AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin növbəti büro iclası keçirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, bölmənin akademik-katibi, akademik Əhliman Əmiraslanov, büro üzvləri, bölmənin tərkibinə daxil olan elmi müəssisələrin rəhbərləri iştirak ediblər.
Öncə akademik Əhliman Əmiraslanov Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların meliorasiyası laboratoriyasının müdiri, aqrar elmlər üzrə elmlər doktoru Mustafa Mustafayevi 60 illik yubileyi münasibətilə Biologiya və Tibb Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təbrik edib, ona gələcək elmi fəaliyyətində uğurlar arzulayıb. Həmçinin Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Vaqif Novruzov 75 illik yubileyi ilə əlaqədar Fəxri Fərmanla təltif edilib.
Sonra akademik-katib iclasın gündəliyini iştirakçıların diqqətinə çatdırıb.
İclasda AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və AMEA-nın müxbir üzvü
Nuru Bayramov İran İslam Respublikasına elmi ezamiyyəti barədə qısa hesabat verib.
Növbəti ilk elmi-təşkilati məsələ tanınmış bioloq, akademik Valeriy Ulyanişevin 120 illik yubileyinin keçirilməsi haqqında olub. Bildirilib ki, alim Azərbaycanda mikologiya elminin yaranması, inkişafı və bu istiqamətdə kadr potensialının artırılmasında əhəmiyyətli işlər görüb. V.Ulyanişevin elmi tədqiqatları mikologiya və fitopatologiyaya həsr edilib. Bu ilin noyabr ayında görkəmli alimin yubiley mərasimin keçirilməsi nəzərdə tutulub.
Sonra Zoologiya İnstitutunun kiçik elmi işçisi, doktorant Nərmin Beydizadənin Çexiya Respublikasına, Genetik Ehtiyatlar İnstitutunun elmi işçiləri Cavad Kərimbəylinin İtaliyaya, Səbinə Fərhadovanın isə Fransaya ezam edilmələri qərara alınıb.
Daha sonra Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların rekultivasiyası laboratoriyasının müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Fərhad Sadıqovun 70 illik yubileylərinin keçirilməsi barədə qərar verilib.
İclasda bölməyə daxil olan bir neçə elmi müəssisənin kadr məsələləri ətrafında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar verilib.
Sonda akademik-katib bölməyə daxil olan müvafiq institutların rəhbərlərinə AMEA ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında imzalanan Niyyət Sazişi çərçivəsində aidiyyəti məsələlərə dair təkliflərini verməyi tapşırıb.
turan.info.az
.