bir yubiley haqqında qeydlər
Portret, yaxud yubiley yazıları yazmaq mənim üçün çətindir, hətta çox; düşünürəm ki, elə hamı üçün. Ona görə ki, bir ömrü kiçik bir yazıya sığışdırmaq, həyatının bütün məqamlarını orada bütünlüklə ifadə edə bilmirsən, ömrün hansısa məqamları unudulur.
İllah da ki, həmin adam elm, sənət, mədəniyyət adamı ola. Sanki sənin yazdıqlarını hamı bilir, sən qeyri-adi heç nə demirsən. Filologiya elmləri doktoru, mədəniyyət(şünas) xadimi Adilxan Bayramovun yetmiş yaşını mən bu düşüncələrlə qarşılamalı olur, zəngin və mənalı ömürlüyünün çatdırılmasının çətinliyi qarşısında qalıram. Onu necə təqdim edim, vikipediyada olduğu kimi quru tərcümeyi-halını verim? Yox, bu, doğru olmaz, onsuz da onu tanıyanlar necə bir elmlər doktoru, ədəbiyyatşünas, alim olduğunu məndən yaxşı bilirlər, məqalələrini, əsərlərini oxuyublar, ünsiyyətdə olublar. O, bütün ömrünü elmə, sənətə, mədəniyyətə həsr edib. Yaxşısı budur, yaradıcılığının əsas istiqamətlərinə keçim; gördüyü işlərin mahiyyətini bütünlüklə olmasa da, mümkün olduğu qədər açmağa çalışım. Burada da tərəddüd keçirməli oluram; öncə ədəbiyyatşünaslıq, yoxsa mədəniyyətşünaslıq üzərində dayanım? Yaxşısı budur, ömürlüyünü önə çəkim, sonra yaradıcılıq və fəaliyyət istiqamətlərindən hər hansı biri üzərində dayanaram. Onsuz da qeyd etdiyim bu istiqamətlər onun fəaliyyətinin qoşa qanadıdır. Adilxan Bayramov- mədəniyyət, ədəbiyyatşünaslıq sahəsində fəaliyyəti və imzası cəmiyyətimizə yaxşı məlum olan ziyalılarımızdandır...
Adilxan Bayramov - 1949-cu il fevralın 19-da Borçalının Sadaxlı kəndində anadan olub. Orta məktəbdə oxuduğu illərdə ilk yaradıcılığa başlayıb. Məqalələri, şeirləri "Qələbə bayrağı" (Bolnisi rayonu), "Yeni Marneuli" (Marneuli rayonu) və "Sovet Gürcüstanı" qəzetlərində dərc edilirdi. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil alıb (1966-1971). Görkəmli ədəbiyyatşünas və dilçilərdən-Mir Cəlal, Əkbər Ağayev, Gülhüseyn Hüseynoğlu, Bəxtiyar Vahabzadə, Pənah Xəlilov, Cəlal Abdullayev, Vaqif Vəliyev, Muxtar Hüseynzadə, Əlövsət Abdullayev, Nəsir Məmmədov, Ağamusa Axundov, Fərhad Zeynalov, Tofiq Hacıyev, Aslan Aslanov kimi öz dövrünün böyk alim və şəxsiyyətlərdən dərs alıb və çox öyrənib. Akademik Tofiq Hacıyev diplom rəhbəri, professor Cəlal Abdullayev isə elmi rəhbəri və məsləhətçisi olublar. Universiteti bitirdikdən sonra bir neçə il doğma kəndi Sadaxlı orta məktəbində müəllim işləməsini nəzərə almasaq, ömrünü Azərbaycan mədəniyyətinə həsr edib. Bir müddət Səməd Vurğunun ev-muzeyində elmi işçi, şöbə müdiri, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi aparatında böyük inspektor, aparıcı inspektor, baş inspektor, baş idarənin rəis müavini, rəisi, aparat rəhbəri vəzifələrində çalışıb. Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində direktor müavini vəzifəsində işləyir. Bir sözlə, Adilxan müəllim mədəniyyətin içində olub, onun dilində danışıb və nəfəs alıb.
A.Bayramovun yaradıcılığının və fəaliyyətinin ikinci qolu ədəbiyyatşünaslıq elmidir. XX əsrin görkəmli şairi Səməd Vurğun yaradıcılığına həsr olunmuş namizədlik, sonra isə doktorluq dissertasiyası müdafiə edib. Onu da vurğulamaq lazımdır ki, həm namizədlik, həm də doktorluq işini S.Vurğuna həsr edən ikinci tədqiqatçıdır. Məlumdur ki, ilk dəfə şair B.Vahabzadə hər iki tədqiqat işini S.Vurğuna həsr etmişdi. Müxtəlif mövzularda - ədəbiyyatşünaslıq, ədəbiyyat tarixçiliyi, muzey işi, teatr sənəti, təsviri incəsənət və s. sahələrdə elmi, publisistik məqalələr yazmış, radio-televiziya verilişləri hazırlamışdır.
A.Bayramovun ömürlüyündən bu qısa notlar fəaliyyətinin açıq-aşkar mədəniyyət ağırlığını netləşdirir. Hərçənd irəlidə ədəbiyyatşünaslıq fəaliyyətinin də eyni ağırlıqda olduğunu görəcəyik. Hər halda mədəniyyət böyük anlayışdır (müəyyən mənada ədəbiyyat da bu anlayışın içindədir) və biz də notlarımıza buradan başlamağı məqsədəuyğun saydıq. Çünki mədəniyyət insanın yaratdığı (!), təbiət qədər vacib (! - mədəniyyətdən fərqli olaraq təbiəti insan yaratmamışdır) maddi və mənəvi dəyərlər sistemi, insan və cəmiyyət inkişafının çağdaş səviyyəsini əks etdirir. Əbəs yerə Hegel ona "insan tərəfindən yaradılan ikinci təbiət" adını verməyib. Mənsub olduğun xalq və millət tərəfindən yaradılmış maddi və mənəvi dəyərləri, sərvətləri qorumaq, tədqiq etmək ən ali dəyərləri özündə ehtiva edir. Deməli ki, özünü mənsub olduğu mədəniyyətə həsr edən ziyalı, alim bəri başdan elə həmin xalqın könlündə taxt qurmuş olur. Bu mənada bizim portret qəhrəmanımızı həmişə xalqın tarixi yaddaşının keşiyində durduğunu, onunla nəfəs aldığını, yaşadığını və yaşatdığını görürük. Yalnız keşiyində durmamış, həm də xalqın bu ayrılmaz sərvətini qiymətləndirmiş, tədqiq etmiş və elmi qənaətlərə gəlmişdir. Xalqımızın mədəniyyətinin öyrənilməsində dulusçuluq, xalçaçılıq, muzeyçilik, teatrla bağlı yazdığı elmi-nəzəri məqalələri mədəniyyətşünaslığın inkişafında müəyyən rolu oynamışdır. "Heydər Əliyev və muzeylərimiz" (1999), "Bakı muzeyləri" (şərikli - 2006), "Tariximiz, yaddaşımız, sərvətimiz" (2007), "Sənət, sənət məbədləri, sənət fədailəri" (2015) kitablarının, "Ədəbi-xatirə muzeyləri", "Tarix-diyarşünaslıq muzeyləri", "Teatr sənətimizin inkişafında Tiflis Azərbaycan teatrının rolu (1900-1920-ci illər)" adlı metodiki vəsaitlərin yazılmasında arxiv sənədləri, arqumentləşmə ilə yanaşı, özünün şəxsi müşahidələri və çoxillik iş təcrübəsi bu elmi-nəzəri irsi gələcək nəslə daşıyır. Xalqın qədimliyinin, mənşəyinin müəyyən edilməsində maddi və mənəvi mədəniyyət abidələri vasitəsilə də müəyyən etmək olur. A.Bayramov bir mədəniyyətşünas kimi, böyük vurğunluqla bu sərvətlərin toplanması, aktlaşdırılması və faktlaşdırılması işində yorulmadan səy göstərmişdir. Azərbaycan mədəniyyətini milli və ümumbəşəri sərvət hesab edən alim belə bir fikrində haqlıdır ki, hər bir xalqın mədəni irsi onun milli sərvətidir, eyni zamanda, həmin xalqın qabiliyyət və istedadının daşıyıcısı olmaqla onun tarixini özündə yaşadır. Xalqın özünə və başqalarına, ayrı-ayrı şəxsiyyətlərə, tarixində baş vermiş sosial siyasi hadisələrə münasibətinin formalaşmasında mədəni irs müstəsna əhəmiyyətə malikdir.
A.Bayramovun "Tariximiz...mədəniyyətimiz...", "Milli və ümumbəşəri sərvət", "Azərbaycan xalçası poeziyada", "Eksponatda yaşayan tarix", "Ədəbi xatirə muzeyləri", "Cansız əşya yaddaşa çevriləndə", "Muzeylərin tarixinə qısa səyahət", "Tablolarda yaşayan ömürlər" və s. məqalələrində yazdığı dulusçuluq, xalçaçılıq, muzeyçilik, eləcə də. hər hansı bir eksponatdan yazarkən canlı yaddaş kimi yanaşır, keçmişdə xalq tərəfindən yaradılan maddi və mənəvi sərvətləri fenomen olaraq dəyərləndirir. Onun qiymətləndirməsində muzeylər xalqın canlı yaddaşı, muzeydəki eksponatlar isə danışan dilidir. Muzeylərin varlığı xalqın keçmişini dünyaya tanıdır, onun qədimliyini sübut etdiyi kimi, gələcəyinə də təminat vermiş olur. M.F.Axundzadə, C.Məmmədquluzadə, A.Şaiq, C.Cabbarlı, S.Vurğun və b. ev muzeylərindən yazılan reportajlarda xalq yaddaşı aktlaşdırılır, müqəddəs sənət məbədlərinin əhəmiyyəti dəyərləndirilir. Dünyadakı anoloji Vilyam Şekspir, Valter Skot, Viktor Hüqo, Cek London, Ernest Hemenquey, A.S.Puşkin, M.Y.Lermantov, M.Qorki və b. muzeylərinin təcrübəsinə istinadlar milli muzeylərin təşkilində də ədəbiyyatla bağlı birliklər, poeziya dərnəklərinin yaradılması, sərgilər, kitab təqdimatı, mərasimlər, yubileylər, poeziya axşamları, konsertlərin keçirilməsi muzeylərə yeni həyat verməsi baxımından təqdirəlayiqdir. A.Bayramov bu zaman milli muzey qurucularını da yaddan çıxarmır; Ağakərim Şərifov, Əhməd Əfəndi Çələbizadə, Kazım Kazımzadə, Xalis Məmmədovun bu sahədəki xidmətlərini yüksək dəyərləndirir.
A.Bayramovun Azərbaycanın səhnə ustaları Mirzəli Abbasov, Mirzəxan Quliyev, Nadir İbrahimov, Əşrəf Yüzbaşov, Həbib Köçərlinski, İbrahim İsfahanlı, İsmayıl Həqqi, Abbas Qurbanov, Möhsün Sənani, Əli Qurbanov, Mustafa Mərdanov, Mirseyfəddin Kirmanşahlı, Panfiliya Tanailidi, Ələkbər Seyfi və b. haqqında yazıları unudulmuş aktyorlarımızın həyat və yaradıcılığına işıq tutur. Ə.Haqverdiyev, H.Ərəblinski, A.Şərifzadə, A.Tuqanov, Əbülfət Vəli, Seyid Şuşinski, Əziz Şərif və onlarla mədəniyyət xadimlərinin Tiflis həyatının və fəaliyyətinin naməlum səhifələri üzə çıxarılır. Bu araşdırmaların hər biri gələcək tədqiqatlar üçün zəngin faktoloji materiallar verir. Tiflis Azərbaycan teatrının yaranmasında və inkişafında böyük rolu olan, repressiya zamanı güllələnən İ.Həqqinin Azərbaycan mədəniyyətində gördüyü xidmətləri onun araşdırmalarında daha aydın dərk etmək olur: "O vaxtlar Şeytanbazar məhəlləsində azərbaycanlıların toplaşdığı "Auditoriya" ilə yanaşı, başqa bir mədəniyyət mərkəzi - qiraətxana da fəaliyyət göstərirdi. Burada yeni çap olunmuş qəzet və jurnalları oxumaq mümkün idi. Qiraətxana Bakı və Tiflisdə, habelə Türkiyə və Rusiyada çıxan qəzet və jurnalları alırdı".
Adilxan Bayramovu bir ədəbiyyatşünas kimi klassik alimlərin sırasına qoymaq olar. Tədqiq etdiyi sahəni, yaxud şəxsiyyəti sevərək tədqiq edir, araşdırmalarında faktoloji materiallarla nəzəri mülahizələri birləşdirə bilir. Heç zaman qiymətləndirmələrində ifrata varmır, obyektivliyi, həqiqəti hər şeydən üstün tutur. Klassik tədqiqatçların bir xüsusiyyəti də onun elmi yaradıcılıq istiqamətinə uyğun gəlir. O da daha çox hər hansı bir sahəni, yaxud şəxsiyyətin həyata və yaradıcılığını tədqiq etməkdir. Bu mənada A.Bayramovun elmi yaradıcılığının bütünlüklə S.Vurğuna həsr olunduğunu görmək olar. Tədqiqatçının həm namizədlik, həm də doktorluq dissertasiyası şairin yaradıcılığını bütün yönlərilə tədqiq edilir. Bu tədqiqatların nəticəsi olaraq, onun onlarla elmi məqaləsi, "Yaşayan ömür" (1990), "Vurğun ocağı" (1997), "Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik)" (1999), "Səməd Vurğun: milli və ümumbəşəri" (2006), "Səməd Vurğun: ömür yolu və yaradıcılığından səhifələr" (2015) adlı monoqrafiya və kitabları nəşr edilib. Səməd Vurğunun həyatı və fəaliyyəti ilə bağlı bir neçə radio-tamaşa, "Hürmüz və Əhrimən" poeması əsasında pyes hazırlamış, "Muğan" poemasının motivləri üzrə "Ceyran" televiziya filminin ssenarisini yazıb.
Məlumdur ki, klassiklərin yaradıcılığı hər zaman fasiləsiz araşdırma obyekti olur. S.Vurğun yaradıcılığının B.Vahabzadə ilə start götürən araşdırılmasında bir neçə nəsil iştirak etmiş, həyatını, sənətini, yaradıcılığını müxtəlif problemlər baxımından tədqiq etmişlər. A.Bayramov şairin yaradıcılığını araşdıran ən son ədəbiyyatşünaslardan biri kimi, otuz ilə qədər bir zaman məsafəsində vurğunşünaslıqda yeni bir səhifə açmışdır. Bu tədqiqatlarda sovet ədəbiyyatşünaslığının təqdim etdiyindən fərqli bir Səməd Vurğunun şair, dramaturq, ictimai xadim, vətəndaş obrazını görürük. Bu fərqlilik ona görə mümkün olmuşdur ki, tədqiqatçı faktlara və sənədlərə əsaslanmış, fikirlərini arqumentləşdirməyi bacarmışdır. Bu cəhətdən A.Bayramovun "Səməd Vurğun: millilik və ümumbəşərilik" mövzusunda yazdığı dissertasiya və eyniadlı monoqrafiya ədəbiyyatşünaslığımız zənginləşdirən tədqiqat əsərlərindəndir. Vaxtilə mənim də rəy verdiyim bu dissertasiyada şairin yaradıcılığına millilik və bəşərilik kontekstindən yanaşılır, elmi döviyyəyə əsərlərindən çap olunmamış parçalar, ixtisar edilmiş hissələr, arxiv sənədləri və yeni faktlar gətirilir, məqalə və məktublarından çıxış edərək yaradıcılığını qiymətləndirir. "Vaqif", "İnsan" pyesləri, "Komsomol poeması" və s. əsərləri ilə bağlı elmi qənaətləri çağdaş ədəbiyyatşünaslığımızı yetərincə təmsil edir. Xüsusilə, tədqiqatçının Gəray bəy obrazı, onun xarakteri və ədəbiyyatımızdakı tutduğu yeri və mövqeyi ilə bağlı fikirləri əsərdə müəllif mövqeyini dərk etməyə yönəlmişdir. "Vaqif" dramı: Şair və hökmdar problemi. Sənətkar faciəsinin inikası", "Mənzum roman və insan xarakterləri", "Müasir mövzu və insan problemi" və s. problemlərin işlənilməsində həm yanaşma, həm də elmi dövriyyə daxil edilən faktlar yeni nəticəyə gəlməyə əsas vermişdir. S.Vurğunun "Vaqif" dramında Qacarla Vaqifin qarşılaşması müxtəlif ədəbiyyatşünaslar tərəfindən müxtəlif cür interpretasiya olunmuşdu. Lakin A.Bayramov 37-ci ildə M.C.Bağırovla S.Vurğun arasında keçən bir dialoqa və qardaşı M.Vəkilovun xatirəsinə söykənərək bu hissənin yazımasının mənəvi, psixoloji cəhətlərini əsaslandırmışdır. Yaxud 37-ci il repressiyasını təhlil edərkən hadisələri faktoloji cəhətdən doğru araşdırır, məsələlərə yanaşmada obyektiv mövqe sərgiləyir. 1937-ci ili iyunun 10-12-də Yazıçılar İttifaqında olan məşhur yığıncağı təhlil edərkən də dövrü mətbuata və arxiv materiallarına istinad edərək bu yığıncaqdan bir az sonra S.Vurğunun həbsi barədə yazılı qərar çıxarılmışdı qənaətinə gəlir. Bu tədqiqata cəlb edilən sənədlərin birində S.Vurğunun dilindən deyilir: "...onlar (NKVD-A.B.) mənim "Azərbaycan" şeirimdən bərk yapışıblar. Başa düşə bilmirlər ki, bu şeir mənim həyatımın və bütün yaradıcılığımın bir mənasıdır, rəmzidir... Məndən ötrü ən müqəddəs məbəd Azərbaycandır. Ən doğma xalq isə Azərbaycan xalqıdır, onun dili və şeiri mənim vicdan səsimdir..."
S.Vurğun sənəti və şəxsiyyətini təhlil edərkən, bir məsələni xüsusi qeyd etmək lazımdır; indiki zamanda şairin yaradıcılığı siyasi gözlüklə oxunur və təhlil edilir. Bir qədər də dəqiqləşdirsək, ədəbi mühit bəzən şairin yaradıcılığını qiymətləndirərkən sovet ədəbiyyatşünaslığının təqdimatından çıxış edirlər. halbuki şairin yaradıcılığı uzun illər yanlış mövqedən təhlil edilmişdir. Bu mənada A.Bayramovun yeni yanaşması elmi-ideoloji baryeri aşır. Tədqiqatçının xidmətlərindən biri də arxivlərdən əldə etdiyi əlyazmalar əsasında şairin bəzi əsərlərini bütövləşdirir, sosrealizm kontekstində dərc edilməyən parçaları aşkarlayaraq bütövləşdirir. "Vaqif" pyesi və "Aslan qayası" poemasının naməlum parçaları onun hesabına əldə edilmiş, "İnsan" pyesinin daha mükəmməl variantını üzə çıxarılmışdır. Təbii ki, bu zaman elmi dövriyyəyə yeni faktlar gəlmişdir. A.Bayramov yalnız bununla işini bitmiş hesab etməmiş, bu faktlardan tədqiqatında istifadə etmişdir. "Azərbaycan" adlı epopeya yazması barədə şairin "Burada mənim vətənimin iki min illik tarixinin əsas mərhələləri öz əksini tapmışdır" sözlərindən yola çıxaraq "Aslan qayası" poemasının ixtisar edilməsi, sonnra isə hücumlar tədqiqatçının araşdırmasında arqumentlərlə təsdiq edilir. S.Vurğunun "İnsan" dramına hücumlar, "Böyük sənət məsələləri" və "Şairin hüquqları" məqalələrinin ideoloji basqılara məruz qalması və s. məsələlərdə şairə qarşı siyasi təzyiqlər faktların dili ilə aşkara çıxır. Bu bir həqiqətdir ki, təkcə S.Vurğun deyil, bütün klassiklərimizin həyatı, şəxsiyyəti, yaradıcılığı dəyişən zamana rəğmən, siyasi-ideoloji mövqedən deyil, sənət baxımından qiymətləndirilməlidir. Bu, ədəbiyyatşünaslığın metodoloji prinsiplərindən biridir. A.Bayramov da dəyərləndirmələrində həmişə bu metodoloji prinsipdən və faktlardan çıxış edir.
A.Bayramov bədii tərcümə ilə də məşğul olur, məşhur rus yazıçısı M. Bulqakovun "Morfi" hekayəsi əsasında səhnələşdirilmiş "Tövbə" pyesini Azərbaycan dilinə çevirib. Çoxsaylı elmi və elmi-metodiki məqalələri, habelə bədii və bədii-publisistik yazıları çap olunub. Elmi məcmuə və jurnallarda "Adilxan Bayramov", mətbuatda isə "A.Bayramqulu" və "A.Bayramquluoğlu" imzaları ilə müntəzəm bədii yazılar yazır.
Bir sözlə, arxada qoyduğu ömür mənalı həyat yaradıcılıq faktları ilə doludur.
Bu yaradıcılıq faktlarını bir sözlə belə ifadə etmək olar: yaddaş!
A.Bayramovun gördüyü işlər, yazdıqlarının hamısı yaddaşa köçür, gələcəyə körpü olur.
Yorulmadan, usanmadan məşğul olduğu bu müqəddəs işdə Adilxan müəllimə yeni uğurlar diləyirik...
Bədirxan ƏHMƏDLİ
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri,
filologiya elmləri doktoru, professor
turan.info.az
.