Tədbir görkəmli coğrafiyaçı və torpaqşünas alim, akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olunub.
Elmi-praktiki seminarın keçirilməsində məqsəd torpaq idarəçiliyində, kadastr məlumatlarından və aqroiqlim ehtiyatlarından daha səmərəli istifadədə, o cümlədən torpaqların kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyən edilməsndə, kənd təsərrüfatı ərazilərinin planlaşdırılmasında ən son elmi nailiyyətlərin, müasir innovativ yanaşmaların tətbiqi ilə əlaqədar qarşılıqlı elmi-tədqiqat işlərinin təkmilləşdirilməsidir.
AMEA Rəyasət Heyəti aparatının
İctimaiyyətlə əlaqələr şöbəsindən turan.info.az-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə son illər ölkəmizdə dövlət qayğısı sayəsində elmin inkişafı, ən son yeniliklərin tətbiqi, elmi fəaliyyətin səmərəliliyinin artırılması ilə bağlı mühüm işlərin görüldüyünü vurğulayıb. Bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsi də torpaqların səmərəli idarə olunmasında, kadastr uçot işlərinin aparılması istiqamətində elmi yeniliklərdən istifadə etməklə fəaliyyətini daha da təkmilləşdirib.
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov isə giriş nitqində Azərbaycanda torpaqların elmi əsaslarla idarə edilməsi sahəsində, torpaqlardan səmərəli istifadə edilməsində, bu sahənin formalaşmasında akademik Həsən Əliyevin müstəsna xidmətlərindən danışıb. Komitə sədri qeyd edib ki, ölkəmizdə bu gün elmi əsaslardan istifadə olunmaqla bütün sahələrdə yüksək nailiyyətlər əldə edilir. Əmlak Məsələləri Dövlət Komitəsi də torpaq ehtiyatlarının idarə edilməsində, onların mühafizəsində, kəmiyyət və keyfiyyət göstəricilərinin artırılmasında elmi əsaslara istinad edir, kadastr uçot işlərinin aparılması, Ünvan Reyestri İnformasiya Sisteminin yaradılması ilə bağlı elmi texniki tərəqqinin nailiyyətlərinə olduqca geniş yer ayırır, bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə xüsusi önəm verir, eyni zamanda AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi nailiyyətlərindən bəhrələnir.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə mülkiyyət münasibətlərinin yeni iqtisadi prinsiplərə əsasən tənzimlənməsi, o cümlədən torpaq ehtiyatlarının dövlət idarəetməsinin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən mühüm islahatlardan da danışılıb. Torpaqların dəqiq uçotu, torpaq idarəçiliyi və inzibatçılığında yeni çağırışların və müasir yanaşmaların tətbiqi ilə bağlı verilən Fərman və tapşırıqlardan söz açılıb. Qeyd olunub ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu tapşırıqların icrası məqsədilə ardıcıl olaraq genişmiqyaslı tədbirlər həyata keçirir: “Hazırda təyinatından və mülkiyyət növündən asılı olmayaraq, ölkə ərazisindəki bütün torpaqlar elektron kadastr uçotuna alınaraq Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılır. Bu sistemin məlumatlarına istinad etməklə torpaqla bağlı əsassız istifadə hallarının qarşısının alınmasına, torpaq ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsinə dair qərarlar qəbul edilir. Müasir bələdiyyə və relyef xəritələrinin hazırlanmasına nail olunur. Layihə çərçivəsində elektron kadastr informasiya sisteminin yaradılması ilə torpaqların sənədlərdəki kadastr göstəriciləri ilə faktiki istifadə vəziyyətinə dair göstəricilər arasındakı uyğunsuzluqlar aradan qaldırılır və çoxsaylı torpaq mübahisələrinə son qoyulur”.
Bildirilib ki, torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti əsasında əldə olunan kosmik imkanlardan - süni peyklərin məlumatlarından da istifadə olunur. Bundan başqa, daşınmaz əmlak idarəçiliyində Azərbaycanda ilk dəfə AZPOS sistemləri şəbəbəkəsi qurulub. Ölkə ərazisi üzrə 37 ədəd daimi geodeziya stansiyaları fəaliyyət göstərir.
Həmçinin Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib. Ölkənin 4 milyon hektardan çox ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması və relyef xəritələrinin hazırlanması işi artıq yekunlaşıb. Bu materiallara əsasən ölkənin 51 rayonunun müxtəlif qradasiyalı meyllik xəritələri tərtib edilib və onların 3D formatda relyef xəritələri qurulub. Komitənin kadastr fəaliyyəti ilə bağlı hədəfi 2020-ci ilədək ölkə ərazisindəki bütün torpaqların elektron kadastr uçotu sistemini yaratmaqdan ibarətdir.
Vurğulanıb ki, torpaqların keyfiyyət göstəricilərinin və münbitliyinin artırılması, əkin işləri zamanı səmərəliliyin maksimum səviyyəyə çatdırılmasına nail olmaq üçün Komitənin müasir tələblərə uyğun, modern cihaz və avadanlıqlarla təchiz olunmuş səyyar mobil laboratoriyaları fəaliyyət göstərir. Torpaq və Bitki Laboratoriyasında analizlər nəticəsində torpaqların və yem bitkilərinin keyfiyyətləri ilə bağlı bir çox məlumatlar əldə edilir.
Tədbir çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə birgə torpaq ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı ərazilərinin planlaşdırılması sahəsində əməkdaşlıq barəsində memorandum imzalayıb. Memoranduma əsasən daşınmaz əmlak kadastrı, coğrafiya elminin qarşılıqlı maraq doğuran sahələrində innovasiyaların tətbiqi, kadr hazırlığı istiqamətində birgə işlər görüləcək. Təqdim olunan layihələrin birgə elmi-metodiki ekspertizası aparılacaq.
Daha sonra tədbirdə təqdimatlar və çıxışlar olub. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev Azərbaycanda torpaq idarəçiliyində kadastr məlumatlarından istifadənin elmi-praktiki əsasları istiqamətində təqdimatla çıxış edib.
AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov akademik Həsən Əliyevin həyat və yaradıcılığından danışıb.
Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin direktoru Anar Nərimanov Azərbaycanda torpaq idarəçiliyi məqsədləri üçün metaməlumatların toplanması və idarə edilməsində CİS-in tətbiqi istiqamətində təqdimatla çıxış edib.
Tədbirdə alim və mütəxəssislərin Abşeronda əhalinin cəmlənməsi və torpaqlardan istifadə problemləri, eləcə də Azərbaycanın aqroiqlim ehtiyatlarından torpaq idarəçiliyində istifadə imkanları mövzularında çıxışlar olub.
Müşfiq BORÇALI,
turan.info.az
.