Azərbaycan poeziyasında koronavirus mövzusu

Azərbaycan poeziyasında koronavirus mövzusu Mərziyyə Nəcəfova,
Filologiya elmləri doktoru


Həyatın güzgüsü olan Ədəbiyyat hər zaman - müharibələrdə, ixtişaşlarda, faciələrdə öndə olmuş, yaşantılarımızıdan dərhal bəhs etmişdir. 2020- ci il də dünyada covid- 19 pandemiyası ili kimi tarixə düşdü, insanların həyatında yaşananlar ədəbiyyat tarixində də dərin iz qoydu. Hər zaman cətinliklər qarşısında qalanda ədəbiyyatın bütün janrlarında müdaxilələr olunsa da ancaq poeziya və publisistika janrında daha tez münasibət bildiriİir. İin əvvəlindən iqtisadiyyata, səhiyyəyə, maddiyyata dəyən zərbə eyni zamanda insan psixologiyasına, yaşantısına da zərər vurdu. Təbii ki, bunlar ədəbiyyatımızda öz əksin tapmalıydı və tapdı da. İlk gözə dəyən şairlərimizin bu virus haqqında düşüncələrini əks etdirən şeirləri oldu. Bu şeirlərdə virusun törətdiyi ağrı-acı, buraxdığı ölüm- itim faciəsi ilə birgə insan mənəviyyatına vurduğu yaralar da poetikləşdirildi. İlk öncə Azərbaycanda bu virusun aldığı canlardan daha çox bəhs olduğu halda sona doğru bir az yumor üzərində kökləndi. Statistikaya görə, dünyada koronavirus mövzusunda hələ üç ay öncə 200-dən artıq kitab yayınlanmışdı.Bunların arasında amerkan yazıçıların uşaqlar üçün, ingilisdilli yazıçıların isə böyüklər üçün yazdıqları daha məşhurdur.
Maraqlıdır ki, şeir bu sosial dəstək marafonunda geridə qalır.
Azərbaycanda isə bu sahədə şairlərin fəallığı, şeirlərin mənəvi dəstək gücü seşilir.
Şairlərimiz koronavirusa yazdıqları şeirlərdə yaşanan ağrını, acını əks
etdirməklə yanaşı, incə məqamlara da işıq tuturlar. Yüzlərlə şairimiz,
yazarımız bu mövzuya üz tutdu. Hər bir şairin mövzusu eyni olsa da
yanaşma texnikası fərqli xarakterdədir. Bu mənada onların fikir və
düşüncələri maraq doğurur. Əsasən internet səhifələrindən, “Ədəbiyyat
qəzeti”ndən bu mövzuda şeirlər oxucular arasında diqqət çəkdi. Xüsusilə
şeirləri sevilərək oxunan Qulu Ağsəs, Firuzə Məmmədli, İlham Qəhrəman,
Şövket Horovlu, Aybəniz Əliyar, Adilə Nəzər, Təranə Turan Rəhimli,
Səhər Əhməd, Rəsmiyyə Sabir, Nizami Muradoğlu, Təranə Məmməd,
Lütfiyyə Əsgərzadə, Elza Məmmədova və adlarını çəkmədiyim onlarca
şairin şeirləri mövzu baxımından aktual olduğu qədər də Azərbaycan
şeirinin gözəlliklərini bütün tamlığı ilə özündə əks etdirdi. İlk öncə Qulu
Ağsəsin koronavirus mövzusunda yazdığı şeirlər diqqətimizi çəkdi. Hər
şeirində bədii lövhə, bədii portret, yüksək informativliyə malik müəllif təsviri yaradan şairin, bircə poetik nümunəsinindəki, əslində təfsilata ehtiyacı olmayan mənzərə yaratmaq bacarığına nəzər salaq:

 Zivələrindən
yaş əllər asılan -
Bakım!
Pakım!

Bu dəmdə:
quşlar səkidə gəzir
adamlar damda...
Çıxardı insanların bütün maskalarını
eyni maska taxdı cahana virus:
ağac – virus,
maşın – virus,
bina – virus,
bir yandan koronavirus,
bir yandan karantinavirus...
İlahi, özün bax –
ya eyvandan şəhər sal,
ya da küçələrə qanad tax!..

Dünyanı cənginə alan, milyonlarla insanı qorxuya salan koronavirus pandemiyası dövründə sözün sadiq əsgəri yenə öz postundadır. Bədii portretin yaratdığı “süjetli film” gözlərimiz önündə yeni dünyanı canlandırır. Yenə ön planda İnsan, yenə istinad yeri Tanrı.
Qulu Ağsəsin bu mövzuda yazdığı hər üç (hələlik) şeir ədəbi ictimaiyyətdə müsbət reaksiyalar yaratmış, onun şeirlərinin təsirilə müxtəlif müəlliflərin yeni nəzm nümunələri ortaya çıxmışdır. Bu onu göstərir ki, bizim şüurumuz artıq apokalipsis mövzusuna hazır vəziyyətdədir:

– Əgər doğrudan sevirsənsə,
şərtim budur: 
çəkilək bir hücrəyə,
amma məndən uzaq dur...
Sabun köpüyü partlatsın 
qoxusu sarımsağın,
Kefli əllərin doqquz yazsın
on barmağı ...


Apokalipsis mövzusunda qorxulu süjetli yazanlardan fərqli olaraq, Q.Ağsəs
oxucuya sevgi aşılayır. “Daha kimdən, kimdən yazaq, uzaq, aman Allah
uzaq...” (V.Səmədoğlu) tərəddüd-həyəcanı keçirmir. Bilir ki, məsafə saxlanılması gərəkən cismdir. Ruh deyil:

Çölə çıxma!
Telefona baxma!
Darıxma!
...Başqa şərtlərin də olsaydı, kaş:
Maskasız olmazsa, 
maska da olmasın,

Yas olmazsa,
ölüm də olmasın,
Toy olmazsa,
sevgi də …olsun! –
sözləri çıxsaydı dodağından…
Asacam özümü!-
şərt cümləsinin budağından…

Və yaxud;

Sizə kimdən danışım –
tək qadından
gül ağzını açmırdı
dişlərinin ucbatından.
Çoxundan kəsdi,
azından kəsdi,
bir əliydi, bir boğazı
boğazından kəsdi,
dişlərini düzəltdirdı –
elə ki əlinə maya düşdü,
aylarla gördüyü röya çin oldu,
qəfildən pandemiya düşdü
bütün dünya Çin oldu...
Dözmədi,
gül ağzını açıb çıxdı evdən –
bir o idi yer üzündə,
bir də taclı mələkdi!
Baxışdılar,
ikisi də qəh-qəhə çəkdi...

Pandemiya qurbanlarının xatirəsinə həsr olunan bu şeir coğrafiya tanımır --
COVİD-19 sərhəd tanımayan kimi…
İlham Qəhrəmanın isə bu mövzuya müraciəti yenə də çox hallarda olduğu
kimi folklorumuza köklənir, bayatı janrına müraciət edərək koronavirus
qorxusunun insanları evə yığmasını poetikləşdirir.

Karvançı dəvə yığdı,
Dəvəni səfə yığdı.
Qorxunun ağzı yansın,
Hamını evə yığdı.

Sənətkarlıq baxımından da diqqət çəkən bu bir bəndlik nümunədə şair
koronavirusun hökmünü, gücünü çox mahir şəkildə ifadə edir.
Şair ölkədə olan iqtisadi çətinliklərə də göz yummur, gənclərin, xüsusilə
işsiz insanların maddi dəstəyə olan ehtiyaclarını da dilə gətirməyə bilmir. Ona görə ki, İlham Qəhrəman xalqını, vətənini sevən, onların dərdini öz dərdi bilən şairlərdəndir. Yeri gəlmişkən müstəqillik dövründə Vətənin dərdini, ağrısını onlarca kitaba sığdırıb. Torpaq itkisi mövzusunda 100-lərcə şeiri müasir poeziyamızın incilərindən sayılır. Onun “Oğul” adlı şeiri də gənclərimizin korona dövründə yaşadığı çətinlikləri əks etdirir. Dövlət tərəfindən işsiz gənclərə ayrılan pulun acgöz məmurlar tərəfindən insanlara
yetişməməsi şairi dilə gətirib. İşsiz oğlunun simasında gənclərə ağsaqqal
öyüdü kimi səslənən misralar yerinə düşüb.

Yoxsul qazana gön qoyar,
Ha qaynayar bişməz, oğul.
Körpələr yuxu tutunca
Qazan oddan düşməz ,oğul.

Axrıncı bənddə şairin bir az da alın yazısından gileyi şeirin təsir
gücünü artırır. Halal adamın boğazından keçməyən haram tikə şairin gəncliyə nəsihəti kimi qarşılanır.

Nə qandın alın yazından?-
Ya çəkicsən, ya da zindan.
Halal adam boğazından
Haram tikə keçməz, oğul.

Şairin koronavirus mövzusunda yazdığı “Faraş ölümlər” şeiri də diqqət
çəkir. Bildiyimiz kimi “faraş” sözü dilimizdə mövsümündən, vaxtından əvvəl yetişmiş meyvə-tərəvəzə aid edilir. Hətta eldə-obada tez böyüyən cücələrə də faraş deyirlər. İlham Qəhrəmanın bu şeirdə ölümü dəyərdən düşmüş kağız pula bənzətməsi, ölümün kağız pul kimi gözdən düşməsi ideyası yaşantımızın real təsviri kimi çox dəyərlidir. Əslində şeirdə covid-19-un qurbanı olan körpələrdən bəhs edilir – yəni vaxtsız, faraş gələn ölümlərdən. Şairin bu mövzuya həsr olunan başqa bir maraqlı şeiri isə “Üzrümüz yoxdur” adlanır. Şeirdə dünyanı pis niyyətlə sınaq meydanına çevirənlərə, onu pis günə qoyanlara, gələcək nəsillərin yaşamaq hüququnu düşünməyənlərə lakonik şəkildə bir üsyan var:

Bizdən olanların qarşısında
üzrümüz yoxdur...
Bənd olmadıq, məhəl qoymadıq
tabulara, yasaqlara,
Dünyanın yaxşısını yaşadıq,
pisini saxladıq uşaqlara.


Firuzə Məmmədlinin ” Get” başlıqlı şeirində isə üç saatlıq icazə ilə evdən
çıxmaq məsələsinə münasibət bildirilir. Qəhrəmanın fikrinin saat əqrəbində
qalması, görmək istədiyi işi görə bilməməsi bir az da yumoristik dillə verilsə
də əslində isə yaşanan bir həqiqərdir.

Belə getsə, hər gediş bir dərd olur,
Gedişinə gəlişində sərt olur.
Üç saatlıq yol ölçüsü sərt olur,
Qalsın elə Sms-də gözün, get,
“Evdəqal”in söz-sovundan üzül, get…

Bir az da moderin üslubda yazılan bu şeirdə həyatın reallığı əks olunub.
Şeirin digər bəndlərində də müəllif dilimizdə işlənən yeni sözlərdən
məqamında işlədərək şeiri daha da oxunaqlı etmişdir.
Yeni səpkili şeirləri ilə diqqət çəkən Aybəniz Əliyarın bu mövzuda beş şeiri
maraq doğurur. “Evdə qal” başlığlı bu şeirlərdə evdə qalmağa və
koronavirusa münasibət bir az da fərqli məqamlarla oxucuya çatdırılır. Bu
şeirlərdə bu şəhərdən digər şəhərə getməyə həsrət çəkənlər də var,
sevgilisi üçün darıxanlar da var, bu çətin günləri taleyin işi kimi
dəyərləndirənlər də var, bu adamsız küçələrdə Allahla üz-üzə qalmaq
istəyənlər də var. Onun yaratdığı qəhrəman bəzən də düşünür ki,
Saat 11-i keçib,
Sən yatırsan bəlkə də...
Biz görüşməyək deyə
Karantin var ölkədə.

Əslində təhlilə sığmır bu beytlər, bəlkə də elə ipə-sapa yatmayan karantin
dövrünün insan ruhunu sığallayan misralarıdır bu şeirlər.

Bir az xəyal atın çap,
Nə qədər sağdı dünya.
İndi bir koronoya
Dayanacaqdı dünya.

Şairin arzuları karantin dərdindən daha yüksəkdə dayanır. Nə baharın
gələcəyini bilir, nə də ki, bu həsrətin bitəcəyini. Amma arzuları üçün
yaşayan qəhrəman sonda ölümün adiliyini vurğulayır. Nədənsə bu qədər yaşananlara təccüb etməyən qəhrəman son zamanların ən real obrazıdır əslində.

Nədənsə təəccüb etmirəm daha,
Bu bahar ya gələ, ya da gəlməyə...
Bir yanar od ola, bir də daş kaha,
Arzular olmaya... Nə var ölməyə...

Şairin şeirlərində çörəyi daşdan çıxan insanların dərdi də boylanır. Bu
insanların əllərinin qabarında göyərirdi arzuları. Evinə bir parça yavan
çörək gətirən bu insanların evdə qalması, onların evlərinin dirəyinin
çökməsidi əslində, yeri gəlmişkən bu günkü şeirimizin əsas mövzusu da
elə bu insanlardır.

Nə qədər adam var idi,
Daşdan çıxırdı çörəyi.
İndi heç tapmır onu da,
Çöküb evinin dirəyi.

Günümüzün realığlarını bütün tamlığı ilə bir bəndə yerləşdirən şairə
vəziyyətdən çıxış yolu kimi sanki dövlət məmurlarına səslənir.
Şövkət Horovlunun da şeirlərində “Zindan olub” misraları ilə oxucuya
mürzciət olunur. Altı aylıq karantin günləri hər zaman insanlarla ünsiyyətin
vacib olduğunu vurğulayan, ailəyə gəliş-gediş olmayan ev zindan olur.

Gələnə-gedənə açılmır qapım,
Öz evim özümə bir zindan olub.

Deyən şair bəzən öz-özünə bəlkə Allahın yanında üzümüz qaradır, bir
günah işlətdik ki, bu qədər ağrğı-acı çəkirik deyə düşünür.

Hələ sağalmayan neçə cür yaram,
Sinəmi yandıran ahım durursa.
Üzümə-üz tutub gəlirəm, Allah,
Bağışla, yanında günahım varsa!

Yaşanan reallıqlar şairəyə əzab verir. Ölkədə olan kasıbçılq, varlıların
laqeyidliyi, məmurların nəfislərinin artması, belə zamanlarda aşağı
təbəqədən olan insanların hər zaman olduğu kimi koronavirus zamanı da
maddi vəziyyətlərinin aşağı olması şeirdə günün görüntüsünü yaradır.

Toxun da aclardan xəbəri yoxdur,
Solğun baxışlardan ehtiyac yağır.
İnsan nəfisindən kənara çıxıb,
Tanrım, beləsini insafa çağır.

Əslində bu mövzulu şeirlər bu gününmüzün mənzərəsi baxımından da
əhəmiyyətli rol oynayır. Şövkət xanım bir tərəfdən də publisistik yazılarında
insanları ayığ olmağa, ailə üzvlərini qorumağa çağırır. Şairə həyatında iki
müharibə yaşamış biri kimi bu gün koronavirusu da müharibə ilə
eyniləşdirir. Bu bəladan qurtara bilmənin yolunu birlikdə mübarizə aparıb,
qalib gəlməkdə görür.
Koronavirus mövzusu Adilə Nəzərin yaradıcılığında çoxluq təşkil edir. Bu
mövzuda ona qədər şeiri mətbuat səhifələrində işıqlandırılıb. Məqalədə üç
şeiri üzərində dayanmaq daha məqsədəuyğundur. “Ona deyin” şeirindəki
qəhrəman özünəməxsusluğu ilə yadda qalır. Qəhrəman virusun gətirdiyi
bəlaları görür. Bir az hökümlü olan qəhrəman virusa törədtiyi oyundan bəhs
edir. Maraqlı odur ki, demək istədiklərini özü söyləmir, söylətdirir. “Ona
deyin” deyə müraciət edir. Ədəbiyyatdakı qəhrəmanların çoxu bu taclı
bəlanın dünyadan uzaq olmasını adi qaydada diləsələr də Adilə xanımın
qəhrəmanı bu arzunu belə poetikləşdirir.

Ona deyinki,-
Yuva qurmaq həvəsində olan var-
Xanım qızlar, bəy oğlanlar...
Gülü burnunda solanlar...
Ona deyin,-
Doru sınmış gəmilər var sularda,
İlişib qalmışam mən də qarışıq duyğularda.
Ona deyin,-
Bilən varmı indiyədək kim nə əkdi - nə dərdi...
Bütün sevinclərin sonu kədərdi...
Günəşin də sultanlığı günbatana qədərdi…

Poeziyada koronavirusa meydan oxuyan şairə “Ona deyinki” şeirində çox
faciələri, həyatın bütün yaşantılarını xatırladır. Sanki bununla insanın ən ali
məqamda dayandığını yada salır. Və ən əsas da insanın Tanrıya
güvəndiyini, Allahından güc aldığını xatırladır. “Hayqıraram Tanrı duyar,
fırtına qopararam, tərs dönər fələyin çarxı, qurudar hər çayı, arxı” Bu
misralrda insanla Tanrının birliyi və gücü insanın yaratdığı koronavirusa qalib
gələcəyi anlamı verir. Əslində buradakı qəhrəman hər zaman qalib gələn
ədalətdir.
Müəllifin Koronavirusa (zarafatyana) yazdığı şeir əslində daha realdır.
Virusun haradan gəlib çıxdığını düşünən qəhrəman yenə də ona meydan
oxuyur. Amma şairənin şikayəti yalnız taclı virus deyil, bir az da
yaşadıqlarımızdır. Bu günümüzdür. Ölkədə məmur özbaşnalığı, başları
”hörmətə” qarışan gömrük işçilərinin bu günü bir az yumorlu, şəkildə
poetikləşdirilib. Bu şeirdə “gizli səs vermə”, “həci hacılar” kimi ifadələrlə bu
günki həyatımızın real boyalarını verə bilir.

Farsmı atdı səni, gürcü, yoxsa rus,
Gömrükdənmi keçdin koronavirus?!
Kim sənə səs verdi qutudan çıxdın?!
Yazdın gəlişinlə hamını, yıxdın...
Başları “hörmətə” qarışdı yəqin,
Bizim əli təmiz gömrükçülərin.
Dəyişibdi çoxdan həci hacılar
Sarımsaq iyinə gülab qoxusunu.

Bu misralardan bir millətin yaşayışı boylanır. Bu qədər real təsvirlər
dövrümüzün nəbzini çox mükəmməl şəkildə əks etdirə bilib, əslində bu
yaşadıqlarımız koronavirusdan daha güclü faciədir. Ölkədə aşağıların
yaşadığı pulsuzluk şeirin sonunda son məqama çatdırılır. Koronavirusa
müraciət şairin demək istədiklərini açıq çılpaq, bütün tamlığı ilə oxucuya
çatdırır.

Gəlibsən, kəsibsən qapını, arsız,
Onsuz da ölürdük pulsuz-parasız.
Hardan tutacaqsan koronavirus
Canda yer qalmayıb ki, canda yarasız.

Şeirdə Mİrzə Ələkbər Sabir deyimi oxucunu düşündürür.
Koronavirus mövzusu Səhər Əhmədin yaradıcılığında da diqqət çəkir.Onun
həm şeirlərində həm də köşə yazılarında bu faciənin fərqli izləri həyatımızda
iz qoyur. Səhərini əvvəl şeirlərinə müraciət etmək yerinə düşür, zamanı
gələndə köşə yazılarına müraciət edəcəyik. “Həyatın təntənəsi” şeiri ilə
müəllif koronavirusun bizlərə nə verdi? sualının sanki cavabını verir.
Torpaqda mina kimi partlamağa hazır olan koronavirusun nə verdiyi bəlli
olur.

Gündəmdə ölüm xəbəri,
Təqvimdə bayram günü.
Havada “Koronavirus”
Torpaqda mina kimi...
“Dışarıda sren səsi”,
Evdə bayram süfrəsi.
Ölümün vahiməsinə
Həyatın təntənəsi.

Şairin ölkəmizdə virusun gəlişinin əsas ilaxır çərşənbəsinə təsadüf
edilməsi, həyatın isə davam etməsi, təbiətin xəbərsiz çiçək açması məqamı
da bir dirçəlişə, ümidə olan işarədir, daha sonrakı bənddə də günəş
həyatımızın və ədəbiyyatımızın oyanış simvolu kimi koronavirus dövründə
də insanlara bir ümid verir. Elə özünün də dediyi kimi

Bir də gülümsəyən Günəş,
Təsəlli təbəssümü.
Qaranlığın üzərində
Qələbə təcəssümü...

Təranə Turan Rəhimli isə insanları özünə gəlməyə səsləyir. Dünya can
verir - deyə haray salan şair yaşadıqlarımızda insanı da günahlandırır.
Müəllif savaşlarda tökülən qanların bu kimi fəlakətlərə yol açmasına səbəb
olmasında rolu olduğunu vurğulayır. İnsan olan kəslərin insanlıqdan uzaq
olmasının nələrə gətirib çıxardığı şairin səsinin ucalmasına səbəb olur.
Savaş və ölüm saçan , qarşısı heç nəylə alına bilməyən, ölüm hökmlü virus
qarşı-qarşıya qoyulur. Və bu şeirdəki mərhəmətsizlik ideyası oxucunu
düşünməyə səsləyir. Yaşadığımız faciəni sevgi yetməzliyində görən
müəllif şeirin sonuna qədər bu ideyanın üzərində dayanır.”Sevgi yetməzliyi
kəsir nəfəsin, elə dərdə düşüb qurtula bilimir” ifadəsi ilə yaşadığımız şox
məqamlara işiq tutur. Mərhəmət hissinin yoxluğu yaşantılarımıza yol açan
əsas amil kimi diqqətə çəkilir.

Mərhəmət daş olub, heyrət donuxub,
Körpə gözlərində yaş güllələnir.
Fəsillər ömrünü yaşaya bilmir,
Payız vərəmləyir, qış güllələnir.

Hər kəs təbiətə min bir don verir,
Özünə gəl, insan, dünya can verir.

Savaşları, qırğınları bu yaşananlara səbəb bilən şair, “Şəhid qanlarından
insan göyərmir” deyə insanın aliliyini əsas qəbul edir. Bir insan ömrü heç
nəylə əvəzolunmaz ideyası şeirin əsas ana xəttini təşkil edir.

Savaşlar fitnəkar, qırğınlar nahaq,
Şəhid qanlarından insan göyərmir.
Torpağın üstünü viran qoyanlar
Torpağa əkilən canlara dəymir.
Tarix yaradana imtahan verir,
Özünə gəl insan, dünya can verir.

Şeirdə insanın yaratdığına qənim kəsilməsi, dünyanı viran edərək,
yaratdığını məhv etməsi ideyası insanı düşündürür. İnsanın həm yaradıcı
olması, həm yer üzünü məhvə aparması təsiredicidir. Qiyamət hər
məqamda insana çağırış etsə də İnsan özünə gəlmir.Və insanın insana və
yer üzünə tutduğu divan zaman-zaman onun faciəsinə çevrilir. Bu gün
yaşadığımız koronavirus facəsi də məhz elə insanın yaratdığı fəsaddır.
Şeirin son bəndi onun məğzinin daha dərindən açılmasına imkan
yaradır.

Allah silkələyir düşüncələri,
Tərpədir altını, üstünü yerin,
Bəşər yada salmır haqqın cəzasın
Könüllü köləsi olduqca sərin.
Qiyamət özünü hey nişan verir,
Özünə gəl insan, dünya can verir.

Yaşantılarımızı bütün tamlığı ilə xatırladan bu poeziya nümunəsi əslində
dəyərli bir xəzinədir.
Təranə Məmmədin yaradıcılığında da koronavirus mövzusu maraq
doğurur. İnsanın səbəb olduğu təbiət hadisələri “insanın törətdiyi faciələrdi”
ideyasın verir.Yalnız çətin günündə tanrıdan imdad istəyən insanların
haqqa-ədalətə münasibəti yaşadığımız faciələrə yol açır. İnsanların bu
qədər qəddarlaşması Tanrı tərəfindən qəbul edilmir.

Deyir mən yaratdım səni, dedim; ol!
Demədim iblisə gedib qardaş ol.
Bu “taclı vahimə” günahlarındır,
Özün qazanmısan, özün xilas ol!

Deyə fəryad edən şairə insanları haqqa-ədalətə çağırır.
Nizami Muradın isə “Evdə qal”, “Ay virus” şeirləri satrik üslubda yazılıb.Evdə qalmaq əladı deyə şair millətin yaşantıların diqqətə çatdırmaqla, yaşanan çətinlikləri də yumorlu ifadələrlə dilə gətirir.

Dövlət verir maaşını,
Gözdən çıxart daş-başını,
Al önünə yoldaşını,
Otur, kişi, evdə qal.
Var yeməyin, işməyin,
Əksik deyil heç nəyin.

Karonavirus dövrünün altı aya qədər uzanması insanların maddi v mənəvi
sıxıntılarının artması Nizami Muradın şeirində əksin tapmışdır.

Rəsmiyyə Sabirin mahnı sözləri üzərində kökləmiş misraları bir az
koronavirus faciəsini belə demək mümkünsə yumşaltmağa, birlikdə bu
faciəni aşmağa nail olmağa səsləyir. Virtual aləmin bu işdə insana köməklik
edə bilməsində görən şairə evdə qalmaqla bu mübarizə aparmaq kimi
fikirləri dəstəkləyir. “Korona” adlı şeirində

Evdə qal, xilas eylə,
Başqasını, özünü.
Sən virtual aləmdən,
Söylə ürək sözünü.
Biz birlikdə güclüyük!
Biz hər zaman həmrəyik!

Bu tipli şeirlərin də çətin zamanlarda böyük əhəmiyyəti var. Təbii ki, uzun
zaman ərzində ev şəraitində psixoloji durumları zəifləyən insanlarda bir az
da olsun əhval-ruhiyyəni qaldırmaq ədəbiyyatın və incəsənətin üzərinə
düçən vəzifələrdən biridir.
Elza Məmməd isə “Koronavirus” şeirində yaşadığımız faciənin adət-
ənənəmiz olan xeyir və şər məclislərinə təsirindən bəhs edir. Hər zaman toy
məclisi ilə seçilən bu xalqın son aylardakı az qala unudulan adətlərimizin
gözəlliyi vurğulanır. Şair çox təssüf hissi ilə o günlərin daha yaşana
bilməməsini poetikləşdirir.Misralarada toy adətlərimizin ən gözəli sayılan
“Toy qapısında qırmızı xaranın asılması” adətimizi xatırladır.

Obada nə düyün, nə də ki, toy var,
Qırmızı xaraya həsrət qapılar,
Sevənlər nə qədər ayrı qaldılar,
Bumuydu niyyətin təzəcə virus,
Nədir günahımız , ay koronavirus?

Xeyir adətlərimizin unudulmağa doğru getməsindən narahatlıq keçirən
şairə hüzür günlərimizin qeyd edilməməsinə də eyni dərəcədə üzülür və ən
çox da itki verən insanın bir-birinə olan ehtiyacını dilə gətirir. Müəllif toy
mərasimində toy qapısı obrazını xatırlatdığı kimi cənaza qapısının da bağlı
qalmasını ürək ağrısı ilə diqqətə çatdırır.

Cənazə qapısı bağlı qalıbdır,
Qurana, fatihəyə həsrət olubdur,
Analar saçını gizlin yolubdur,
Bu qədər iztirab, olarmı,virus?
Nədir, günahımız, ay koronavirus?


Dünyada tüğyan edən bu virusun böyük bəlaya çevrilməsi mövzusu ədəbiyyatda hələ də davam edir.Çox təbii ki, bu faciənin həlli ədəbiyyatdan getmədiyi halda amma insan psixologiyasına və mənəvi zərbələrə bu nümunələr az da olsa təsir göstərir. Mübarizə aparmaqda və mənəvi qalibiyyətə yollara işıq sala bilən poeziya bu çətin aylarda öz köməyini əsirgəmir.

turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Fərdi duyumun poetik ilməsi - poeziyanın Ağsəsi

Fərdi duyumun poetik ilməsi - poeziyanın Ağsəsi

Humanitar elmlər
DÜNYA TARİXİNİN MÜALİCƏSİZ PANDEMİYASI

DÜNYA TARİXİNİN MÜALİCƏSİZ PANDEMİYASI

"Şərqin səsi", Köşə yazılar
İnsan ağlının gücü və gücsüzlüyü

İnsan ağlının gücü və gücsüzlüyü

Köşə yazılar
HƏKİM-ŞAİRƏ SOLMAZ QƏRİBELLƏ ONLAYN MÜSAHİBƏ

HƏKİM-ŞAİRƏ SOLMAZ QƏRİBELLƏ ONLAYN MÜSAHİBƏ

Rusiya, Diaspora, Köşə yazılar
Ömrün günortasını yaşayan şair

Ömrün günortasını yaşayan şair

Ədəbi əlaqələr
Ədəbiyyatşünas-alim, Əməkdar müəllim və istedadlı şair Xanəli Kərimli!

Ədəbiyyatşünas-alim, Əməkdar müəllim və istedadlı şair Xanəli Kərimli!

Naxçıvan, Elm
Mütəxəssisdən TÖVSİYƏ: Bayram vaxtı qonaqlığa getməyin, səfərləri təxirə sa ...

Mütəxəssisdən TÖVSİYƏ: Bayram vaxtı qonaqlığa getməyin, səfərləri təxirə sa ...

Səhiyyə
BAYRAM İSGƏNDƏRLİNİN MƏNSUR ŞEİRLƏRİNDƏ İCTİMAİ-SİYASİ, MƏHƏBBƏT VƏ TƏBİƏT  ...

BAYRAM İSGƏNDƏRLİNİN MƏNSUR ŞEİRLƏRİNDƏ İCTİMAİ-SİYASİ, MƏHƏBBƏT VƏ TƏBİƏT ...

Naxçıvan, Elmi Məqalələr
Hamı xəbərdardı - Xəbərin olsun...

Hamı xəbərdardı - Xəbərin olsun...

Knyaz Aslan, Ədəbiyyatşunaslıq, Başkeçid
Professor Salidə ŞƏRİFOVA:

Professor Salidə ŞƏRİFOVA: "Xalidə Nurayın vətənpərvərlik poeziyası"

Humanitar elmlər, Elmi Məqalələr
Rənglərin hormoniyası

Rənglərin hormoniyası

Mədəniyyət
Emil RASİMOĞLU:

Emil RASİMOĞLU:"Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır. ...

Ədəbiyyat
Poetik duyğuların zərif və səmimi ifadəsi

Poetik duyğuların zərif və səmimi ifadəsi

Humanitar elmlər, Ədəbi tənqid, Bədii Tərcümə
Həyatımızdakı “SON”lar

Həyatımızdakı “SON”lar

Publisistika, Müsabiqə
GEDİN DEYİN ANAMA...

GEDİN DEYİN ANAMA...

Ədəbi tənqid, Qarayazı
“Sağlamlığın Qorunması” İctimai Birliyi ölkə başçısının çağırışına dəstək v ...

“Sağlamlığın Qorunması” İctimai Birliyi ölkə başçısının çağırışına dəstək v ...

QHT
Bədirxan Əhmədli:  BUGÜNÜN VƏ GƏLƏCƏYİN POEZİYASI

Bədirxan Əhmədli: BUGÜNÜN VƏ GƏLƏCƏYİN POEZİYASI

Ədəbiyyat, Ədəbiyyatşunaslıq
ŞƏRƏFLİ PEŞƏNİN SAHİBLƏRİ

ŞƏRƏFLİ PEŞƏNİN SAHİBLƏRİ

Səhiyyə, "Elm və Təhsil"
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı:

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatı: "Daha 50 nəfər müa ...

Azərbaycan, Səhiyyə
Çıxış yolu intiharda deyil, imandadır

Çıxış yolu intiharda deyil, imandadır

Köşə yazılar
Rəy yazın: