Yeri gəlmişkən qeyd eləyim ki, Nəsimi haqqında bir çox bədii əsərlər yazılmışdır. Nəsirdə ən böyük əsər İsa Hüseyinovun “Məhşər” romanıdır. Nəzmdə isə Əli Kərimin 1969-cu ildə yazdığı “Şəhidliyin zirvəsi” kiçik poeması, 1972-1973cü ildə Xalq şairi Rəsul Rzanın yazdığı “Son gecə” poeması və onlarca şeirlər ədəbiyyatımızda özünəməxsus yer tutmaqdadır. O dövrdə Azərbaycan Respublikasının Birinci Katibi olmuş Heydər Əliyevin də bu məsələdə böyük və danılmaz xidmətləri vardır. 1970-ci ildə Suriyada səfərdə olarkən Nəsiminin qəbrini ziyarət edən H.Əliyev məzarlığın abadlaşdırılması üçün göstəriş vermişdir. Məhz onun təşəbbüsü ilə Nəsiminin 600 illik yubleyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd edilmişdi. Bütün bunlardan sonra həm ölkə daxilində, həm də beynəlxaq aləmdə Nəsimiyə, onun yaradıcılığına, həyatına, fəaliyyətinə, təriqətinə maraq xeyli artmışdı. Haqqında tədqiqat xarekterli məqalələr, elmi əsərlər yazılmışdı.
Nəsimiyə həsr olunmuş poemalar içərisində Qabilin “Nəsimi”si həm həcminə (on iki min misradı), həm obrazlar qaleriyasına, həm də təsvir, tərənnüm olunan ərazi-ölkələr, şəhərlər baxımından çox fərqlənir. Akademik Bəkir Nəbiyev qeyd edir ki, “Əvvəlcə poema kimi düşünülmüş “Nəsimi” bu janrın hüdud və imkanlarını aşıb keçmiş, orjinal mənzum roman kimi ədəbiyyatımızın qiymətli nümunələri sırasına daxil olmuşdur”.
Poema üç hissədən və altmış səkkiz başlıqdan ibarətdir.
Əsər “Heyrət” adı ilə başlayır. Bu, on dördüncü əsr şairinin iyirminci əsr şairinə müraciətidir.
Nəsimi heyrətlə, eyni zamanda minnətdarlıqla soruşur:
Tarixin tilsimli yollarıynan sən,
De görüm yanıma necə gəlmisən?
On dördüncü əsrin şairi öz əqidəsini də qısa şəkildə belə açıqlayır:
Mən özümdə tapdım öz allahımı,
“Ənəlhəq” söylədim gizlin, aşikar!
...Mən yollara çıxdım bu etiqadla,
“İnsanam – allaham”, dedim inadla!
Əsər Nəsiminin saralıb batan Günəşindən sonra qızaran dan yeri, açılan sabahlarına çevrilərək onun əbədi yaşamasına işıq salır. Nəsimi bu əsərlə həm də yeni və əbədi bir ömür qazanıb.
İkinci başlıq “Qiymət” adlanır və burada Qabil Nəsiminin heyrətinə elə heyrətlə cavab verir:
Mənim şair babam, sənə qiyməti,
Bir nəfər verməyir, bir millət verir!
Sonrakı “Şahi Xəndan”, “Hüseyini”, “Mən tək qaldım” və s. birinci hissədə cəmi on iki başlıq altında Nəsimi öz uşaqlıq və mədrəsə illərindən danışır. Poema bəzi istisnalarla Nəsiminin öz dilindən söylənilir. Əsər eyni sujet xətti üzrə gedir. O, ata-anasını tez itirməsindən, uşaqlığından ona qardaşı Şahi Xəndanın baxmasından, lakin onun da tez ölümündən, tək qalmasından bəhs edir. Bütün bu çətinliklərə rəğmən Nəsimi dini təhsil alaraq mədrəsəni bitirir.
Xalq şairi Nəriman Həsənzadə “Hünərin tərənnümü” adlı məqaləsində yazır: ”Şair Qabil İmamverdiyev belə bir çətin mövzunun poetik tədqiqinə girişdi, xalqımıza qiymətli hədiyyə verdi. On il bu əsər üzərində işlədi.” Demək, Qabil bu əsəri yazmaq üçün tarixi məxəzlərnən yanaşı, Şamaxıdan başlamış Nəsiminin keçdiyi bütün yolları, əraziləri – şəhərləri, ölkələri,qalaları, qəsrləri qarış-qarış gəzmiş və bu yerlərə Nəsiminin gözüylə baxmış, onun diliylə təsvir-tərənnüm etmişdir.
Nəriman Həsənzadə daha sonra yazır: “Ədəbi-tarixi əsərlər, adətən, müasirlik baxımından yaradılır, bu baxımdan da qiymətləndirilir. Yazıçının tarixi eyni ilə köçürə bilmək, ya əksinə, onun üstündən xətt çəkmək haqqı yoxdur...Tarixçi yalnız keçmiş hadisələri danışırsa, şair olmuşlardan və ola biləcəklərdən də danışa bilər, həm də danışmalıdır. Odur ki, ədəbiyyat tarixə nisbətən daha geniş, daha fəlsəfi məna kəsb edir.”
Əsərin ikinci hissəsi “Şair sariban” adı ilə başlayır və Nəsiminin Şamaxıdan Bakıya gəlişini, burada Xanəgah – hürufi mərkəzini açmasını, onun fəaliyyətini əks etdirir.
İkinci hissənin sonu “Səməndər quşu” adlanır. Bu başlıq altında yüksək şeriyyətlə təsvir olunmuş hadisələr əsərin ən çox oxunaqlı, qürurverici və heyrətediləcək hssəsidir, desək, yanılmarıq. Təbrizin Şəhadət meydanı insan seliylə dolub daşır. Meydanın mərkəzində tonqal çatılıb.Tonqalın bir tərəfində əl-qolu bağlı Fatimə, yanında da nişanlısı Cavid dayanıb. Bir tərəfində isə cəlladlar - Qazi Nurullah, əlində fərman olan axund, əmir Zülfiqar və başqa ruhanilər qövsvarı düzülüblər.
Nurullahın təhqirli çıxışından, ölüm hökmünü oxuyandan sonra Fatiməyə son söz verilir. Fatimə çox sakit, qürurla, fəxrlə çıxış edir. Sanki öz toyunda tost deyir:
Yanımdadır nişanlım, meydan – toy otağımız…
Gəlinlik şamlarımdır hər şöləsi tonqalın.
Niyə sakit baxırsız, ay bizim qonağımız?
Qəhqəhə çəkin bax belə, durun, oynayın, çalın…
Elə bu zaman iki əl Fatiməni qaldırıb tonqala atır. Lakin qızı havada tutan əllər onun tonqala düşməsinin qarşısını alır. Meydanda hürufi fədailəri ilə dövlət adamları arasında böyük qarşıdurma yaranır:
Yarıldı meydan, qırıldı zəncir,
Kərən sındırar gücü birliyin.
Atlılar atından salındı bir-bir,
Yaman olurmuş öcü birliyin!
Demək, Nəsiminin xahişi, təşəbbüsü ilə Fatiməni tonqaldan xilas edən gənc hürufçu Fəda idi. Şair onları dərhal gecə ikən Ərdəbilə yola salır, özu isə dərviş paltarında Rum elinə yola düşür.
Akademik Bəkir Nəbiyev əsərin oxunaqlı olmasını belə izah edir: “Əsərin əsas müfəvəqiyyəti, heç şübhəsiz, orta əsrlərdə yaşamış böyük Azərbaycan humanisti, mübariz şair, cəfakeş insan İmadəddin Nəsiminin bədii surəti ilə bağlıdır. Qabilin Nəsimisi xalqın həyatı, ənənəsi, arzuları ilə qırılmaz tellərlə bağlı olan mütəffəkkir, ana dilli şerimizi yüksək mərhələyə qaldıran bənzərsiz sənətkardır.” Əlbəttə, əsərdə söhbət böyük Nəsimidən, onun bənzərsiz şeirlərindən, bütün qüvvəsilə xalqı, vətəni üçün bacardığını etməsindən, bununçün həyatını da təhlükəyə atmasından gedir. Lakin Qabilin də burda istedadı, bacarığı, əzmkarlığı, şeriyyəti danılmazdır. ”Allah Qabili elə bil məxsusi bir missiya ilə insanlar arasındakı nəcib, xeyirxah münasibətlərin generatoru, təşkilatçısı xəlq etmişdir.”-deyir akademik.
Şair Əlağa Kürçaylı isə əsərin oxunaqlı olmasını belə izah edir: “Qabilin rəvan şeriyyətlə təsvir və tərənnüm etdiyi hadisələr, fikirlər ona görə oxucunu fövrən öz təsiri altına sala bilir ki, hər misra , hər bənd, hər fəsil şair qəlbinin odu, atəşi ilə isinmiş, cilalanmışdır.” Eyni zamanda Ə.Kürçaylı haqlı olaraq həm də göstərir ki, “Məzmuna görə forma seçmək, formaya görə ifadə vasitələri tapmaq bacarığı “Nəsimi” poemasında Qabilin sənətkarlıq imkanlarını açıq-aydın nümaiş etdirir. Görünür, şair bütün məsuliyyəti ilə dərk etmişdir ki, onun əsərində söhbət ikinci dərəcəli məsələlərdən deyil, Nəsimidən, bugünkü ədəbi dilimizin banisindən, mütəfəkkir filosovdan, qəhrəmandan, ideya mücahidindən gedir”.
Əsərin üçüncü hissəsi Nəsiminin Konya səfəri ilə başlayır. Burada şəhərin təsviri xüsusilə diqqəti çəkir. Şair Konyanı Təbrizlə, Bakı ilə müqayisə edir:
Təbriz enişidir elə bil eniş,
Konya dirsəklənib dağ ətəyinə.
Qala divarları görünür diş-diş,
Bakıya dönürəm elə bil yenə.
Poemanın “Qalada bir quyu var”, “Məhkəmə” başlıqları altında son fəsillərində Nəsiminin Hələbdə həbs edilməsi və məhəkəmə prosesi təsvir olunub. Həbsdən sonra qırx ərşin quyuda saxlanılan Nəsimi özü - özünə burda – quyunun dibində bir “məhkəmə də qurur”:
Necə sığdın quyuya bəs,
Ey cahana sığışmayan?
Məkan oldu sənə məhbəs,
Ey məkana sığışmayan!
Sonra da şair “məhkəmədən qabaq bu nə məhkəmə?”- deyə gülümsəyərək, öz sulına özü cavab verir:
Cismim burda dustaq mənim,
Buxov mənim biləyimdə.
Ruhum azad, ancaq mənim
Sövdalarım ürəyimdə!!!
Baş bədəndən düşər ayrı,
Fikir başdan ayrı düşməz.
Lap olsa da gecə yarı,
Yer günəşdən ayrı düşməz! –
Bu “kimi misralarda oxucu onun daxili yeniməzliyinə, mənəvi saflığına inanır və təqdir edir”.
Əsərdə oxucunu heyrətə salan səhnələrdən biri də Nəsiminin məhkəmədə verilən suallara dəqiq, qəti və aydın cavablarıdır. “Sən allahın varlığını danıb, insana allah deyirsən!”- Niyə? Ruhanilərin iradına şairin cavabı:
Allaham, insana həyat verən mən,
Allaham, insana nicat verən mən.
İnsanam, insana gərək olan mən,
İnsanam, insana kömək olan mən!
Məlumdur ki, məhkəmədə Nəsimini edam etmək üçün tutarlı fakt tapa bilmirlər. Ruhanilərin canfəşanlığına baxmayaraq yerli hakimlər ona nə cəzası verməyi belə müəyyən edə bilmir. Əmir Yaşbək üzünü şairə tutaraq soruşur ki, tövbəyə izin verilsəydi onun cavabı nə olardı? Şairin cavabı yenə qəti və aydındır:
Oğurluq edənlər tövbə eləyər,
Səhv yola gedənlər tövbə eləyər,
Yaxşıya pis deyənlər tövbə eləyər,
Qızıla mis deyənlər tövbə eləyər,
Quru böhtançılar tövbə eləyər,
Qara yalançılar tövbə eləyər…
Bəs mənim tövbəmin nə olsun adı?
Hansı xəta çıxıb əlimdən, deyin?
Qəbul elədiyim bir etiqaddır,
Zorla hökm edirəm sizə mən, deyin?
Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırlı “İyirminci əsr Azərbaycan poeziyasında Nəsiminin bədii obrazı” adlı məqaləsində bu səhnəni Rəsul Rzanın “Son gecə” əsərində təsvir olunmuş eyni səhnə ilə müqayisə edir və göstərir ki, hər iki əsərdə cavablar eynidir. ”R.Rza Nəsiminin daxili yaşantılarını, düşüncələrini, duyğularını təqdim etməklə həm də onun əzəmətini təqdim edirdi.”- deyir alim.
R. Rzanın “Son gecə”sindəki Nəsimiyə eyni sözü zindan gözətçisi deyir: ”Tövbə et, günahlarından keçsinlər!” Nəsiminin cavabı burda bir qədər fərqlənir:
- Qoca!
Böyük həqiqətə,
Doğru sözümə tövbə deyimmi?
Hər yanda zülmü, səfaləti
Görən gözümə tövbə deyimmi?
… Mən deyirəm Allahın
Canlı təbəssümü
Sənsən, mənəm.
Allahın damlası insan özüdür,
İnsan düşüncəsi, doğru sözüdür…
Göründüyü kimi, müəyyən fərqlər də yox deyil. Qabilin Nəsimisi şəxsən özündən danışır. R.Rzanın Nəsimisi isə cəmiyyətdə gördüklərindən də bəhs edir.
Aygün Bağırlı məqaləsində başqa bir məsələni də xatırladıb, yada salır: “Biz Nəsimi haqqında yazılmış bədii əsərləri nəzərdən keçirdikcə şairin həm əfsanələşmiş, həm də gerçəkləri ifadə edən bədii obrazını görürük. Bəzi məqamlarda yalnışlıqlara da rast gəlindi ki, bu da sovet ədəbiyyatşunaslığının ictimaitə təqdim etdiyi Nəsimidir… XX əsrin bədii ədəbiyyatındakı Nəsimi elmi ədəbiyyatdakı Nəsimidən bir boy ucadır”.
Bəkir Nəbiyev də bununla bağlı yazıb: “Əsərlərindən çıxarılan güman və fərziyələri, diriykən soyulması barədə 600 ilin əfsanə tülünə bürünmüş deyimləri nəzərə almasaq, Nəsimi kimi bir dahinin müfəssəl həyat yolu haqqında elmdə heç bir sistemli məlumat yoxdur.”
Təbiidir ki, Sovet dönəmində ateist sovet cəmiyyəti şairin “Allah mənəm, allah mənim içimdədir” ifadələrini öz bildiyi kimi yozub, allahın yoxluğunu təsdiq etmək üçün bundan istifadə edib. Ancaq maraqlı cəhət odur ki, Nəsiminin “ALLAH yoxdur!” fikrini yalız elm adamları subut və təsdiq edib. Onun edamını da, sağ ikən diri-diri soyulmasını da Allahı inkar etməsi ilə bağlayıblar. Lakin bu alimlərlə eyni məkanda, eyni zaman çərçivəsində yaşamış yazarlarımız isə Nəsiminin təqib edilməsini, həbsini, edamının səbəblərini başqa yerdə aramışlar.
Bəkir Nəbiyev yazır: “Əsərdə Nəsiminin həyatına, tarixlərin yaddaşına əbədilik həkk olunmuş poetik irsinə çağdaşımız olan bir sənətkarın (Qabilin) aydın fərdi baxışı hakimdir… Mənzum romanda o, insanları maddi və mənəvi buxovlardan azad görmək uğrunda həyatını qurban verən bir əqidə adamı, dostluqda, sevgidə dəyanətlə ürəkləri riqqətə gətirən fədakar bir aşiq kimi canlanır.”
Nəriman Həsənzadə: “Nəsimi ideya fədaisi, ardıcıl təbliğatçı, yorulmaz hürufi xadimi, gözəl şairdir”. Və ya: “O, insanın varlığı, insanlıq ləyaqəti uğrunda vuruşurdu. Nəsiminin hər kəlamı insanın böyüklüyü, mənəvi yüksəkliyi haqqında deyilmiş nəğmə təsiri bağışlayır.”
Ə.Kürçaylı:” Poemada Nəsimi filosof- mütəfəkkirdir. Onun fikrincə insanilik kamilliyin ali nöqtəsidir. Mənəvi və cismani azadlıq olmadıqda isə kamillik mümkün deyildir”.
Demək, Nəsimi allahsız deyildi, ən azından o dövrün dini mədrəsəsini bitirmişdi. Şair insanı allaha bərabər tuturdu. Çünki allah yaradandı, yoxdan var edəndi. İnsan da yaradıcıdır. Fərq böyük deyil. Əlbəttə, burda söhbət kamil insandan, hərtərəfli inkişaf etmiş alimdən, şairdən, müttəfəkkirdən gedirdi. Nəsimi insanları iki qurupa bölürdü: kamil insan, cahil insan. Birincilər qurub- yaradanlardısa, ikincilər vurub dağıdanlardı. Cəmiyyət o vaxt inkişaf edəcək ki, kamil insanlar çox olsun. Ən böyük mübarizə kamilin cahillə mübarizəsi və qalib gəlməsidir,- deyirdi Nəsimi.
Nəsiminin dinə, onun ayinlərinə qarşı çıxmasının bir mədəni vardı. Tarixən bir çox sahələrdə olduğu kimi dində də qabarmalar, çəkilmələr olub. Müəyyən dönəmlərdə, daha dəqiq desək, orta əsrlərdə din, din xadimləri dövlətin, cəmiyyətin idarəsini öz əllərinə alaraq onu allahın adı ilə, dini qanunlarla idarə ediblər. Bu qanunlar isə Allahın müqəddəs kitablarından çox uzaqlaşmışdı.Təbii ki, qanunları feodallar, ruhanilər özlərinə sərf edən formada yazmışdılar. Bu da cəmiyyətin elmi- ədəbi, mənəvi, sosial-iktisadi inkişafında fiziki buxova çevrilmişdi. Orta əsrlərdə bütün dünya dövlətlərində dini, inkvizisiya məhkəmələrinin verdiyi cəzalar: diri-diri tonqalda yandırmaq, dərisini soymaq, şaqqalayıb şəhər darvazası önündən, böyük meydanlardan asmaq, daş-qalaq etmək, kəndirlə millətin, xaiqın gözü qarşısında dirəkdən asmaq və s. Böyük şair, mütəfəkkir, kamil insan olan Nəsimi təbii ki, bu qanunlara qarşı çıxacaqdı. Allahın adından verilən bu qanunlara qarşı çıxan Nəsimi deyir: ”Allah mənəm, həqq məndədir!” Həqiqət mənəm – insandır! Qanunları da insan yaratmalıdır. Yəqin ki, bu həqiqət, iş başında olan ruhanilərin öz “həqiqətlərinə” zərbə vurduğundan, onları bərk qıcıqlandırıb qəzəbləndirəcəkdi, dini məhkəmələr də öz sözünü dini qanunlarla, vəhşi cəzalarla yerinə yetirəcəgdi və yetirdi də. Diri-diri soyulan tək Nəsimi deyildi. Bu cəzalar Nəsimiyə qədər də çoxlarına verilmişdi. Tonqalda yandırılan alimlər, həkimlər, müəllimlər azmı olub? Mən Nəsiminin həyatını astronom, filosof, şair, yazıçı Cordano Brunonun həyatı ilə müqayisə edərdim. Günəşin Yer ətrafında yox, Yerin Günəş ətrafında fırlanmasını kəşf edən alimin cəzası tonqalda diri-diri, kitabları ilə birgə yandırılmaq olmadımı? Nəsimidən bir əsr sonra İtalyanın Neapol şəhərində dünyaya gələn (1548-1600) C. Bruno da on beş yaşında dini təhsil almaq üçün monastra qoyulmuşdur. Lakin burda rahib həyatı yaşayan yeniyetmə oğlan qanunların ağırlığına, mənasızlığına dözməyib ordan qaçmışdı. Bir müddət Romada yaşamış, dini qanunlara qarşı çıxış etməyə başlamışdı, lakin təqib edildiyindən ordan da Fransaya, daha sonra Almaniya, İngiltərə və Cexiyada yaşayıb elmi-bədii yaradıcılığını davam etdirmişdi. O, Çexiyada Kopernikin kitabları ilə tanış olur. Onun Günəş sistemi haqqında nəzəriyyəsini öyrənir və onu bir az da təkmilləşdirərək təbliğinə başlayır. Demək, C.Brunodan əvvəl bu nəzəriyyəni polyak alimi Kopernik kəşv etmişdi. Lakin Kopernik dini qanunlardan xəbərdar idi. Onu nə kimi cəza gözlədiyini də yaxşı bilirdi. Odur ki, alim ölümünə az qalmış, insulit keçirdiyi dönəmdə kitabını çap etdirir və dini məhkəmənin ağır cəzasından qurtarır. C. Brunodan sonra isə bu nəzəriyyəni Qaliley genişləndirib təsdiqləyir. Lakin o da dini məhkəmənin vəhşi cəzasından yaxa qurtarmaq üçün geri çəkilir və ömürlük ev düstaqlığı ilə canını qurtarır. C. Bruno isə Nəsimi kimi geri çəkilməyərək, nəzəriyyəsini hər yerdə təbliğ edir. Nəticədə on altı ildən sonra vətəninə dönən Bruno həbs edilir və diri-diri yandırılmaq cəzasını alır.
Bax, tarixçi alimlər bu həqiqətləri ortaya çıxarmaqda, o dövrə tarixi faktların gözü ilə baxmaqda, Nəsiminin də kimlərə, nələrə qarşı çıxdığına görə diri-diri soyulduğunu izah etməkdə gecikiblər. Bu missiyanı ədəbiyyat, yazarlar yerinə yetirib.
İndi dərc edilən bir çox məqalələrdə qeyd edilir ki, guya Nəsiminin diri-diri soyulması həqiqəti əks etdirmir. Xeyr, bu həqiqətdir. Çünki bu dövrün cəza qanunları yuxarıda sadaladıqlarımdır, onun da birini - diri-diri soyulmağı Nəsimiyə tədbiq ediblər.
Bir də bəzi məqalələrdə göstərilir ki, guya Nəsimi edam edilərkən kəlmeyi-şəadətini söyləyib. Bu fikir də məntikli deyil. Dini qanunlara, ruhanilərin özbaşınalığına qaşı çıxan, insanı qul adı ilə alıb-satan, onu istədiyi kimi işlədən, alçaldan, məhv edən, insanlığı öldürən qaydaları yüksək səslə kənd-kənd, şəhər-şəhər, ölkə-ölkə gəzib tənqid edən mütəffəkkir şair bunu etməzdi. Əgər edə bilsəydi elə əvvəldən, ona təklif olunanda ki, tövbə et, səni bağışlasınlar, onda bunu edərdi. Tövbə nə demək idi? Yəni səhv eləyib dini qanunlara qarşı çıxıb, indi onları olduğu kimi qəbul edir. Bu isə Nəsimiyə xas çəhət, xarakter deyildi.
Daha bir məsələ, tədqiqatçıların bir çoxu qeyd edir ki, şairin məşhur “Zahidin bir barmağını kəssən, dönüb həqdən qaçar” adlı şeiri ona məxsus deyil. Guya sonradan onu sevənlər-müridləri tərəfindən yazılıb. Çünki şeiri şair soyulduğu an, edam vaxtı söyləyib. Bu da, təbii ki, həmin vaxt yazılması mümkün deyildi. Amma şerin dəsti-xəttindən , üslubundan Nəsimiyə aid olduğunu bizdən əvvəl subut eləyiblər. Onda bu necə ola bilər? Gəlin məsələyə başqa yöndən yanaşaq. Axı Nəsimiyə qədər də yüzlərlə insan bu cəzanı almışdı, yəni dərisi soyulmuşdu. Şair bu qəzəlini özünə yox, məhz o insanlara həsr eləmişdi. Talehi elə gətirdi ki, eyni cəzanı ona da verdilər. Bəlkə də, şairə məhz bu cəzanın verilməsində şerin də müyyən qədər rolu, təsiri olmuşdu?! Hər halda, şeir əvvəlcədən yazılmışdı və edam vaxtı bu qəzəl yerinə düşdüyü üçün səslənmişdi. “Barmağını kəsmək” ifadəsi isə xalq sözüdür, indi də işlənir. Məsələn, filankəsin barmağını kəssən dünyanı dağıdar. Amma həlak olan şəhidləri heç düşünmür. Və ya, necə gülürdüsə barmağını kəssən belə xəbəri olmazdı. Az qala hər gün deyilən sözlərdi. Demək, şeirin əvvəlcədən yazılması fikri daha məntiqlidir, məncə.
Bildiyimiz kimi, əsəri Ulu Öndər yüksək qiymətləndirib və poema 1976-cı ildə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb.
Qabilin 70-illik yubileyində çıxış edən Heydər Əliyev deyir: “Qabilin Nəsimi haqqında yazdığı mənzum roman mənim yaxşı xatirimdədir. Doğrudan da, o, çox böyük iş idi və Qabil bu işi gördü. Bu, həqiqətən Dövlət Mükafatına layiq bir əsərdir. Çünki Nəsimi haqqında belə böyük, sanballı, dərin fəlsəfi fikirlə dolu olan mənzum roman yazmaq hər adamın, şairin, yazıçının işi deyil. Qabil bunun öhdəsindən gəldi”.
“Nəsimi” poemasının sonu “Eheyy” adlanır və bu Hələbdə Qabilin Nəsimi ilə xəyali görüşündən bəhs edir. Şair dünənki Hələblə bu günkü Hələbi müqayisə edir və arada olan böyük fərqi qürurla göstərir. Bu günkü Hələb sanki keçmişindən utanaraq onların yerinə Nəsiminin ruhundan üzr istəyir və onu qoynynda, qucağında beləcə əbədi olaraq saxlayır.
Hələb! Məkkəm mənim, mədinəm mənim!
Səndə Azərbaycan əmanəti var!
Deyə şair də bu isti, səmimi, xoş niyyətli Hələbi eyni səmimiliklə ürəkdən alqışlayıb və ona öz təşəkkürünü bildirir...
Bahar Bərdəli
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA N.Gəncəvi adına Ədəbiyyat institutu
turan.info.az
.