filologiya elmləri doktoru, AMEA-nın professoru,
Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi
“Məcməüş-şüəra” ədəbi məclisi haqqında tədqiqata baxış
Filologiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Namus qızı Əhmədovanın “Məcməüş-şüəra” ədəbi məclisi və XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Bakı ədəbi mühiti (əlyazma qaynaqları əsasında)” mövzusunda tədqiqatı giriş, yarımfəsillərə ayrılmış 4 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.
XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərini əhatə edən Bakı ədəbi mühitinin Azərbaycan ədəbiyyatının özünəməxsus ayrılmaz tərkib hissəsi olması, bu mühitin nümayəndələrinin müxtəlif ədəbi janrlarda qələmə aldıqları əsərlərində soykökə bağlılıqları, milli şüurun formalaşmasına təsirləri, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir kimi ədiblərdən təsirlənmələri, klassiklərimizə nəzirələr, təxmislər, təzminlər yazaraq Bakı ədəbi mühitinin daha da zənginləşməsinə xidmət göstərmələrinin tədqiqatda əksini tapması maraq kəsb edir. “Məcməüş-şüəra” üzvlərinin fəaliyyətlərinin digər ədəbi məclislərdən fərqlənməsinin spesifik xüsusiyyətlərinə aydınlıq gətirilməsi, “Məcməüş-şüəra” məclisinin fəaliyyətinin son illərində “Türk səsi” şairlər cəmiyyətinin təşkil olunması faktiki mənbələr əsasında müəyyən olunmasına toxunması da tədqiqatda diqqətdən yayınmır.
Azərbaycan ədəbiyyatında ədəbi mühitlərin işlənilməsi və tədqiq edilməsi
Azərbaycan ədəbiyyatında ədəbi mühitlərin işlənilməsi və tədqiq edilməsi aktual məsələlərdəndir. Azərbaycan ədəbiyyatşünaslığında ədəbi məclislərin tədqiq edilməsinə daim maraq özünü göstərir. Məsələn, Mir Cəlal Paşayevin “Azərbaycanda ədəbi məktəblər”, Nəsrəddin Qarayevin “XIX əsr Azərbaycan ədəbi məclisləri”, Əsgər Qədimovun “XIX əsr Ordubad ədəbi mühiti”, Alxan Məmmədovun “Şamaxı ədəbi mühiti (XIX əsrin ortalarından mart 1918-ci ilə qədər)”, Mirhaşım Talışlının “XIX əsr Lənkəran ədəbi mühiti”, Aytən Hacıyevanın “Qarabağ ədəbi-mədəni mühiti (XIX əsrin II yarısı-XX əsrin əvvəlləri)”, Qivami Qazıyev “Gəncə ədəbi mühiti (1900-1930)” və s. monoqrafik tədqiqatlar Azərbaycanın bölgələrinin ədəbi-mədəni mühitlərini müxtəlif istiqamətdən açıqlamağa şərait yaradır.
Ədəbi məclislərin fəaliyyətlərinin tədqiq edilməsinə, lakin Bakı ədəbi mühitinin, xüsusilə də Azərbaycanda yaranan son ədəbi məclis kimi “Məcməüş-şüəra” ədəbi məclisinin geniş tədqiq edilməməsinə toxunan Səbinə Əhmədova qeyd edir ki, “Bakı-Abşeron ədəbi mühiti, xüsusilə də “Məcməüş-şüəra” ədəbi məclisinin fəaliyyəti bu vaxta qədər kompleks şəkildə xüsusi monoqrafik tədqiqatın obyekti olmamışdır”. Müəllif bu sahədə müəyyən işlərin görülməsi faktlarına, bu istiqamətdə formalaşmış mənbəşünaslıq bazalarına aydınlıq gətirir: “Düzdür, bu istiqamətdə müəyyən işlər görülmüş, tədqiqatın mənbəşünaslıq bazası formalaşdırılmışdır. Belə ki, XX əsrin əvvəllərində Əliabbas Müznib Bakı və bakılı şairlər haqqında kiçik həcmli əsərlər yazmış, Mirzə Əbdülxalıq Yusif bakılı şairlərin əsərlərindən ibarət təzkirə tərtib etmiş, Nəcəfqulu bəy Şeydanın “Gülşəni-maarif” təzkirəsində bakılı şairlərə geniş yer verilmişdir”.
Mirzə Şəfi Vazehin Gəncədə yaratdığı və sonralar Tiflis şəhərində fəaliyyətini uğurla davam etdirmiş “Divani-hikmət” ədəbi məclisi (1820-1830), A.A.Bakıxanov tərəfindən Quba şəhərində “Gülüstan” ədəbi məclisi (1835), Fəqir Ordubadi tərəfindən Ordubad şəhərində “Əncümənüş-şüəra” (“Şairlər yığıncağı”) ədəbi məclisi (1838), Mirzə İsmayıl Qasir tərəfindən Lənkəranda “Fövcül-füsəha” (“Natiqlər yığıncağı”) ədəbi məclisi (1850), Mirzə Rəhim Fənanın təşəbbüsü və Xurşidbanu Natəvanın rəhbərliyi ilə Şuşada “Məclisi-üns” (“Dostluq məclisi”) ədəbi məclisi (1864), Seyid Əzim Şirvani tərəfindən Şamaxıda “Beytüs-səfa” (“Səfanın evi”) ədəbi məclisi (1867), Şuşa şəhərində Mir Möhsün Nəvvab tərəfindən “Məclisi-fəramuşan” (“Unudulmuşların məclisi”) ədəbi məclisi (1872), Bakı şəhərində Məhəmmədağa Cürmi tərəfindən “Məcməüş-şüəra” (“Şairlər məclisi”, 1880) təşkil olunması faktı tədqiqatda əksini tapır. Müəllif məhz XIX əsrin ikinci yarısında ədəbi məclislərin fəaliyyətlərinin xeyli genişlənməsinə toxunur. “Əncümənüş-şüəra” məclisinin Ordubadda, “Fövcül-füsəha” Lənkəranda, “Beytüs-Səfa” Şamaxıda, “Məclisi-üns” Şuşada, “Məclisi-fəramuşan”, “Məcməüş-şüəra” Bakıda yeni ədəbi məclislər kimi yaranaraq fəaliyyət göstərməsi Səbinə Əhmədova tərəfindən vurğulanır.
XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində Bakı ədəbi mühitinin şairlərinin klassiklərdən təsirlənmələri
“XIX əsrin ikinci yarısı, XX əsrin əvvəllərində fəaliyyət göstərən Bakı ədəbi mühitinin şairləri yuxarıda qeyd olunduğu kimi türk əsilli şairlərdən Nizamini, Nəsimini, fars şairlərindən Rudəki, Ömər Xəyyam, Sədi və Hafizi sevərək mütaliə etsələr də, Mövlana Füzulini özlərinə ustad seçmiş, ondan bəhrələnmiş, ondan qidalanmış, ondan öyrənmişlər” fikrini səsləndirmiş Səbinə Əhmədova Bakı ədəbi mühitinin nümayəndələrinin Məhəmməd Füzuli yaradıcılığına dəyər vermələrini, bununla da Füzuli ətrafında yaranan bir çox mübahisəli məsələrə də münasibətini əks etdirir.
Səbinə Əhmədova Bakı ədəbi mühitinin Haşım bəy Saqib, Əliabbas Müznib, Məhəmmədağa Cürmi, Ağakərim Salik, Əbülhəsən Vaqif və digər bu kimi nümayəndələrinin Məhəmməd Füzuli ənənələrinə sadiq qalmaları ilə yanaşı, dahi söz xiridarının təsiri ilə yazıb-yaratmalarına toxunması bədii nümunələr əsasında əsaslandırır:“Haşım bəy qəzəllərini Mövlana Füzulinin təsiri ilə yazmışdır və o, qəzəl janrında məharət göstərən şairləndəndir. Haşım bəyin qəzəl yaradıcılığına diqqət edərkən onun Füzulinin xətti ilə gələn zəngin tarixi təcrübəsinin məhsulu olduğunu görürük” və ya “Ə.Müznib yaradıcılığa əksər Bakı ədəbi mühitinin yetişdirmələri kimi Mövlana Füzuli eşqi, Füzuliyə olan sevgisi ilə başlamışdı. Buna görə də ilk şeirləri başqa Bakı şairləri kimi Füzuliyə nəzrirələrdən, təxmislərdən və irfani qəzəllərdən ibarət idi”.
Səbinə Əhmədova Bakı ədəbi mühitinin nümayəndələrinin Məhəmməd Füzulidən necə təsirlənməsini, hər birinin də özünəməxsus keyfiyyətlərə malik olmasını da açıqlamağa nail olur. Məsələn, Məhəmmədağa Cürminin Füzulidən təsirlənməsini belə təqdim edir: “Məhəmmədağa Cürmi Füzuli məktəbinin əlaçı şagirdi kimi ustadının üslubunu məharətlə davam etdirir və adi ifadələri böyük sənət faktına çevirə bilir, daha doğrusu onun qəzəllərində sözün bədii gücü, estetikası yüksək obrazlarla öz əksini tapır”. Səbinə Əhmədova Ağakərim Salikin Məhəmməd Füzulinin təsiri ilə yazıb-yaratmasına belə aydınlıq gətirir: “Ağakərim Salik də sələflərinin ənənələrini peşəkarcasına davam etdirən sənətkarlarımızdan idi”. Müəllif Ağakərim Salikin də “Məcməüş-şüəra”nın bütün üzvləri kimi məhz Məhəmməd Füzulinin təsiri ilə yazıb-yaratmasına da toxunur və qeyd edir ki, “Məsələn:
Dərdü qəmi-pinhanim fəth etdi ol ahimdən,
Yüz ah ki, faş oldu dərdü qəmi-pinhani.
Mövlana Füzuli bir sıra əsərlərində olduğu kimi, “rəddül əcz ələs-sədr” yaradır, yəni bir misranın sonunda gələn kəlməni özündən sonra gələn misranın əvvəlinə elə şəkildə salır ki, misralar bir-birini olduqca nizamlı şəkildə tamamlayır. Burda nəinki məna pozulmur, əksinə məna içində məna yaranır. Salik məna açarını misranın əvvəlinə salmasa da, bir beytdəki misraları bir-birinə elə bir şəkildə bağlayır ki, burda bədii məna və mətləbin ifadə sərrastlığı özünü dəqiq şəkildə büruzə verir”.
Əbülhəsən Vaqifin qəzəl yaradıcılığı ilə, həmçinin ““olmaz”, “söz”, “eylər”, “yox” rədifli və digər şeirlərinin forma və məzmunu Füzuli ədəbi məktəbinin layiqli davamçısı olduğunu təsdiq” etməsi müəllif tərəfindən vurğulanır.
Tədqiqatda Bakı ədəbi mühitndə satiranın bir janr kimi formalaşması və bu zaman Mirzə Ələkbər Sabir satirasının təsirinin özünü göstərməsi də açıqlanır. 1890-cı illərdən yaradıcılığa başlamış Səməd Mənsurun satira janrında Azərbaycanın dahi şairi Mirzə Ələkbər Sabirin təsiri ilə və “Yaflım” imzası ilə “Şeypur” jurnalındakı satirik şeirləri yazması müəllif tərəfindən vurğulanır. Satirik yaradıcılığa Bakı ədəbi mühitinin nümayəndələrinin tez-tez müraciət etmələri Səbinə Əhmədova tərəfindən vurğulanır: “Belə ki, Müznibin “Molla Nəsrəddin”dəki çıxışları bilavasitə M.Ə.Sabir sənətinə heyranlığından irəli gəlirdi. Müznib “Sabiranə” şeirlər yazır, öz poetik aynasında yaxşını-pisi, əyəri-əskiki əks etdirir, meşşanlığı, qudurğanlığı, din pərdəsi altında cürbəcür hoqqalardan çıxan saxtakar din xadimlərini ifşa edirdi. Onun Sabirlə şəxsən tanışlığı həm “Molla Nəsrəddin”də çıxışlar etməsinə səbəb oldu, həm də yaradıcılığının bir qolunu satirik şeirlərə həsr etməsinə yol açdı”.
Bakı ədəbi mühitində satiranın önəmli yer tutması Səbinə Əhmədova tərəfindən vurğulanır. Biz bunu sonrakı meyxananın bir janr kimi bu ədəbi mühitdə inkişafına təsir etməsinin şahidinə çevrilirik.
XIX əsr Azərbaycan ictimai fikrində olduğu kimi, Bakı ədəbi mühitində də İslam dininə, müqəddəs Qurani-Kərimə bağlılığın yer tutması bədii ədəbiyyata təsirsiz ötüşmür. Səbinə Əhmədova Bakı ədəbi mühitində İslam dininin, Qurani-Kərimin təsirini konkret nümunələrə əsaslanaraq əks etdirir: “Bakı ədəbi mühitinin ən görkəmli nümayəndələrindən olan Əbdülxalıq Yusif müqəddəs Qurani-Kərimə olan sevgisini bu şəkildə izhar edirdi:
Ruyi-gülrəngində zülfi, zülfi-şəb rəngində ru,
“Vəzzüha vəlleyli yəğşa” ayəsi müzmərdədir”.
Bakı ədəbi mühitinin nümayəndələrinin dövrün mətbu orqanları ilə sıx təmasda olmaları
Səbinə Əhmədovanın Bakı ədəbi mühitini Azərbaycan ədəbiyyat tarixinin ayrılmaz qolu kimi təqdim etməsini əsaslandıra bilməsi də tədqiqat işinin elmi əhəmiyyəti kimi dəyər kəsb edir. Müəllif Bakı ədəbi mühitinin nümayəndələrinin dövrün mətbu orqanları ilə sıx təmasda olmasını vurğulaması məhz bu məqama aydınlıq gətirir. Məsələn, Səbinə Əhmədova Əbdülxalıq Cənnətinin “Təkamül”, “Füyuzat”, “İrşad”, “Həyat”, “Səda”, “Tərəqqi”, “Tuti”, “Məktəb”, “Dirilik”, “Maarif və mədəniyyət”, Məşədi Azərin “İrşad”, “Səda”, “Sədayi-həq”, “Həyat”, “Tazə həyat”, “Dirilik”, “Zənbur”, “Babayi-Əmir”, “Nüsrət”, “Şərqi-rus”, “İttifaq”, “Molla Nəsrəddin”, “İnqilab alovları”, “Şərq qadını”, Səməd Mənsurun “İqbal”, “Səda”, “Bəsirət”, “Tuti”, “Zənbur”, “Şeypur”, “Molla Nəsrəddin”, “Ədəbi parçalar”, Ə.Müznibin “İttifaq”, “Zənbur”, “Hilal”, “Şəhabi-saqib”, “Dirilik”, “Babayi-Əmir”, “Dirilik”, “İqbal”, “Qarabağ füqərası”, “Övraqi-nəfisə”, “Azərbaycan”, “Şeypur” və s. məcmuələrdə, qəzet və jurnallarda şeirlərinin çap olunmasına toxunması bunu əks etdirir.
XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərini əhatə edən Bakı ədəbi mühitində istifadə edilən janr və cərəyanlara münasibət. Mərsiyyə janrı
“Məcməüş-şüəra” ədəbi məclisi və XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Bakı ədəbi mühiti (əlyazma qaynaqları əsasında)” mövzusunda tədqiqat işində Bakı ədəbi mühitində özünü büruzə verən janr və cərəyanların təkamülünə aydınlıq gətirilməsi nəzərdən qaçmır. Tədqiqatda Bakı ədəbi mühitində yazıb yaradan söz xiridarlarının yaratdıqları bədii nümunələrinə janr baxımından aydınlıq gətirilməsi, “XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində Azərbaycanda yazıb-yaradan şairlərin qəzəl, qəsidə, məsnəvi, mərsiyə, növhə, satira kimi janrlarda müxtəlif səpkili şeirlər, dram əsərləri, divan, təzkirə müəllifi olanlar ədiblərin bu janrlara gətirdikləri yeniliklər tədqiq edilir.
Səbinə Əhmədovanın Bakı ədəbi mühitində mərsiyə janrına toxunması və bu janrın təşəkkül və təkamülünü əks etdirməsi janra diqqətləri yönəldə bilir. Mərsiyə janrının klassik Azərbaycan poeziyasının aparıcı janrı olmasına toxunan Səbinə Əhmədova bu janrın “Azərbaycanda XX əsrin əvvəllərində ziddiyətli, təlatümlü hadisələr başlayana qədər mərsiyə janrının populyarlığı ədəbiyyatımızda davam” etməsinə toxunur və “Azərbaycan ədəbi mühitinin şiə məzhəbli bütün bölgələrində, o cümlədən Gəncədə, Ordubadda, Şuşada, Lənkəranda və Bakıda şairlərin ədəbi irsinin ən azı 80 faizini mərsiyə poeziyası təşkil” etməsini də qeyd etməsində dövrü düzgün qiymətləndirməsini əks etdirir.
Mirzə Həsib Qüdsi Bakuyinin (1828-1908) mərsiyə poeziyasının inkişafında da müstəsna xidmət göstərməsinə toxunan Səbinə Əhmədova ədibin mərsiyələrini tədqiqata cəlb etmişdir:
Verdilər zəhri-cəfa sən kimi dildarə, Həsən,
Cigərin oldu sənin yetmiş iki parə, Həsən.
Səbinə Əhmədova “Məcməüş-şüəra” üzvlərinin bu janrda yazıb-yaratmalarına toxunur. Məsələn “Ağadadaş Müniri bu janrda bir novator kimi çıxış edərək “ani”yyə formasını yaratmış və mükəmməl əsərlər meydana” gətirməsinə toxunaraq bu janrda olan müxtəlifliklərə diqqəti yönəldir.
Səbinə Əhmədovanın qəzəl janrına toxunması təqdirəlayiq olsa da, mübahisə doğurması ilə diqqəti cəlb edir. Belə ki, müəllifin “bu janrda ən çox Füzuli məharət göstərmiş və ondan sonra gələn xələflər əsasən ondan bəhrələnərək ilk baxışda çox sadə görünən, lakin dərin fəlsəfi məzmuna malik olan bu janrda qələmlərini sınamışlar” kimi fikri isə mübahisə doğurur. Belə ki, qəzəl janrında Füzuliyə qədər də, Füzulidən sonra da kamil nümunələr qələmə alınmış, ədəbiyyatımızın incilərinə çevrilmişdilər. “bu janrda ən çox Füzuli məharət göstərmiş” fikri şişirdilmiş təsiri bağışlayır, digər qəzəl ustadlarımızın yaradıcılığına kölgə salır.
XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərini əhatə edən Bakı ədəbi mühitində maarifçilik cərəyanı
1860-cı ildən fəaliyyət göstərən “Məcməüş-şüəra” ədəbi məclisinin Bakı və Bakıətrafı kəndlərin istedadlı ədiblərini vahid mərkəzdə birləşdirməsi, klassizm və avanqardizmin vahid platformada inkişaf etdirməsi faktlarına toxunan Səbinə Əhmədova Bakı ədəbi mühitinin formalaşmasının bütün dövrlərdə aktuallıq kəsb etməsini vurğulayır. “Hələ XVIII əsrin ikinci yarısında Bakı mühitində milli məfkurə əsasında formalaşmış maarifçilik cərəyanı mövcud” olması müəllif tərəfindən qeyd edilir. Səbinə Əhmədova qətiyyətlə qeyd edir ki, “Bakı ədəbi mühitində hələ “Məcməüş-şüəra” təşkil olunmamışdan qabaq da maarifçilik məfkurəsi yeganə fikir cərəyanı idi. Məsələn, XVIII əsrin ikinci yarısında yaşayıb-yaratmış Mürsəl adlı şair vətənimiz hələ Azərbaycan adlı müstəqil dövlət yaradılmamışdan ən azı yüz otuz il əvvəl gələcəkdən xəbər verib, ölkəmizi Azərbaycan adlandıraraq xalqın milli məfkurəsinin oyanışdan ötrü, xalqımızın bir millət olaraq qədim dövrlərdən təşəkkül tapdığını poetik lövhələrlə göz önündə canlandırırdı”. Maarifçilik cərəyanının Bakı ədəbi mühitində XIX əsrin əvvəllərində, hətta ondan sonrakı dövrlərdə dəəksini tapması məhz bu mühitin nümayəndələrinin dünyagörüşünün əksdir. Həmin ədiblərin istək və arzularının, təbliğ etdikləri ideyalarının göstəricisidir.
XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərini əhatə edən Bakı ədəbi mühitində təzkirələr
Bakı ədəbi mühitinin şairlərinin əlyazmalarının toplanması, bir müəllifin yaradıcılığından parçaları divan halında, yaxud ayrı-ayrı sənətkarların irsindən nümunələri təzkirə şəklində tərtib edilməsi məqamına işıq salan Səbinə Əhmədova Mirzə Əbdülxalıq Yusifin təzkirəsi, Əliabbas Müznibin Bakı ədəbi mühitini başdan-başa ehtiva edən dəftərçəsi haqqında münasibət bildirməsi, Bakı ədəbi mühitinin sənətkarları haqqında mühüm və daha dürüst məlumat əldə etməyə kömək etməsini vurğulaması təqdirəlayiqdir. Belə ki, əlimizə gəlib çatan həmin təzkirələr məhz Bakı ədəbi mühiti haqqında aydın fikir yürütməyə əsas verir.
Tədqiqatın əhəmiyyəti
Bakı ədəbi mühitinin formalaşmasında “Məcməüş-şüəra”nın təşkilatçısı və yaradıcısı Məhəmməd ağa Cürminin, “Məcməüş-şüəra” üzvlərinin – Bakı ədəbi mühitinin aparıcı nümayəndələri olan Mirzə Həsib Qüdsi, Məhəmmədağa Cürmi, Ağakərim Salik, Ağadadaş Sürəyya, Mirzə Əbdülxalıq Yusif, Mirzə Əbdülxalıq Cənnəti, Ağadadaş Müniri, Azər Buzovnalı, Səməd Mənsur, Haşım bəy Saqib, Seyyid Zərgər, Hacıəli Pərişan, Əliabbas Müznib, Əlipaşa Səbur, Əbülhəsən Vaqif, Əliağa Vahid və b-nın yaradıcılıqlarının kompleks şəkildə tədqiq edilməsi təqdirəlayiqdir.
Səbinə Əhmədovanın Cürminin də ədəbi irsinin yoxa çıxmasını, cəmisi beş qəzəlinin hələlik bizə çatmasını vurğulaması, Əbülhəsən Vaqifin ədəbi irsinin talan edilməsi kimi faktlara toxunması ilə müəllif baş verən hadisələrin faciəviliyini nəzərə çatdırması bir həyəcan təbilidir. Bu faktlar Səbinə Əhmədovanın tədqiq etdiyi tədqiqatın əhəmiyyətini, vacibliyini önə çıxarır.
Müəllif “Məhəmmədağa Cürmidən miras qalan qəzəllər onun poetik təfəkkürünün çox yüksək dərəcədə olduğunu nümayiş etdir”məsinə toxunur, şairin bizə çatan qəzəllərini təqdim edərək açıqlamağa da nail olur:
Yadi-ləbinlə badəyə meyl eyləsəm, nola,
Ləli-ləbin xəyalı məni meypərəst edib.
Cürmi, şikayət etmə qəmi-hicri-yardən,
Kilki-qəza rəqəm belə ruzi-Ələst edib
Səbinə Əhmədova tədqiqatda əsas obyekt kimi XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində Bakı ədəbi mühitin nümayəndələrinin, o cümlədən Azərbaycanda ən uzunömürlü ədəbi məclis olan “Məcməüş-şüəra” üzvlərinin rolunu incələmsi, onların bədii yaradıcılıqları əsasında tədqiq etməsi təqdirəlayiqdir.
Nəticə
Səbinə Namus qızı Əhmədova Azərbaycan ədəbiyyatşünaslığında indiyə kimi ayrıca və geniş tədqiqat obyekti olmayan problemi sistemli və dərindən araşdırmış, nəzəri ümumiləşdirmələr aparmış, elmi yenilik səciyyəsi daşıyan tədqiqat təqdim etməyə nail olmuşdur. Bakı ədəbi mühitinin, bu mühitdə formalaşmış “Məcməüş-şüəra” ədəbi məclisinin araşdırılmasının aktuallığı, tədqiqat işinin işlənmə dərəcəsi, məqsəd və vəzifələri, obyekti, metodları, müdafiəyə çıxarılan əsas müddəalar, elmi yenilik, tədqiqatın nəzəri və praktiki əhəmiyyəti düzgün əsaslandırılmışdır. Müəllifin Bakı ədəbi mühitinin, bu mühitdə formalaşmış “Məcməüş-şüəra” ədəbi məclisinin tədqiq edilməsi və gələcək tədqiqatlar üçün geniş perspektivlər yaradan “Məcməüş-şüəra” ədəbi məclisi və XIX əsrin ikinci yarısı-XX əsrin əvvəllərində Bakı ədəbi mühiti (əlyazma qaynaqları əsasında)” mövzusunda təqdim etdiyi tədqiqat əsəri Azərbaycan ədəbiyyatşünaslığı üçün əhəmiyyət kəsb edir.
turan.info.az
.