Azərbaycan gənc alimlərinin
I qurultayı keçirilib.
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən
turan.info.az-a bildiriblər ki, Tədbirdə gənc alimlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.
Müraciətdə bildirilir ki, əsasını ümummilli lider Heydər Əliyevin qoyduğu və ölkə başçısı İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən dövlət siyasəti nəticəsində müstəqil Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi baxımdan sürətlə inkişaf edib, beynəlxalq aləmdə ölkəmizin strateji mövqeləri kifayət qədər möhkəmlənib. Vurğulanıb ki, son dövrlərdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri ölkəmizin qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunun getdikcə artmasını bir daha sübut edir.
Gənclər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində "neft kapitalının insan kapitalına çevrilməsi" hədəfinə nail olunduğunu və Azərbaycanın regionun lider dövlətinə çevrildiyini qeyd ediblər. Əhalinin sosial rifahının yüksəldilməsi, daxili sabitlik və təhülkəsizliyin təmin edilməsi, ölkəmizin müdafiə qüdrətinin möhkəmləndirilməsi, o cümlədən elm, təhsil və mədəniyyət sahələrində görülən işlərin bu inkişafın bariz göstəricisi olduğu vurğulanıb.
Ölkədə həyata keçirilən siyasətin mühüm istiqamətlərindən birini təşkil edən dövlət gənclər siyasəti nəticəsində gənc nəslin hərtərəfli inkişafı, yaradıcı və innovativ potensialının üzə çıxarılması, cəmiyyətin bütün sahələrində onların fəal iştirakının təmin olunması istiqamətində mühüm addımlar atıldığı müraciətdə qeyd olunub. İntellektual gəncliyin biliklər iqtisadiyatı quruculuğu sahəsindəki rolunun yüksəldilməsi, dövlət idarəçiliyinə cəlb olunması, təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması istiqamətlərindəki tədbirlərin təqdirəlayiq olduğu vurğulanıb.
Qurultay iştirakçıları görülən bu işlərin, eləcə də milli dəyərlərə sadiq, müasir standartlara cavab verən, yüksək bilik və bacarıqlara malik gəncliyin yetişdirilməsi yönündə atılan addımlar və yaradılan əlverişli şəraitin onları çox sevindirdiyini əlavə ediblər.
Sonda gənc alimlər dövlət siyasətini daim dəstəkləyəcəklərini, biliklər iqtisadiyatı və vətəndaş cəmiyyətinin qurulması işində yaxından iştirak edəcəklərini, Azərbaycanın elmi potensialının dünyanın qabaqcıl elm mərkəzlərinin təcrübəsinə uyğun qurulmasında səylərini daha da gücləndirəcəklərini qeyd ediblər.
turan.info.az
.