BOLUS (BOLNİSİ) RAYONU - 02

BOLUS (BOLNİSİ) RAYONU  - 02 BOLUS (BOLNİSİ) RAYONU  - 02

(ƏVVƏLİ BURADA -
BU SƏTRİNİN ÜSTÜNƏ VURUN,
KEÇİD EDƏRƏK HƏMİN SƏHİFƏNİ OXUYUN)



İNCƏOĞLU - Qədim Borçalının Bağ bölgəsinin güney tə­rəfin­də meşəli dağların qoynunda Bolulus (indiki Bolnisi) rayonunda kənd adıdır. Xalq arasında isə, «İn­cioğlu» kimi də tələffüz olunur. Azər­bay­ca­nın Göy­çay və Şəki rayonlarında da İncə adlı kəndlər, Qazax rayo­nunda isə İncə dərəsi adlı hid­ronim və oronim vardır. Bu toponim, ehtimal ki, Oğuz-Səl­cuq-Türkman soylu İn­cə­oğlu tayfasının və ya Qıpçaqların Əncə tayfasının adı ilə bağ­lı olaraq yaran­mışdır.
Bolnisçayın sol sahilində, rayon mər­kəzindən 12 km cə­nub-şərqdə, dəniz səviyyəsindən 615 m yüksəklikdə yerləşən bu kəndin əhalisi 620 nəfərdir. Kənddə Azər­baycan məktəbi 1927-ci ildən fəaliyyət göstərir. Professor Tengizxan Musa­yev, İlham Musayev, ictimaiyyətçi Cəlal Yaqubov və b. bu kəndin yetirmələridir.

KAZRET - Qədim Borçalının Bağ bölgəsinin güney tə­rə­fin­­də meşəli dağların qoynunda Bolulus (indiki Bolnisi) ra­yo­nunda, Maşaver çayının vadisində, rayon mərkəzindən 18 km günbatarda, dəniz səviyyəsindən 680 m yüksəklikdə salınmış qə­səbənin adıdır. Əhalisi əsasən gürcü, azər­bay­canlı, rus, yu­nan və s. ibarətdir. Bu oykonim qədim türkköklü «Xə­zər» - «kas» etnomini əsasında yaranıb. Deməli, bu kəndin (son­­ra­lar qəsəbənin) ilk sakinləri soydaş­larımız olub, hətta, bu kən­din ya­xınlığında «Xəzərli dərə» deyilən dərə və yer adı var­dır.
XX əsrin sonunda Z.Qamsaxurdiya hakimiyyətinin «şo­vi­nist» ictimai ab-havası Kazret qəsəbəsindən yan keç­mə­miş­dir.
Bu qəsəbədə 1000 nəfərdən çox soydaşlarımız yaşa­yır­dı. Onların təxminən 85%-i çıxarıldı. Hal-hazırda bu qəsə­bədə 200 nəfərə yaxın soydaşımız yaşayır. Qəsəbədə gürcü, rus mək­­təbləri ilə yanaşa, həm də Azərbaycan orta mək­­­təbi fəa­liyyət göstərir. 1990-cı ildə bağlanmış Azərbaycan məktəbi­nin yenidən bərpasında özünü «Əyalət şairi» adlandıran İbra­him­xəlilin böyük əmə­yi olmuşdur.

KƏPƏNƏKÇİ - Qədim Borçalının Bağ bölgəsinin ən böyük uluslarından biri də hələ erkən orta əsrlərdən (VI əsr­dən) tarixi sənəd­lərdə qeydə alı­nan Kəpənəkçi (Bolulus Kə­pənəkçi - indiki Bol­­­nis-Kəpəkçi) kən­didir.
Bolnisçayın sa­hi­lin­də, rayon mərkəzindən 6 km güneydə, dəniz səviy­yəsin­dən 600 m yüksəklikdə yerləşən həmin kənd indi gürcü di­lində Kve­­mo-Bolnisi (Aşağı-Bolnisi) adlanır.
Əhalisi 8 min nə­­­­fərə yaxındır.
Kənddə Azərbaycan məktəbi 1919-cu ildən fəa­liyyət göstərir.
1912-ci ildə Tiflisdə çapdan çıxmış «Bəs­di, oyan!» kitabının müəllifi, 1915-ci ildə Tulada çapdan çıx­mış sənədli memuar-povestin qəhrəmanı, 1918-ci ildə Qars İslam Şurasının sədri olmuş Emin ağa Hacallı, el şair­ləri Al­xas ağa Hacallı, Rəşid Hacallı, el ağsaqqaları Allahverdi Gö­yüş­oğlu, İsa Mahmudov, Məhəmmd Bayramov, alimlər Lətif Güləhmədov, Arif və Vidadi Acalovlar, Azər­baycan Milli Məc­­lisinin üzvü olmuş Xalq şairi, Azər­baycan Aşıqlar Birli­yi­nin sədri Zəlimxan Yaqub, Azərbaycan Milli Məclisinin üz­vü olmuş «İctimai» Televiziya və Radio Ya­yımları Şirkə­tinin Baş direktoru İsmayıl Ömərov, Gür­cüs­tan Parlamentinin üzvü olmuş Ramiz Bəkirov, Min­gəçevir Şə­hər İcra Haki­miy­yətinin başçısı və Bakı şəhəri Baş Təhsil İda­rəsinin müdiri ol­muş Məhəbbət Qarabağlı, Azərbaycan Mü­da­fiə Na­zirinin müa­vini olmuş polkovnik Ziyadxan Bəkirov, Azər­bay­can Döv­­lət Mu­siqili Komediya Teatrının direktoru olmuş El­xan Ocaqov, ve­teran müəllimlər Rəşid Yaqubov, Hidayət Gö­yü­şov, həkim Ziya Bayramov və b. bu kəndin yetir­mələ­ri­dir.
Tarixi Borçalının mər­­­kəzində - indiki Mar­neuli rayo­nun­da Kürüstü Kəpənəkçi, Qar­dabani (Qara­yazı) ra­yo­nunda və Azərbaycanın Zaqatala rayonunda da Kəpə­nəkçi adlı kəndlər vardır. XVI əsrin sonunda Gən­cənin Yev­lax nahiyəsində ya­şa­yan Otuz­ikilər tayfasından biri də Kəpə­nəkçi camaatı ad­la­nırdı. XIX əsrin əvvəllərindən Kaxetiyada Telavi şəhə­rinin ya­xınlı­ğında da Kəpənəkçi adlı kənd ol­muş­dur. Keçmiş İrə­van quber­ni­yasının ərazisində də Böyük Kə­pənəkçi, Kiçik Kə­pənəkçi ad­­lı kəndlər olmuş, sonradan isə onların adı də­yiş­diril­­mişdir.
Gürcüstan alimləri Bolnisinin tarixi ilə maraqlanmış və onu şərh etmişlər. L.Musxelaşvili yazır: «...bu şəhərin (Bol­ni­­si­nin. - M.Ç.) əsas çayı VI əsrin ortalarından ədəbiy­yatda «Bol­­­nis - Kəpənəkçi» adı ilə məşhurdur». «Bolnis-Kə­pə­nək­­çi» ifadəsindən ay­dın olur ki, Bolnisinin əsas çayı vaxtı ilə Kəpənəkçi tayfa­sının adı­nı daşımışdır (həmin çayı xalq - türklər-azərbay­canlılar in­di də Kəpə­nəkçi çayı adlandırırlar). Bu, o demək­dir ki, hə­min ərazidə Kəpənəkçi tayfası məskən saldıqdan sonra çayı da öz tayfasının adı ilə adlandırmışdır. Bu da təbiidir. Görün­düyü kimi, Kəpənəkçi qədim oğuz ulus­­­­­larından biri olub. Təx­mi­nən «Kitabi-Dədə Qorqud» das­­tanla­rın­da­kı ha­disə­lərin cərəyan etdiyi dövrdə tayfa kimi formalaş­mışdır.
Bəs, Kəpənəkçi etnooykonimi necə yaranmışdır? Bu tay­fa və onun sakin olduğu kənd öz adını tayfanın ümumi pe­şəsi, məşğuliyyəti və sənəti ilə yaxından bağlı olan kəpənək sözündən almışdır. Qədim türk yazılı abidələrində, «Kitabi-Dədə Qorqud», «Koroğlu» dastanlarında, klassik şair­lərimizin irsində «kəpənək» sözünün «yapıncı» mənasında işləndiyi məlumdur. «Kitabi-Dədə Qorqud»da oxuyuruq: «Çaxmaq ça­xıb, od yaxdı, kəpənəyindən qurumsu edib yara­sına basdı» (səh.31), «Oğluna qara kəpənək geydir­miş­lər­dir, qapı eşiyi üzərində ərquru buraxmışlardı» (səh.78), «Qıl kəpənək bo­yuncuğun sürər, degil!» (səh.79). «Çoban kəpə­nəyini üzər­lə­rinə atdı, pəri qızının birini tutdu» (səh.113).
«Korğolu»da deyilir: «Yaxınlaşanda Koroğlu baxdı ki, bu, çiynində kəpənəyi, əlində dəyənəyi olan cavan bir oğ­landır» və s. XIV əsrin klassik şairi İmadəddin Nəsiminin əsər­­­lərində də o söz həmin mənada işlənmişdir. (Lakin dili­mizin sonrakı inkişaf dövrlərində «kəpənək» sözündə tədri­cən semantik daralma baş vermiş və o, hazırda «böcək» qav­ramını ifadə edir).
Yuxarıdakı nümunələrdə işlənmiş «kəpənək» sözü ilə pe­şə və məşğuliyyət bildirən «-çi» şəkilçisinin birləşmə­sin­dən də Kəpənəkçi sözü yaranmışdır. Onun ümumi mənası yapıncı salma peşəsi ilə məşğul olan tayfa deməkdir. Belə­lik­lə də, həmin söz əsasında Kəpənəkçi etnooykonimi yaranır.
Bolulus-Kəpənəkçi tayfası haqqında ətraflı məlumata 1721-ci ildə tərtib olunmuş «Dəstürül-əməl»də və 1728-ci il­də tərtib olunmuş «Dəftəri-müfəssəli-əyaləti-Tiflis»də rast gəl­­mək olur. Hətta, «Dəstürül-əməl»də Kəpənəkçilərin Hacı Al­mas (I tabun 14 ev), Hacı Məmməd (I tabun 18 ev), Hacı Şəfi (I tabun 45 ev), Tatar (I tabun 68 ev), Patar-Zərgərli (I tabun 8 ev) və I Cəfərli (I tabun 44 ev) tabunlarından (tay­fa­la­rından) ibarət olduğu da göstərilir.
«Dəftər»də qeyd olunduğu kimi, Temuçuhəsənli - Də­mir­çi­ Həsənli nahiyəsinin ən böyük uluslarından biri Kəpə­nək­çi ulusudur. Kəpənəkçi ulusunda bir çox tayfa, qışlaq və kənd birləşmişdir. O cümlədən, Kəpənəkçi tayfasının Əhməd qış­lağı (36), İsaqlı qışlağı (13), İlxıçı Yusif qışlağı (15), Kat­xudalı qışlağı (11), Cəfər qışlağı (17), Əhməd məhəlləsi (17), Əbülqasım qışlağı (7), Xaric məhəlləsi (7), Çatal Vəli qışlağı (8), Sarılı qışlağında Vəli məhəlləsi (4), Tağı mə­həlləsi (6), Hacı oğlu qışlağı (35), Deviroğlu (Dibir oğlu. - M.Ç.) qışlağı, Rza məhəlləsində (14), Muğliyan adlanan yer­də Qaraöküz qışlağı (35), Əyyub ağa məhəlləsi (45), Şah­gəldi məhəlləsi (14), Bərəli qışlağı (20) və s. Bu qəbilə və tayfa­ların əksəriyyəti, o cümlədən İshaqlı nəsli, Dəmiröyü (Devir oğlundandır), Eyüböyü (nəsil), Göymətilər (bəlkə, Göy Oğuzla Metenin əqrəbalığından yaranıb), Qazax­qızı, Uzun gəlin (Boyu uzun Burla Xatın yada düşür), Ocax­lılar, Qara­bağlılar, Qarapapaqlılar, Qaracaoğlu (Qaraca çoban yada dü­şür) və s. indi də öz tarixi varlığını və adlarını saxla­maq­dadır.

KİPİRCİK - Bax: Sarıməmmədli.

KOLAGİR (KOLAYIR) - Qədim Borçalının Bağ bölgə­sində - Bolulusda (indiki Bol­nisidə), öz mənbəyini Dağ Bor­ça­lısının Şənbiyən (Sam­düyə) və Sə­nə­g­uçan dağlarından alıb, sıldı­rım­lı qayalıqlar arasından çağlaya-çağlaya qərbdən şərqə tə­rəf axan Ehram (Xram) çayının Borçalı düzənliyinə çatdığı yerdə, çayın sol tərəfində, rayon mərkəzindən 17 km gün­doğar səmtdə, Marneuli-Bolnisi avtomobil yolunun 7 ki­lo­­metr­liyində, dəniz səviyyəsindən 470 m yüksəklikdə yerlə­şən böyük bir kəndin adıdır. Bu oyko­nim türkköklü «kol» və «gir» (-mək) felinin birləşmə­sindən yaranıbdir.
Tarixçi Ş.Həmido­vanın yazdığına gö­rə, Kolagir kəndi Ta­lıb xanın və oğlu Ağası bəyin başçılığı ilə Gəncə bölgə­sin­dən köçmüş əha­li tə­rəfindən salınmışdır. Əslən Ko­la­gir kən­dindən olan ta­nınmış Borçalışünas alim, filologiya elm­ləri dok­toru, pro­fessor Şurəddin Məmmədli ilk dəfə 1696-cı ilin fərman­la­rın­da adına rast gəlinən Kolagir to­po­ni­mi­nin Kola etnoni­mi­nin, yaxud da qıpçaq-qarapapaqlarla bağ­lı Kula (mən­­bədə Kulobiç - Kul oba içi) tayfasının adı ilə türk dil­lərindəki «gi­rən» - «min alaçıqdan ibarət düşərgə» sö­zünün birləşməsi əsa­sında düzəldiyini yazır və qeyd edir ki, orta əsr­lərdə Ana­dolu ya­rım­adasında yaşamış Türkmən tay­­fasının bir qolu Ko­lagir-Ko­lagirən adlanıb və bu qolun da Xocalı, Abdallı, Əyub­lu, Darğalı, Dur Həsənli tirələri də olub. Kənd­­dəki Kolagir qalası indi də qorunub saxlanılır. Tarixi mə­­xəzlərə görə, əv­vəlcə burada Ağqala olub, XVIII əsrin axırlarında gür­cü va­li­si II İraklinin xanımı Darəcan (Dariya) onun ye­rində indiki qa­­­lanı inşa etdirib. El arasında daha çox Kolayır de­yirlər. Son illər­də kəndin adı dəyiş­dirilib və gürcü dilin­də «Sur­tavi» ad­lan­dı­rılıb. Əhalisi 2400 nəfərdən çox­­dur. Kənd­dəki Azər­baycan məktəbi 1921-ci ildən fəaliyyət gös­tərir. Tanın­mış Bor­­çalışünas alim, professor Şurəddin Məm­­mədli, alim Qə­zən­fər Əlləzov, el şairləri Məhəmməd Rza­za­də Mü­həq­­qər, Əmiraslan Əliyev, Havaxanım, Müslüm Hü­seynov, Hü­se­ynəli Məmmədov, Yadigar Əliyev, din xa­dimi Ağ Mol­la, ağ­saq­qal­lar Əli Rzazadə, Abbasəli Məm­mə­dov, İslam İsa­yev, hüquq-mühafizə işçiləri İsa Hüseynov, Yasin Məm­mə­dov, veteran müəllimlər Rəfi İsayev, Halay Əli­yev, Ma­moy Məm­mə­dov, Mayor Əmrahov, Əsgər Əsgə­rov, Qara­xan Əllə­zov, Adil Bayramov, Avtandil Məmmədov, xeyriy­yə­çi Şahin Məm­­­mədov, ictimaiyyətçilər Teymur Məm­mə­dov, Muxrəd­din Əl­lə­zov, Muxrəddin Bay­ramov, Mühəq­qər Əliyev, Firi­dun Əli­yev, Çoban Əlləzov, jurnalist Əli Sər­xan­oğlu və b. bu kən­din yetirmələridir.

QARADAŞ - Qədim Borçalının Bolulus rayonunda, ra­yon mərkəzindən 15 km gündoğar səmtdə, dəniz sə­viy­yə­sindən 750 m hündürlükdə yerləşən kəndin adıdır. «Qara» və «Daş» sözlərinin birləşməsindən yaranıb. El ara­sın­da Qara­çöp deyirlər. Əhalisi 260 nəfərdir. Kənd­dəki Azərbaycan mək­­təbi 1932-ci ildən fəaliyyət gös­tərir.

QARATİKAN - Tiflis əyalətinin Dəmirçi Həsənli nahi­yəsində və qədim Borçalının Bağ bölgəsinin Bolulus (indiki Bolnisi rayonu) nahiyəsində kənd adlarıdır. Bu oy­konim türk köklü «qara» və qıp­çaq tayfalarının bir qolu olan «Tikan» tay­fa adı­nın birləş­məsindən yaranıb. Onu da qeyd etmək ye­rinə dü­şər ki, «Qara­tikan» kəndinin adı Dünya mədə­niy­yə­ti­nin möhtə­şəm incisi sayılan «Kitabi-Dədə Qor­qud» das­tan­la­­rın­dakı Qaratikan adı ilə çox səsləşir. Bolnisinin rayon mər­­­kə­zindən 10 km günbatarda, dəniz səviyyəsindən 560 m hün­dürlükdə, Maşaver çayının sahilində yerləşən Qaratikan kən­­dində ha­zırda 300 nəfərə yaxın soydaşımız yaşayır. El ağ­­saqqalı Rüs­təm Kərimoğlu, Aşıq İslam və b. bu kəndin yetirmə­ləridir.

QOÇULU - Qədim Bağ Borçalısının mərkəzi hissəsin­də, Bol­ulus rayon mər­kəzindən 11 km gündoğarda, dəniz səviy­yə­sindən 480 m hün­dürlükdə, Maşaver çayının sağ sahilində yerləşən yerləşən kəndin adıdır. Bu oykonim ono­mastik - et­no­ni­mik ba­xım­dan qəbilə-tayfa adı kimi keçir. Deməli, «Qo­çulu» kən­di­nin adı «qoçulu» tayfa adı əsasında təşəkkül ta­pıb­dır. Qoçulunun başı üstündə Qoçulu qalası ucalır, çay üs­tündə orta əsrlərə aid Əyri körpü durur. Bu qalaya el ara­sın­da Qız qalası, Koroğlu qalası, Cavalaşam qa­lası, çaya isə Ca­vala çay da deyirlər. Qalada X-XI əsrlərə aid edilən ha­mam­ları, saxsı qabları, bəzək əşyalarını, xüsusən də ərəb əlif­ba­sıy­la Quran ayəsi yazılmış gil qabları gürcü mütə­xəs­sisləri islam nümunələri hesab edirlər. Bütün bunlara bax­ma­ya­raq XX əsrin sonlarında Z.Qamsaxurdiyanın haki­miy­yəti za­manı Qoçulu kəndinin qədim adı gürcü dilində «müasir­ləş­miş» və «Çapalo» ad­landırılmışdır. Əhalisi 1556 nəfərdir. Əmək Qəh­­rəmanı Zəhra Çıraqova, professorlar Məmməd Çı­ra­qov, Vəli İsmayılov, Famil Çıraqov, Cəlal Novruzov, Əmək­­dar me­mar Ömər Qoçulu, şairlər Əməkdar jurnalist Dün­­yamalı Kərəm, Qəhrəman Süleymanov, Ələddin Qoçulu, Xoca Mə­həmməd, ağsaqqallar Ömər kişi, Mahmud Ömər­oğ­lu, Kə­sə­mənli Dünyamalı, Nüseynqulu Şirətoğlu, Hüseyn Çı­raq­oğlu, Namaz Namazov, Qəhrəman Süleymanov, veteran müəl­limlər Yolçu Hüseynov, Məhəmməd Ömərov, Cahangir Qəh­rə­manov, Loğman Çıraqov və b. bu kəndin yetirmə­lə­ri­dir.

QOÇULU QALASI - Qədim tarixə malik olan Borçalı­ türklərinin - qarapapaxların qədim dövrlərdən «Qafqazın qoy­­­­nunda dürr» hesab olunan Borçalının qədim tarixə malik ol­masını, onun açıq səma altındakı etnoqrafik muzeyləri (kur­qanlar, qəbiristanlıqlar), xalqımızın tarixi möhürü sayılan to­po­nimlər və qədim tarixə malik olan Borçalı folkloru (şifahi xalq ədəbiyyatı, xalq musiqisi, xalq rəqsləri) da təsdiq edir. Qədim Borçalılar «Öldü var, döndü yox» devizi ilə yaşayıb. Və­tənin qorunması uğrunda «and içən balalar bir göz qırpı­mında silaha sarılıb, el qeyrətini, torpaq təəssübünü qorumaq üçün dağlara çəkilib, dərə qaşında, qaya zirvəsində keçilməz qa­lalar, alınmaz bürclər yapmışlar. Beləcə ötürülüb el, torpaq mə­həbbəti nəsillərdən-nəsillərə… O vaxt­la­rın yadıgarı, alın­maz­­­lıq, əyilməzlik timsalları olan hgmin qalalar bu gün də əziz, müqəddəs miras kimi qalmaqdadır. Quşçu qalası, Arıx­lı qa­la­sı, Göyəc qalası, Su qalası (Su qədim türk dilində ordu de­mək­dir. Yəni, Ordu qalası)… Borçalı qalalarının ən qə­dimi, ən möhtəşəmi isə Qoçulu qalasıdır… Qalanın başın­dan ba­xan­­­­­da bütün Borçalı - başı Başkeçid, ayağı Sınıq kör­pü (Qır­mı­zı körpü. M.Ç.) - ovuc içi kimi görsənir… Bu qala­la­rın ha­­mısının tarixi təsdiq olunub: XII-XIV əsrlər» (Ömər Qoçu­lu).

QOŞA İSƏ (QOŞA-KİLSƏ) - Qədim Bağ Borçalısının gün­doğan səmitində Bolulus böl­gəsində (indiki Bolnisi rayo­nun­da) kənd adı olub. İndi həmin böl­gədə Ehram-Xram ça­yının va­disində, rayon mərkəzindən 23 km cənub-şərqdə, də­niz sə­viy­yəsindən 400 m hündürlükdə «Aşağı Qoşaisə (Qo­şa­kil­sə)» (Əhalisi 582 nəfər) və «Yuxarı Qoşaisə (Qoşa­kil­sə)» (Əhalisi 1016 nəfər) adlı iki kənd vardır. Qoşakilsə də de­yirlər. Bu oykonim türkköklü «qoşa» və «isə» («kilsə») söz­lərinin birləşməsindən yaranıb. «Tiflis-əyalətinin müfəs­səl-dəftəri»ndə Şahsuvar-Kolagir və Aşağı Kovxa qışlaq­la­rı­na malik kənd olaraq anılır. Kənddəki Azərbaycan məktəbi 1924-cü ildən fəaliyyət göstərir. Əmək Qəhrəmanları Möv­lud Bəxtiyarov, Yaqub Şirinov, Məsim Əliyev, Ruqiyə Məm­mə­dova, Asya İsmayılova, professorlar Loğman Nəsibli, Veys Mehdili, Bayram Əfəndiyev, Dursun Aşirov, Şəmistan Nə­sibli, Azərbaycanın İranİslam Respublikasında səfiri olmuş professor Nəsib Nəsibli, mə­dəniyyət xadimi Həsən Səbri, veteran müəl­limlər Aydın, Əhməd, Məhəmməd və Cahangir Məmmə­dovlar, Ömər və Qur­ban Əliyevlər, Şahmurad Çıra­qov, Əşrəf Mehdiyev, Va­leh Orucov, din xadimi Hacı Mah­mud və b. bu kəndin yetir­mə­ləridir.

MIĞIRLI - Qədim Bağ Borçalısının Bolulus (indiki Bol­nisi ra­yonunda) kənd adıdır. Bu oy­konim «mığırlı» tayfa-nəsl adı əsasında təşək­kül tapıb. Bolulus rayon mər­kəzindən 6 km gü­neydə, dəniz səviy­yəsindən 510 m hün­dürlükdə, Bol­nisçay vadisində yerləşən bu kəndin əhalisi 560 nəfərdir. Kənddəki Azərbaycan məktəbi 1932-ci ildən fəaliyyət göstə­rir.

MOLLA ƏHMƏDLİ - Qədim Borçalının Bağ bölgə­sin­­də - Bol­ulus (indi Bolnisi) rayonunda kənd adıdır. Bu oy­konim «Mol­la Əhmədli» nəslinin adı əsasında təşəkkül ta­pıb. Maşa­ver və Xram çaylarının qovuşuğunda, rayon mərkə­zin­dən 28 km gün­doğar səmtdə, dəniz səviyyəsindən 400 m hün­­dür­lük­də yerləşən bu kəndin əhalisi 148 nəfərdir. Kənd­dəki Azərbaycan məktəbi 1932-ci ildən fəaliyyət göstə­rir. Pro­­­fessorlar Əflatun Orucov, Telman Quluyev və b. bu kən­din yetirmələridir.
Tiflis əyalətinin Bay­­dar nahiyəində də eyniadlı kənd olub.

MUĞANLI - Qədim Bor­çalının Bağ bölgəsinin mər­kə­zi hissə­sində Bol­ulus - indiki Bolnisi rayonunda Muğanlı (Bala Mu­­ğanlı - indi kənd gürcü dilində «Veneti» adlanır, əhalisi 1300 nəfər­dən çoxdur; Bax: Bala Muğanlı), Marneuli rayo­nunda Böyük Mu­­ğanlı, Qaş Mu­ğanlı, Kirəc Muğanlı, Baş­eçid rayonunda Muğanlı (Dağ Muğanlı - 1990-cı ildə türklər-azər­baycanlılar buradan qo­vul­­muş və kənd «gür­cü­ləş­dirilmişdir» - M.Ç.). Sa­qa­reco (Qa­raca yurdu) rayo­nun­­da Yor Muğanlı, Qara­­yazı ra­yo­nunda Sart­çala Mu­ğanlı adlı kəndlər vardır. Mu­ğanlı etno­oy­konimi Azər­bay­canda da geniş yayıl­mışdır. Ağdaş, Ağ­cabədi, Bərdə, Qazax, Qubadlı, Za­qatala, Zən­gi­lan, Kür­dəmir və Şamaxı rayonların­da Mu­ğanlı; Şirvan şəhə­­rin­də Muğan adlı şəhər tipli qəsəbə; Biləsuvar rayo­nun­da Muğan adlı qəsəbə, Sabirabad rayonun­da Muğan Gən­cəli, Nax­çı­vanda Muğancıq Mehrab, Muğanlı Müslüm adlı kəndlər vardır. Yuxarıda adı qeyd olu­nan etno­oyko­nim­lə­rin ha­mısı Muğ \və ya Mağ (tayfa adı) et­no­nimləri əsasın­da tə­şəkkül tap­­­mışdır. Bütün bunlar göstərir ki, Azər­baycan xal­qının et­no­genezisində muğ və ya mağ tayfaları böyük rol oy­na­mış­dır.
IX-XI əsrlərdə ərəb dilində yazılmış bir sıra tarix və coğrafiya kitablarında, o cümlədən «Hüdud-əl-aləm» əsə­rin­də Muğan, Qəbələ və s. toponimlər qeydə alınmışdır ki, hə­min toponimlər indi də Azərbaycan və Gürcüstanın bir sıra ra­­yonlarında yaşamaqdadır.
1728-ci ildə tərtib olunmuş «Dəftəri-müfəssəli-əyaləti-Tif­lis»də Gürcüstanın ərazisində mövcud olmuş Muğanlı tay­fasının adı ilə bağlı bir neçə Muğanlı kəndinin adı da qey­də alınmışdır. Məsələn, Baydar nahiyəsində Muğanlı (23), Də­mirçihəsən uluslarından Kəpənəkçi adlı yerdə Mu­ğan­­lı ca­maa­tı (31), Muğanlı Əhməd camaatı (18), Ağcaqala nahiyə­sində Ərəbli oymağının İmamkəndi qışla­ğındakı Muğanlı ca­maatı (13) və s. göstərir ki, türklər-azərbaycan­lılar bu böl­gə­də çox qədim dövrlərdən məskunlaşmışlar.


MUSOPRİAN - Bax: Babakişilər kəndi.

POLADAURİ - Bax: Çatax kəndi.

SALYER - Qədim Bağ Borçalının Bo­lu­lus bölgəsində -indiki Bolnisi rayonunun Darvaz kəndində düzənlik - əkin sa­­hə­­sin­in adı­dır. Bu oronim «sal» tayfasının adı ilə yer sö­zü­nün bir­ləş­mə­sin­dən əmələ gəlmişdir. Ümumi mənası «salla­rın» yeri de­mək­dir. «Kitabi-Dədə Qorqud» dastanla­rın­da Salur Qazan Bayındır xanın bəylər bəyisi kimi qeyd edilir. Oğuz tayfalarından biri Salur adlanır. Bu etnonim tafa başçısı Salurun adı ilə əlaqədar olaraq yaranmışdır. Azərbay­canda Salyan şəhəri və eyni adlı inzibati rayonun, Şamxor rayo­nun­dakı Saler kən­di­nin və Qubadlı rayonundakı Saldaş kəndinin adı da «sal» tayfasının adı ilə bağlıdır.

SAMSEVRİS - Bax: Şəmşiöyü.

SARACLI - Qədim Bağ Borçalısının Güney tərəfindəki dağların ətəyində - Bolulus bölgəsində (indiki Bolnisi rayo­nun­da), Sağ­sağançayın sağ sahilində, rayon mərkəzindən 22 km şərq­də, dəniz səviyyəsindən 510 m yüksəklikdə yerləşən kən­din adıdır. Bu oykonim mənbə­lərin verduyu məlumata gö­­­rə, Qazax elinə məxsus olan «Sa­raclı» tayfa adı əsasında tə­şəkkül tapıb. Orta əsrlərdə Osmanlıda tayfalardan biri Sa­raclı olub. Həmçinin, Tiflis əyalətinin Dəmirçi Həsənli nahi­yəsində də Saraclı adlı kənd olub.
Gürcüstan hökumətinin qeyri-tarixi və qeyri-milli siyasəti nəticəsində 1992-ci ildə Saraclı kəndinin adı də­yiş­dirilib - gür­cü dilin­də «Mamxuti» adlandırılıb. Əhalisi 3841 nəfərdir. Kənddəki Azərbaycan məktəbi 1919-cu ildən fəaliyyət gös­tərir. Akademik Zahid Xəlilov, professorlar Abdulla və Həm­dulla Mehrabovlar, Yaşar Nazıyev, Əflatun Saraclı (Məm­mə­dov), Binəli və Zülümxan Musayevlər, Biləndər Allahver­di­yev, Yadigar Hüseynov, Gürcüstanın Əməkdar hüquqşünası Nə­sib Hacıyev, məşhur ustad aşıq Hüseyn Saraclı, şairlər Ni­zami Saraclı, Taiyel Qəribli, İntizam, Tofiq Qaraqaya, Dilsuz Musayev, Dəyanət Osmanlı, ictimaiy­yətçilər Mahmud, Məm­məd və Nəbi Nəbiza­dələr, Süleyman Çobanov, Fikrət Sü­leymanoğlu, Azadxan Mirzəyev, Kərəm Bədəlov, Əmək Qəh­­­rəmanları Gülxanım Mirzəyeva, Omar Orucov, Yaşar Na­zı­yev, Məhəmməd Abdullayev, Paşa Hüseynov, müharibə qəh­­­­­rəmanları İsa Hüseynov, Məmməd Səfərov, Məhəmməd Mir­zəyev, pəhləvan Söhrab Bayramov və b. bu kəndin yetir­mələridir.

SARALLAR - Qədim Bor­çalının Bağ bölgə­sinin mər­kəzi his­səsində - Bolulus (indiki Bol­nisi) rayon­un­un ərazi­sin­də, Ma­şaver çayının sağ sahilində, rayon mərkəzindən 3 km qərbdə, dəniz səviyyəsindən 690 m hündürlükdədir. Bu oy­ko­nim «sa­ral» tayfa adı ilə «-lar» şəkil­çisinin birləşmə­sindən yaranıb.
Son illərdə «Sa­rallar» kəndi gürcü dilində «Zva­reti» ad­lan­­dırılıb. Əhalisi 515 nəfərdir. Kənddəki Azərbaycan mək­tə­bi 1930-cu ildən fəaliyyət gös­tərir.

SARIMƏMMƏDLİ («Kibircik») - Qədim Bağ Bor­ça­lı­sı­nın qərbində - Bolulus (indiki Bolnisi) rayonu ərasizində, Ta­pan dağının ətəyində, rayon mərkəzindən 21 km aralıda, dəniz səviy­yəsindən 900 m yüksəklikdə yerləşən kəndin adı­dır. Bu oy­konim nəsil adı əsasında təşəkkül tapıb. Ta­rixi «Sa­­rıməm­mədli» gürcü dilində «Kibircik» -«Qi­bir­ciki» ad­lan­dırılıb. Əhalisi 140 nəfərdir. Kənddə Azərbaycan məktəbi 1931-ci il­də yaradılıb.

SENEF (SENEB-SƏNƏB) - Qədim Borçalının Bolulus bölgəsində (in­diki Bolnisi rayonunda) Ehram (Xram) çayının sağ sahilində, rayon mərkəzindən 13 km qərbdə yerləşən kən­din adıdır. Bu oykonim qədim Man­na, Midiya və Alba­niya ərazisində qeydə alınan türkdilli «sün­biy» etnonimi ilə bağlıdır. Senebi oykonimi «sünbiy» et­no­­nimindən əmələ gəl­mişdir. Qədim türk dillərində «sün» - ni­zə, nizəli döyüş­kən; «biy» isə bəy mənasında işlənmişdir. Bu sözün ümumi mə­na­sı müasir Azər­baycan dilində «nizəli bəy, döyüşkən bəy» tayfası de­məkdir. Bu isə, tam mənası ilə ağılabatandır. Çünki türklər hələ çox qədim zamanlardan köçəri həyat sürmüş və müxtəlif döyüşlər keçirmişlər.
Sünbiy (sünbəy) sözü vaxtilə gürcü və rus dillərində sə­nədlərdə qeydə alınarkən (təxminən 180 ildən çox) «ü» səsi «e» səsinə çevrilmiş (çünki rus və gürcü dillərində «ü» səsi yoxdur), «n» və «b» samit səsləri arasına isə «e» saiti ar­tı­rıl­mış, «y» samit səsi isə düşmüşdür. Beləliklə də, «sün­biy (sün­­bəy)» etnosu «senebi» şəklinə düşmüş və belə də qeydə alınmış və Gürcüstan mətbuatında sabitləşmişdir.
Senef kən­dinin əhalisi hazırda 179 nəfərdir. Kənddə Azərbaycan məktəbi 1937-ci il­də yaradılıb.

SİSQALA - Qədim Borçalının Bağ bölgəsində sabiq Bol­ulus (in­diki Bol­nisi) rayonunda, avtomobil yolu kə­na­rın­da, dəniz sə­viyyəindən 620 m yüksəklikdə yerləşən kən­din adıdır. Bu oykonim türk dillə­rində «yarğan» məna­sın­­da işlə­nən «sis» və «qala» sözlərinin bir­ləşməsindən yaranıb.
Əha­lisi 523 nəfərdir. Kənddə Azərbaycan məktəbi 1930-cu il­də yaradılıb. Gürcüstan və Azərbaycanda müxtəlif məsul vəzifə­lərdə çalışmış Mehralı Abbasov, veteran müəllim İslam Musayev, şair Çoban Rəşid və b. bu kəndin yetirələridir.

ŞAHBUZ (ŞAHBUZLU) - Qədim Borçalının Bağ böl­gə­sinin cənubun­da, meşəli dağ­ların ətəyində, sərt qayalıq­ların ya­­xınlığında, Bolulus (indiki Bolnisi) rayon mərkə­zin­dən 20 km gündoğarda, Talaver çayının sahilində yerləşən kən­­din adıdır. (Azər­bay­canda Şahbuz adlı in­zibati rayon, şə­hər tipli qəsəbə və kənd vardır).
Tarixi mən­bələrdə gös­tə­rilir ki, «e.ə. III-I minillik­lər­dən Azər­bay­can ərazisində lul­lu­bey, kadusi, kaspi, sak, bus, est­ruxat, ari­zant, budi, maq, skif və baş­qa tayfaların ad­ları çəkilir ki, Azər­­baycan xalqının təşək­külünün bünövrə­sində bunlar fəal işti­rak etmişlər». Beləliklə, Şahbuz etno­oy­koni­minin titul bil­dirən «şah» sözü ilə türkdilli «bus - buz» tay­fa­sının adın­dan düzəldiyi məlum olur. Ümu­mi mə­nası şah nəslinə mən­sub «buz-bus» tayfası deməkdir. Əha­lisi 125 nə­fərdir. Kənddə Azərbaycan məktəbi 1924-cü il­də yara­dılıb.

ŞƏMŞÖY (ŞƏMŞİÖYÜ) - Qədim Bağ /Borçalısının Bo­lu­lus böl­gəsində (indiki Bolinisi rayo­nunda), Bolnisçayın sağ sahilində, rayon mərkəzindən 16 km güneydə, dəniz səviy­yə­sindən 640 m yüksəklikdə yerləşən kəndin adıdır. Bu oy­ko­­nim «Şəmsi»-«Şəmşi» ş\əxs adı ilə «öy» (ev) sözünün bir­­ləş­­mə­sin­­dən yaranıb. Ümumi mənası «Şəmsi öyü» - «Şəm­si­lər evi» deməkdir. Bu kənd indi gürcü dilində «Sam­sevrisi» ad­­lanır. Yaxınlıqda tunc dövrünə aid arxeoloji materiallar, VII əsrə aid memarlıq abidəsi aşkarlanıb. Əhalisi 380 nəfər­dir. Kənddə Azərbaycan məktəbi 1932-ci il­də yaradılıb.

TAMARİSİ - Qədim Bağ Borçalısının Bolulus böl­gəsində (indiki Bolinisi rayo­nunda) qəsəbə adıdır. Rayon mərkə­zin­dən 19 km gündoğarda, dəniz sə­viyyəsindən 470 m yük­sək­likdə yer­ləşən bu qəsəbə 1960-ci illərdə Kolagir kəndinin əra­zi­sində salınıb. Qə­səbədə gür­cü­lər və azər­baycanlılar ya­şayırlar. Soydaşla­rımızın sayı 150 nə­fərdir.
Sabiq Borçalı (indiki Marneuli) rayonunda da TAMARİSİ ad­lı kənd var. Bax: Borçalı (indiki Marneuli rayonunun Tamarisi kəndi.

TAPAN - Qədim Bağ Borçalısının Bolulus bölgəsində - in­diki Bolnisi rayonunda oykonim və oronim adlarını bildirir. XVIII əsr Ural və Volqaboyu yazılı abidələrində türkdilli «ta­­­­­­­bın qıp­çaq» və «qara tabın» etnoniminə təsadüf olunur. Mə­­lum­dur ki, qıpçaqlar türk dilləri ailəsinin qədim və böyük bir qrupunu təşkil edir. Tabınlar da qıpçaq tayfalarından biri olmuşdur.
Ehtimal ki, Bolnisi rayonundakı Tapan kəndinin və dü­zənliyinin, Azərbaycanın Daşkəsən rayonundakı Tapan kən­­dinin adı da «tabın» tayfasının adı ilə bağlıdır. Tapan qə­dim və müasir türk dillərinin bir qrupunda «düz, hamar yer» mənasında da işlənir. Beş min hektarlıq sa­həyə malik olan Ta­pan düzənliyinin coğrafi mövqeyi də bu mə­nanı verir. De­mə­li, ikinci mənada Tapan düz yer, hamar yer deməkdir. Bol­nisi rayonu Azərbaycan dili şivələrində taxıl səpiləndən son­ra şumu hamarlayan ağac (alət) də tapan adlanır. Belə­liklə, «tapan» sözünün üçüncü mənası da üzə çıxır. Çox gü­man ki, «tabın» tayfası lap qədim dövrlərdən oturaq həyat ke­­çirmiş və əkinçiliklə məşğul olmuşdur. Yəqin ki, əkin­çilik­də toxum səpilmiş şumu hamarlamaq və toxumun üstünü örtmək üçün istifadə olunan «tapan taxtası» da, çox güman ki, ilk dəfə onlar tərəfindən əkinçilikdə tətbiq olun­muşdur. Məhz buna görə də, həmin əkinçilik avadanlığı - «tapan tax­tası» da, onların sakin olduğu kəndin adı da «tapan» tayfa­sının adı ilə bağlı olmuşdur.
Çox təəssüflər olsun ki, «Tapan» toponimi də son il­lər­də «gürcüləşdirilmiş» - «Disveli» adlandırılmışdır.

TAĞILI - TANZİYA (DƏNZƏ) - Qədim Bağ Bor­çalı­sının Bolulus böl­gəsində (indiki Bolinisi rayo­nunda), Gə­də­çayın sol tərəfində, rayon mərkəzindən 18 km gün­batarda yer­ləşən kəndin adıdır. Bu oykonim «Tağılı» nəsil adı əsa­sın­da yaranıb. Vaxtı ilə azərbaycanlılar və gürcülər bu kənd­də birgə yaşa­yıb­lar. Sonralar müəyyən ictimai-siyasi hadi­sələrlə əlaqədar olaraq soydaş­larımız oradan çıxarılıblar. XVII əsrin or­talarına yaxın buraya gürcü əsilzadələri köçüb məs­kun­laş­mışlar.
Məşhur gürcü yazıçısı və ictimai xadimi Sulxan Səba Or­belianinin (1658-1725) də doğulduğu bu kənddə 1870-ci il sə­­­­nədlərində 8 ailədə 54 nə­fər azərbaycanlı yaşadığı qeyd olunur. İndi həmin kənd Tanziya adlanır.

ZOL-GÜYƏC - Qədim Bağ Bor­çalısının Bolulus böl­gə­sində (indiki Bolinisi rayo­nunda), Gədə çayın sol sa­hi­lində, rayon mərkəzindən 13 km günbatarda, dəniz sə­viy­yəsindən 720 m hündürlükdə yerləşən Azərbaycan kəndidir. Bu oy­ko­nim türk dilində «düz», «ica­zəsiz» mənasında işlənən «zol» (zol gəldi, düz gəldi, ica­zəsiz gəldi) sözü ilə «güşə» (bal­qa­bağın bir növü) bitki adı­nın birləş­məsindən yaranıb.
Əhalisi 2000 nəfərdən çoxdur. Kənddə Azərbaycan mək­təbi 1923-cü il­də yaradılıb. El igidi Məmməd Göyüşov, qırıcı təyyarəçi Eyvaz Sarıyev, ağsaqqallar Qədir Əmiroğlu, İsma­yıl Qədiroğlu, veteran müəllimlər Əlyəsə Aslanov, Zi­yəddin Həsənov, din xadimi Hacı Rizvan, ictimaiyyətçilər İl­yas To­puoğlu, Vəli, Vəkil və İmaməli Məmmədovlar və b. bu kən­din yetirmələridir.

YUXARI GƏLƏVER - Qədim Bağ Bor­çalısının Bolulus böl­gə­sində (indiki Bolinisi rayo­nunda) kənd adıdır. Bax: AŞAĞI GƏLƏVER.



BOLUS (BOLNİSİ) RAYONU  - 02 Mədəd ÇOBANOV, Müşfiq ÇOBANLI.
Borçalı toponimləri. Bakı, 1993, 1997, 2012.



P.S.:

ƏZİZ OXUCULARIMIZ!..
ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,
EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, eləcə də
BU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlı
ÖZ QEYDLƏRİNİZİ və
DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ
BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..
ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..

Böyük hörmət və ehtiramla,
MÜŞFİQ BORÇALI.

Ünvanlarımız:

[email protected]

və ya:

[email protected]



turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: