O gün vətənpərvər 5 elm fədaisi çalışdıqları instituta gedərkən sovet faşizminin amansızlığına tuş gəldilər. Sovet ordusunun Azərbaycana yeridilən böyük kontingentinin tankı xüsusi amansızlıqla yolun kənarında nasazlığı səbəbi ilə dayanan maşının üstündən keçərək hadisə yerindən uzaqlaşdı. Hər biri öz sahəsində sözünü demiş 5 nəfər alimi qanlı faciədən sonra işə aparan onların elmə bağlılığı, işlərinə olan sədaqəti idi. O hadisədə 5 alimdən 3-ü elm yolunda şəhid oldular. Faciə zamanı professorlar İbrahim İbrahimov və Svetlana Məmmədova hadisə yerində, professor İsmayıl Mursaqulov isə 3 gündən sonra dünyalarını dəyişdilər. Parlaq Mustafayeva və İdris Əhmədov uzun müddət müalicə aldıqdan sonra sağlamlıqlarına qovuşdular. Vəhşi cinayətin 3 qurbanarı ömürlərinin çiçəkləndiyi, yaradıcılıqlarının bulaq kimi qaynadığı bir vaxtda həyatdan vaxtsız köçdülər, 2 alim isə unuda bilməyəcəkləri vəhşiliyin, amansızlığın şahidi oldular. 29 il əvvəl möcüzəli şəkildə sağ qalan professor İdris Əhmədov məhz bu ilin 20 yanvarında dünyasını dəyişdi.
Artıq 29 ildir ki, AMEA Polimer Materialları İnstitunda hər il 20 Yanvar şəhidlərinin anım tədbirləri keçirilir, yanvarın 20-də Şəhidlər xiyabanına, yanvarın 24-də isə institut əməkdaşlarının amansızca qətlə yetirildiyi Bakı-Quba yolundakı xatirə abidəsinə ziyarət təşkil olunur. Yolun 24-cü kilometrliyində qoyulan anım lövhəsi elm adamlarının ziyarət yerinə çevrilib.
turan.info.az
.