İclasda Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli elmi müəssisədə tədqiqat işlərinin “Qloballaşma şəraitində Azərbaycan dilinin zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” əsasında aparıldığını bildirib.
Sonra institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva 2022-ci ildə görülən işlər barədə geniş hesabatla çıxış edib.
Bildirib ki, hesabat ilində institutun 12 şöbəsində, 1 sektorunda və 1 laboratoriyasında 1 istiqamət üzrə, 15 problem, 20 mövzu, 118 iş yerinə yetirilib.
“Qarabağ” mövzusu ilə bağlı institutda 20 məqalə, 1 atlas və atlasın proqramı çap olunub.
Hesabat ili ərzində institutun əməkdaşlarının 10 monoqrafiyası, 6 kitabı, 255 (10 impakt faktorlu, 40-ı xaricdə dərc olmaqla (Rusiya, Çexiya, Türkiyə, Ukrayna, Özbəkistan, Qazaxıstan) məqaləsi çap olunub.
Aynel Məşədiyeva qeyd edib ki, institutun təşkilatçılığı ilə 2 beynəlxalq və 1 respublika elmi konfrans keçirilib.
Elmi katib, həmçinin elmi-tədqiqat işləri, institut tərəfindən keçirilmiş digər konfranslar, sessiyalar, seminarlar və yubileylər, eləcə də institutun nəşriyyat fəaliyyəti, elmi məqalələr, o cümlədən xaricdə çap olunmuş məqalələr haqqında məlumat verib.
2022-ci il ərzində tətbiq olunmuş ən mühüm elmi nəticələr içərisində “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası” və Nadir Məmmədlinin “Azərbaycan dili və nitq mədəniyyəti” (norma, nitq mədəniyyəti sahələri və nitqdə verilən tələblər) dərsliyi əsas götürülüb.
Daha sonra professorlar İlham Tahirov, Rüfət Rüstəmov, İsmayıl Məmmədli, Sevinc Əliyeva hesabatla bağlı fikirlərini bildiriblər.
İclasda çıxış edən akademik Nizami Cəfərov institutun illik hesabatını yüksək qiymətləndirib. Vurğulayıb ki, “Qloballaşma şəraitində Azərbaycan dilinin zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın müddəalar üzrə tədqiq olunması metodoloji üstünlükdür.
turan.info.az
.