Biologiya və Tibb Elmləri Bölməsinin növbəti
büro iclası keçirilib.
Tədbirdə bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, AMEA-nın vitse-prezidenti, akademik İradə xanım Hüseynova, büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.
İclası giriş sözü ilə açan bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov iştirakçılara gündəlikdəki məsələlər barədə məlumat verib.
İlk olaraq Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradovun "Göbələk mənşəli bioloji aktiv maddələr: produsentlər, sintezi, tətbiq sahələri və perspektivləri" mövzusunda məruzəsi dinlənilib. Müzakirədən sonra suallar cavablandırılıb, bölmə məruzənin dinlənilməsi üçün Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.
Sonra AMEA-nın Ümumi Yığıncağının "AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti və qarşıda duran vəzifələr haqqında" 8 iyun 2018-ci il tarixli Qərarında göstərilən tapşırıqların icra vəziyyəti ilə bağlı müzakirə aparılıb. Bildirilib ki, bu istiqamətdə tədbirlər planına uyğun olaraq bir sıra işlər görülüb, digər qurumlarla layihələr hazırlanıb.
Gündəlikdə yer alan növbəti məsələ AMEA Rəyasət Heyətinin "AMEA və Kənd Təsərrüfatı Nazirliyi arasında bağlanmış 27 sentyabr 2018-ci il tarixli "Niyyət Sazişi"ndən irəli gələn bəzi təxirəsalınmaz tədbirlərin görülməsi haqqında" müvafiq qərarın icra vəziyyəti ilə bağlı olub.
AMEA-nın müxbir üzvü Zeynal Əkpərov bölmənin elmi müəssisələrində bu istiqamətdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Bölmə Saziş ilə bağlı işlərin davam etdirilməsi istiqamətində tapşırıqlar verib.
Tədbirdə BTEB-in və müvafiq institutların internet saytlarının mövcud vəziyyəti, AMEA-nın professorlarının bölmənin işində daha fəal iştirakları, universitetlərin BTEB-in elmi müəssisələrindəki baza kafedralarının fəaliyyətləri ilə bağlı müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.
Aysel MƏDƏDLİ,
turan.info.az
.