Əvvəlcə mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin AzTU-nun foyesindəki büstü önünə tər çiçək dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər. Sonra universitetin binası qarşısında bu əlamətdar hadisəyə həsr edilmiş mitinq keçirilib.
AzTU-nun rektoru, professor Havar Məmmədov tələbələri, professor-müəllim heyətini və qonaqları Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə təbrik edib.
Rektor çıxışında bu il Azərbaycan Texniki Universitetinə 1941 tələbənin qəbul olduğunu bildirib və universitetdə təhsilin təşkilinin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, ölkəmizdə ali təhsil sisteminin inkişaf etdirilməsinə göstərilən dövlət qayğısından ətraflı söz açıb. Rektor bildirib ki, ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi yüksək bilik və bacarığa malik, intellektual səviyyəli gənc mühəndis kadrlardan çox asılıdır.
Mərasimdə qeyd edilib ki, hazırki mərhələdə Azərbaycan Respublikasının iqtisadiyyatı sürətlə inkişaf etməkdədir. Elm və istehsalatın yeni-yeni sahələri yaradılır. Həmin sahələrə yüksək intellektual səviyyəli, bilikli, bacarıqlı, təşkilatçılıq qabiliyyəti olan mühəndis kadrlar tələb olunur. Belə kadrlar məhz Azərbaycan Texniki Universitetində və respublikanın digər ali məktəblərində hazırlanır. Ölkə rəhbərliyi AzTU-nun yeni tədris binalarının inşa edilməsinə və təmir olunmasına qayğı göstərir.
Tədbirdə Milli Məclisin deputatı, AzTU-nun laboratoriya müdiri Elton Məmmədov, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov, Azərbaycan Dəmir Yolları QSC sədrinin müavini Qurban Nəzirov, Almaniyanın "Rostok" Texniki Universitetinin professoru Eqon Hassel çıxış edərək bu il ali məktəbə daxil olmuş gənclərə təhsildə və həyatda uğurlar arzulayıblar.
Valideynlər adından “İdrak” liseyinin müəllimi Mətanət Hüseynova ölkəmizdə gənc nəslin təhsil, təlim və tərbiyəsinə görə göstərilən qayğıdan danışıb.
Bu il qəbul imtahanlarında 600-dən çox bal toplayan Nuru Daşdəmirli daxil olduğu ali məktəbdə biliklərin əsaslarına yiyələnmək, yüksəkixtisaslı mütəxəssis kimi gələcəkdə ölkəmizin iqtisadiyyatına töhfə vermək imkanı əldə etdiyinə görə məmnun olduğunu söyləyib.
Tədbir qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrinə xatirə hədiyyələri və tələbə biletlərinin təqdim edilməsi ilə başa çatıb.