Şərəfli alim ömrü

TƏBRİK EDİRİK!..
Şərəfli alim ömrü
İBRAHİM ƏZİZOV -70

Biologiya elmləri doktoru, professor,
AMEA-nın müxbir üzvü İbrahim Vahab oğlu Əzizov
şərəfli ömür sürən ziyalılarımızdandır.
O, həyatının 50 ilə yaxın bir dövrünü
Azərbaycanda biologiya elminin inkişafına sərf etmişdir.


İ.Əzizov 1947-ci ildə Zaqatala rayonunun Qarqay kəndində dünyaya göz açmışdır. İlk təhsilini 1953-cü ildə kənd yeddiillik məktəbində almışdır.
1961-ci ildə Zaqatala Kənd Təsərrüfatı texnikumuna daxil olmuşdur. 1965-ci ildə təyinatla kolxozda işləməyə başlamışdır. 1966-cı ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) biologiya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə universiteti bitirmiş və Zaqatala rayonunun Qandax və Mosul kənd orta məktəblərində biologiya və kimya fənlərini tədris etmişdir.

1972-ci ildə “Bitki fiziologiyası” ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunun aspiranturasına daxil olmuşdur. Tale onu böyük alim, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradıcısı akademik Cəlal Əliyevin yanına gətirmişdir. Aspiranturada təhsil aldığı illərdə Cəlal Əliyevin rəhbərliyi ilə məhsuldarlığına görə fərqlənən müxtəlif buğda sortlarının ontogenezində xloroplastların fotokimyəvi fəallığının tədqiqi ilə məşğul olmuşdur. Akademik gənc İbrahim üçün təkcə elmi rəhbər olmamış, eyni zamanda, bütün tələbələri kimi ona da himayədarlıq etmiş, daim diqqət və qayğı göstərmişdir.

1978-ci ildə Azərbaycan EA-nın Botanika İnstitutunun nəzdində “Fotosintezin fiziologiyası” laboratoriyası təşkil olunur və İbrahim Əzizov həmin laboratoriyanın ilk əməkdaşı - baş laborant vəzifəsinə təyin olunur. Akademik Cəlal Əliyevin rəhbərliyi altında apardığı tədqiqatlarda onun tərəfindən xloroplastların fotokimyəvi fəallığı ilə bitkilərin yetişkənlik müddəti və məhsuldarlığı arasında korrelyasiya aşkar olunmuşdur. Müəyyən edilmişdir ki, yüksək məhsuldarlığa malik tezyetişən buğda sortlarında xloroplastların fotokimyəvi fəallığı hələ ontogenezin ilkin mərhələlərində gecyetişən sortlara nisbətən daha yüksək olur. Bu dövrdə xloroplastların yüksək fotosintez fəaliyyəti nəticəsində sintez olunan assimilyatların bir hissəsi böyümə proseslərinə sərf olunur, digər hissəsi isə ehtiyat halında toplanaraq ontogenezin sonrakı dövründə sünbüllərin əmələ gəlməsinə və dənin dolmasına sərf olunur. Ona görə də ontogenetik inkişafın ilk mərhələlərində fotokimyəvi reaksiyaların sürətinə görə buğda sortunun tez və ya gecyetişən olması haqqında əvvəlcədən fikir söyləmək mümkündür. Onun əldə etdiyi bu nəticələr M.B.Lomonosov adına Moskva Dövlət Universitetinin alimləri - professorlar T.Krendelyeva və B.Rubinin tədqiqatlarında da öz təsdiqini tapmışdır. 1987-ci ildə laboratoriyada ixtisaslı kadrların sayı artır və bura 4 qrupdan ibarət “Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları” şöbəsinə çevrilir. Nəhayət, bu şöbənin əsasında 2016-cı ildə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu yaradılır. Hazırda İbrahim Əzizov Xloroplastların fotokimyası laboratoriyasının müdiri kimi həmin institutda öz fəaliyyətini uğurla davam etdirir.

Bu illər ərzində İ.Əzizov ona göstərilən etimadı tam doğrulda bilmişdi. 1981-ci ildə akademik Cəlal Əliyevin rəhbərliyi ilə “Müxtəlif məhsuldar buğdaların ontogenezində xloroplastların fotosintez qabiliyyəti” mövzusunda dissertasiya işini müdafiə edərək “Bitki fiziologiyası” ixtisası üzrə biologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1994-cü ildə isə doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. O, öz tədqiqatlarını uğurla davam etdirmiş və alınan nəticələr əsasında 1994-cü ildə “Məhsuldarlığı və becərilmə şəraiti ilə əlaqədar olaraq müxtəlif buğda sortlarının assimiləedici orqanlarından ayrılmış xloroplastlarda fotokimyəvi reaksiyaların fəallığı” mövzusunda dissertasiya işini müdafiə edərək, biologiya elmləri doktoru elmi dərəcəsini almışdır. 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. 2017-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür.

İbrahim Əzizov fotosintezin fiziologiyası sahəsində tanınmış mütəxəssisdir. O, uzun illər ətraf mühitin əlverişsiz amillərinin - yüksək temperatur, quraqlıq, şoranlıq və radiasiyanın müxtəlif buğda genotiplərinin fotosintetik aparatına və məhsuldarlığına təsirini öyrənmişdir. Aparılan kompleks tədqiqatların nəticələri akademik Cəlal Əliyevin rəhbərliyi ilə daha davamlı yüksək məhsuldar sortların yaradılmasına gətirib çıxarmışdır. Hazırda İ.Əzizov müasir fizioloji, biokimyəvi və biotexnoloji yanaşma metodlarından istifadə etməklə ali bitkilərdə və birhüceyrəli yosunlarda duzadavamlılığın mexanizminin aydınlaşdırılması istiqamətində tədqiqatlarını davam etdirir.

Daim elmi axtarışlarda olan alim AMEA-nın digər institutları ilə əməkdaşlıq edir. Akademiyanın Radiasiya Problemləri İnstitutunun əməkdaşları ilə birgə apardıqları tədqiqatlarda bir sıra bitki mənşəli radioprotektor xassəli fizioloji fəal maddələr alınmış, həmin maddələr bitki və heyvan orqanizminə daxil edilərək onların şüaqoruyucu xassələri tədqiq edilmişdir. Alınan fizioloji maddələr içərisində yapon saforası, boymadərən, gülümbahar, dazıotu, zəncirotu çiçəklərindən və yaşıl qoz meyvəsindən alınan ekstraktların radioprotektor xüsusiyyətlərə malik olduğu təsdiqlənmiş və onların praktikada tətbiqi tövsiyə edilmişdir.

İ.Əzizov bir sıra yerli və beynəlxalq layihələrin bilavasitə iştirakçısı və rəhbəri olmuşdur. Onun rəhbərliyi ilə “Abşeronun neft və neft məhsulları ilə çirklənmiş torpaqlarının bioremediasiya üsulunun işlənib hazırlanması”, “Gəncə ətrafı çirklənmiş torpaqların təmizlənməsində yeni üsulların tətbiqi” kimi beynəlxalq qrand layihələri yerinə yetirilmiş və çirklənmiş torpaqların təmizlənməsinin yeni, ekoloji təmiz və iqtisadi cəhətdən sərfəli metodları işlənib hazırlanaraq praktikaya tətbiq edilmişdir. Bu metodun əsasını təbiətdə canlılar arasında mövcud olan trofik əlaqələr təşkil edir. Neft məhsulları ilə çirklənmiş torpaqlar şumlandıqdan sonra peyin-humus qarışığı ilə zənginləşdirilir. Humusun tərkibində olan bakteriya və göbələklər yüksək molekullu neft karbohidrogenlərini parçalayaraq zərərsizləşdirilir. Müəyyən müddətdən sonra həmin torpağa yağış qurdları əlavə olunur və onların fəaliyyətinə nəzarət edilir. Yağış qurdları torpaq hissəciklərini həzm sistemindən keçirərək keyfiyyətini yaxşılaşdırırlar. Əgər onlar çoxalıb arta bilirlərsə, həmin torpağa otların toxumları səpilir. Belə torpaqlarda ilk olaraq sürünən ayrıq yaxşı inkişaf edir, torpağın strukturunu yaxşılaşdırır və digər bitkilərin inkişafı üçün şərait yaradır. Bu üsulla neft məhsulları ilə çirklənmiş torpaqları 3 il müddətinə əkin üçün yararlı hala salmaq mümkündür. İ.Əzizov tərəfindən su çatışmazlığı şəraitində biogen elementlərin buğda cücərtilərinin böyümə və inkişafına, yarpaqlarda piqmentlərin miqdarına təsiri öyrənilmişdir.

Görkəmli alim apardığı elmi tədqiqat işlərinin nəticələrinə görə bir sıra beynəlxalq elmi konfranslara dəvət alaraq məruzələrlə çıxış etmiş və onun əldə etdiyi nəticələr xarici ölkə alimlərinin marağına səbəb olmuşdur. O, öz elmi tədqiqatlarının nəticələrini 241 elmi əsərdə, o cümlədən iki monoqrafiyada dərc etmişdir.

İbrahim Əzizov 2005-ci ildə akademiyanın 60 illik yubileyi münasibətilə keçirilən geniş iclasda elmi yaradıcılığında əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilmişdir

İbrahim müəllimin zəngin elmi fəaliyyəti ilə yanaşı, çoxillik pedaqoji təcrübəsi də var. O, 1985-ci ildən Bakı Dövlət Universitetinin biologiya fakültəsində ixtisas kurslarını aparır, yüksək ixtisaslı kadrların hazırlanmasında fəal iştirak edir. Onun rəhbərliyi ilə 6 magistr, 7 fəlsəfə doktoru dissertasiyası müdafiə edilmişdir.

İ.Əzizov elmi-pedaqoji fəaliyyətilə yanaşı, akademiyanın elmi-təşkilati işlərində də yaxından iştirak edir. O, 2001-2016-cı illərdə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavini, 2011-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya və aqrar elmləri üzrə ekspert şurasının sədri, “AMEA-nın Xəbərləri (biologiya elmləri seriyası)” jurnalının redaksiya heyətinin üzvü olmuşdur.

İbrahim Əzizov uzun illər Botanika İnstitutunun Elmi Şurasının və institutun nəzdində olan müdafiə şurasının üzvü olmuşdur və bu gün də uğurla öz fəaliyyətini davam etdirir. O, yeni yaradılmış AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Elmi Şurasının üzvüdür. O, Ukrayna Genetiklər və Seleksiyaçılar, Radiobioloqlar cəmiyyətlərinin, “Orqanizmlərin eksperimental təkamülünün amilləri” jurnalının redaksiya heyətinin üzvüdür.

İbrahim Əzizov eyni zamanda, cəsarətli və vətənpərvər bir insandır. Ölkənin ən ağır vaxtlarında - 1992-ci ilin 16 oktyabrında ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfər tanınmış ziyalıdan biri məhz İbrahim Əzizov olmuşdur.

İbrahim müəllim xeyirxah insan, hər zaman hamının köməyinə çatan həmkardır. O, gənclərə daim yardım etmiş, qayğı göstərmiş və bu diqqətini indi də onlardan əsirgəmir. Çalışdığı kollektivin, geniş ictimaiyyətin rəğbətini qazanmışdır.

İnsan ömrü çox uzun görünsə də, əslində, çox qısadır. Odur ki, tez-tez fikirləşirsən: ömrümü əbəs keçirməmişəm ki? Mənalı həyat necə olur?

Bu sualla kimə müraciət etsən, hər kəs özünə görə fərqli cavab verəcək: kiminə görə mənalı yaşamaq, ali təhsil almaq, kiminə görə ailə həyatı qurmaq, kiminə görə isə karyerasında yüksək vəzifələr tutmaqdır... Doğuluruq, həyatımızın bir hissəsi uşaqlıq və yeniyetməlik dövründən ibarət olur, sonra ali təhsil, iş həyatı və s. İnsan keçmişə baxanda çox uzun görünən həyatından sadəcə, bir neçə şey xatırlayır, gündəlik həyat insanı fiziki və zehni olaraq məşğul edir, ayların, illərin necə keçdiyinin fərqinə belə varmır.

Bu gün 70 yaşını qeyd edən AMEA-nın müxbir üzvü İbrahim Əzizov şərəfli bir alim ömrü yaşayır.
İslam dininin elmə və alimə verdiyi dəyər heç kimə sirr deyil. “Həqiqi alim ən yüksək mənəvi məqam sahibidir” - deyirlər. İ.Əzizov da məhz bu uzaq yola çıxmış, öz mənalı həyatını Azərbaycanda biologiya elminin inkişafına həsr etmiş insanlardandır.


İradə Hüseynova,
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru,
akademik



REDAKSİYADAN:

Biz də çox hörmətli akademik İradə xanım Hüseynovanın səmimi təbrikinə və xoş arzularına qoşularaq,
turan.info.az-ın bütün Yaradıcı Heyəti adından - tanınmış alim, həyatının 50 ilə yaxın bir dövrünü
Azərbaycanda biologiya elminin inkişafına sərf etmiş biologiya elmləri doktoru, professor,
AMEA-nın müxbir üzvü İbrahim Vahab oğlu Əzizovu ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı, şəxsi həyatında və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..


Müşfiq BORÇALI,
Aysel MƏDƏDLİ,
turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Akademik İradə Hüseynovanın 50 yaşı tamam olur

Akademik İradə Hüseynovanın 50 yaşı tamam olur

Elm, Biologiya və tibb elmləri, Təbriklər
Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Akademik İRADƏ MƏMMƏD QIZI HÜSEYNOVA – 55

Biologiya və tibb elmləri, Təbriklər
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” nəşr ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” nəşr ...

Yeni nəşrlər, Biologiya və tibb elmləri
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ İRADƏ XANIM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ İRADƏ XANIM!..

Biologiya və tibb elmləri, Təbriklər
Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Biologiya və tibb elmləri
Biologiya problemləri üzrə elmi şuranın iclası keçirilib

Biologiya problemləri üzrə elmi şuranın iclası keçirilib

Biologiya və tibb elmləri
Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Böyük alim, akademik Cəlal Əliyevin əziz xatirəsi anılıb

Elm, Biologiya və tibb elmləri
Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Biologiya və tibb elmləri, UNUTSAQ, UNUDULARIQ!....
Allah rəhmət eləsin, Cəlal Əlirza oğlu Əliyev!..

Allah rəhmət eləsin, Cəlal Əlirza oğlu Əliyev!..

Əsas xəbər, Biologiya və tibb elmləri, "Zirvə", Nekroloqlar
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ilk illik hesabatı m ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun ilk illik hesabatı m ...

Biologiya və tibb elmləri
AKADEMİK AKİF HƏMİD OĞLU ƏZİZOV VƏFAT EDİB... = = = ALLAH RƏHMƏT ELƏSİN...

AKADEMİK AKİF HƏMİD OĞLU ƏZİZOV VƏFAT EDİB... = = = ALLAH RƏHMƏT ELƏSİN...

Elm, Nekroloqlar
Akademik Cəlal Əliyevin xatirəsi anılıb

Akademik Cəlal Əliyevin xatirəsi anılıb

Biologiya və tibb elmləri
Akademik Cəlal Əliyevin doğum günündə daha iki nəfər yetirməsi dissertasiya ...

Akademik Cəlal Əliyevin doğum günündə daha iki nəfər yetirməsi dissertasiya ...

Biologiya və tibb elmləri
“5 oktyabr – Müəllimlər günü”nə həsr olunmuş tədbir keçirilmişdir

“5 oktyabr – Müəllimlər günü”nə həsr olunmuş tədbir keçirilmişdir

Biologiya və tibb elmləri
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda italiyalı alimin mər ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda italiyalı alimin mər ...

Elm, Biologiya və tibb elmləri
Azərbaycan Dövlət Aqrar Universitetində  akademik Cəlal Əliyevin anadan olm ...

Azərbaycan Dövlət Aqrar Universitetində akademik Cəlal Əliyevin anadan olm ...

Gəncə, Biologiya və tibb elmləri
Belarus Milli Elmlər Akademiyasının baş elmi katibi Molekulyar Biologiya və ...

Belarus Milli Elmlər Akademiyasının baş elmi katibi Molekulyar Biologiya və ...

Elm, Biologiya və tibb elmləri
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı İslam  ...

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşı İslam ...

Biologiya və tibb elmləri
Dünya şöhrətli alim Cəlal Əliyevin xatirəsi anılıb

Dünya şöhrətli alim Cəlal Əliyevin xatirəsi anılıb

Biologiya və tibb elmləri

"Əbədi çıraq" filmi "Mədəniyyət" kanalında yayımlanıb

Biologiya və tibb elmləri, Tv
Rəy yazın: