Məhəmməd Əmin Rəsulzadə Atatürk haqqında

Məhəmməd Əmin Rəsulzadə Atatürk haqqında
Nizami CƏFƏROV,
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri,
AMEA-nın müxbir üzvü,
Millət vəkili


Azərbaycan Respublikasının Polşada səfiri olmuş görkəmli ədəbiyyatşünas Vilayət Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin liderlərindən olan Məhəmməd Əmin Rəsulzadənin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatından dərhal sonra yazıb Varşavada çıxan “Şimali Kafkasiya - Severnıy Kavkaz” məcmuəsində (1938, № 55- 56) çap etdirdiyi məqaləni aşkarlayaraq (və rus dilindən Azərbaycan dilinə çevirərək) “Türküstan” qəzetində (19-25 aprel 2015- ci il, 26 aprel- 2 may 2015- ci il) Azərbaycan ictimaiyyətinə təqdim eləmişdir.


Məqalə, həqiqətən, həm müəllifin, həm də ümumən Azərbaycan mühacirətinin Atatürkə münasibətini bütün ictimai- siyasi, ideoloji təfərrüatı ilə əks etdirən mötəbər tarixi mənbədir.

Vilayət Quliyev məqaləyə təqdimat sözündə maraqlı (və tədqiqatçıları düşündürən) bir mühüm məsələyə toxunaraq yazır:

“Obıvatel nöqteyi-nəzərindən M.Ə.Rəsulzadənin Atatürk haqqında bu qədər isti sözlər deməsi, onun yeni Türkiyə tarixindəki yerini və rolunu son dərəcə yüksək qiymətləndirməsi, hətta şəxsiyyəti və dövlətçilik fəaliyyəti qarşısında müəyyən pərəstiş hissini gizlətməməsi qəribə görünə bilər. Çünki Atatürk Məhəmməd Əminə sıcaq münasibəti ilə seçilməmişdi. Əslində, “uman yerdən küsərlər” prinsipi ilə hər şeylərini - uğrunda savaş açdıqları istiqlalı, Vətəni, ailələrini, mübarizə dostlarının çoxunu itirmiş azərbaycanlı mühacirlərin yeni Türkiyə liderindən inciməyə müəyyən əsasları vardı...

Çünki 1933-cü ildə, Türkiyə Cümhuriyyətinin 10 illik yubileyi münasibəti ilə Ankaraya gələn Sovet marşalları S.M.Budyonnı və K.E.Voroşilov Stalinin bu ölkədən aparılan anti-Sovet təbliğatının qarşılıqlı əlaqələrə zərbə vurması haqqında mesajını Atatürkə çatdırdıqdan sonra Məhəmməd Əmin Rəsulzadə başda olmaqla azərbaycanlı siyasi mühacirlərin əksəriyyəti Türkiyədən çıxarılmış, Avropa ölkələrinə, ilk növbədə Polşaya sığınmaq məcburiyyəti qarşısında qalmışdılar. Azərbaycanla birlikdə özlərinə tarixi Vətən saydıqları Türkiyəni itirmək onlar üçün asan olmamışdı.

Lakin Məhəmməd Əmin Atatürkü bəlkə də daxilən məmnun qalmadığı belə bir addım atmağa vadar edən səbəblərdən xəbərsiz deyildi. Digər tərəfdən, o, şəxsi incikliklərinin, yaxud kiçik intiqamlarının əsirinə çevrilsəydi, heç zaman Azərbaycanın siyasi tarixində indi qazanmış olduğu yüksəkliyə ucala bilməzdi. Məhəmməd Əmin Sovet əsarəti altına düşmüş türk xalqlarının nümunə götürəcəyi model, arxalanacağı güc mərkəzi kimi Atatürkün qurduğu yeni, çağdaş, dünyəvi Türkiyənin əhəmiyyətini yaxşı anlayırdı. Ona görə də şəxsi taleyində yaşadığı ağrı- acıları bir tərəfə buraxaraq yeni Türkiyənin və onun qurucusunun atəşin tərəfdarı və tərənnümçüsü kimi çıxış edirdi”.

Vilayət Quliyevin verdiyi bu izahat, fikrimizcə, olduqca dəqiqdir. Və Azərbaycan Xalq Cümhuriyyətinin lider-ideoloqunun şəxsiyyəti, dünyagörüşü barədə kifayət qədər aydın təsəvvür yaradır.

M.Ə.Rəsulzadənin məqaləsində Atatürkün, əsasən, üç mühüm (tarixi!) xidməti göstərilir ki, onlardan birincisi tamamilə çökmüş (və dünyanı idarə etmək iddiasında olan qüvvələr tərəfindən get- gedə daha da çökdürülən) Osmanlı imperiyasının xarabaları üzərində müstəqil bir dövlətin yaradılmasıdır...

“...İyirmi il bundan əvvəl o zamanlar hələ Mustafa Kamal kimi tanınan Kamal Atatürk Versaldakı dünya ağalarının iradəsinə qarşı çıxmağa özündə cəsarət tapmışdı. Bu elə bir zaman idi ki, türk xalqı bir zamanlar möhtəşəmliyi ilə hər kəsi heyrətə gətirən, amma məlum Sevr müqaviləsinin ağır şərtləri altında şərəfsiz duruma salınan Osmanlı imperatorluğunun xarabaları altında can çəkişməkdə idi.

Bu elə bir zaman idi ki, türk vətənpərvərlərinin böyük əksəriyyəti sadəlövh şəkildə “dünyanın vicdanını” necə oyatmaq, diplomatik yollarla keçmiş Osmanlı imperatorluğunun tarixən sırf türklərə məxsus torpaqlarının heç olmazsa, bir hissəsinin toxunulmazlığını qorumaq, İstanbul ziyalılarının fikirlərinə o qədər də əhəmiyyət vermədən Türkiyə üzərində Britaniya, yaxud Amerika himayəsi təmin etmək barəsində düşünürdülər. Məhz belə bir zamanda Kamal Paşa aydın və qəti şüarla meydana çıxdı:

“Milli iradəyə əsaslanan, hüquqları məhdudlaşdırılmayan, müstəqilliyi qeyd- şərtsiz qəbul edilən Türkiyə qurulmalıdır”.

Mustafa Kamal paşanın - “üsyankar general”ın mübarizə tarixçəsini göz önünə gətirən M.Ə.Rəsulzadə yazır:

“Qısa zamanda xalqın milli azadlıq mücadiləsinə çevrilən məlum Anadolu hərəkatı başlandı. Hər kəsə bəlli olduğu kimi həmin müharibə Antantadan “Kamalın üsyankar quldurlarını sakitləşdirmək üçün” mandat almış işğalçı yunan ordusuna qarşı aparılırdı.

“Üsyankar generalın” şüarı isə “Ölüm, yaxud milli müstəqillik!” idi.

Anadolu kəndlisinin taleyinə yazılan ağlagəlməz yoxsulluq, səfalət və dilənçilik şəraitində üç ildən (əslində Türkiyə 12 ildən çox müharibə alovu içində qarsalanmışdı; Birinci Dünya savaşından əvvəl Balkanlarda hərbi əməliyyatlar aparmağa məcbur olmuş, sonra isə özünün Afrikadakı ərazilərini qorumaq üçün İtaliya ilə üz- üzə gəlmişdi) çox davam edən mübarizə sonda türklərin parlaq qələbəsi ilə başa çatdı. Versaldakı dünya ağalarının hərtərəfli dəstək verdikləri işğalçı yunan ordusu Qərbi Anadolu çöllərində darmadağın edildi. Birinci Dünya müharibəsi zamanı Dardanel boğazından keçib Rusiyanın köməyinə can atan ingilis- fransız desantını öz cəsur strategiyası ilə diz çökdürərək sularda qərq edən Kamalın sərkərdə şöhrətinə “Qazi”, yəni məğlubedilməz adı da əlavə olundu.

Siyasi baxımdan yenidən dirilmiş Türkiyənin yunan cəza ordusunun məhv edilməsi nəticəsində qazandığı hərbi zəfər tezliklə öz beynəlxalq təsdiqini tapdı. Yeni Türkiyə ilə Antanta dövlətləri arasında tarixə Lozanna sazişi adı ilə daxil olan sülh müqaviləsi imzalandı”.

M.Ə.Rəsulzadənin dərin inamına görə, Atatürkün ikinci mühüm (tarixi!) xidməti ondan ibarət oldu ki, xalqı səfərbər edərək müasir, modern bir Türkiyə yaratdı. Özü də qısa bir dövrdə...

“Təkcə Türkiyənin yeni sərhədlərini müəyyən etmək hələ yetərli deyildi. Növbədə daha çətin, eyni zamanda daha ciddi və şərəfli vəzifə dayanırdı: geridə qalmış ölkəni müasir sivilizasiyanın şərtlərinə cavab verəcək səviyyəyə qaldırmaq lazım idi. Yalnız belə olduğu təqdirdə müstəqillik uğrunda mübarizənin çoxsaylı qurbanlarına tarix qarşısında haqq qazandırmaq imkanı yarana bilərdi. Yalnız belə bir Türkiyə mübarizələr bahasına əldə etdiyi müstəqilliyi tam qoruyub saxlaya bilərdi.

Yeni, milli Türkiyə köhnəliyin onu əli-qolu bağlı vəziyyətdə saxladığı orta əsrlər bataqlığından çıxmaq üçün bütün qüvvələrini səfərbər etməli idi.

...Kamal Atatürkün inqilabı sayəsində yalnız Osmanlı sülaləsi tarix səhnəsindən silinmədi. Xilafətlə bağlı qurumların da varlığına son qoyuldu. Bütün həyat tərzi ilə başdan-başa teokratik bir dövlət olan Türkiyə tam dünyəvi dövlətə çevrildi. Pozitivist mövqedə dayanan Türkiyə Cümhuriyyəti insan zəkasının və fikrinin orta əsrlər sxolastikasından, daşlaşmış dini ehkamların buxovundan həmişəlik azad etdi”.

Ölkənin əsas problemi iqtisadiyyatı dirçəltmək, aclığı, səfaləti aradan qaldırmaq idi...

“Atatürkün gəlişinə qədər yolsuz-izsiz vəziyyətdə olan Türkiyə indi başdan-başa dəmiryolları ilə əhatə edilmişdi. Bataqlıqlar qurudulmuş, kanallar qazılmışdır. Ticarət donanması yaradılmışdır. Sənaye inkişaf etdirilmişdir. Fabrik və zavodların bütöv bir şəbəkəsi qurulmuşdur. Əvvəllər demək olar ki, heç bir sənaye gücünə malik olmayan Türkiyə indi özü kağız, şəkər və digər zəruri tələbat mallarının istehsalçısıdır. Hələ mən ağır sənaye müəssisələri, manufaktura kombinatları haqqında danışmıram. Bütün xarici konsessiyalar dövlət tərəfindən satın alınmışdır. Banklar, kooperativlər, kənd təsərrüfatı kredit cəmiyyətləri açılmışdır. Əməyin və kənd təsərrüfatının qorunması istiqamətində qanunlar hazırlanıb qəbul edilmişdir”.

M.Ə.Rəsulzadə Türkiyədə həyata keçirilən mədəni inqilaba xüsusi dəyər verərək yazır:

“Mədəniyyət sahəsində əsl möcüzələr baş vermişdir.

Yaxın Şərqin işıqlı zəkalarının əsrlər boyu qəlblərində yaşatdıqları arzu - ərəb əlifbasının islahı Kamalın zamanında həyata keçirilmişdir. İndi Türkiyə latın əlifbasından istifadə edir. Bir vaxtlar demək olar ki, başdan- başa savadsız kəndlilərdən ibarət Türkiyə əhalisinin böyük əksəriyyəti indi oxuyub- yazmağı bacarır. Milli mədəniyyətə və tarixə yeni istiqamət verilmişdir. Gənclərə elm, incəsənət və texnika sahəsində dünyanın mədəni xalqları ilə ayaqlaşmaq yönündə nəcib hisslər aşılanmışdır”.

M.Ə.Rəsulzadə Atatürkün üçüncü mühüm (tarixi!) xidməti olaraq Türkiyənin sürətlə formalaşdırıb uğurla həyata keçirdiyi sülhsevər xarici (beynəlxalq) siyasəti göstərir...

“Müharibədən əvvəlki Osmanlı imperiyası ilə müqayisədə əhalisinin sayca xeyli azalmasına baxmayaraq müasir Türkiyə beynəlxalq siyasətdə müqayisəyə gəlməyəcək dərəcədə ciddi çəkiyə malikdir. İlk növbədə Mustafa Kamal müharibədən sonrakı Avropanın ən diqqətəlayiq dövlət xadimlərindən biri kimi özünün böyük şəxsi nüfuzu ilə yeni Türkiyənin mənəvi gücünü əhəmiyyətli dərəcədə yüksəltmişdir. Digər tərəfdən, ölkə daxilində islahatçılıq siyasətinə geniş yer verən Cümhuriyyət Türkiyəsi Kamal Atatürkün yürütdüyü ardıcıl sülhsevər siyasət nəticəsində həm Balkan bölgəsinin liderinə çevrilmiş, həm də öz sıralarında yaxın Şərqin “Səədabad paktı” adlı əməkdaşlıq anlaşmasını imzalamış dörd müsəlman dövlətini birləşdirən Şərq blokunun memarı kimi çıxış etmişdir.

... Yeni Türkiyəyə göstərilən beynəlxalq etimad və inam özünü onun Qərbi Avropanın mühüm iqtisadi mərkəzləri ilə əməkdaşlığında daha aydın şəkildə büruzə verir. Ağır sənaye sahəsindəki beşillik planına Britaniya kapitalının yaxından cəlb etməklə ilə bir sırada Türkiyə bu yaxın zamanlarda İngiltərə və Almaniyadan da böyük maliyyə kreditləri almışdır”.

Məqalədə M.Ə.Rəsulzadənin “üzərindən sükutla keçmək imkan xaricində” olan bir məsələyə xüsusi diqqət yetirməsi də tamamilə təbiidir. Və bu məsələ kifayət qədər analitik şəkildə şərh edilmişdir...

“Kamal haqqında danışarkən yeni Türkiyənin Sovetlər siyasəti deyilən məsələnin üzərindən sükutla keçmək imkan xaricindədir. Bir çox kənar müşahidəçilərdə belə təəssürat yarana bilər ki, Türkiyə Cümhuriyyəti ilə Sovetlər arasındakı dostluq münasibətləri prinsipial ideoloji əsasa söykənir. Lakin belə mülahizə yürüdənlərin fikirləri Türkiyədə cərəyan edən hadisələrin diqqətli təhlili zamanı heç bir tənqidə dözmür. Kamalizmin əsas mahiyyətini həqiqi milliyyətçilik təşkil edir. Bu nəyin bahasına olursa olsun vətənini dünyanın müasir mədəni millətləri səviyyəsinə yüksəltməyə çalışan Anadolu vətənpərvərlərinin milliyyətçiliyidir”.

M.K.Atatürkün yürütdüyü siyasətin (və onun əsasında dayanan ideologiyanın) mahiyyətini geniş izah edən M.Ə.Rəsulzadə belə qənaətə gəlir ki, o, Avropaya qarşı savaş açmaqla bir sırada ölkəsinin avropalılaşdırılması istiqamətində ciddi uğurlar qazandı. Sovetlər İttifaqı ilə siyasi dostluğa əsaslanmaqla bir sırada ölkəsinin daxilində kommunizmin bütün təzahürlərini boğdu. Panislamizm və panturanizm ideologiyasına zərbələr endirməklə bir sırada milli- azadlıq hərəkatını məqsədyönlü və düzgün şəkildə qurmaq nəticəsində Şərqdə yeni Türkiyəyə böyük rəğbət qazandırdı. Bu mənada türk- müsəlman dünyasında Kamal Türkiyəsinə göstərilən hörmət və ehtiram İstanbul sarayının hətta təsəvvürünə də gələ bilməzdi”.

“Kamaldan sonra Türkiyənin aqibəti necə olacaq?” sualına M.Ə.Rəsulzadə belə cavab verir:

“...17 milyonluq xalq heyrətamiz birlik nümayiş etdirdi. Əbədiyyətə qovuşan Prezidentinin vəsiyyətini sözbəsöz təkrarlayan türk gəncliyinin qeyri- adi coğqunluğuna heyran qalmamaq mümkün deyildi. Türk gəncliyi heç bir çətinlik və məhrumiyyətə baxmayaraq, istənilən şəraitdə öz böyük rəhbər və atasının qoyub getdiyi ən qiymətli irsi - Türkiyə Cümhuriyyətini göz- bəbəyi kimi qoruyacağını vəd edirdi. Bunun ardınca isə Mustafa Kamal zəkası ilə yaradılmış Konstitusiya maşını heç bir maneə ilə üzləşmədən hərəkətə gəlir. Saat mexanizmi kimi dəqiq işləyən Türkiyə Böyük Millət Məclisi 24 saat ərzində toplanır və Atatürkdən sonra Türkiyənin ikinci adamı sayılan İsmət İnönünü yekdilliklə prezident seçir”.

Mətn ruscadan azərbaycancaya, çox yaxşı haldır ki, mümkün qədər Məhəmməd Əminin öz üslubunda - canlı, ehtiraslı, eyni zamanda siyasi- ideoloji tutumu olan bir dillə çevrilmişdir.

Və etiraf etmək lazımdır ki, əgər bu məqalə aşkarlanıb elmi ictimaiyyətin müzakirəsinə verilməsəydi, M.Ə.Rəsulzadənin (və Azərbaycan mühacirətinin) M.K.Atatürkə münasibəti barədəki təsəvvürlər xeyli dərəcədə mübahisəli olacaqdı.

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunu ...

AzTU-da Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi qeyd olunu ...

AzTU, Turan
ƏHMƏD BƏY AĞAOĞLUNUN HAQQI BƏRPA OLUNSUN ! - MÜRACİƏT

ƏHMƏD BƏY AĞAOĞLUNUN HAQQI BƏRPA OLUNSUN ! - MÜRACİƏT

Turan

"ÇANAQQALA ZƏFƏRİ” BEYNƏLXALQ LAYİHƏ

Dramaturgiya
Şuşa bəyannaməsi  Azərbaycan –Türkiyə qardaşlığını  sübut edən hüquqi sənəd ...

Şuşa bəyannaməsi Azərbaycan –Türkiyə qardaşlığını sübut edən hüquqi sənəd ...

Köşə yazılar
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ HAQQINDA DƏYƏRLİ TƏDQİQAT

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ HAQQINDA DƏYƏRLİ TƏDQİQAT

Yeni nəşrlər, Humanitar elmlər
Türkiyədə DÖVLƏT ÇEVİRİLİŞİnə cəhd edildi

Türkiyədə DÖVLƏT ÇEVİRİLİŞİnə cəhd edildi

Kriminal, Turan
Ərdoğan xunta dövrünə son qoydu...

Ərdoğan xunta dövrünə son qoydu...

Turan
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Rəsmi Xəbərlər, Turan
“Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq elmi simpozium

“Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq elmi simpozium

Elm
Gürcüstanda yaşayan azərbaycanlı alim vəfat edib

Gürcüstanda yaşayan azərbaycanlı alim vəfat edib

Tiflis, Nekroloqlar
Türk dilində ilk mətbuat orqanı «Təkvimi-vəkayi»- 185

Türk dilində ilk mətbuat orqanı «Təkvimi-vəkayi»- 185

MEDİA, BDU
28 May - Respublika Günüdür!

28 May - Respublika Günüdür!

Əsas xəbər, Azərbaycan, Təbriklər
Mətbuat Şurasının Azərbaycan jurnalistlərinə MÜRACİƏTİ

Mətbuat Şurasının Azərbaycan jurnalistlərinə MÜRACİƏTİ

MEDİA, Turan
AZƏRBAYCAN - TÜRKİYƏ ƏLAQƏLƏRİNƏ YENİ BİR TƏKANIN BARİZ NÜMUNƏSİ KİMİ...

AZƏRBAYCAN - TÜRKİYƏ ƏLAQƏLƏRİNƏ YENİ BİR TƏKANIN BARİZ NÜMUNƏSİ KİMİ...

YAP, AzTU
YAP-dan olan Millət vəkilləri Türkiyənin Azərbaycandakı səfirliyində olub,  ...

YAP-dan olan Millət vəkilləri Türkiyənin Azərbaycandakı səfirliyində olub, ...

YAP, Nekroloqlar, Turan
AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

AMEA-da Türkiyə universitetinin rektoru ilə görüş keçirilib

"Zirvə"
“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmmə ...

“Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının “Məhəmmə ...

"Zirvə"
Türkiyədəki Azərbaycan diaspor təşkilatları dövlət çevrilişinə cəhd ilə bağ ...

Türkiyədəki Azərbaycan diaspor təşkilatları dövlət çevrilişinə cəhd ilə bağ ...

Turan, Diaspora
Türkiyə Səfirliyinin müşaviri Mətbuat Şurasında olub

Türkiyə Səfirliyinin müşaviri Mətbuat Şurasında olub

MEDİA, Turan
Rövşən RZAYEV:

Rövşən RZAYEV: "Rusiyanın televiziya aparıcıları hərbçilərdən daha aqressi ...

Qarabağ, Siyasət
Rəy yazın: