AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən turan.info.az-a bildiriblər ki, konfransı giriş sözü ilə institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli açaraq M.P.Vaqifin milli poeziyamızın və milli dilimizin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. O, realist poeziyanın və ümumiyyətlə, Azərbaycan ədəbiyyatının yeni mərhələsinin Vaqiflə başlandığını bildirib.
Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nı xatırladaraq, bu ələmətdar hadisənin ölkənin əksər təhsil və elmi müəssisələrində qeyd olunduğunu diqqətinə çatdırıb: “Vaqif poeziyamızı ümumxalq danışıq dilinə qovuşduran, onu xalq yaradıcılığı nümunələri ilə zənginləşdirən sənətkardır. Mürəkkəb, ziddiyyətli və keşməkeşli dövrdə yaşamasına baxmayaraq, xalqın şairi olmaq şərəfini ömrünün sonunadək ləyaqətlə qoruyub saxlamışdır”.
Plenar iclasda Paşa Kərimov “XVII-XIX əsrlər Azərbaycan poeziyasında qocalıq mövzusu”, institutun şöbə müdiri, fil.ü.e.d., professor Azadə Musabəyli “Vaqifin iki türkiyəli sələfinin Baki əlyazmaları”, Gəncə Dövlət Universitetinin dosenti, fil.ü.f.d. Afaq Yusifli “Könüldən könülə yollar görünür” və AMEA Folklor İnstitutunun böyük elmi işçisi Sahilə Sədnik qızı “Molla Pənah Vaqif yaradıcılığına aşıq ədəbiyyatının təsiri” mövzularında məruzə ilə çıxış ediblər.
Sonda tədbir iştirakçıları konfrans çərçivəsində təşkil olunmuş “Vaqif -100” mövzusunda sərgiyə baxış keçiriblər.
turan.info.az
.