Məşhurlara sürətli oxumağı öyrədən insan

Məşhurlara sürətli oxumağı öyrədən insan
Türkiyədə məşhurlara sürətli oxumaq öyrədən insan - Muhsin Kadıoğlu və onun
“Anlayaraq Çok Hızlı Okuma Teknikləri” kitabı

Sürətli oxumaq metodları və onun müxtəlif məsələləri XX əsrin əvvəllərinə doğru Qərb dünyasının maraq dairəsinə çevrilməyə başlamışdı. Bu sahədə ilk kitablar da həmin dövrlərə təsadüf edir.

Yazılı mənbələrin, oxumaq ehtiyacının artması zaman problemi doğurduğu üçün güclü zəkalar da həmin problemi mümkün qədər həll etmək naminə yeni texnikalar axtarmağa başlayırlar. Türk dünyasında isə bu ilk addım İstanbul Texnik Universiteti Dənizçilik fakültəsi Dəniz Ulaştırma və İşlətmə Mühəndisliyi bölümünün əməkdaşı Dr.Muhsin Kadıoğluna məxsusdur. Araşdırmaçı yazarın 1989-cu ildə nəşr olunmuş “Anlayaraq Çok Hızlı Okuma Teknikləri” kitabı Türkiyədə, eləcə də bütün türk dünyası və müsəlman Şərqində sürətli oxumaq sahəsində ilk nümunə oldu. Böyük bir zəruriyyətdən doğan və cəmiyyətin bütün təbəqələri, çeşidli elm və peşə sahələrində çalışan insanlara yönəlmiş kitab çox qısa zaman içində böyük marağa səbəb olaraq, dəfələrlə yayınlanmış və ictimayət tərəfindən yüksək qiymətləndirilmişdir.

Kitabın ilk mühüm əhəmiyyəti türk insanına yönəlməsi idi. Qeyd etdiyimiz kimi, kitab yayınlanmadan öncə yarım əsr içində Qərb dünyasında sözügedən sahədə təşəbbüslər olmuş, əsərlər meydana çıxmışdır. Bütün bunları diqqətlə araşdıran M.Kadıoğlu çox önəmli bir məqama nəzər yetirmişdir. Əsərə yazdığı ön sözdə müəllif qeyd edir: “Sürətli oxumaq və tez qavramaq ümumbəşəri bir hadisədir. Lakin hər dilin özünəməxsus struktur özəlliklərinin olduğunu unutmadan Qərbdə inkişaf etdirilən sürətli oxumaq formalarından ana fikri oxumaq və atlayaraq sürətli oxumaq formalarının hamısı türk dilinə tətbiq edilə bilməz”. Təsadüfi deyil ki, M.Kadıoğlu türk dilinin quruluşuna uyğun hazırlanan anlayaraq sürətli oxuma sahəsindəki ilk kompyuter proqramını 1991-ci ildə formalaşdırmışdır.

M.Kadıoğlunun kitabı nəşr olunduğu gündən həm Türkiyə, həm də dünya informasiya vasitələrində yüksək dəyərləndirildi, haqqında onlarla rəylər yazıldı. “Anlayaraq Çok Hızlı Okuma Teknikləri” milli sərhədləri də aşaraq dünyada sözügedən sahənin əhəmiyyətli örnəyi kimi qəbul olundu. Təkcə onu qeyd etmək lazımdır ki, Avstraliya televiziyası M.Kadıoğlunun apardığı kurslardan reportajlar hazırlayaraq anlayaraq sürətli oxumaq sahəsindəki nümunələrlə ilk dəfə məhz burada tanış oldu. Kitabın əhəmiyyətli cəhətlərindən biri də elə bu məqamda meydana çıxır, M.Kadıoğlu da haqlı olaraq, öz əməyinin uğurlu nəticəsini “millətimizin gələcək əsrlərə hazırlıqlı olmağının aydın bir işarəsi” hesab edərək dünya insanına da açıq olan milli sərvətimiz kimi qiymətləndirmişdi.

Ölkə mətbuatı da M.Kadıoğlunun “Anlayaraq Çok Hızlı Okuma Teknikləri” kitabını yüksək qiymətləndirərək, onlarla yazı və məlumatlar yayınladı. “Bilim və Teknik” dərgisi 1990-cı il noyabr sayında yazırdı: “Anlayaraq Çok Hızlı Okuma Teknikləri”nin ən mühüm özəlliyi bu sahədə yayınlanan ilk və qənaətbəxş bir əsər olması səbəbi ilə böyük bir ehtiyaca cavab verməsidir”. Qısa bir zaman öncə bağlanan “Zaman” qəzeti isə 1993-cü ildə M.Kadıoğlunun “Anlayaraq Çok Hızlı Okuma Teknikləri” kitabının olduqca qısa bir zaman içində 4-cü nəşrinin hazırlanmasını həm bu sahədəki ehtiyac, həm də əsərin əhəmiyyəti ilə əlaqələndirirdi.

Bunlarla yanaşı,Türkiyənin ən çox oxunan həftəlik xəbər dərgisi “Aktüel”, ölkənin hər biri orta hesabla 500 mindən çox satılan “Hürriyet”, “Posta”, “Akşam” və yenə hər biri orta hesabla 100 min civarında satılan “Türkiye”, “Milli Gazete”, “Cumhuriyet”, “Dünya”, “Yeni Nesil”, “Yeni Şafak” ve uzun bir müddət əvvəl bağlanan “Tercüman” kimi mətbuat orqanlarında M.Kadıoğlunun kitabı geniş şəkildə təqdim olunur, dəyərləndirilir, bu sahədəki ehtiyacları qarşılayacaq mühüm bir mənbə kimi təqdim edilir, eyni zamanda, M.Kadıoğlunun sürətli oxumaq ilə bağlı keçirdiyi kurslar haqqında məlumatlar verilirdi.

Anlayaraq sürətli oxumaq informasiyaların artdığı bir dövrdə zamandan doğru və düzgün istifadə etməyə yönəlmiş ən vacib metodlar toplusudur. Çox sürətli oxumağı “yeni oxumaq” kimi dəyərləndirən M.Kadıoğlu illərlə hökm sürən “yavaş oxu, daha yaxşı anlarsan” sterotipini yıxaraq imkanlarımızı daha effektli idarə etmək yolunu göstərdi: “Müasir mədəniyyət səviyyəsinə yetməyə qərar verən və əzm göstərən türk insanı zamanı qənətlə istifadə etməlidir”.

“Anlayaraq Çok Hızlı Okuma Teknikləri” fərdi olaraq hər bir insanın oxumaq ehtiyaclarını müəyyən edərək, oxumaq qabiliyyətinin artırılması və eyni zamanda da, daha yaxşı anlamağa yardım göstərən metodları əhatə edir. Müəllifə görə, xüsusilə də, humanitar sahədə çalışanlar, tibb, hüquq, ədəbiyyat və digər sahələrin insanları anlayaraq sürətli oxumaq ehtiyacını hiss edirlər. Ümumiyyətlə isə oxuyan və oxumağı sevən hər bir insan “Anlayaraq Çok Hızlı Okuma Teknikləri” metodlarından bəhrələnərək zaman itkisinə son qoya bilər.

Abuturiyentlər və tələbələr isə, sözsüz ki, anlayaraq sürətli oxumağa ən çox ehtiyac duyan qruplardandır. Mətbuat sahəsində çalışanları da ayrıca qeyd etmək lazımdır. Hər gün onlarla mətnlər oxumaq ehtiyacı ilə üzləşən jurnalist və muxbirlər üçün anlayaraq sürətli oxumaq texnikasına bələd olmağın önəmi artıq hər kəsə bəllidir.

Muhsin Kadıoğlunun “Anlayaraq Çok Hızlı Okuma Teknikləri” kitabı müəllifin şəxsi təcrübələrinin yekununu ifadə edir. Müəllif uzun illər sürətli oxumaq sahəsində kurslar aparmış, burada iştirak edən, çox müxtəlif elm və peşə sahibləri, yaş qruplarını əhatə edən insanların nümayiş etdirdikləri nəticələri ümumiləşdirərək qənaətlər əldə etmişdir.

Surətli oxumaq gözün fiziki imkanlarını, ağıl və düşüncəni, cəldliyi, qavrama dərəcəsi və tezliyini birləşdirən bir sistemdir. Əslində çox mürəkkəb görünən bu imkan surətli oxumaq texnikalarına bələd olmaqla və tələb olunan məşqləri keçməklə əldə oluna bilər.

Muhsin Kadıoğlunun “Anlayaraq Çok Hızlı Okuma Teknikləri” kitabı 21 bölmədən ibarətdir. Bu bölmələrdə Türkiyədə sürətli oxumanın tarixi araşdırılmış, surətli oxuma anlayışı şərh edilmiş, oxumaq sürəti və anlamaq dərəcəsi arasındakı əlaqə, yavaş oxumaq vərdişlərini tərk etmək, gözün fiziki hərəkətlərinin sürətli oxumağa yönəldilməsi metodları, cəld görmək texnikaları, kəlmələrin sayına görə oxumaq üsulları, görərək və baxaraq oxumaq arasındakı fərq və münasibətlər, oxumaq formalarının tətbiq olunması məsələləri ardicil, sistemli formada və aydın şəkildə göstərilmişdir. Ayrıca olaraq oxumaq konsentrasiyasının artırılması, oxumaq prosesində diqqəti inkişaf etdirən testlər də bu tədqiqatın digər önəmli cəhətlərindəndir.

Sürətli oxumağın müxtəlif növləri – Ana fikir üçün oxumaq texnikaları, Göz gəzdirərək oxuma texnikaları, Atlayaraq sürətli oxumaq formaları da kitabın ayrı-ayrı bölümlərində ətraflı izahat və nümunələrlə yer almışdır. Anlayaraq sürətli oxumanın nəzəriyyəsini təqdim edən kitab göstərilən metodların əyani tətbiqi, məşğələlərdə iştirak edilməsi və kitaba əlavə edilmiş CD diskləri ilə birlikdə çox oxumaq ehtiyacında olan və zaman problemi hiss edən hərkəsə yardım etməkdədir.

“Hamı sürətli oxumağı öyrənə bilərmi?” sualına “ciddi göz xəstəliklıri olmayan hər kəs sürətli oxumağı öyrənə bilər” cavabını verən M.Kadıoğlu ayrı-ayrı yaş qruplarının sürətli oxumaq prosesindəki özəlliklərinə də diqqət yetirmişdir. Çünki bütün yaş səviyyəsində olan insanlar arasında sürətli oxumaq arzusu və ehtiyacı olanlar yer almaqdadır. Müəllif yazır: “Bizim təsbitlərimizə görə, ibtidai məktəb ikinci sinifdən etibarən uşaqlar sürətli oxumağı öyrənə bilərlər. İdeal sürətli oxumaq mərhələsi dördüncü sinifdən başlayır. Orta siniflər və universitet səviyyəsindəki tələbələr sürətli oxuma sahəsində son dərəcə müvəffəqiyyətli olmaqdadırlar. Sonrakı yaş qrupları da sürətli oxumağı öyrənə bilərlər”.

M.Kadıoğlu 60-65 yaş üzərindəki insanların göz problemlərinin daha tez-tez müşahidə olunmasını qeyd edərək sözügedən mərhələdə sürətli oxumaqda nəticənin daha aşağı olduğunu yazır.

“Anlayaraq Çok Hızlı Okuma Teknikləri” kitabının qeyd olunan konteksdə mühüm əhəmiyyəti odur ki, kitabda sürətli oxumaq texnikası göstərildiyi kimi, ona mane olan faktorlar, sürətli oxumaq prosesi üçün lazım gələn hazırlıq mərhələsi, başarı əldə etməyin yolları, daha öncəki mərhələdə əldə edilmiş yavaş oxumaq vərdişlərdən xilas olmaq üsulları aydın şəkildə göstərilmiş, ardıcıl, davamlı və sistemli çalışmalar sayəsində qazanılacaq uğurun dərəcəsi müyyən edilmişdir.

Kitabda verilən çoxsaylı cədvəllərdə ayrı-ayrı sahələrdə oxuyan və çalışan insanların sürətli oxumaq məşğələlərindən əldə etdikləri başarının səviyyəsi ölçülmüş, faizlər dəqiqliklə göstərilmişdir. Bu kitab sürətli oxumağı öyrənmək istəyənlər üçün ideal bir hazırlıq mərhələsidir. Təbii ki təcrübi yollar, məşğələlər, alınan kurslar nəzəri biliyi tamamlayır və məqsədə yetirir.

Muhsin Kadıoğlu sadəcə sürətli oxumağın deyil, anlayaraq sürətli oxumağın nəzəriyyə və təcrübəsini irəli sürür. “Oxumaq göz və beynin birlikdə gerçəkləşdirdiyi bir fəaliyyətdir, görən gözdür, oxuyan isə beyindir” deyən M.Kadıoğlu oxumağa təsir göstərən bir çox faktorları sadalayır. Bunlar hər birimizin gündəlik həyatda təsadüf etdiyimiz hallar olsada, sistemli şəkildə təsnif edildikdə sürətli oxumağa hazırlıq mərhələsində nədən xilas olmamız gərəkliyini daha aydın şəkildə görürük. Müəllifə görə, oxuduğumuz materiyalın anlaşıqlı olmaması, fikrimizi məşğul edən çeşidli problemlər, fiziki yorğunluq, göz qırpmalarının sürəti, yavaş oxumaq alışqanlıqlarını tərk edə bilməmək, dil və dodaqların iştirakı ilə səsli oxumaq kimi məsələlərdən xilas olmaqla sürətli oxumaq prosesinə keçmək mümkündür.

Sürətli oxumaq isə M.Kadıoğlunun fikrincə, “tamamilə elmi əsaslara dayanan, göz və beyin arasındakı münasibətləri sürətləndirən, diqqəti inkişaf etdirən ve konsentrasiyanı artıran bir oxumaq formasıdır”. Sürətli oxumanı müəllif görərək oxumaq və baxaraq oxumaq kimi iki növə də ayırmışdır. M.Kadıoğluna görə, görərək oxumaq daha çox elmi mətnlərə şamil edilirsə, baxaraq oxumaqdan nisbətən bəsit mətinlərdə istifadə etmək mümkündür. Bu iki əsas oxumaq tipindən başqa oriyentasiyalı oxumaq, selektiv oxumaq, paraqraf oxumaq, sütun oxumaq, çarpaz oxumaq kimi oxumaq şəkilləri də kitabda şərh olunmuşdur.

M.Kadıoğlunun kitabının ən maraqlı cəhətlərindən biri surətli oxumaq və surətli oxumamaq arasındakı fərqi əyani şəkildə göstərməklə birincinin əhəmiyyət və vacibliyini önə çəkməkdir. Müəllif apardığı müşahidələri ümumiləşdirərək belə bir qənaəti ifadə edir: “Anlayaraq sürətli oxumağı öyrənən və sürətli oxumaq texnikalarını dəqiqədə 800 kəlmə oxumaq sürətiylə istifadə edən bir oxucu dəqiqədə orta hesabla 4 səhifə və saatda da orta hesabla 240 səhifə oxuya bilər. Əlbəttə, bu oxumaq növündə bir saat fasiləsiz oxunulmur. Ən çox 15 dəqiqə, yəni 60 səhifə oxunur və o qədər zaman da fasilə edilir. Sonra təkrar oxumağa başlanıla bilər. Sürətli oxumaq texnikalarını bilməyən bir insan 240 səhifəlik bir romanı hər axşam 40 səhifə oxuyaraq altı gündə bitirə bilər. Eyni zamanda, bölmələr arasında başqa işlərlə məşğul olmaq lazım gəldiyi üçün anlamaq səviyyəsi də yüksək olmaz. Sürətli oxumaq texnikalarını yüksək səviyyədə öyrənən bir insan isə 240 səhifəlik romanı bir gecədə bitirir və yaxşı dərəcədə anlaya bilər”.

Zamandan maksimum israfsız istifadənin önəmi bu məqamda tam aydınlığı ilə ortaya çıxır. Kitabda sürətli oxumaq səviyyəsini, onun üçün lazım gələn şərtlərə doğru əməl olunub-olunmadığını müəyyənləşdirmək baxımından təqdim edilən suallar, testlər, sorğu-anketlər fərdi nəticələrin bəzi məqamlarını hesablamağa da imkan yaradır.

“Yavaş oxumaqla yaxşı anlayırıq” sterotipindən xilas olmaq üçün M.Kadıoğlu çox məntiqli izahatlar verir. Həqiqətən də cümlə sonuna qədər oxunmadıqca fikir anlaşılmadığına görə yavaş oxumağın anlamaqla zidd olduğunu dərk edə bilərik. Müəllif maraqlı müqayisə aparmışdır: “Gözlərinizin söz-söz oxumaq vərdişindən azad olması zehn aydınlığınıza yardım edəcəkdir. Bu durumu tərcüməçilərin tərcümələrində də asanlıqla müşahidə edə bilərsiniz. Xarici dildən söz-söz tərcümə edilərsə, yalnış tərcümə ortaya çıxar”. Kitabın məntiqi o qədər güclüdür ki, oxucu sürətli oxumağın zəruriliyini tam mənada dərk edir.

Oxumaq gözlə bağlı olduğu üçün sürətli oxumaqda gözün fiziki vəziyyəti, görmə qabiliyyəti, hərəkətləri çox vacibdir. Ona görə də M.Kadıoğlu qeyd edir ki, bu səbəblə əvvəlcə “gözün görmə sahəsinin genişləndirilməsi” əsas məşq olaraq təklif olunmaqdadır. Buna belə bir nümunə gətirmək mümkündür. Sürətli oxumaq texnikasını bilməyən bir insan “sürətli oxuyaq” kəlmələrini oxuyarkən gözləri yəqin ki, “s” və “ü” hərfləri arasına fokuslanmaqdadır. Bu göz duruşunda ikinci söz oxuna bilməz və ikinci sözə ayrıca bir baxış yönəltmək lazımdır. Belə vəziyyətdə gözə aid görmə sahələrinin sağda qalan hissəsi səmərəli istifadə olunmamaqda, boşluqda qalmaqdadır. Çünki gözümüz hər hansı bir nöqtəyə fokuslanırsa, sağdan və soldan bərabər sayda hərf görür. Halbuki sürətli oxumaq texnikalarını öyrənən bir insan “sürətli oxuyaq” ifadəsində gözünü “i” və “x” hərflərinin altına fokuslayar. Çünki bu iki kəlmədə toplu halda 13 hərf vardır. Aradakı boşluq ilə bütünlükdə genişlik 14 xarakterdir. Ona görə də göz sağında 7 və solunda 7 xarakter qalacaq şəkildə fokuslanmalıdır. Heç şübhəsiz ki, illərcə tək söz oxumaq vərdişinə alışmış gözlərin hər baxışda iki kəlmə oxuması, geniş sahəni görə bilməyə yönəlmiş məşqlər ilə mümkündür. Geniş sahəni görmək çalışmalarını da ən səmərəli şəkildə kompyuter proqramları vasitəsilə etmək mümkündür.

M.Kadıoğlunun fikrincə, gözlərini çəkmədən tək nöqtəyə fokuslanmaq şəklində iki sözü birdən oxumağı öyrənən insan “ritmik görmə” çalışması etməyə başlamalıdır. Çünki ilk iki sözü tək baxışda görüb oxuyan bir insan üçüncü və dördüncü sözləri də bir baxışda oxuya biləcəkdir. Yəni yavaş oxuyan bir oxucu sətirdə dörd söz olan bir mətni dörd göz hərəkəti ilə oxuduğu halda, sürətli oxumaq texnikalarını öyrənən bir insan dörd kəlmə olan bir sətri sadəcə iki göz hərəkəti ilə oxumaqdadır. Bu çalışma bir baxışda üç kəlmə oxumaq, bir baxışda dörd kəlmə oxumaq şəklində davam etdirilir. Görmə sahəsi kifayət qədər geniş olan insanlar bir baxışda ən çox beş söz oxuya bilərlər. Bu da orta hesabla on söz olan bir sətrin iki baxışla oxunması deməkdir.

Kitabın “Ritmik göz hərəkətləri texnikaları” bölməsi bu məsələyə həsr olunaraq, bir tərəfdən M.Kadıoğlunun kitabı yazarkən sahib olduğu intelektual səviyyədən xəbər verirsə, digər tərəfdən də anlayaraq sürətli oxumağın bir sintez sənəti olduğunu göstərir.

Kitabda verilən çalışmalar və sürətli oxumaq kurslarında keçilən məşğələlər birbaşa göz ritminin doğru və düzgün istifadəsinə yönəldilərək anlayaraq sürətli oxumağın təməl şərtləri kimi əsaslandırılır. Hərflər, rəqəmlər, hecalar və sözlər üzərində qurulmuş görmə metodları və texnikaları ardıcıl çalışmalar və məşqlər sayəsində uğurlu nəticəyə yol açır. Çünkü M.Kadıoğlunun yazdığı kimi “sürətli oxumada təməl nöqtə göz hərəkətlərinin kontrol altına alınmasıdır”. “Yavaş oxumada gözlər sətirdəki kəlmələr üzərində dayanırkən, sürətli oxumada gözün duruş nöqtəsi iki sətir arasındakı boşluqdadır” deyən müəllif kitabda təqdim etdiyi əyani nümunələr əsasında fikirini açıqlamışdır.

Anlayaraq sürətli oxumaq, ilk növbədə, qavrama qabiliyyətinə və faydalılığa yönəldiyi üçün “Anlayaraq Çok Hızlı Okuma Teknikləri” kitabında hafizə və diqqət məsələləri də kənarda qalmamışdır. Ona görə də kitabda hafizə və diqqəti artırmaq üçün verilən çalışmalar çox əhəmiyyətlidir. M.Kadıoğlunun bu sözləri isə, həqiqətən, düşünməyə vadar edir: “Diqqətinizi qüvvətləndirdiyinizdə sətirdəki bütün kəlmələr sizə oxşar görünər. Ağlınızı ciddi şəkildə xəbərdar etdikdə (stimullaşdırdıqda) gözləriniz ovunun qoxusunu alan, onu qovalayan və mütləq yaxalayan ovçunun gözləri kimidir. Yazarın bəlli bir mövzuda irəli sürdüyü fikirləri yaxalamaq üçün bu qabiliyyətə ehtiyac duyulur”. Müəllifə görə, əslində bu qabiliyyət hamıda mövcuddur, sadəcə onu ortaya çıxarmaq və məqsədə yönəltmək lazımdır. Qalabalıq içində gedən tanişlarımızı görə bilməyimizi M.Kadıoğlu sözgedən məsələyə maraqlı nümunə kimi qeyd edir.

Muhsin Kadıoğlunun “Anlayaraq Çok Hızlı Okuma Teknikləri” kitabının təqdim etdiyi bütün metod və texnikaları sürətli oxumaq və anlamağın vəhdətinə yönəlmişdir. “Görmək və anlamaq oxumaq hadisəsinin iki önəmli pilləsidir. Bu iki xüsusiyyət insanda eyni nisbətdə vəhdətdə olmalıdır” deyən müəllif kitabın son bölümlərindən birində yenə də sözügedən məsələni ümumiləşdirmişdir.

Anlayaraq sürətli oxumaq XX əsrin hadisəsidir. XXI əsrdəbu metodlara ehtiyac günü-gündən daha da artır. Səsli informasiya yollarının inkişafı belə yazılı mətnləri oxumaq ehtiyacını azaltmayıb. “Dəqiqədə orta hesabla 600 söz oxumağı öyrənsəniz, 300 səhifəlik bir əsərdə verilən məlumatları 107 dəqiqədə tam oxumanız və anlamanız mümkündür” deyən M.Kadıoğlu anlayaraq sürətli oxumanın verdiyi imkanları konkret faktlar əsasında göstərir.

Muhsin Kadıoğlunun “Anlayaraq Çok Hızlı Okuma Teknikləri” kitabı sürətli oxuma metodlarını ve texnikalarını, onun nəzəriyyəsini təqdim edir, bu kitabın tam anlaşılması və anlayaraq sürətli oxumaq vərdişlərini əldə etmək üçün isə əyani şəkildə kurslarda iştirak etmək, məşğələləri ardıcıl həyata keçirmək lazımdır. Buna kömək məqsədilə Muhsin Kadıoğlu Türkiyədə ilk dəfə www.hizlioku.org saytını da hazırlamışdır.

Oxumaq böyük bir mədəniyyətdir. Oxumaq sənəti isə bu kültürün sütunlarını təşkil edir. Muhsin Kadıoğlunun “Anlayaraq Çok Hızlı Okuma Teknikləri” kitabı anlayaraq sürətli oxumaq metodlarını öyrətməklə oxumaq sənətinə yiyələnmək, oxuma kültürünü inkişaf etdirməyə yardım edir. Bu kitab Türkiyədə və bütün türk dünyasında ilk təşəbbüs idi. Ondan sonra yazılmış bütün kitablarda sözügedən mənbənin böyük təsiri vardır. Bu sahədə yeni kitabların meydana gəlməsi, kompyuter proqramlarının hazırlanması M.Kadıoğlunun elə kitabın yazıldığı dövrdən də arzusu idi: “Bu kitab bir Türk qələmindən Türkiyədə və türk dünyasında sürətli oxuma məsələsini şərh edən, tətbiq sahəsi ilə anlayaraq sürətli oxumağı hədəfləyən sözügedən sahədəki ilk kitabdır. Könlüm bu sahədə daha çox araşdırmaların yazılmasın istəyir”.

M.Kadıoğlu indi Türkiyə Böyük Millət Məclisi Başkanı olan AK Partiyasından İslanbul millət vəkili seçilmiş İsmail Qəhrəmanın başçılıq etdiyi Birlik Vəqfində 18 il ardıcıl sürətli oxumaq kursları aparmışdır. Bu kurslarda Türkiyənin tanınmış siyasət, sənət və kültür insanları da iştirak etmişlər.

Qısa bir zaman içində Muhsin Kadıoğlunun əsrin dörddə birini aşan sürətli oxumaq təcrübəsi Azərbaycan oxucularının da istifadəsinə təqdim ediləcəkdir.

Bəsirə ƏZİZƏLİYEVA
Filologiya üzrə fəlsəfə doktoru, dosent
turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Kitab oxumaq bizə nə qazandırır ?

Kitab oxumaq bizə nə qazandırır ?

Borçalı, Köşə yazılar
Axı kitab oxumaq mədəniyyətdir!

Axı kitab oxumaq mədəniyyətdir!

Təhsil, Mədəniyyət
TƏBRİK EDİRİK, HAVAR MÜƏLLİM!...

TƏBRİK EDİRİK, HAVAR MÜƏLLİM!...

BMU, AzTU, Təbriklər
Bikə xanım Mursaqulova və onun əri Camal Əliyev haqqında kimdə ətraflı məlu ...

Bikə xanım Mursaqulova və onun əri Camal Əliyev haqqında kimdə ətraflı məlu ...

Tiflis, Borçalı, Elanlar
Elida MUXAYEVA: Ruhumuzun  zəhərinə çevrilən musiqilər

Elida MUXAYEVA: Ruhumuzun zəhərinə çevrilən musiqilər

Publisistika, Köşə yazılar
Gömrük Akademiyasının əməkdaşının məqaləsi Türkiyənin rəsmi xəbər agentliyi ...

Gömrük Akademiyasının əməkdaşının məqaləsi Türkiyənin rəsmi xəbər agentliyi ...

Yeni nəşrlər, Turan

"Motivasiya həddən çox önəmlidir... Və... İnsanlar özlərinə sual verməlidi ...

İqtisadiyyat, Reklamlar
Milli varlığımız - Azərbaycan dili

Milli varlığımız - Azərbaycan dili

Regionlar, Məktəblər, Köşə yazılar
Eltən Qədimbəyli: Bilgi kutsaldır

Eltən Qədimbəyli: Bilgi kutsaldır

Köşə yazılar
ADNSU rektoru Çinin Neft Universitetinin nümayəndə heyəti ilə görüşüb

ADNSU rektoru Çinin Neft Universitetinin nümayəndə heyəti ilə görüşüb

ADNSU
AzTU-da “Elmin sürət qatarı” layihəsinin təqdimatı olub

AzTU-da “Elmin sürət qatarı” layihəsinin təqdimatı olub

Digər bölmələr, AzTU
Təhsil naziri Mikayıl Cabbarovun 2 fevral - Gənclər Günü ilə bağlı təbriki

Təhsil naziri Mikayıl Cabbarovun 2 fevral - Gənclər Günü ilə bağlı təbriki

Əsas xəbər, Təhsil
Avropa Müstəqil Akkreditasiya Agentliyi Azərbaycanın ali məktəblərində akkr ...

Avropa Müstəqil Akkreditasiya Agentliyi Azərbaycanın ali məktəblərində akkr ...

Təhsil, AzTU
Millət vəkili Rüfət Quliyevin yeni kitabı işıq üzü görüb

Millət vəkili Rüfət Quliyevin yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, AzTU, İqtisadiyyat
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Prezident İlham Əliy ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Prezident İlham Əliy ...

Biologiya və tibb elmləri
“Dostluq körpüsü”

“Dostluq körpüsü”

Bakı, Məktəblər

"Onvolt" MMC Azərbaycanda ilk dəfə olaraq "Skywell" tam elektrik avtomo ...

İqtisadiyyat, Elanlar
SƏRDAR QABALLInın YENİ ŞEİRLƏRİ

SƏRDAR QABALLInın YENİ ŞEİRLƏRİ

Qabal, Mədəd Çobanov, Müşfiq Borçalı, Rusiya
AMEA-da “Poisk” qəzetinin baş redaktor müavini Yelizaveta Ponarina ilə görü ...

AMEA-da “Poisk” qəzetinin baş redaktor müavini Yelizaveta Ponarina ilə görü ...

Digər bölmələr
Mehriban İmanova: “Azərbaycan Elm Fondu öz fəaliyyətini şəffaflıq prinsiplə ...

Mehriban İmanova: “Azərbaycan Elm Fondu öz fəaliyyətini şəffaflıq prinsiplə ...

Elm
Rəy yazın: