Bu sözləri mənsub olduqları xalqların və ölkələrin tarixində xüsusi xidmətləri olan başqa dövlət xadimləri - Türkiyədə Mustafa Kamal Atatürk, Fransada Şarl De Qol və Fransua Mitteran, Çində Mao Tszedun, Amerikada Corc Vaşinqton və Eyzenhauer, İngiltərədə Vinston Çörçil və başqaları haqqında da demək olar. Dünya tarixinə dərin izlər salmış belə görkəmli şəxsiyyətlər böyük dövlətçilik istedadına malik olan tarixi simalardır.
Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyev XX əsrin ikinci yarısından etibarən mənsub olduğu xalqın tarixi müqəddəratında həlledici rol oynamışdır. O, hələ sovet hakimiyyəti illərində Azərbaycan xalqının milli mənafelərinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün böyük addımlar atmışdır. Heydər Əliyev sovet dövründə Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldıran görkəmli siyasi xadimdir. Məhz onun xidmətləri sayəsində Azərbaycan keçmiş Sovetlər Birliyində hərtərəfli şəkildə inkişaf etmiş ölkələrdən birinə çevrilmişdir. Azərbaycanın dövlət müstəqilliyinin qurulması və möhkəmləndirilməsi də üzvi surətdə Heydər Əliyevin adı və mübarizəsi ilə bağlıdır. Bütün bunlara görə Heydər Əliyev Azərbaycan xalqının ümummilli lideri kimi böyük tarixi ad qazanmışdır.
Heydər Əliyev - Azərbaycan xalqının böyük dövlətçilik istedadına və zəngin təcrübəyə malik olan nadir tarixi şəxsiyyətidir, xalqın və ölkənin taleyində xüsusi rolu olan görkəmli dövlət xadimidir, xilaskarlıq missiyasını həyata keçirmiş qüdrətli şəxsiyyətdir.
Heydər Əliyev - Azərbaycanda dövlət müstəqilliyinin banisidir. Cəmiyyət həyatının bütün sahələrini əhatə etmiş böyük xidmətləri onun adını Azərbaycan dövlətinin tarixinə əbədi olaraq həkk etmişdir.
Müstəqil dövlətin siyasi prioritetlərinin önə çıxarılması, yeni idarəetmə strukturunun formalaşdırılması, daxili sabitliyin yaradılması, beynəlxalq aləmdə dostlar və tərəfdaşlar tapmaq, iqtisadi sahədə islahatlar həyata keçirmək, dövlət ideologiyasının formalaşdırılması Heydər Əliyevin həll etdiyi ümumdövlət miqyaslı vəzifələrdir. Dövlətçilik baxımından mühüm əhəmiyyətə malik olan həmin vəzifələrin sırasında azərbaycançılıq ideologiyası, ədəbiyyat siyasəti, elm və təhsil konsepsiyası mühüm yer tutur.
***
Ölkəmizdə azərbaycançılığın mətbuatdan və ədəbiyyatdan ictimai-siyasi müstəviyə çıxarılması kimi çətin və şərəfli vəzifənin həlli görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olan tarixi xidmətdir.
Yaşadığı dövrün siyasi quruluşunun sərt qadağalarına baxmayaraq, ümummilli lider Heydər Əliyevin simasında tariximizdə ilk dəfə olaraq Azərbaycan məsələsinə dövlət səviyyəsində kompleks şəkildə yanaşılmış, problemə ardıcıl siyasi münasibət bəslənilmiş və konkret nəticələr əldə olunmuşdur.
Azərbaycançılığın dövlət ideologiyası səviyyəsində formalaşdırılması və təsdiq edilməsi Heydər Əliyevin müstəqil dövlətçilik uğrunda mübarizəsinin əsas ana xətlərindən birini təşkil edir.
Heydər Əliyev azərbaycançılıq siyasətini özünün çoxcəhətli fəaliyyətinin bütün mərhələlərində əsas kimi götürmüş, bu ideologiyanın xalqın milli şüurunda və dövlətçilik təfəkküründə inkişaf etdirilib möhkəmləndirilməsi işini həyatının mənasına, siyasətinin əsas hərəkətverici qüvvəsinə çevirmişdir. Məhz Heydər Əliyevin çoxcəhətli və ardıcıl siyasəti nəticəsində azərbaycançılıq ictimai-ədəbi mühitdə milli hərəkat, siyasi müstəvidə isə dövlət ideologiyası mahiyyəti qazanmışdır.
Görkəmli dövlət xadimi Heydər Əliyev çoxillik siyasi fəaliyyətinin bütün dövrlərində azərbaycançılıq məsələsini ən ali məqsəd hesab etmişdir. Tarixin verdiyi şansların, yaratdığı imkanların hamısında bu böyük dövlət xadimi özünü Azərbaycana həsr etmiş, Azərbaycan idealı uğrunda daim dönmədən mübarizə aparmışdır. Azərbaycan SSR-in Dövlət Təhlükəsizlik Komitəsinin rəhbərliyindəki fəaliyyətini də nəzərə alsaq, Heydər Əliyev qırx ildən artıq böyük bir dövrdə azərbaycançılıq ideyası ilə dövlət işi səviyyəsində məşğul olmuşdur. Sovetlər İttifaqının rəhbərliyi ilə anlaşıqlı münasibətlər qurmağı bacarmış Heydər Əliyevin Azərbaycanı geridə qalmış aqrar respublikadan hərtərəfli inkişaf etmiş bir ölkəyə çevirməsi mühüm tarixi hadisədir. Eyni zamanda, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə, konkret olaraq 1978-ci ildə Azərbaycan dilinin ölkəmizin konstitusiyasına dövlət dili kimi daxil etdirməyə nail olması da misilsiz tarixi nailiyyətdir. Sovetlər İttifaqında vahid beynəlmiləlçilik prinsiplərinin həyata keçirildiyi bir zamanda Azərbaycan dilinin rəsmi olaraq dövlət dili kimi qəbul olunması çoxəsrlik dövlətçilik tariximizin nadir hadisəsidir. Bu böyük ümummilli hadisə Azərbaycan Respublikasının gələcək müstəqilliyinin mühüm təminatlarından biri idi.
Azərbaycanda milli birlik və həmrəylik ideyasının uğurla həyata keçirilməsi azərbaycançılıq idealına xidmətin ifadəsidir. Azərbaycan dili kimi Azərbaycan xalqı anlayışının da ölkəmizdə bərqərar olması milli mövqeyin qorunub saxlanılması ilə yanaşı, müstəqil dövlətin daxili sabitliyinin təmin edilməsinə, ölkədə yaşayan xalqlar və etnik qruplar arasında tolerantlıq mühitinin formalaşdırılmasına xidmət edir. Dünya azərbaycanlıları anlayışı da Azərbaycanın dövlət siyasətində Heydər Əliyevin adı ilə bağlı olan mühüm xidmətlərdən biridir. Sovet hakimiyyəti illərində mövcud rejimin yaratdığı çətinliklərə baxmayaraq, məhdud şəkildə olsa da, dünya azərbaycanlıları ilə yaradılan əlaqələrin cığırları dövlət müstəqilliyinin ilk illərindən etibarən genişləndirilmiş, yeni əlaqələr yaradılmış, dünya azərbaycanlılarının birliyinə və həmrəyliyinə doğru böyük addımlar atılmışdır. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən görkəmli dövlət xadimi Heydər Əliyevin “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik günü haqqında” imzaladığı 16 dekabr 1991-ciil tarixli sərəncam son yüzillikdə dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizin varlığını təsdiq edən və onlarla əlaqələrin zəruriliyini dövlət səviyyəsində rəsmiləşdirən, əlaqələrə real təminat verən mühüm qərar kimi xüsusi əhəmiyyətə malikdir.
Ölkəmizdə dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi də möhtəşəm siyasi-tarixi hadisələrdir.
Ulu öndərə məxsus “Dünya azərbaycanlılarının bir vətəni var, bu - Azərbaycandır” kəlamı müasir dövrün azərbaycançılıq təliminin siyasi-ideoloji əsasını təşkil edir.
Dünya azərbaycanlılarının I qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin tarixi nitqi azərbaycançılıq məfkurəsinin siyasi manifestidir. Heydər Əliyevin azərbaycançılıq təlimi dünya azərbaycanlılarını tarixi vətən və vahid ideologiya ətrafında birləşdirir. Sözün gerçək və obrazlı mənasında Heydər Əliyev dünyada azərbaycançılığın rəmzinə çevrilmişdir.
Heydər Əliyev dövlətçilikdə qeyri-adi müdriklik və uzaqgörənlik istedadına malik olan qüdrətli liderdir. Bu böyük dövlət xadiminin müdriklik və uzaqgörənliyinin hərəkətverici qüvvəsi Vətənə, xalqa, doğma torpağa sonsuz inam və məhəbbətdən, sınaqlardan çıxmış böyük siyasi təcrübədən yoğrulmuşdur. Heydər Əliyev keçdiyi çətin və şərəfli yolla Sovetlər İttifaqında beynəlmiləlçi ideologiyanın sərt dövlətçilik prinsipi kimi qəbul edildiyi dövrlərdə vətənpərvər dövlət xadimi olub, Kremlin zirvəsinə qədər yüksəlməyin mümkünlüyünü isbat etmişdir. Azərbaycanda Sovetlər İttifaqının ən sərt dövrlərində Heydər Əliyevin özünəməxsus bir siyasətlə azərbaycançılıq istiqamətində həyata keçirdiyi böyük tədbirlər gələcək dövlət müstəqilliyinin təməllərinə çevrilmişdir. Bütün bunlara görə Heydər Əliyev üçün uzaqgörən bir dövlət xadimi olaraq çökmüş sovet ideologiyasından yeni müstəqil dövlətçilik siyasətinə keçmək heç bir çətinlik yarada bilməmişdir. Keçmiş sovet dövlətinin mərkəzdəki və respublikalardakı rəhbərlərinin bir çoxlarının adları dağılmış imperiya ilə birlikdə arxivə getdiyi halda, Heydər Əliyevin portretləri milli azadlıq hərəkatının bayraqları ilə birlikdə meydanlarda yüksəklərə qaldırılırdı.
Azərbaycanda xalq hərəkatı, milli azadlıq mübarizəsi böyük dövlət xadimi Heydər Əliyevin böyük azərbaycançılıq ideallarından keçib gəlmişdir.
Bu mənada Sovetlər İttifaqı dağıldıqdan sonra müstəqillik qazanmış respublikaların de-mək olar ki, mütləq əksəriyyətinin rəhbərlərindən fərqli olaraq, Heydər Əliyev xüsusi bir “keçid dövrü” yaşamamışdır. Əksinə, Azərbaycan üçün Heydər Əliyev epoxasının birinci mərhələsi sovet sosialist sistemindən müstəqil dövlətçilik erasına keçid dövrü xarakteri daşımışdır. Milli ideologiyanın formalaşdırılması baxımından digər keçmiş sovet respublikalarının müstəqilliyin ilk illərində üzləşdikləri çətinlikləri uzaqgörən dövlət xadimi Heydər Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində Azərbaycan xalqı müstəqil dövlətçiliyi qazanana qədər yaşamışdır. Məhz buna görədir ki, Azərbaycan müstəqillik qazanmış keçmiş sovet respublikaları ilə müqayisədə milli ideologiya baxımından bir mərhələ qabaqdadır.
***
Böyük dövlət xadimi Heydər Əliyevin müstəqil dövlətçilik və azərbaycançılıq təlimində ədəbiyyat və incəsənət faktoru xüsusi yer tutur. Ulu öndər üçün ədəbiyyat və incəsənət azərbaycançılığın, milli şüurun inkişaf etdirilməsinin əsas hərəkətverici qüvvəsi funksiyasını daşımışdır. Heydər Əliyev dövlət rəhbərliyinin bütün mərhələlərində ədəbiyyat və incəsənət məsələlərinə xüsusi əhəmiyyət vermişdir. O, uzaqgörən görkəmli dövlət xadimi kimi həm Azərbaycan ədəbiyyatının inkişaf etdirilməsinə böyük qayğı göstərmiş, həm də bu mühüm sahələri istiqamətləndirmişdir. Heydər Əliyevin aşağıdakı sözləri onun ədəbiyyata dərindən bələd olması ilə yanaşı, həm də cəmiyyətin inkişaf etdirlməsində bu mühüm işə nə qədər dərindən əhəmiyyət verdiyini göstərməkdədir: “Azərbaycan ədəbiyyatı həmişə öz xalqının həyatının ön sıralarında irəliləmişdir. Bu ədəbiyyat xalqımızın qəhrəmanlıq tarixini əbədiləşdirib bizə çatdırmış, bizim qarşımızda bütün əzəməti ilə açmışdır”.
Ədəbiyyata xalqın taleyinin və tarixi yaddaşının əks-sədası kimi baxan Heydər Əliyev bədii düşüncədə tarixilik, millilik və müasirlik prinsiplərinə xüsusi əhəmiyyət vermişdir. Bu prinsiplər Heydər Əliyevin ədəbiyyat və incəsənət siyasətinin konseptual əsaslarını təşkil etmişdir. Azərbaycan ədəbiyyatının böyük klassiklərinin və görkəmli yaradıcılarının dövlət səviyyəsində yubileylərinin keçirilməsi, əsərlərinin nəşri, dünya dillərinə tərcümə olunması, tamaşaya qoyulması geniş mənada milli-mənəvi özünüdərk proseslərinin genişlənməsinə, azərbaycançılıq anlayışının daha da möhkəmləndirilməsinə xidmət etmişdir. “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illik yubileyi beynəlxalq aləmdə böyük əks-səda doğuran mühüm ədəbi-mədəni hadisə olmuşdur. Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibəti ilə görkəmli dövlət xadimi Heydər Əliyevin bəyan etdiyi aşağıdakı sözlər müstəqil Azərbaycan dövlətinin ədəbiyyat və incəsənət siyasətinin əsasını təşkil edir: “Bu yubileyi keçirərkən biz xalqımızın özünü tanımasını təmin edəcəyik və etməliyik. Xalq gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç vaxt ayrılmasın. Şübhəsiz ki, bu yubileyin keçirilməsi indiki nəslin ... tariximizin nə qədər zəngin olduğunu və Azərbaycan xalqının dünya mədəniyyətinə necə töhfələr verdiyini dərk etməsinə şərait yaradacaq və hər bir azərbaycanlıda, ilk növbədə, gənc nəsildə milli iftixar, vətənpərvərlik hisslərini daha da yüksəldəcəkdir. Bunun özü müstəqil Azərbaycanda bizim üçün çox gərəkli bir amildir”.
Görkəmli Azərbaycan yazıçı və şairlərindən Rəsul Rza, Mirzə İbrahimov, Süleyman Rüstəm, Süleyman Rəhimov, böyük incəsənət xadimlərindən Qara Qarayev, Müslüm Maqomayev, Rəşid Behbudov, Fikrət Əmirov, Tahir Salahova Sovet İttifaqının ən ali mükafatı olan Sosialist Əməyi Qəhrəmanı fəxri adının verilməsi Azərbaycan tarixinin Heydər Əliyev epoxasının parlaq hadisəsidir.
Ulu öndər Heydər Əliyev Azərbaycan bədii mədəniyyətinin, ədəbiyyatının və incəsənətinin qüdrətli bilicisi və vurğunu idi.
O, ədəbiyyatı, təsviri sənəti, xalq yaradıcılığını çox sevirdi. Azərbaycanın tanınmış yazıçı və şairləri, rəssamları, heykəltəraşları, memarları, istedadlı xalça ustaları onun ən çox qiymətləndirdiyi sənətkarlar cərgəsində xüsusi yer tuturdu. Bu bağlılıq təsadüfi olmayıb, ulu öndərin böyük Vətən sevgisinin, azərbaycançı baxışlarının parlaq təzahürü idi. Ulu öndərin görkəmli Azərbaycan yazıçılarından Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk, Anar, Fikrət Qoca, Sabir Rüstəmxanlı və başqalarına göstərdiyi böyük diqqət və bir çox hallarda onları xüsusi çətinliklərdən xilas etməsi bu yaradıcı ziyalılara göstərilən ehtiramdan başqa, həm də ölkəmizdə milli şüurun, müstəqillik idealının formalaşdırılmasına, müdafiə olunmasına dəstəyin ifadəsi idi. Böyük dövlət xadiminin Azərbaycan rəssamlarından Tahir Salahov, Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Oqtay Sadıqzadə, heykəltəraşlardan Ömər Eldarov, Tokay Məmmədov, Mirəli Mirqasımov, xalçaçı sənətkarlardan Lətif Kərimov, Kamil Əliyev və başqalarının yaradıcılıq fəaliyyətinə bəslədiyi münasibət tarixi hadisələrə çevrilmişdir. Heydər Əliyevin təsviri sənət əsərləri haqqındakı dəqiq mülahizələri, elmi-nəzəri təhlilləri daim sənət adamlarını heyrətləndirmişdir. Ulu öndər milyonlarla insanın qəlbində yaşadığı kimi, rəssam və heykəltəraşlarımızın da yaddaşında unudulmaz işıqlı izlər qoymuşdur. Ona görə də sənətkarlarımız daim Heydər Əliyev mövzusuna müraciət edir, xüsusi bir sevgi ilə bu dahi insanın kamil obrazını yaradırlar. Azərbaycan incəsənətində Heydər Əliyevin obrazını yaradan sənətkarlardan Tahir Salahov, Ömər Eldarov, Oqtay Sadıqzadə, Kamil Əliyev, Eldar Mikayılzadə, Ülviyyə Həmzəyeva, Natiq Əliyev, Akif Əsgərov, İlham Mirzəyev, Həmzə Sadıqov, Eldar Zeynalov, Məmməd İbrahimov və bir çox başqalarının yaratdıqları möhtəşəm heykəllər və bənzərsiz rəsm əsərləri yaddaşlara yazılmışdır. Bu əsərlərdən hər biri ulu öndərin bədii obrazını yeni-yeni fərqli təcəssüm formalarında əks etdirir. Bu da çox əhəmiyyətlidir ki, bu gün Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrinin rəssamları və heykəltəraşları da azərbaycançılığın daim canlı, əbədi simvolu olan Heydər Əliyev mövzusuna müraciət edirlər. Hazırda dünyanın bir çox xarici ölkələrində Heydər Əliyevin adını daşıyan parkların, xiyabanların mövcud olduğunu görür, onun əzəmətli heykəlləri ilə qarşılaşırıq. Azərbaycanla yanaşı, qardaş Türkiyədə, eləcə də Rusiya, Ukrayna, Gürcüstan, Rumıniya və digər ölkələrdə böyük azərbaycanlı dövlət xadimi Heydər Əliyevin heykəllərinin ucaldılması xalqımızda milli qürur hissləri doğurur.
Azərbaycan musiqi sənətinin inkişafında da ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. O, Azərbaycan musiqi mədəniyyətinin böyük yaradıcıları olmuş dünya şöhrətli bəstəkarlar Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, məşhur müğənnilər Müslüm Maqomayev, Rəşid Behbudov, Lütfiyar İmanov, Şövkət Ələkbərova, Zeynəb Xanlarova və başqalarının sənətinə yüksək qiymət vermiş, onların əsərlərinin beynəlxalq aləmə çatdırılmasına geniş üfüqlər açmışdır.
Teatr və opera sənətinin yüksək inkişaf mərhələsinə çatdırılmasında da Heydər Əliyevin böyük xidmətləri tarixi hadisə səviyyəsində qiymətləndirilməyə layiqdir. Heydər Əliyev epoxası Azərbaycan incəsənətinin məşhur rejissorlarını və aktyorlarını meydana çıxarmışdır.
***
Azərbaycan elminin inkişaf etdirilməsində də ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri vardır. Görkəmli dövlət xadimi cəmiyyətin inkişafında elm faktoruna xüsusi əhəmiyyət verdiyi üçün ölkədə elmin inkişaf etdirilməsini həmişə diqqət mərkəzində saxlamışdır. Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dövründə Azərbaycanda Elmlər Akademiyasının fəaliyyəti genişləndirilmiş və ölkəmizin maraqlarına doğru istiqamətləndirilmişdir. Azərbaycan Elmlər Akademiyasında yaradılmış xüsusi konstruktor büroları ölkənin təbii resursları və elm adamlarının səmərələşdirici ideyaları əsasında istehsalat yönlü problemlərin həllinə geniş yol açmışdır. Bu, dövlət mülkiyyətinə və planlı təsərrüfata əsaslanan sosializm cəmiyyətində bazar iqtisadiyyatı əsasında elmi proseslərin formalaşdırılması demək idi. Həmin istiqamətdə həyata keçirilmiş elm-istehsalat prosesləri fundamental və tətbiqi elmin nailiyyətlərinin ölkənin inkişafında özünəməxsus yer tutmasını şərtləndirmişdir.
XX əsrin 70-80-ci illərində Azərbaycanda ən müxtəlif sahələr üzrə böyük elmi məktəblər yaranmışdır. Əvvəlcə ölkə miqyasında ön mövqeyə çəkilən elm xadimləri tədricən məqsədyönlü dövlət siyasəti nəticəsində keçmiş Sovetlər İttifaqı miqyasında qəbul olunan görkəmli alimlər kimi tanıdılmışdır. Onların adı və fəaliyyət dairəsi ilə bağlı olan elm sahələrinin inkişaf etdirilməsi üçün zəruri maddi-texniki baza yaradılmış, siyasi dəstək verilmişdir. Nəticədə, görkəmli elm xadimlərinin layiqli yetirmələri və davamçıları yetişmiş, yeni elmi nəsil formalaşdırılmışdır. Bu isə öz növbəsində müxtəlif istiqamətlər üzrə elmi məktəblərin yaranması ilə nəticələnmişdir. Qeyd edilən dövrdə Azərbaycanda yarımkeçiricilər fizikası - selen məktəbi, molekulyar biologiya - fotosintez məktəbi, geologiya - yer elmləri məktəbi, neft kimyası və aşqarlar kimyası, riyaziyyat, nəbatat, torpaqşünaslıq, kristalloqrafiya məktəbləri yaranıb inkişaf etmişdir. Azərbaycanda şərqşünaslıq, ədəbiyyatşünaslıq, dilçilik-dialektologiya, tarixçi-mətnşünaslıq məktəblərinin yaratdıqları çoxcildlik elmi nəşrlər, ölkə əhəmiyyətli ümummilli problemlərə həsr olunmuş monoqrafiyalar, aktual mövzularda keçirilmiş elmi konfranslar respublikadakı siyasi-ideoloji mühitin daha da qüvvətlənməsinə, milli şüurun dirçəldilməsinə xidmət etmişdir. Ulu öndər Heydər Əliyev görkəmli elm xadimləri Ziya Bünyadovun, Abbas Zamanovun həyatı ilə bağlı ciddi problemləri nəinki aradan qaldırmış, onların hərtərəfli fəaliyyətləri üçün geniş meydan yaratmışdır. Ölkə maraqlarına həsr edilmiş elmi əsərlərin respublika Dövlət mükafatına layiq görülməsi, ölkədə beynəlxalq simpoziumların təşkili də respublika miqyasında elmin inkişafına ciddi təkan vermişdir. Nəhayət, ölkə rəhbəri Heydər Əliyevin təqdimatı əsasında 1975-ci ildə Azərbaycan Elmlər Akademiyasının Sovetlər İttifaqının ən mühüm ordenlərindən olan “Xalqlar dostluğu” ordeni ilə təltif olunması aparılan məqsədyönlü dövlət siyasətinin mühüm yekunu idi.
Müstəqillik illərində də Azərbaycan elminin yenidən milli dövlətçilik maraqları əsasında inkişaf etdirilməsi ölkəyə ikinci dəfə rəhbərlik edən görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə üzvi surətdə bağlıdır.
Ulu öndərin 21 sentyabr 1993-cü ildə Azərbaycan Elmlər Akademiyasında respublika ziyalıları ilə görüşündəki tarixi nitqi geniş mənada elmin, ziyalılığın və akademik qurumların xilas edilməsi ilə əlaqədar səsləndirilmiş tarixi bəyanatdır: “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. ...Hansı iqtisadiyyat olursa-olsun, elm inkişaf etməlidir. Elmlər Akademiyası Azərbaycan xalqının tarixi nailiyyətidir. ...Akademiyanın fəaliyyətini tənqid də etmək olar. ...Ancaq ümumən götürdükdə şübhəsiz ki, elmin inkişaf yoluna yüksək qiymət verməli, onu əldə saxlamalı, yüksək qiymətləndirməliyik. Dağıtmaq asandır, qurmaq, yaratmaq çətindir. ...Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası da institutlar da fəaliyyət göstərəcəklər və biz buna imkan yaradacağıq. Azərbaycan elmi inkişaf etməlidir”.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 4 yanvar 2003-cü il tarixli sərəncamı ilə ölkənin baş elmi mərkəzinə - Milli Elmlər Akademiyası statusu verilmiş, həmin yolla bu akademik qurumun fəaliyyətində ölkə və dövlət maraqları üstündə köklənmiş yeni epoxa başlanmışdır.
Müstəqillik illərində, xüsusən 2013-cü ildən akademik Akif Əlizadənin Milli Elmlər Akademiyasının prezidenti seçilməsindən sonra akademiyada genişmiqyaslı islahatlara start verilmişdir.
***
Hazırda Azərbaycan Respublikasında Heydər Əliyevin müstəqil dövlətçilik təlimi, azərbaycançılıq ideologiyası dünyada dəyişən və inkişaf edən reallıqlarla, zənginləşən yeni proseslərlə birlikdə ölkəmizdə yaradıcı şəkildə ardıcıl olaraq həyata keçirilir. Beləliklə, möhkəm bünövrələr, böyük sütunlar üzərində yeni və möhtəşəm Azərbaycan qurulur.
Prezident İlham Əliyevin çoxcəhətli, məqsədyönlü və yorulmaz fəaliyyəti, dövlətçilik işinə çoxaspektli düşünülmüş yanaşmaları, analitik təfəkkürü, müdrik siyasəti, dərin düşüncəsi ilə müstəqil Azərbaycan dövlətçiliyinin yeni epoxası formalaşır.
Artıq hər kəsə yaxşı məlumdur ki, milli mənafenin, dövlətçilik maraqlarının daim üstün tutulması Prezident İlham Əliyev siyasətinin təməl prinsipidir. Dövlət başçısı İlham Əliyevin siyasətində ən müxtəlif mövqelərdən, fərqli bucaqlardan ifadə olunan siyasi yanaşmaların hamısı azərbaycançılıq fəlsəfəsində, Azərbaycanın hərtərəfli inkişafına aparılan qlobal işlərdə tamamlanır. Yeni tarixi mərhələdə də azərbaycançılıq bu böyük və müdrik siyasətin nüvəsini təşkil edir.
İlham Əliyev XXI əsrdə müstəqil Azərbaycanın yeni siyasətini müəyyən edən, təzə istiqamətlər açan, yol göstərən, bələdçilik funksiyasını həyata keçirən görkəmli dövlət xadimidir.
Bacarıqlı dövlət başçısında bu tip yüksək siyasətçi məharətinin, qəti və aydın mövqeyinin olması müstəqil dövlətin inkişafının və xalqın xoşbəxt həyatının böyük təminatıdır.
Bu mənada, yeni tarixi epoxa da məhz İlham Əliyev kimi böyük siyasətlə yüksək idarəçiliyi, qətiyyət və geniş elmi dünyagörüşünü özündə cəmləşdirən görkəmli bir dövlət xadiminin Azərbaycana rəhbərlik etməsi ölkənin və xalqın tarixi şansıdır.
Böyük sürətlə yeniləşən Bakı şəhəri, xüsusi templə inkişaf edən Azərbaycan iqtisadiyyatı, həyata keçirilən möhtəşəm layihələr - Bakı-Tbilisi-Ceyhan neft boru xətti, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir İpək yolu, hər gün müasirləşən Azərbaycan cəmiyyəti məhz Heydər Əliyev siyasi kursunun yaradıcı şəkildə, ardıcıllıqla davam etdirilməsinin real bəhrələri, sanballı töhfələridir.
Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi təlimini yeni tarixi epoxanın və müasir Azərbaycanın reallıqları ilə daha da zənginləşdirən görkəmli dövlət xadimidir.
İlham Əliyev daim inkişafda olan, yeniləşən, zənginləşən Heydər Əliyevçi siyasi təlimin, yeni dövlətçilik nəzəriyyəsinin yaradıcısıdır.
İlham Əliyev - mövcud dövlətçilik təliminin inkişaf edən yeni epoxa ilə şərtlənən yeni dövrünün lideri səviyyəsində görkəmli təmsilçisidir.
İlham Əliyev - Azərbaycanın sınanılmış yolu olan Heydər Əliyev yolunun böyük magistrallardakı qüdrətli sükançısıdır.
Məhz İlham Əliyev yeni dünya düzənində Azərbaycana başucalığı gətirən, ölkəmizin nüfuzunu artıran böyük siyasətçidir. Azərbaycanın yeni tarixi epoxadakı inkişaf etməkdə davam edən müasir həyatı Prezident İlham Əliyevin yorulmaz fəaliyyətinin konkret əməli nəticəsidir. Bakının az qala, hər gün, hər həftə keçirilən genişmiqyaslı böyük və əhəmiyyətli tədbirlərə layiqincə evsahibliyi etməsi də Azərbaycanın dünyada söz sahibinə çevrilməsinin real göstəricilərindəndir. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü statusunda fəaliyyət göstərməsi, beynəlxalq miqyaslı qərarlara imza atmaq, dünyaya müraciətlə bəyanatlar səsləndirmək haqqı qazanması Prezident İlham Əliyev müdrik Siyasətinin təntənəsidir. Böyük uğurla Avropa Oyunları keçirmiş müstəqil Azərbaycan dövlətinin İslam oyunlarına da bacarıqla evsahibliyi etməsi Prezidentinin qlobal siyasi baxışlarının əhəmiyyətli göstəricisidir. Multikulturalizm ilini dünyaya əks-səda salan mühüm tədbirlərlə və real nəticələrlə başa vuran Azərbaycan Respublikasının 2017-ci ildə bəyan edilmiş “İslam həmrəyliyi ili”nin düşünülmüş addımlarını atması dövlətimizin uzaqgörən siyasətinin reallıqlarının parlaq ifadəsidir. Bütün bunlar Prezident İlham Əliyevin müasir dövrün görkəmli liderlərindən biri olduğunu əyani şəkildə təsdiq edir və azərbaycançılıq ideallarının sabahına daha inamla baxmağa tam əsas verir.
Hazırda ölkəmizdə cəmiyyət həyatının bütün sahələri kimi, ədəbiyyat və incəsənət işi də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə inkişaf etdirilir. Azərbaycan elmi, ədəbiyyatı və incəsənəti böyük dövlət qayğısı ilə əhatə olunmuşdur. Ədəbiyyatda, incəsənətdə və elmi istiqamətdə azərbaycançılıq idealının daha da dərinləşdirilməsi, milli-mənəvi dəyərlərin aparıcı mövqe qazanması və bəşəri ideyalar mövqeyindən işıqlandırılması yeni dövrdəki inkişafın xarakterini müəyyən edir.
Milli Elmlər Akademiyasında beynəlxalq əlaqələrin genişlənməsi, Yüksək Texnologiyalar Parkının yaradılıb inkişaf etdirilməsi, elmdə innovasiya və sahibkarlığın özünəməxsus yer tutması, yeni elmi-tədqiqat institutlarının fəaliyyətə başlaması, gəncliyə elmdə açılmış geniş meydan Azərbaycan elminin İlham Əliyev dövrünün mühüm reallıqlarıdır. Eyni zamanda, Azərbaycan incəsənətinin dünya miqyasına çıxarılması və milli sənətin inkişafına xüsusi diqqət yetirilməsi sənətin ayrı-ayrı sahələri üzrə keçirilən müsabiqələrdə gənc istedadların üzə çıxarılması, yazıçıların əsərlərinin dünya dillərinə tərcümə edilərək xarici ölkələrdə çap edilməsi və Azərbaycan mövzusunun xüsusi önəm daşıması müstəqillik dövrünün yeni epoxasının konkret bəhrələridir.
Azərbaycançılıq ideyaları müstəqil Azərbaycan dövlətinin siyasi-ideoloji istiqamətinin ana xətti, elm, ədəbiyyat və incəsənət isə bu idealların əsas hərəkətverici qüvvəsidir.
Prezident İlham Əliyev Azərbaycan Respublikasını qətiyyətlə və yaradıcılıqla irəli aparan qüdrətli dövlət xadimi kimi çoxcəhətli yorulmaz fəaliyyəti ilə ölkəmizin sabahına gur işıq salır.
Müstəqil Azərbaycan dövləti milli-mənəvi dəyərlərlə bəşəri idealların vəhdəti işığında daha böyük gələcəyə doğru inamla yol gedir.
İsa HƏBİBBƏYLİ,
AMEA-nın vitse-prezidenti,
Milli Məclisin Elm və təhsil komitəsinin sədri,
akademik
"Azərbaycan" qəzeti, 12 dekabr 2017-ci il
turan.info.az
.