AMEA rəhbəri görüşdə Akademiyanın nümayəndə heyətinin bu yaxınlarda Bolqarıstana səfərini xatırladıb. Qeyd edib ki, səfər zamanı Bolqarıstanın elmi müəssisələri ilə müzakirə olunan layihələr artıq həyata keçirilməyə başlanılıb.
AMEA-nın tarixi, keçdiyi inkişaf yolundan söhbət açan akademik Akif Əlizadə elmin kommersiyalaşması istiqamətində görülən işlərdən, Yüksək Texnologiyalar Parkının fəaliyyəti haqqında məlumat verib. AMEA-nın prezidenti Təcrübə-Sənaye Zavodunda bir çox adda məhsul istehsal olunduğunu, bunlardan tibb sahəsində geniş istifadə olunan Ağ Naftalan yağının öz unikallığı ilə seçildiyini bildirib. Akademik Akif Əlizadə həmçinin Akademiyada geologiya, fizika, kimya, informasiya texnologiyaları, paleontologiya, humanitar və ictimai elmlər sahələrində aparılan tədqiqatlardan, palçıq vullkanları, neft və qaz yataqlarının öyrənilməsi sahəsində görülmüş işlərdən danışıb. Bildirib ki, elmin prioritetlərindən biri də Azərbaycan alimlərinin xarici həmkarları ilə birlikdə meqalayihələrdə iştirakıdır.
Görüşə görə AMEA rəhbərliyinə təşəkkürünü bildirən Bolqarıstan Respublikasının vitse-prezidenti İliana Yotova Bolqarıstan Elmlər Akademiyasının fəaliyyətindən, aparılan tədqiqatlardan və iki ölkə arasında elmi əməkdaşlığın gələcək perspektivlərindən danışıb. Elm, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən beynəlxalq layihələr, elmin maliyyələşdirilməsi və kommersiyalaşdırılması haqqında söz açan vitse-prezident gələcək tədqiqatlar üçün aktual mövzularının seçilməsinin zəruriliyini qeyd edib.
Akademik Akif Əlizadə gənc elmi kadrların hazırlıq məsələsinə toxunaraq ikitərəfli kadr mübadiləsinin, Azərbaycanın gənc alim və mütəxəssislərinin Bolqarıstanın elmi mərkəzlərində təcrübə keçməsinin vacibliyini vurğulayıb.
Görüşdə Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova, AMEA-nın vitse-prezidentləri, akademik İbrahim Quliyev və akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev və başqaları iştirak ediblər.
turan.info.az
.