İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirilib.
Tədbiri giriş sözü ilə
bölmənin akademik-katibi,
AMEA-nın müxbir üzvü
Nərgiz Axundova açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
Sonra Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru
Füzuli Qurbanov “Fənlərarası metodoloji yanaşma təşəkkül mərhələsində” mövzusunda məruzəsini təqdim edib. O, öncə ümumi prinsiplərdən söz açaraq fənlərarası metodoloji yanaşmaya postqeyri-klassik rasionallıq çərçivəsində baxıldığını deyib. İstənilən tədqiqat obyekti açıq və qeyri-xətti sistemdir. Həmin sistem xaosla nizamlılığın sərhədində balanslaşır. Proseslər spontan baş verir.
Nəzəri yanaşmalardan danışan alimin sözlərinə görə, buraya sinergetikanın mürəkkəblik paradiqması, qeyri-səlis məntiq nəzəriyyəsi və sintez: qeyri-səlis sinergetik yanaşmalar aiddir. O, həmçinin metodoloji prinsiplər, elmi-kateqorial aparat-linqvistik sahə haqqında məlumat verib.
F.Qurbanov nəticə olaraq qeyd edib ki, fənlərarası yanaşmada rekursivliyin fraktallığın zaman-məkan aspektində mövcudluğu, prosessuallığın “indi-yeni” müstəvisində daimi dəyişmələri ifadə etməsi əsas punktlardandır.
Sonra İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqtisad üzrə elmlər doktoru Təbriz Əliyev 70 illik yubileyi münasibətilə bölmənin Fəxri Fərmanı ilə təltif edilib. İclas iştirakçıları alimi təbrik edərək ona gələcək fəaliyyətində nailiyyətlər arzulayıblar.
Tədbirdə, həmçinin AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi şurasının tərkibində dəyişiklik edilməsi, Fəlsəfə İnstitutu, Hüquq və İnsan Haqları İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin yeni elmi şurasının tərkibinin təsdiq edilməsi məsələləri müzakirə olunub, bir sıra kadr məsələlərinə baxılıb.
turan.info.az
.