsə, o insanlar öz cəzasını alacaqlar. Təxribatçılar, işbazlar, dəllallar ciddi şəkildə cəzalandırılır və cəzalandırılacaqlar.

Biz son illər ərzində Azərbaycanda əldə edilmiş uğurları qoruyacağıq, ölkəmizin sürətli inkişafını təmin edəcəyik. İmkan verə bilmərik ki, kimsə bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etsin. Bu il bütün sosial proqramlar icra ediləcək. Bu məsələ ilə bağlı heç kimin şübhəsi olmasın. İnsanların sosial müdafiəsi ilə bağlı olan əlavə tədbirlər də görülməlidir.

Mən Nazirlər Kabinetinin iclasında qeyd etmişdim ki, struktur islahatları dərinləşməlidir. Bu məsələlərlə bağlı artıq addımlar atılır. Əslində bu, daimi proses olmalıdır. Dövlət orqanlarının strukturu elə olmalı və imkan verməlidir ki, bu orqanlar operativ, çevik siyasət aparsınlar və bu siyasətin çox böyük səmərəsi olsun. Ona görə bir-birini təkrarlayan, yaxud da ki, o qədər də lazım olmayan dövlət qurumları ya birləşdirilir, ya da ki, ləğv edilir. Əlavə tapşırıqlar verilibdir. Bu tapşırıqlar hazırda müzakirə olunur və yaxın vaxtlarda təkliflər veriləcəkdir.

Valyuta bazarının tənzimlənməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir və təkliflər hazırlanır. Burada qanunvericilikdə də dəyişikliklər edilməlidir və Milli Məclis növbədənkənar toplantı keçirəcəkdir. Çünki bu addımlar atılmasa, bizim iqtisadi islahatlarımızın uğurlu icrası ləngiyə bilər. Bu sahədə də inkişaf etmiş ölkələrin təcrübəsi, beynəlxalq praktika Azərbaycanda tətbiq edilməlidir. Əfsuslar olsun ki, bəzi hallarda biz müəyyən səbəblərə görə bu praktikanı tətbiq edə bilməmişik. Vaxt gəlib çatıb ki, dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi tam tətbiq edilsin.

2008-2009-cu illərin dünya iqtisadi böhranı zamanı inkişaf etmiş ölkələr tərəfindən atılmış addımlar təhlil edilir və biz də daxili iqtisadi vəziyyəti nəzərə alaraq düşünülmüş addımlar atmalıyıq. Əlbəttə, nəzərə alsaq ki, bizim valyuta gəlirlərimiz böyük dərəcədə azalır, valyuta bazarının tənzimlənməsi bu istiqamətdə önəmli tədbirlərdən biridir.

Geniş özəlləşdirmə proqramı hazırlanmalıdır, müvafiq göstərişlər verilmişdir. Biz həm xarici, həm yerli investorları bu işə cəlb etməliyik. Hələ ki, Azərbaycanda bir çox özəlləşdirilməmiş müəssisələr var və onların fəaliyyəti dayanıbdır. Bəzi hallarda bu müəssisələr yarıdağılmış vəziyyətdədir, onların çox böyük torpaq sahələri var. Biznes mühitini yaxşılaşdırmaq və iqtisadi canlanmanı sürətləndirmək üçün mütləq geniş özəlləşdirmə proqramı həyata keçirilməlidir. Bu proqram tam şəffaf keçirilməlidir, beynəlxalq ekspertlər bu işə cəlb olunmalıdır. Yerli və xarici investorlar üçün elə şərait yaratmalıyıq ki, onlar böyük maraqla, həvəslə vəsait qoysunlar. Nəzərə alsaq ki, Azərbaycanın uzunmüddətli uğurlu inkişafı heç bir investorda şübhə doğurmur, Azərbaycan iqtisadiyyatı dayanıqlı şəkildə inkişaf edəcək. Burada həm neft-qaz amili var, həm də Azərbaycanda qeyri-neft sektorunun inkişafı sürətlə gedir. Keçən il Azərbaycanda qeyri-neft sənayesi 8 faizdən çox artmışdır. Bu, görülən işlərlə bağlı olan nəticədir. Ona görə yenə də demək istəyirəm, elə şərait yaratmalıyıq ki, xarici və yerli investorlar bu özəlləşdirmə proqramında böyük maraqla iştirak etsinlər.

Neftin qiymətinin kəskin düşməsindən və qonşu ölkələrdə milli valyutaların devalvasiyasından sonra, əlbəttə ki, biz də manatı əvvəlki səviyyədə saxlaya bilmədik. Baxmayaraq ki, buna çox çalışırdıq. Deyə bilərəm ki, qonşu valyutalar arasında Azərbaycan manatı ən çox müqavimət göstərən valyuta idi. Ancaq devalvasiya qaçılmaz idi və bunun səbəbinin Azərbaycanın daxili vəziyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu, xaricdə formalaşan səbəblərdir.

İndiki vəziyyətdə milli valyutamıza etimad müəyyən qədər azalıb. Biz bu etimadı bərpa etməliyik. Manat sabit valyutadır. On il ərzində - 2005-ci ildə pul islahatı aparılandan sonra on il ərzində manat nəinki öz məzənnəsini saxlayıb, hətta dollara qarşı 30 faiz bahalaşıb. Əslində əgər biz on ilin dinamikasına baxsaq, pul islahatı aparılandan sonra manat elə bil ki, hər il 5 faiz qiymətini itirib. Ancaq bu, bir il ərzində olduğu üçün, əlbəttə ki, bunun təsiri daha da ciddi olubdur. Ona görə indiki şəraitdə biz manata olan inamı bərpa etməliyik. Biz deyəndə, əlbəttə, mən dövləti, hökuməti, iqtisadi bloku, bank sektorunu və vətəndaşları nəzərdə tuturam. Biz hamımız bu istiqamətdə iş aparmalıyıq.

Əfsuslar olsun ki, Azərbaycanda dollarizasiya prosesi gedir. Bunun heç bir iqtisadi əsası yoxdur. Bəzi ölkələrin devalvasiyaya uğrayan valyuta bazarına nəzər salsaq görərik ki, orada dollarizasiya getmir. Azərbaycanda müəyyən dərəcədə ajiotaj yaranmışdır. Özü də bu ajiotaj yenə də başqa ölkələrdə baş verən proseslərlə bağlı idi. Məsəl üçün, 2014-cü ilin sonu, 2015-ci ilin əvvəli misal kimi gətirilə bilər. O vaxt Azərbaycanda manatla bağlı heç bir problem yox idi. Qonşu ölkələrdə milli valyutalar dəyərdən düşürdü. Əfsuslar olsun ki, bizdə bəzi qurumlar və insanlar bu vəziyyəti Azərbaycan reallıqlarına da keçirməyə cəhd etmişdilər. Ondan sonra - keçən ilin yay aylarında valyuta bazarında müsbət meyillər müşahidə olunmağa başlamışdır. Bu da təbii idi. Çünki görülən tədbirlər bunu diktə edirdi. Ancaq yenə də bəzi qonşu ölkələrdə milli valyutalar kəskin şəkildə aşağı düşdü və dərhal Azərbaycanda ajiotaj yarandı. Ona görə indiki vəziyyətin yaranmasında Azərbaycan daxilində baş verən heç bir amil yoxdur. Bütün bu amillər kənarda formalaşıb. Neftin qiymətinin düşməsi, qonşu ölkələrdə milli valyutaların dəyərdən düşməsi və bunun bir neçə dalğası əfsuslar olsun ki, Azərbaycanda da valyuta bazarında panika, ajiotaj yaratmışdır.

Dollara qarşı bütün valyutaların ucuzlaşması prosesi gedir. Hətta avro da öz dəyərini saxlaya bilmədi, təxminən 30 faiz ucuzlaşdı. Ona görə manatın məzənnəsinin sabit saxlanması təkcə hökumətdən asılı deyil. Əlbəttə, burada islahatlar dərinləşəcək, əlavə addımlar atılacaq. Amma vətəndaşlar da bununla bağlı hökumətlə bir istiqamətdə fəaliyyət göstərməlidirlər. Bu halda əminəm ki, manata inam bərpa olunandan sonra biz bu vəziyyətdən ən az itkilərlə çıxa biləcəyik.

Bank sektorunun tənzimlənməsi məsələləri də öz həllini tapacaq. Təkliflərə baxılır. Problemli bankların sağlamlaşdırılması prosesi getməlidir, bank konsolidasiyası aparılmalıdır və əmanətlərin sığortalanması məsələsi də öz həllini tapmalıdır. Bir neçə il bundan əvvəl Azərbaycan bu praktikanı tətbiq etməyə başlamışdır və indi də əmanətlərin sığortalanması işində əlavə tədbirlər görüləcək. Əminəm ki, görüləcək tədbirlər həm bank sektoruna, eyni zamanda, milli valyutamıza olan inamı böyük dərəcədə artıracaq. Əminəm ki, bu addımlar çox müsbət nəticə verəcəkdir.

Azərbaycan iqtisadiyyatının vəziyyəti çox möhkəmdir və müsbətdir. Bütün iqtisadi göstəricilər bunu göstərir. Hətta böhranlı ildə Azərbaycan iqtisadiyyatı inkişaf edib. Ümumi daxili məhsul, qeyri-neft sektoru, sənaye istehsalı artıb, kənd təsərrüfatı təxminən yeddi faiz artıb. Bizim valyuta ehtiyatlarımız yaxşı səviyyədədir. Valyuta ehtiyatlarımızı qoruyuruq. Xarici dövlət borcumuz çox aşağı səviyyədədir, təxminən 12 faiz səviyyəsindədir. Devalvasiyadan əvvəl isə 10 faizdən az idi. Yəni, bu, dünya miqyasında ən yaxşı göstəricilərdən biridir. Bütün bu amilləri, iqtisadi dayanıqlılığı və xarici borcumuzun aşağı səviyyədə olmasını nəzərə alaraq, hesab edirəm ki, biz xarici maliyyə bazarlarından lazım olan həcmdə valyuta resurslarını Azərbaycana cəlb edə bilərik. Bu məsələlərlə bağlı müvafiq tapşırıqlar verilmişdir. Hesab edirəm ki, tezliklə bu məsələyə də baxılmalıdır. Mən şəxsən heç vaxt tərəfdarı deyildim ki, Azərbaycanın xarici dövlət borcu artsın. Çünki həmişə istəyirdim ki, 10 faizi keçməsin. Ancaq indiki vəziyyətdə nəzərə alsaq ki, bizdə bu səviyyə cəmi 12 faizdir, - bəzi inkişaf etmiş ölkələrdə 100 faizdir, 120 faizdir, 150 faizdir, - yəni, çox az ölkə tapılar ki, orada xarici borc bizdəki səviyyədə olsun. Bunu nəzərə alaraq deyə bilərəm ki, xarici valyuta bazarlarından əlavə valyuta resurslarının cəlb edilməsi bizim üçün heç bir problem yaratmaz. Ona görə hesab edirəm ki, bu məsələ ilə bağlı addımlar atılmalıdır.

Dövlət istiqrazlarının buraxılması məsələsinə də baxıla bilər. Bu da beynəlxalq praktikada çox tez-tez baş verən hadisədir. Hətta bizimlə müqayisə edilməz dərəcədə daha da böyük həcmdə neft hasil və ixrac edən ölkələr buna gedirlər. Ən böyük neft ixrac edən ölkələr buna gedirlər, xarici maliyyə bazarlarından valyutanı cəlb edirlər. Ona görə biz də buna getməliyik. Burada heç bir problem yoxdur. Əslində, bu, imkan yaradacaq ki, biz iqtisadiyyata daha da böyük təkan verək.

Əlbəttə ki, indiki şəraitdə qeyri-neft sektorunun inkişafı daha da böyük prioritet olmalıdır. Mən qeyri-neft sektorunun inkişafı haqqında artıq neçə ildir ki, həm deyirəm, həm də praktiki addımlar atılır. Regionların inkişafı, regionlarda infrastrukturun, sosial infrastruktur yaradılması, yolların, qaz xətlərinin, elektrik stansiyalarının, məktəblərin, xəstəxanaların, kənd yollarının tikintisi, müəssisələrin, iş yerlərinin yaradılması - bütün bunlar son illər Azərbaycan reallıqlarını əks etdirir. Əgər vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün biz ölkə daxilində olan tələbatı heç ödəyə də bilməzdik.

Əfsuslar olsun ki, bu gün biz ərzaq təhlükəsizliyini tam təmin edə bilməmişik. Bunun obyektiv səbəbləri var. Biz hələ ki, dünya bazarlarına qeyri-neft sektoru xətti, böyük ixrac malları ilə çıxa bilmirik. Bunun da səbəbi ondan ibarətdir ki, ilk növbədə biz idxalı azaltmalıyıq. Çünki müstəqilliyimizin ilk illərində Azərbaycanda heç nə istehsal olunmurdu. Bütün istehlak malları, o cümlədən gündəlik tələbat malları xaricdən gəlirdi. Bu gün Azərbaycan böyük dərəcədə öz ehtiyaclarını ödəyir - həm tikinti materialları, həm ərzaq malları sahələrində. Ancaq bu yerli istehsal mallarının tərkibində xarici komponent var. Biz növbəti illərdə çalışmalıyıq ki, bu xarici komponenti də aradan götürək, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının xammalı da məhz Azərbaycan mənşəli olsun. Ona görə qeyri-neft sektorunun inkişafı sürətlə gedir və gedəcəkdir.

Bu il Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə fermerlərə, iş adamlarına ən azı 250 milyon manat güzəştli kredit veriləcəkdir. Onların da vəsaitlərini nəzərə alsaq, iqtisadiyyatın real sektoruna, o cümlədən regionlarda qoyulacaq investisiyaların həcmi təqribən 1 milyard manata yaxın olmalıdır. İqtisadiyyat Nazirliyi 1 milyard 500 milyon manat həcmində investisiya layihələrini tərtib edib, hazırlayıb. Bu layihələr tezliklə icra edilməlidir. Hesab edirəm ki, Azərbaycanın iş adamları ilk növbədə Azərbaycana sərmayə qoymalıdırlar ki, bu sahədə biz qısa müddət – bir-iki il ərzində öz ehtiyaclarımızı tam bağlaya bilək. Vəzifə bundan ibarətdir.

Beləliklə, qeyri-neft sektorunun inkişafı imkan verəcək ki, biz idxaldan asılı olmayaq. Belə olan halda qiymətlərin tənzimlənməsi də lazımi səviyyədə təmin ediləcək. Mən qeyd etdim ki, biz görülən tədbirlər nəticəsində unun qiymətini əhəmiyyətli dərəcədə aşağı sala bildik. Ancaq biz özümüzü unla, taxılla tam təmin edə bilmirik. Ona görə müəyyən dərəcədə problemlər yaranır. Ancaq bu gün yaradılan iri fermer təsərrüfatları, taxılçılıqla məşğul olan təsərrüfatlar və yeni yaradılacaq müəssisələr qısa müddət ərzində bu problemin həllinə kömək göstərməlidirlər. Dövlət öz tərəfindən lazımi tədbirləri görür. Fermerlər də bu işlərə fəal qoşulublar. Bank sektorunun əlbəttə ki, burada çox böyük rolu olacaq. Əminəm ki, bank sektorunun tənzimlənməsi prosesi başa çatandan sonra bank sektoru bu sahəyə xüsusi diqqət göstərməlidir. Bu, mənim onlara göstərişimdir. Dövlət özəl banklara kömək göstərir, onları bəzi hallarda xilas edir. Onlar da öz növbəsində dövlətin maraqlarını təmin etməlidirlər. Onlar dövlətə lazım olan sahələrə investisiya yatırmalı, kredit verməlidirlər. Qeyri-neft sektoru dedikdə əlbəttə ki, mən ilk növbədə kənd təsərrüfatı, sənaye istehsalı və emal sənayesini nəzərdə tuturam. Bu istiqamətlərə əlavə vəsait də təmin edilməlidir.

Biz iqtisadi fəallığı artırmalıyıq. Təbii ki, gəlirlər azaldıqca bizim investisiya qoyuluşumuz da, dövlət xətti ilə qoyulan investisiyaların həcmi də azalır. Bu da öz növbəsində iqtisadi fəallığı müəyyən dərəcədə aşağı salır. Bu, reallıqdır, bir-biri ilə bağlı olan məsələlərdir. Ona görə, biz görüləcək əlavə tədbirlər nəticəsində iqtisadi fəallığı artırmalıyıq, həmçinin tikinti sektorunda. Bakıda, böyük şəhərlərdə və bütün şəhərlərdə tam imkan verilməlidir ki, iş adamları böyük tikinti layihələrini icra etsinlər. Bəzi hallarda burada iş adamları müxtəlif çətinliklərlə üzləşirlər - bürokratiya, korrupsiya. Onlara qarşı əsassız tələblər irəli sürülür. Bütün bunlar yığışdırılmalıdır. Tikinti sektoru tam sərbəst şəkildə inkişaf etməlidir. Əlbəttə ki, şəhərsalma qaydalarına riayət etmək şərti ilə. Əlbəttə, biz imkan verə bilmərik ki, burada xaotik vəziyyət yaransın. Ancaq bütün süni əngəllər aradan qaldırılmalıdır.

Əgər qanunvericilikdə, yaxuddakı qaydalarda hər hansı bir düzəlişlər edilməlidirsə, biz bunları da etməliyik. Onu da qeyd etməliyəm ki, Dünya Bankının “Doing Business” hesabatlarında Azərbaycanın müxtəlif istiqamətlər üzrə islahatları yüksək qiymətləndirilir. Ancaq bizi ən çox geriyə salan məhz tikinti sektorunda, bax bu qeyri-normal vəziyyətdir. Çünki burada o qədər icazələr tələb olunur və burada o qədər pozuntular var ki, hətta beynəlxalq qurumlar da bunu qeyd edirlər. Ona görə mən bu gün ciddi tapşırıq verirəm bütün şəhər və rayon icra hakimiyyəti orqanlarına, ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinə ki, bundan sonra tikinti ilə bağlı heç bir süni əngəl olmamalıdır. İş adamlarına da müraciət edirəm, əgər sizdən kimsə qanunsuz nə isə tələb edəcəksə birbaşa məlumat verin və o qanunsuz əməlləri törətmək istəyənlər ciddi şəkildə cəzalandırılacaqlar. Mənə mütəmadi qaydada məlumat verilməlidir ki, hər rüb nə qədər tikinti layihəsi icra edilir, harada və bunun əmək bazarına olan təsiri nədən ibarətdir?!

Burada, əlbəttə ki, biz ilk növbədə iş adamlarının fəaliyyətini gözləyirik. Eyni zamanda, ipoteka xətti ilə böyük tikinti layihələri icra edilə bilər. Əfsuslar olsun ki, bizdə bu sektorda durğunluq müşahidə olunur. Mən ipoteka ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm, o cümlədən Nazirlər Kabinetinin toplantılarında. Ancaq bu proses hələ ki kütləvi xarakter almayıb. Bunu dərhal başlamaq, yəni, davam etdirmək lazımdır. Təxirəsalınmaz tədbirlər görülməlidir. Bu tədbirlər haqqında mənə məlumat verilməlidir. Biz nə etməliyik ki, ipoteka xətti ilə tikiləcək bu binaların inşasını sürətləndirək?!

Bir sözlə, iqtisadi islahatlar dərinləşməlidir. Biz burada inkişaf etmiş ölkələrin müsbət praktikasını mütləq nəzərə almalıyıq. Bizim bütün iqtisadi və maliyyə sistemimiz şəffaflaşdırılmalıdır. Bank sektoru inkişaf etməlidir. Biznes mühiti daha da yaxşılaşdırılmalıdır. İş adamlarına daha da yaxşı şərait yaradılmalıdır. Bütün bürokratik əngəllər aradan qaldırılmalıdır. Bu tapşırılar yerinə yetirilməlidir. Belə olan halda biz tezliklə müsbət dinamikanı sürətləndirə bilərik.

Son illər ərzində bütövlükdə iqtisadi sahədə aparılan siyasət özünü doğruldur. Azərbaycan son 10 il ərzində dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir. Sadəcə olaraq indiki şəraitdə biz fəaliyyətimizi daha da təkmilləşdirməliyik. Azərbaycanda düşünülmüş siyasət, iqtisadi islahatlar aparılır. İnsanların vətənpərvərlik hissi yüksək səviyyədədir. Xalqla iqtidar birliyi möhkəmdir. Bax, budur uğurlarımızın əsas amilləri. Dövlət, hökumət, vətəndaşlar bir yerdə olaraq bu gözlənilməz vəziyyətdən çıxış yollarını müəyyən etməlidirlər. Dövlətin bu istiqamətdə çox ciddi proqramı vardır. Əminəm ki, belə olan halda 2016-cı ildə Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problem olmayacaq. Qarşıda duran bütün sosial və iqtisadi vəzifələr icra ediləcək. Əminəm ki, belə də olacaq.

*****

Hökumət üzvləri müzakirələrdə çıxış etdilər.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Bakıda Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirilib

Bakıda Yeni Azərbaycan Partiyasının VI qurultayı keçirilib

Əsas xəbər, YAP
AZƏRBAYCANDA SOSİAL PROBLEMLƏR UĞURLA HƏLL EDİLİR

AZƏRBAYCANDA SOSİAL PROBLEMLƏR UĞURLA HƏLL EDİLİR

"Şərqin səsi", Köşə yazılar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub

Əsas xəbər
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində işti ...

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində işti ...

Əsas xəbər, Azərbaycan, Rəsmi Xəbərlər
İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iqlim və enerji tə ...

İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində iqlim və enerji tə ...

Əsas xəbər, Azərbaycan
İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib

İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib

Azərbaycan
İlham Əliyevin təhsil sahəsində dediklərindən

İlham Əliyevin təhsil sahəsində dediklərindən

Azərbaycan, Prezident
Rövşən Rzayev geniş iclas keçirib, tapşırıqlar verib

Rövşən Rzayev geniş iclas keçirib, tapşırıqlar verib

Qarabağ
İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda işt ...

İlham Əliyev AMEA-nın 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaqda işt ...

Azərbaycan, Elm, "Zirvə"
Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi

Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi

Regionlar, Köşə yazılar

"Strateji Yol Xəritəsi postneft dövrünün inkişaf modelini yaradır" - iqti ...

Digər ali məktəblər, Darvaz, İqtisadiyyat
İşğaldan azad edilmiş ərazilər böyük potensiala malikdir

İşğaldan azad edilmiş ərazilər böyük potensiala malikdir

Regionlar, Köşə yazılar
Qeyri-rəsmi məşğulluğa qarşı böyük mübarizə elan edilib

Qeyri-rəsmi məşğulluğa qarşı böyük mübarizə elan edilib

YAP, Siyasət, İqtisadiyyat
Rüfət Quliyev: “Daxili istehsalın inkisafi əsas hədəf olmalıdır”

Rüfət Quliyev: “Daxili istehsalın inkisafi əsas hədəf olmalıdır”

Milli Məclis, İqtisadiyyat
Əflatun AMAŞOV:

Əflatun AMAŞOV: "Büdcəmizdə keçən ilkindən fərqli olaraq əhəmiyyətli dərəc ...

Regionlar, MEDİA, Tiflis, Sosial
AMEA-da DEMOQRAFİQ PROSESLƏRİN TƏDQİQİNƏ DAİR ELMİ SEMİNAR KEÇİRİLİB

AMEA-da DEMOQRAFİQ PROSESLƏRİN TƏDQİQİNƏ DAİR ELMİ SEMİNAR KEÇİRİLİB

Digər bölmələr
Azərbaycanda demoqrafik inkişaf davamlı şəkildə gedir

Azərbaycanda demoqrafik inkişaf davamlı şəkildə gedir

Digər bölmələr, Qarayazı
DÖVLƏTİN İQTİSADİ İNKİŞAF İSTİQAMƏTLƏRİ

DÖVLƏTİN İQTİSADİ İNKİŞAF İSTİQAMƏTLƏRİ

Regionlar, İqtisadiyyat
Yusuf Məmmədəliyev:

Yusuf Məmmədəliyev: "Azərbaycan dövləti gəncləri sağlam, savadlı, vətənpər ...

Azərbaycan, Gənclik
“Universitetimiz Azərbaycanın avtomobil modelini də yarada bilər”

“Universitetimiz Azərbaycanın avtomobil modelini də yarada bilər”

Əsas xəbər, AzTU
Rəy yazın: