AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən
turan.info.az-a bildiriblər ki, tədbirdə AR Təhsil Nazirliyinin nümayəndələri, AMEA-nın elmi müəssisə və təşkilatlarının rəhbərləri, ölkənin İKT üzrə aparıcı alim və mütəxəssisləri, həmçinin KİV nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq proqram mühəndisliyinin ölkəmizdə biliklər iqtisadiyyatının formalaşması baxımından çox mühüm əhəmiyyət kəsb edən intellektual fəaliyyət sahəsi olduğunu bildirib. O, BMT tərəfindən minilliyin ideologiyası kimi bəyan olunan informasiya cəmiyyətinin əsasında informasiya-kommunikasiya texnologiyaları və biliklər iqtisadiyyatının dayandığını qeyd edib.
AMEA rəhbəri ölkə Prezidenti İlham Əliyev tərəfindən Azərbaycanda yüksək texnologiyalar sektorunun inkişaf etdirilməsi, biliklər iqtisadiyyatının formalaşdırılması ilə bağlı bir sıra konseptual sənədlərin, mühüm qərarların qəbul edildiyini diqqətə çatdırıb. Bildirib ki, son zamanlar ölkədə elmtutumlu məhsulların və texnologiyaların işlənilməsi və tətbiqi üçün texnoparklar və innovasiya zonalarının yaradılması, informasiya və biliklərə əsaslanan iqtisadiyyatın inkişaf etdirilməsi, İKT sahəsində bilik və bacarıqların artırılması ilə bağlı kompleks tədbirlər görülür.
Sonra alim dövlət başçısının “AMEA Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” 8 noyabr 2016-cı il tarixli Sərəncamını xatırladıb. Bildirib ki, bu qurumun yaradılmasında məqsəd iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdır.
Akademik A.Əlizadə Azərbaycan gənclərinin proqram mühəndisliyi sahəsinə marağının artırılması üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, proqramlaşdırma sahəsində elmi kadrlara və yüksəkixtisaslı mütəxəssislərə artan tələbatın ödənilməsi məqsədi ilə ölkənin ali təhsil müəssisələri ilə əməkdaşlığı dərinləşdirməliyik.
Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edərək böyük iqtisadi perspektivləri olan proqram mühəndisliyinin inkişafına dünyanın bir çox ölkələrində diqqət yetirildiyini bildirib. O, İKT-nin təhsildə tətbiqi və informatika fənninin tədrisi, proqram təminatı üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, orta və ali təhsil müəssisələrində İKT-dən istifadə vərdişlərinin formalaşdırılması ilə bağlı həyata keçirilən tədbirlərdən söz açıb. Qeyd edib ki, hazırda Azərbaycanda qabaqcıl dünya təcrübəsindən istifadə etməklə informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq yeni bilik və texnologiyaların istifadəsini, mənimsənilməsini və yayılmasını təmin edən milli innovasiya sisteminin formalaşdırılması prosesi uğurla həyata keçirilməkdədir.
Nazir müavini çıxışının sonunda proqram mühəndisliyi sahəsində dünya təcrübəsinin öyrənilməsi və təhsil sistemində buna uyğun kompleks islahatların aparılmasının zəruriliyini vurğulayıb.
Konfransda “Azərbaycanda proqramlaşdırmanın yaranması və təşəkkülü” mövzusunda məruzə ilə çıxış edən İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev Azərbaycanda proqramlaşdırma texnologiyalarının yaranmasının və təşəkkülünün əsas etibarilə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Qeyd edib ki, 1969-cu ildə ümummilli lider hakimiyyətə gəldiyi zaman Azərbaycanda elmtutumlu iqtisadi sahələr yox dərəcəsində idi. Telekommunikasiyanın, radioelektronikanın, hesablama texnikasının strateji əhəmiyyətini düzgün qiymətləndirən ümummilli liderimiz bu sahənin inkişafına xüsusi diqqət yetirməyə başladı. Bunun da nəticəsində respublikamızda proqramlaşdırma, avtomatika, tətbiqi riyaziyyat, kibernetika və digər sahələrdə böyük alimlər, mütəxəssislər yetişməyə başladı. Bu gün isə ölkə başçısı İKT-ni Azərbaycanın sosial-iqtisadi inkişafının prioritet sahəsi elan etmişdir.
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev “Proqram mühəndisliyinin formalaşmasının bəzi aktual problemləri və perspektivləri” mövzusunda məruzəsini təqdim edib. Proqram mühəndisliyi: vəzifələr və hədəflər, proqram mühəndisliyinin iqtisadi perspektivləri, bu sahədə beynəlxalq standartlar, kadr hazırlığı, elmi, informasiya təhlükəsizliyi və hüquqi-etik problemlərinə dair ətraflı məlumat verib.
R.Əliquliyev ölkənin müvafiq ali təhsil müəssisələrində “Proqram mühəndisliyi” ixtisası üzrə dərsliklərin hazırlanması, mövcud olan beynəlxalq standartların milliləşdirilməsi, onların tətbiqi və tədrisinin həyata keçirilməsi, müvafiq qurumlar tərəfindən proqram mühəndisliyi sahəsində aparılan elmi araşdırmalara və irəli sürüləcək təşəbbüslərə dəstək verilməsi ilə bağlı tədbirlərin görülməsinin vacibliyini nəzərə çatdırıb.
Tədbirdə, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) kompüter proqramları təminatı şöbəsinin rəhbəri, f.-r.f.d. Bəxtiyar Siracov “Proqram mühəndisliyi sahəsində dünya təcrübəsi və tendensiyalar”, Bakı Dövlət Universitetinin dosenti, f.-r.f.d. Ramin Mahmudzadə “Ölkəmizdə proqramlaşdırmanın tədrisi haqqında” və “Microsoft” şirkətinin MDB ölkələri üzrə strateji həllər eksperti Qaçay Mirzəyev “Proqram mühəndisliyi sahəsində “Microsoft” şirkətinin prioritetləri” adlı məruzələrlə çıxış ediblər.
Sonra konfrans öz işini “Proqram mühəndisliyinin elmi-nəzəri problemləri”, “Proqram mühəndisliyinin tədrisi problemləri” və “Proqram mühəndisliyinin tətbiqi problemləri” mövzusunda təşkil olunmuş seksiya iclasları ilə davam etdirib.
Müşfiq BORÇALI,
turan.info.az
.