- Ulu Borçalımızın qədim Başkeçid elində -
indiki Gürcüstanın Dmanisi rayonundakı
Qızılkilsə kəndində dünyaya göz açıb.
1987-ci ildə orta məktəbi, 1992-ci ildə Azərbaycan
Dövlət İnşaat Mühəndisləri Universitetini bitirib.
Uzun müddət “Azərsu” Açıq Səhmdar Cəmiyyətində aparıcı mühəndis işləyib.
Ədəbiyyata marağı, saza-sözə sevgisi
hələ kiçik yaşlarından ona, bu dünyadan
nakam getmiş atası saz-söz vurğunu
Abbas Abdullayevdən və anası
tanınmış çairə Səadət Butadan keçib.
Şeirləri müxtəlif mətbuat orqanlarında,
o cümlədən, "Borçalı", "Şərqin səsi",
"Ziya", "Elm və Təhsil" qəzetlərində,
"turan.info.az", "Zirve.info" saytlarında,
"Sazlı-Sözlü Başkeçid" (2015) və
"Zirvə" (2018) poeziya antologiyalarında
dərc olunub.
2017-ci il aprelin 14-də vəfat edib.
Vəfatının birinci ildönümü ədəfəsində turan.info.az-ın Baş redaktoru Müşfiq Borçalı mərhum Məməd Abdullayevin
müxtəlif illərdə qələmə aldığı şeirləri, eləcə də onun anası Səadət Butanın, dayısı İladi Öməroğlunun,
xalası Səringül Sadənin və qələm dostlarının Məmmədin əziz xatirəsinə həsr etdikləri şeirləri toplayıb,
nəfis şəkildə "Məmməd həsrəti" adlı kitab tərtib edərək oxucuların ixtiyarına verib.
Biz də bir daha Allahdan Məmməd Abdullayevə rəhmət diləyir və aşağıda onun bir neçə rübaisini
dəyərli oxucularımıza ərmağan edirik.
RÜBAİLƏR
Mən tənha deyiləm, inanın buna,
Mənim anam - həm atadır, həm ana.
Abbasın oğluyam - mən övladıyam,
İlhamın atəşi düşübdür cana.
Böyüyündən uca tutan sözünü,
Əvvəl deyən axırıncı sözünü,
Çox aşağı, qanacaqsız insandi,
Pis işlərdən çəkməz bir an gözünü.
turan.info.az
.