Əvvəlcə tədbir iştirakçıları
alimin I Fəxri Xiyabandakı
məzarını ziyarət edib,
heykəlinin önünə əklil və
gül dəstələri qoyublar.
İnstitutun akt zalında keçirilən tədbir C.Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İnstitutun direktoru, akademik İradə Hüseynova çıxışında alimin həyat yolu və elmi fəaliyyəti barədə iştirakçılara məlumat verib. Qeyd edib ki, C.Əliyev elmi tədqiqatlarını 1951-ci ildən Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda Bitkilərin fiziologiyası və 1971-ci ildən paralel olaraq AMEA-nın Botanika İnstitutunda yaratdığı Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbələrində aparıb.
İ.Hüseynova akademikin bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradıldığını diqqətə çatdırıb.
C.Əliyevin 500-dən artıq yüksək ixtisaslı kadr hazırladığını deyən İ.Hüseynova akademikin şəxsən 85 namizədlik və 14 doktorluq dissertasiyasına elmi rəhbərlik etdiyini vurğulayıb.
Sonda AMEA-nın rəsmi televiziyası Elm TV-nin yaradıcı qrupu tərəfindən ərsəyə gətirilən akademik C.Əliyevin elmi fəaliyyətindən bəhs edən “Əbədi çıraq” adlı film nümayiş etdirilib.
Aysel MƏDƏDLİ,
turan.info.az
.