Tədbirdə fəxri qonaq kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Akademiyasının müəllimləri Bayram Abdullayev və Aydın Bağırov da iştirak edib.
Nəsimi adına Dilçilik İnstitutundan İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü turan.info.az-a bildirib ki, seminarı giriş sözü ilə institutun direktoru AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu açıb. O, tədbir iştirakçılarını salamlayaraq, sözü Qədim dillər və mədəniyyətlər şöbəsinin müdiri professor İlhami Cəfərsoya verib.
“Müqəddəs torpaqlarda dini abidələrimiz: Sinay Alban perqamenti” mövzusunda çıxış edən İ.Cəfərsoy çıxışında maraqlı faktları diqqətə çatdırıb. O bildirib ki, “Albaniyanın din və dövlət xadimləri ilk orta əsrlərdən müqəddəs torpaqlarda – Sinay dağında, Yerusəlim ətrafında 30-dan artıq kilsə, monastır tikdirmiş, öz vəsaitləri hesabına kilsələri zəngin dini ədəbiyyatla təmin etmişdir. “Karaman” dastanı XVI əsrdə İtalyan dilinə tərcümə olunmuş, Venetsiya şəhərində nəşr edilmişdir. Biz zəngin dini və dünyəvi ədəbiyyatımızın çoxundan xəbərsizik. Mesrop Maştosun və Sunik yepiskopu Beniaminin tərtib etdikləri əlifba ilk alban əlifbası deyildir. Albanlar bundan əvvəl Akkad və Urartu mixi yazılarından istifadə etmişdilər. Bu barədə Kayseri şəhəri yaxınlığından tapılan Kültəpə mixi yazılarında və Urartu dövrü Atamxan, Alçalı, Göyçə gölü qaya yazılarında bilgilər var. Kültəpə mixi yazıları e.ö. XIV, Atamxan və Alçalı yazıları e.ö. IX-VIII əsrlərə aiddir.
Qəbul olunmuş konsepsiyaya görə, albanların adı ilk dəfə e.ö. 331-ci ildə Qavqamel döyüşü ilə bağlı çəkilir. Ancaq Kül təpə mixiyazılı kitabələri göstərir ki, albanlar Troyanın işğalından əvvəl hardasa Van gölü ilə Qafqaz dağları arasında yaşamış, boğazlar və Aralıq dənizi vasitəsilə ticarət etmişlər. O zaman metal pullar olmadığından Alban tacir icması ticarət sözdələşmələrini gümüş və bürünc külçələrlə aparırdı. Başqa bir dövlətdə ticarət icmasının olması o zaman üçün ticarət attaşesi deməkdir. Nəticə: e.ö. II minilliyin ortalarından Albaniya dövləti mövcud olmuşdur.
Ensiklopedik nəşrlərə inansaq, Alban əlifbası 52 hərf imiş. Matenadarandan, Mingəçevirdən və Sinay dağından tapılan yazılar göstərir ki, albanların əsas əlifbaları 36 və 38 hərfdən ibarət olmuşdur . 52 hərfdən ibarət əlifba ideyasını irəli atmaqda bizə dost olmayan ölkələrinin alimlərinin elmdən çox siyasi məqsədləri vardır.
Sinay perqamenti tam şəkildə bizə gəlib çatmamışdır. Gürcü çarı VI Vaxtanqın (1707-1737) əmri ilə ayrı-ayrı qəbilə-tayfa dillərində yazılmış salnamələr gürcü dilinə tərcümə olunmuş, sonra onların ilkin nüsxələri yandırılmışdır .
Çar Vaxtanqın əmrilə xarici ölkələrdəki kilsə salnamələrinin bəziləri pozulmuş, ancaq Sinay Alban perqamentinin bəzi səhifələrini yandırmaq mümkün olmamışdır. Çünki monastırın qorunması haqqında Məhəmməd peyğəmbərin sərəncamı var. Gürcü keşişləri mətni tam poza bilməmiş, perqamentin Alban mətni az da olsa, salamat qalmışdır”.
Sonda professor İlhami Cəfərsoy tədbir iştirakçılarının suallarını cavablandırıb.
turan.info.az
.