Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Millət vəkili, akademik İsa Həbibbəyli bu il nəşr edilməsi nəzərdə tutulan “Müstəqillik yollarında” kitabının çapa hazırlanması haqqında ətraflı məlumat verib.
Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyi münasibətilə hazırlanan “Müstəqillik yollarında” kitabında ölkəmizin keçdiyi məsuliyyətli və şərəfli yolun bütün istiqamətləri öz əksini tapacaqdır.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Elmlər Akademiyasının 70 illik yubileyi mərasimindəki nitqində irəli sürülmüş ölkəmizin müstəqillik dövrünü əks etdirən monoqrafik elmi tədqiqatın hazırlanıb nəşr edilməsi ideyasının işığında meydana çıxmış “Müstəqillik yollarında” kitabı üzərində aparılan iş tamamlanmaq üzrədir.
Sonra “Müstəqillik yollarında” kitabının müəlliflər heyətinin üzvləri - Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, akademik Ramiz Məmmədov, AMEA-nın müxbir üzvləri Ərtegin Salamzadə, Şahbaz Muradov, Əli Nuriyev, professorlar Musa Qasımlı, İlham Məmmədzadə və başqaları çıxış edərək kitabda onlar üçün nəzərdə tutulan bölmələrin baslıca məzmunu və işlənmə vəziyyəti barədə məlumat veriblər.
Azərbaycanın müstəqillik dövrünün elmdə özünün real və obyektiv əksini tapması məsələləri ətrafında müəlliflər arasında geniş fikir mübadiləsi aparılıb.
“Müstəqillik yollarında” kitabında zəngin fotomateriallardan, xəritələrdən və cədvəllərdən istifadə olunacaqdır.
.