Azərbaycan nefti olmasaydı, keçmiş 15 müttəfiq respublikalardan təşkil olunmuş Sovet imperiyası Alman faşistlərinə qalib gələ bilməzdi. Azərbaycanda neft və qaz yataqlarının tapılmasında, aparılan geofiziki işlərin inkişafında, elmi-tədqiqatların aparılmasında Azərbaycan alimlərinin müstəsna xidmətləri olmuşdur.
Bu sahədə uzun müddət səmərəli və effektiv tədqiqat aparmış alimlərimizdən biri də Kərim Məmmədxan oğlu Kərimovdur.
Kərim müəllimin atası Zəngəzur mahalının Sisyan bölgəsindəndir. Hələ 1918-ci ildə erməni quldurlarının təcavüzü nəticəsində bu bölgənin əksər azərbaycanlı əhalisi öz dədə-baba yurdlarından qovularaq Azərbaycana pənah gətirmiş, Kərim müəllimin valideynləri Qarabağ bölgəsində, digər qohumları isə respublikamızın ayrı-ayrı bölgələrində, xüsusilə də Naxçıvanda məskunlaşmışlar.
Kərim Məmmədxan oğlu 1933-cü il iyun ayının 5-də Qarabağın dilbər guşəsi olan Ağdam şəhərində doğulmuş və atasının işi ilə əlaqədar müxtəlif rayonların (Ağdam, Ağstafa, Ucar) orta məktəblərində oxumuşdur. 1952-ci ildə Bakıda orta məktəbi bitirdikdən sonra elə həmin ildə indiki Neft Akademiyasına daxil olmuş və 1957-ci ildə bu təhsil ocağını bitirərək - dağ mühəndisi-geofizikası ixtisasına yiyələnmişdir.
O, 1961-ci ildə əyani olaraq aspiranturaya daxil olmuş, 1964-cü ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək elmlər namizədi adını almışdır.
Onu da qeyd edim ki, yüksək təşkilatçılıq qabiliyyəti nəzərə alınmaqla bir müddət Bakı şəhər Komsomol Komitəsinin ikinci və birinci katibi vəzifələrini ləyaqətlə yerinə yetirsə də və partiya işində yüksək perspektiv sahələrə nail olsa da, elmə olan marağı Kərim müəllimi neft və qaz sənayesinin inkişafına bağlamış və bu sahədə böyük nailiyyətlərə imza atmışdır.
Kərim Kərimov 1975-ci ildə doktorluq dissertasiyasını Bakıda, 1978-ci ildə isə Moskvada (Moskva Dövlət Universitetində) müdafiə etmiş və geologiya-minerologiya elmləri doktoru adını almışdır.
Tanınmış alimə 1990-cı ildə Moskva Ali Attestasiya Komissiyası tərəfindən geofizika üzrə professor rütbəsi verilmişdir.
Elm sahəsindəki fəaliyyəti nəzərə alınmaqla ona 1991-ci ildə Azərbaycan dövləti tərəfindən Əməkdar elm və texnika xadimi adı verilmişdir.
Professor 1992-1996-cı illərdə ARDNŞ-i nəzdində yeni yaranmış geofizika üzrə baş idarənin rəisi vəzifəsində çalışmışdır.
Kərim Kərimov 1996-2005-ci illərdə Geofizika və Mühəndis Geologiyası İstehsalat Birliyinin baş direktoru vəzifəsində ləyaqətlə işləmiş və “Azərbaycan Neft və Qaz Potensialı” adlı sanballı monoqrafiyalar yazmışdır. Onun neft və qaz sənayesinin inkişafında elmi araşdırmaları dünya alimlərini heyrətləndirmiş və böyük marağa səbəb olmuşdur.
Kərim Kərimov elmi əsaslarla sübut etmişdir ki, Azərbaycan böyük neft və qaz ehtiyatlarına malikdir. Gələcəkdə də yeni neft və qaz yataqları tapılmaqla ölkəmiz dünya dövlətləri arasında layiqli yer tutacaqdır.
Ulu öndər Heydər Əliyev görkəmli alim Kərim Kərimova inanırdı. “Əsrin müqaviləsi” neft kontraktının bağlanması Kərim Kərimovun elmi araşdırmalarını bir daha reallaşdırdı.
2006-cı ilin yanvar ayından yeni yaradılmış Geofizika və Geologiya İdarəsində baş müşavir vəzifəsində çalışan Kərim Kərimov Azərbaycan və dünya elminə bir çox tövsiyələr vermişdir. Professorun Azərbaycanın neft sənayesinin inkişafında xüsusi rolu vardır.
Onun apardığı elmi işlərin nəticəsi imkan vermişdir ki, ona dünyada ilk dəfə olaraq Azərbaycanın neft ehtiyatının 7-8 milliard ton, qaz ehtiyatının isə 10 tirilion həcmində qiymətləndirsin.
Hələ 1992-1993-cü illərdə və hətta sonrakı bir neçə il ərzində Azərbaycanda (yəni ARDNŞ) Azəri-Çıraq-Günəşli yataqlarında hasil olunacaq neft ehtiyatlarının 500-550 million ton civarında olması söylənildiyi bir vaxtda professor Kərim Kərimov bu ehtiyatların əslində 730-750 million ton həcmində olmasını cəsarətlə sübut etmiş və bu nəticələri 1992-ci ilin sonunda mətbuatda inamla dərc etdirmişdir.
Bakı-Tbilisi-Ceyhanın (BTS) təməl daşı qoyulan zaman yalnız professor Kərim Kərimovun göstərdiyi rəqəmlər öz əksini tapmışdır.
Professor Kərim Kərimov 550-dən artıq elmi əsərlərin - məqalələr, atlaslar, xəritələr və monoqrafiyaların müəllifidir. O, Azərbaycanda onlarla beynəlxalq əhəmiyyətli elmi konfrans, simpozium və seminarları təşkil etmiş və uğurla keçirmişdir. Eləcə də dünyanın müxtəlif dövlətlərində keçirilmiş simpoziumlarda iştirak etmiş və bəzilərində hətta bir neçə dəfə (İran, Misir və s.) sədrin müavini seçilmişdir.
Beynəlxalq mətbuatda onun bir çox elmi əsərləri dərc olunmuşdur və bu da alimin elmi ictimaiyyət arasında inam və hörmətinin bir amilidir.
1993-cü ildə AMEA-nın təşəbbüsü ilə Azərbaycan Milli Geofizika Komitəsi yaradıldı və professor Kərim Kərimov onun prezidenti seçildi. Elə həmin ildə ABŞ Kəşfiyyat Geofizika Cəmiyyətinin Azərbaycan bölməsi yaradıldı və onun da prezidenti professor Kərim Kərimov seçildi.
Sonrakı illərdə (1997-ci illər) o, Milli Geofizika Komitəsinin nəzdində yeni bir jurnal “Geophisics news Azerbaijan” təsis etmiş və bu mətbuat orqanına on ildən çox rəhbərlik etmişdir.
Professor K.Kərimovun alim və təşkilatçılıq bacarığı hər zaman dövlət və geniş ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. O, dəfələrlə fəxri adlara, diplom və medallara layiq görülmüşdür. Mərkəzi hökumət (keçmiş SSRİ), nazirliklər, birliklər 1983-cü ildə SSRİ Sülh Komitəsi onu “Sülh uğrunda və nüvə müharibəsi əleyhinə” apardığı işlərinə görə müvafiq diplom və Qızıl medallarla təltif etmişdir.
2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Kərim Kərimova “Şöhrət” ordeni verilmişdir.
Professor Kərim Kərimov bir neçə Beynəlxalq Elmi Akademiyaların həqiqi üzvü və 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Onun rəhbərliyi altında 1993-1995-ci illərdə Azərbaycanda uzunluğu 100-200 kilometr, 6-7 strukturdan ibarət yeni bir neft qazlı tektonik zona aşkar edilmiş və ona ümummilli liderimizin rəhbərliyə ikinci dəfə qayıtması münasibətilə “Qayıdış” adı verilmişdir.
Professorun elmi işləri bir neçə dəfə AMEA-nın ən yüksək nəticəsi siyahısında əksini tapmışdır.
15 ixtira və patentin müəllifi olan Kərim müəllimin iki ixtirası isə bəşəri əhəmiyyətli kəşf hesab olunur:
1) Zəlzələnin qısamüddətli proqnozlaşdırılması üsulu (Avrasiya Patentləşdirmə cəmiyyətinin 007087 saylı patenti);
2) Zəlzələnin proqnozlaşdırılması üsulu (Avrasiya Patentləşdirmə cəmiyyətinin 007086 saylı patenti).
Bu kəşflər öz mahiyyətinə görə elmin ən böyük nailiyyətlərindən hesab edilə bilər. Çünki onların (xüsusən də birinci kəşfin) geniş istifadəsi bəşəriyyəti zəlzələ bəlasından qurtarmış olar.
Bildiyimiz kimi, bəşəriyyət üçün ən təhlükəli təbii hadisələrdən biri zəlzələlərdir.
Kərim Kərimovun “Zəlzələ” öncədən proqnoz adlı-sanballı monoqrafiyası dünya alimlərinin də böyük marağına səbəb olmuşdur.
Son 10 il ərzində Azərbaycan ərazilərində professor Kərim Kərimovun rəhbərliyi altında aparılmış elektromaqnit (MTZ) sahəsindəki müşahidələrin nəticəsində yeni bir effekt aşkar edilmişdir ki, hansı ki, qısa müddətli proqnozlarla çox uğurlara nail olmağın mümkünlüyü elmi əsaslara sübut olunmuşdur.
Təbii fəlakətlərin, o cümlədən zəlzələləri qısa müddətli proqnoz etmək imkanları bunu deməyə əsas verir ki, tədqiqatçı alimin məhz bu kəşfi vaxtında Nobel mükafatına layiq görülməliydi. Yəqin ki, AMEA-sı bu məsələni diqqətdə saxlamaqla bəşəriyyətin xilası naminə ilk dəfə zəlzələnin öncədən proqnozunu elmi əsaslarla sübut etmiş həmyerlimiz Kərim Kərimovun məhz bu nailiyyəti xüsusilə qiymətləndiriləcəkdir.
AMEA-nın müxbir üzvü seçiləndən indiyə qədər görkəmli alim yorulmadan çalışmış və 18 sanballı monoqrafiyaları dörd dildə çap olunmuşdur.
Görkəmli alimin 4 dildə çap etdirdiyi “Azərbaycan neft və qaz potensialı” monoqrafiyaları ona dünya alimləri sırasında böyük nüfuz qazandırmışdır.
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 15 ixtira və patent.
Professorun əsas elmi nailiyyətləri haqqında qısa məlumatları da istəkli oxucularımızın nəzərinə çatdırırıq:
Kür çökəkliyində yer qabığının regional seysmik sərhədlərinin stratiqrafik bölgüsü aparılmış və bu əsasda regionun geotektonik inkişaf tarixi yenidən nəzərdən keçirilmişdir.
Qafqazın və ona bitişik ərazilərin yer qabığının kompleks geoloji-geofiziki modeli tərtib edilmişdir.
Geofiziki tədqiqat məlumatları əsasında AYLT zonalarının proqnozlaşdırılması və öyrənilməsi üsulları və metodikası işlənib hazırlanmışdır.
Azərbaycanın ayrı-ayrı regionlarının neftlilik-qazlılığının potensial imkanları hesablanmış və yenidən qiymətləndirilmiş, neft-qaz üçün axtarış-kəşfiyyat işlərinin rasional yolları müəyyən edilmişdir.
Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 18
elmlər doktorlarının sayı: 4
Əsas elmi əsərlərin adları: Cənub-Şərqi Qafqazın geofiziki sahələri və dərinlik quruluşu. “Zaqafqaziyanın yer qabığının geofiziki sahələri və quruluşu” kitabında (rus dilində), Moskva, 1985, “Nauka”, səh. 33- 43.
Cənubi Xəzər megaçökəkliyinin dərinlik quruluşu və neftlilik-qazlılığı (rus dilində). Bakı, 1987, "Azərnəşr”, 304 səh.
“Dünya okeanı və daxili dənizlərin şelf zonalarının neftlilik-qazlılığının seysmik tədqiqatları”. Xəzər dənizində seysmik tədqiqatların 50 illiyinə həsr olunmuş elmi-texniki konfransın məruzələri (rus dilində), Bakı, 1991, səh. 30-31.
Kür-Cənubi Xəzər megaçökəkliyinin karbohidrogen resursları (rus dilində). ”Azərbaycan Neft Təsərrüfatları”, N7, Bakı, 1999, səh.1-11.
Cənubi Xəzər megaçökəkliyinin neftlilik-qazlılığı (rus dilində). Bakı, 2001, ”Adiloğlu” nəşriyyatı, 317 səh.
Kərim Kərimovun yaradıcılığı çoxşaxəlidir.
Elmi yaradıcılıqla yanaşı, Kərim Kərimov bədii yaradıcılıqla da məşğul olmuşdur.
Azərbaycan Rəssamlar İttifaqının üzvü olan K.Kərimov istedadlı bir rəssamdır. Karikaturası rəssam kimi fəaliyyəti təqdirəlayiqdir.
1956-cı ildən başlayaraq əsasən satirik xarakterli ədalətsizlik, irqçilik, təcavüz və sair mövzularda minlərlə karikaturalar çəkmişdir.
1988-ci ildən bəri onun çəkdiyi siyasi plakat və karikaturalarının əsas mövzusu Ermənistanın Azərbaycana qarşı işğalçılığı və təcavüzü olmuşdur.
Son 20 il ərzində rəssam Qarabağa və onunla əlaqəli mindən çox əsəri, eləcə də 5 kitabı işıq üzü görmüşdür.
Bu kitablarda rəssamın yağlı boyalarla çəkdiyi siyasi karikaturaları və plakatları toplanmışdır.
Rəssamın, “Soyqırım”, “Azərbaycan və onun düşmənləri”, “Terrorizm və qanlı ləpirlər”, nəhayət, “Terrorizmə yox!” əsərlərinin bir hissəsi müxtəlif şəhərlərdə, o cümlədən Bakıda, Moskvada, Sankt-Peterburqda, İstanbulda və digər şəhərlərdə keçirilən sərgilərdə nümayiş etdirilmiş və böyük marağa səbəb olmuşdur. Terrorizmi, narkomaniyanı, erməni vandalizmini öz əsərləri ilə kəskin tənqid edən Kərim Kərimov siyasi plakatlar müəllifi kimi də şöhrət qazanmışdır.
Kərim Kərimovun karikaturalarından ibarət sərgisi Türkiyə tərəfindən yüksək qiymətləndirilmiş və 100 min manat mükafata layiq görülmüşdür. Kərim müəllim bu pulu Milli Ordumuza bağışlamaqla bir daha insanpərvərlik nümunəvi göstərmişdir.
İki övlad atası olan Kərim Kərimov hazırda Yasamal rayon Ağsaqqallar Şurasının sədridir. Rayonun ictimai işlərində fəal iştirak edən Kərim Kərimovun 2014-cü ildə 80 illik yubileyi Yasamal rayon İcra Hakimiyyətinin başçısı, vətənpərvər ziyalımız İbrahim Mehdiyevin təşkilatçılığı ilə və rayon ictimaiyyətinin, media nümayəndələrinin birgə iştirakı ilə geniş qeyd edilmiş və bu sətirlərin müəllifi “Respublika” qəzetində tədbiri ətraflı işıqlandırmışdır. (Bakıdakı Atatürk Mərkəzində K.Kərimovun rəsm əsərlərindən ibarət sərgisi də geniş təbliq olunmuşdur. Müəlliflər R.İlyasoğlu və Ədəsgər Cabbarov.)
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, geologiya-minerologiya elmləri doktoru, professor, Azərbaycanın əməkdar elm və texnika xadimi, Beynəlxalq Şərq Akademiyasının həqiqi üzvü, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Avropa Elmlər Akademiyasının həqiqi üzvü, Lütfizadə adına Beynəlxalq Akademiyanın həqiqi üzvü, ARDNŞ Geofizika və Geologiya İdarəsinin Elm üzrə Baş müşaviri, Azərbaycan Milli Geofizika Komitəsinin prezidenti, Amerika Kəşfiyyatçı Geofiziklər Assosiasiyasının (SEG) Azərbaycan bölməsinin prezidenti, “Azərbaycanda geofizika yenilikləri” jurnalının baş redaktoru, ADU (BDU)-nun professoru, Azərbaycan Dövlət Neft Akademiyasının professoru, 500-dən artıq elmi əsərlərin, bir çox elmi monoqrafiyaların, 4000-dən çox siyasi karikatura və plakatların müəllifi, 1988-ci ildən başlayaraq bir neçə ölkələrdə “İlin adamı”, “İlin ixtiraçısı” və “İlin alimi” seçilmiş, dövlətimiz tərəfindən bir çox medallarla, xüsusilə ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin imzası ilə “Şöhrət” ordeninə layiq görülmüş görkəmli alimə - ömrünün 83 yaşında da yorulmadan çalışan Kərim Məmmədxan oğlu Kərimova uzun ömür, cansağlığı və çoxşaxəli elmi və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..
.
Ümid edirik ki, bu elm fədaisinin xidmətləri heç zaman unudulmayacaq və yeni-yeni mükafatlara
layiq görüləcəkdir.
Rauf İlyasoğlu,
turan.info.az
.