Nizami Gəncəvi adına
Qızıl medalı" və AMEA-nın adlı mükafatları üzrə
2018-ci il üçün müsabiqələr
elan edilib.
Bu haqda qərar
AMEA Rəyasət Heyətinin
yanvarın 31-də keçirilən
iclasında qəbul olunub.
turan.info.az xəbər verir ki,
AMEA-nın prezidenti, akademik Akif Əlizadə Nizami Gəncəvi adına
Qızıl medalla təltif etmək səlahiyyətinin Prezident İlham Əliyevin 27 iyun 2014-cü il tarixli Fərmanına əsasən AMEA Rəyasət Heyətinə verildiyini xatırladıb.
Akademik qeyd edib ki, bu mükafat ildə bir dəfə Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilərə mühüm fundamental və tətbiqi elmi nəticə, əsər, kəşf, ixtira, habelə elmin inkişafındakı xüsusi xidmətlərinə görə təqdim olunur.
Adlı mükafatlar üzrə müsabiqənin də önəmliyini qeyd edən Akademiya rəhbəri vurğulayıb ki, AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, Akademik Üzeyir Hacıbəyli, Akademik Mirəsədulla Mirqasımov, Akademik Yusif Məmmədəliyev, Akademik Musa Əliyev və Abbasqulu ağa Bakıxanov adına mükafatları elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək məqsədilə təqdim edilir.
Qeyd edək ki, mükafatlara namizədlər AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi bölmələri, elmi-tədqiqat və ali təhsil müəssisələrinin elmi şuraları, elmi cəmiyyətlər, nazirlik və dövlət komitələri yanında fəaliyyət göstərən elmi-texniki şuralar tərəfindən irəli sürülə bilər. Namizədlər haqqında təqdimatlar müvafiq sənədlərlə birlikdə martın1-dək Ekspert Komissiyasına təqdim edilməlidir.
Aysel MƏDƏDLİ,
turan.info.az
.