
Bədirxan Əhmədov - 60
Hörmətli Bədirxan Əhmədov!
Sizi tanınmış ədəbiyyatşünas alimi 60 illik yubileyiniz münasibətilə təbrik edirik.
Siz 20 aprel 1955-ci ildə Gürcüstan Respublikasının qədim Başkeçid (indiki Dmanisi) rayonunda anadan olmusunuz. 1973-1977-ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində təhsil almış, 5 il Sabirabad rayonunda müəllim işləmisiniz. 1980-ci ildə AMEAnın Nizami adına Ədəbiyyat İnstitutunda qiyabi aspiranturaya daxil olmuş, 1983-1990-cı illər Azərbaycan Nazirlər Kabineti yanında Baş Arxiv idarəsində müxtəlif vəzifələrdə çalışmısınız. 1986-cı ildə namizədlik dissertasiyası müdafiə etmisiniz.
1999-cu ildən AMEAnın Nizami adına Ədəbiyyat İnstitutunda çalışmağa başlamış, 2005-ci ildə doktorluq dissertasiyası müdafiə etmisiniz. Hazırda Ədəbiyyat İnstitutunun elmi katibi və professorusunuz. 5 monoqrafiyanın, 4 proqramın, 1 vəsaitin, iki dərsliyin, yüzdən çox elmi məqalənin müəllifisiniz. Üçcildlik "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" adlı kitabınızın 2 cildi artıq işıq üzü görüb. AYB və AJB-nin üzvüsünüz.
Hörmətli Bədirxan müəllim!
Sizi bir daha 60 illik yubileyiniz münasibətilə təbrik edir, sizə uzun ömür, cansağlığı və elmi işlərinizdə uğurlar arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi
"Ədəbiyyat qəzeti", 2 may 2015-ci il, səh.26.
ZiM.Az
.