kütləvi informasiya vasitələrində
AMEA akademik H.Ə.Əliyev adına
Coğrafiya İnstitutunun direktoru,
görkəml alim və tanınmış ictimai xadim, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, akademik Ramiz Məmmədovla bəzi jurnalistlər arasında anlaşılmazlıq yaranmış və bu, böyük əks-səda doğurmuşdur.
Məlum müsahibədən sonra
akademik Ramiz Məmmədovun
adının həddən artıq hallandırılması,
onun haqqında heç bir qaydaya sığmayan mübahisələrin aparılması bir çox ziyalılarmız kimi, həmin elm ocağının çox saylı kollektivini də narahat etdiyindən, onlar media mənsublarına müraciət ediblər.
AMEA akademik H.Əliyev adına Coğrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsi tərəfindən
turan.info.az-a ünvanlanmış həmin müraciəti aşağıda dərc edirik.
akademik H.ƏLİYEV adına COĞRAFİYA İNSTİTUTU
MEDİA MƏNSUBLARINA MÜRACİƏT
Hörmətli media mənsubları!
Son günlər respublikamızın kütləvi informasiya vasitələrində AMEA akademik H.Ə.Əliyev adına
Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun adının həddən artıq hallandırılması,
onun haqqında heç bir qaydaya sığmayan mübahisələrin aparılması bizi çox narahat edir.
Bizə elə gəlir ki jurnalistlər onun həyat və fəaliyyəti ilə tanış olsaydılar belə mülahizələrin yayılmasına
yol verməzdilər.
Kimdir Ramiz Məmmədov?
Akademik R.Məmmədov bütün ömrünü elmə həsr etmiş və bu yolda sağlamlığını qurban vermiş, elmi ömrünün həyat qayəsinə çevirmiş, çox nüfuzlu, elmdə öz sözünü demiş və böyük inadkarlıqla öz tədqiqatlarını davam etdirən alimlərdəndir.
O, 1973-cü ildə ADU-nun (indiki BDU) fizika fakültəsini bitirib. AMEA Coğrafiya İnstitutuna işə qəbul edilib və o zaman açıq dənizdə ayrıca estakadada qurulmuş elmi-tədqiqat bölməsinə göndərilmiş və uzun müddət orada işləmişdir. Dənizdə apardığı tədqiqatlar ona sağlamlığı bahasına başa gəlmişdir. Yanvar ayında dənizə düşmüş elmi-tədqiqat cihazını sudan çıxarıb yerinə bərpa etməkdən ötrü 8-10 dəqiqə suda qalmışdır. Çünki həmin cihaz sıradan çıxsaydı bir neçə aylıq tədqiqat işi öz əhəmiyyətini itirəcəkdi. Bunun nəticəsində onun ayaq damarları sıradan çıxmışdır və indi o, 100 m-dən artıq piyada yol gedə bilmir.
R.Məmmədov Baykal gölünü tədqiq etməyə dəvət edilmiş və bu sahədə böyük nailiyyətlər qazanmışdır.
O, dünya okeanını tədqiq etmiş və 1 ilə qədər Sakit, Hind və Atlantik okeanlarında müxtəlif iqlim qurşaqlarında tədqiqat işləri aparmışdır.
Hörmətli jurnalistlər, yadda saxlayın ki, akademik elmi adı hərbdəki marşal rütbəsinə bərabər tutulur! Ali məktəbi qurtardıqdan sonra elmin hər hansı sahəsində akademik rütbəsinə çatmaq üçün ən azı 25-30 il gərgin işləmək lazımdır! Yadınıza salaq ki, keçmiş SSRİ-də Azərbaycan Respublikasından SSRİ Elmlər Akademiyasının akademiki olmayıb, yalnız H.Abdullayev. M.Abbasov, Y.Məmmədəliyev, C.Kərimov akademiyanın müxbir üzvləri seçilmişlər. Azərbaycanda elmi işçilərin sayı 10 min nəfərdən çox olsa da, akademiklərin sayı 72 nəfərdir.
Biz onların əməyini yüksək qiymətləndirməyi bacarmalıyıq!
Jurnalist yazır: «Bəlkə akademik o ifadələri işlədərkən içkili olub», və ya «bəlkə evdə yoldaşı ilə dalaşıb, işə gəlib və buna görə o ifadələri işlədib»!!
Akademik haqqında belə ifadələr işlətmək jurnalistə yaraşarmı? Yadda saxlayaq ki, akademik adı daşıyan şəxs sıradan olan adi vətəndaş deyil!
Elə buna görə biz də, akademik R.Məmmədov haqqında yazılan bəzi fikirlərə aydınlıq gətirmək istərdik!
İlk növbədə aydınlaşdırmaq lazım idi ki, o, jurnalistlər haqqında «savadsız» ifadəsini hansı şəraitdə işlədib!
Akademik R.M.Məmmədovun Modern.az-ın əməkdaşına kobud cavab verməsinin kökündə həmin vaxt alimin çox əsəbi olması və həmin hadisədən bir neçə gün əvvəl onun fikirlərinin mətbuatda bir qədər təhrif olunmuş şəkildə, yəni “Bundan sonra Bakıya qar yağmayacaq” formasında verilməsi və bəzi qeyri-peşəkarların bu fikri daha qabarıq şəkildə hallandırması durmuşdur.
Belə ki, jurnalistlərdən biri onun fikrini bir qədər təhrif edərək, «Bundan sonra belə olacaq və daha Bakıya qar yağmayacaq» şəklində ifadə edib. Bir nəfər ekoloq isə bu fikrə öz münasibətini bildirərək R.Məmmədov haqqında layiq olmayan ifadə işlədib («ölsün, yerə girsin o akademik ki, belə deyir», «məgər o, allahdır ki, Bakıya daha qar yağmayacağını deyir» və s.). Bu fikirlərə görə son dərəcə əsəbiləşmiş akademikə bu zaman başqa bir jurnalist zəng edir və «külək nə qədər davam edəcək» deyə sual verir. O isə əsəblərini cilovlaya bilmir və özü üçün də gözləmədiyi cavab verir. Lakin bizə elə gəlir ki, hər hansı bir jurnalist İnstituta gəlib bu barədə ondan müsahibə götürsəydi, verilmiş cavabın əksinə olan fikirlər ortaya çıxardı!
Ona görə də yaxşı olardı ki, telefonla müsahibə alan müxbirlər həmin müsahibəni çap etdirməzdən və ya sayta yerləşdirməzdən əvvəl onu bir daha müsahibə aldıqları şəxslə razılaşdırsınlar.
Sonra jurnalistlərimiz bir qədər də dərinə gedərək akademik R.Məmmədovun fizik olsa da, Coğrafiya İnstitutuna rəhbərlik etməyinin düzgün olmadığını bildirir və heç bir məntiqə sığmayan «psevdofizik», «psevdocoğrafiyaçı» fikirlərini işlədir. Ancaq xatırladaq ki, dünyada olan okeanoloqların, iqlimşünasların, hidroloqların xeyli hissəsi məhz riyaziyyatçı və fiziklərdir!
Başqa bir sual ortaya çıxır: Məgər rəhmətlik Cingiz Mustafayev jurnalist təhsili almışdımı? Millət vəkili, çox yüksək səviyyəsi jurnalist olan Qənirə Paşayevanın, görkəmli aparıcı Nərgiz Cəlilovanın, Rauf Arifoğlunun ilk ali təhsilləri jurnalistika olubmu? Bu siyahını sözsüz ki, uzatmaq olar!
Başqa bir jurnalist xanım yazır ki, «mən indiyə qədər, xüsusən son 5-10 ildə Coğrafiya İnstitutunun elə bir elmi əsərinə rast gəlməmişəm». Xatırlatmaq istəyirik ki, əgər Coğrafiya İnstitutunun son 5 ildə çap etdirdiyi monoqrafiyanı, yüzlərlə məqaləni kənara qoysaq belə, bizim İnstitut tərəfindən yazılıb çap edilmiş 3 cildlik (1500 səhifədən artıq) «Azərbaycan Respublikasının Coğrafiyası» kitabı bizim necə işlədiyimizi göstərir. 2014-2015-ci illərdə çap edilmiş (akademik R.Məmmədov bu kitabın həm baş redaktoru, həm də həmmüəlliflərindən biridir) 2016-cı ildə cənab Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülüb. Nəzərinizə çatdıraq ki, bu mükafat 2 ildən bir, Prezidentin sərəncamı ilə verilir və onu Respublika Günü ərəfəsində Cənab Prezidentin özü təqdim edir. Həmin mükafatı alanlar arasında akademik R.Məmmədov da vardır.
Akademik R.Məmmədov Xəzərin səviyyəsinin proqnozunu vermişdir ki, Bakı Bulvarının yenidən qurulmasında, əlbəttə, Beynəlxalq dəniz limanının tikilməsində həmin proqnozlardan istifadə edilmişdir.
Bakı-Tiflis-Ceyran neft kəmərinin layihəsi hazırlanarkən onun ekoloji şəraitə təsirinin qiymətləndirilməsini məhz akademik R.Məmmədovun rəhbərliyi ilə bir qrup coğrafiyaçı məşğul olmuşdur.
Bu işləri görən bir alimi əsəbi halda işlətdiyi bir ifadəyə görə bu qədər müzakirə etmək olarmı?
Sözsüz ki, o, jurnalistlər haqqında ”savadsız” ifadəsini işlədərkən bəzi jurnalistlər, yəni təsadüfən bu şərəfli fəaliyyət sahəsinə düşmüş üzdəniraq jurnalistləri nəzərdə tutmuşdur. Əgər belə jurnalistlər olmasaydı Azərbaycan Mətbuat Şurası “reket jurnalistlər”in qara siyahısını hazırlamazdı.
Biz də, akademik R.Məmmədov da respublikamızda ləyaqətli, savadlı jurnalistlərin olduğunu bilirik və onların əməyini yüksək qiymətləndiririk. İndi Ramiz müəllimə qarşı kəskin çıxış edən jurnalistlər respublikanın KİV-lərini araşdırsalar orada ən çox çıxış edənlər içərisində AMEA Coğrafiya İnstitutunun əməkdaşlarının seçildiyini asanlıqla görə bilərlər.
Ümumiyyətlə, akademik Ramiz Məmmədov özü də, onun tapşırığı ilə İnstitutun aparıcı alimləri də mətbuatla daim əməkdaşlıq ediblər. Biz arzu edirik ki, baş vermiş bu xoşagəlməz hadisə hər iki tərəfdən mənfi hal kimi qiymətləndirilsin, alimlərlə mətbuat arasında narazılığın yaranmasının qarşısı alınsın və əvvəlki kimi, yenə də coğrafiyaçılarla mətbuat arasında sıx əməkdaşlıq davam etdirilsin.
Bu fikri akademik R.Məmmədov “Unikal.az” saytına müsahibəsində də bildirib:
“Əgər əsəbi vəziyyətdə olmasaydım, bəlkə də belə fikirləri bildirməzdim”.
Bakı şəhəri,
6 aprel 2018-ci il
turan.info.az
.