"Ədəbiyyata vurğunluğum yolumu tez-tez şeir müsabiqələrindən, böyük tədbirlərdən salsa da, şeirlər yazmağıma səbəb olsa da, bu istəyimdən heç bilmirəm necə oldusa uzaqlaşdım. Uzun illər sonra başı bəlalar çəkmiş Azərbaycanımız haqqında qarşıma çıxan bir paylaşımın təsirindən bu misraları yazdım:
Bax beləcə hissə-hissə parçalandı yurdumuz,
Zaman-zaman söndü bizim ocağımız, odumuz.
Torpağımı,Vətənimi çox gördülər bizlərə,
Parçalayıb yem etdilər dünyaya, ac kəslərə.
Ayırdılar o tay, bu tay, həsrət qaldı elimiz,
Yüz illərdi uzatsaq da yetişməyir əlimiz.
Dilimizi əsir edib tariximi sildilər,
Millətimi niyə düşmən, niyə yağı gördülər?
Və bu misralar məndə şeirə olan sevgi və duyğuları yenidən oyatdı, 24 ildən sonra yenidən duyğu və düşüncələrimi misralara köçürməyə başladım."
Arzu Tahirqızının şeirləri "Nur ocağı", "Qəbələnin səsi", "Ağsu" Ədəbi birliklərinin antaloğiyalarında, eləcə də, “Odlar Yurdu Azərbaycan”, “Xocalı - Əsrin faciəsi”, "Bahar ətirli duyğuıar" və s. ədəbi məcmuələrdə, bir çox qəzet və kitablarda işıq üzü görüb.
Biz də Arzu Tahirqızına yeni-yeni yaradıcılıq uğurları diləyir və onun Vətənə, Torpağa, Şəhidlərimizə ünvanlanmış duyğularını sizlərin diqqətinə, geniş oxucu kütləsinə təqdim edirik.
RAMİLƏ ƏLİYEVA,
“Yurd.İnfo.Az”-ın şöbə müdiri,
“Zirvə” və “Zəfər” mükafatları laureatı
turan.info.az
ZƏFƏRİN MÜBARƏK, AZƏRBAYCANIM!
Ən Yeni tariximin dünyaya car günüdür,
Düşmənin ölüm günü, düşmənin xar günüdür.
Xalqımın dünya içrə bir iftixar günüdür,
Gözün aydın, şərəfim, şanım Azərbaycanım!
Zəfərin mübarəkdir, canım Azərbaycanım!
Vətən oğullarının dastan yazan günüdür.
Yağılara dağ çəkib, məzar qazan günüdür,
Alnımızdan ləkəni bu gün pozan günüdür,
Çoşur damarlarımda qanım Azərbaycanım!
Zəfərin mübarəkdir, canım Azərbaycanım!
Qüdrətinə şahiddir bütün dünya, bu cahan,
Komandanım əmr etdi, nəhayət verdi fərman,
İgidlər öz qanıyla yazdılar şanlı dastan,
Qürur ilə söküldü danım Azərbaycanım!
Zəfərin mübarəkdir, canım Azərbaycanım!
AZƏRBAYCAN
Azərbaycan! Qarış- qarış ürəyimə sıxdığım,
Yağış olub damla- damla sinəsinə yağdığım,
Cənnət deyib, havasını ciyərimə yığdığım,
Bir Vətəndir-- parçalanmış, bölünmüş...
Hər daşını, qayasını doğma ocaq saydığım,
Torpağına, millətinə sonsuz sevgi duyduğum,
Yaralanmış sinəsinə, sığınıb baş qoyduğum,
Bir Vətəndir - parçalanmış, bölünmüş...
Tarixinə boylanaraq od- alovsuz yandığım,
Ağrısını-acısını ürəyimdə sandığım.
Bir yaralı bülbül olub köksü üstə qonduğum,
Bir Vətəndir - parçalanmış, bölünmüş...
Caynaqlarda param-parça qızıl qana bürünən,
Borçalıdan Təbrizədək yaraları görünən,
O tay, bu tay insanları "ANAM" deyib, öyünən,
Bir Vətəndir--parçalanmış,, bölünmüş...
Azərbaycan! Qurban olum "ODLAR YURDU" adına,
İrəvandan Dərbəndədək tüstüləyən oduna,
Kərkük, Göyçəm, can Təbrizim, kaş çataydım dadına,
Bir Vətənsən--parçalanmış, bölünmüş...
AZƏRBAYCAN ZƏFƏRİLƏ SEÇİLDİ
Tariximə siz yazdınız zəfəri,
Məğrur, igid Azərbaycan əsgəri.
Qırx dörd gündə mat qoydunuz bəşəri.
Hünəriniz boyunuza biçildi,
Azərbaycan, zəfərilə seçildi.
Yurdumuzun ağrısını duydunuz,
Vətən üçün canınızı qoydunuz,
Yağıların gözlərini oydunuz.
Mənfur düşmən kiçildikcə kiçildi,
Azərbaycan zəfərilə seçildi.
"VƏTƏN, sənə canım fəda" söylədin,
Hər an ona "ANAM" deyib göynədin,
Amalından, məsləyindən dönmədin.
Düşmənin boş xəyalları uçuldu,
Azərbaycan zəfərilə seçildi.
Bir yumruqda həmrəy oldu vətəndaş,
Görməmişdi tarix belə bir savaş,
Bu birliyə dünya qaldı lap çaşbaş.
O keçilməz bəndlər aşdı, keçildi,
Azərbaycan zəfərilə seçildi
Budur, dindi yurd həsrətli ağrılar,
Öz yerini tapdı haqdan doğrular.
Ürəklərdə, gözdə güldü duyğular.
Göz yaşımız şərbət olub içildi,
Azərbaycan zəfərilə seçildi.
Damarlarda coşdu qanlar, qaynadı,
Əldə bayraq, qəlbdə sevinc oynadı.
Bu qələbə tariximə aynadı.
Göyçəyədək zəfər ətri saçıldı,
Azərbaycan zəfərilə seçildi.
VƏTƏN
Vətən, deyəmmirəm başın sağ olsun,
Millətim zülümdə, ordum dardadı.
Yenə ahım qalxıb ərşi-əlaya,
Allahın rəhməti hanı, hardadı?
Qaraya boyandı yenə göy üzü,
Zülmətə qərq etdi günü, gündüzü.
Yetər, istəmirik biz qan dənizi,
Analar-bacılar ahu-zardadı.
Yanan sinəsidi, sönən işığı,
Nakam göz ağrısı, tək yaraşığı.
Ana istəyərmi bu barışığı?..
Oğlunun al qanı o torpaqdadı.
VƏTƏNLƏRİN GÖZƏLİSƏN
Damarımdan sən axan qan,
Canımdan da ən əziz can,
Doğma Anam, Azərbaycan!
Sevgilərin əzəlisən,
Vətənlərin gözəlisən!
Sığınmışıq qoynuna biz,
Olmasın günümüz sənsiz,
Ömrümüzdə ən gözəl iz,
Bəzəyi, zəri, ləlisən,
Vətənlərin gözəlisən!
Tarixin uludan-ulu,
Yolun haqqın nurlu yolu,
Turanımın güclü qolu,
Sülhün şeir, qəzəlisən,
Vətənlərin gözəlisən!
Azərbaycan! odum, közüm,
Dilimdə ən zəngin sözüm,
Şah damarım, görən gözüm,
Sən, sevgimin özəlisən,
Vətənlərin gözəlisən!
Vətənlərin gözəlisən!
VƏTƏN HƏSRƏTİM
Arzularım gəlməz saya,
Hayqırıram mən dünyaya.
Bitəcək həsrət "o taya",
Qovuşacaq hər məkanım,
Ey canım Azərbaycanım!
Qalmayıbdı canımda can,
Doğsun günəş, sökülsün dan.
Arzum bütöv Azərbaycan,
Dərbənd, Kərkük, İrəvanım,
Ey canım Azərbaycanım!
Bəsdi qəlbim yandı aha,
Yalvarıram hey Allaha.
Çıxsın aydın bir sabaha,
Təbrizim, Germim, Zəncanım,
Ey canım Azərbaycanım!
Adın torpaq, daşındadır,
Ürəyimin başındadır.
Azadlıq təlaşındadır,
Ərdəbil, Əhər, Gilanım,
Ey canım Azərbaycanım!
Necə deyim sən ağlama,
Miyanəmə, Marağama.
Meşkinşehir yas saxlama,
Damarımda donar qanım,
Ey canım Azərbaycanım!
And yerimsən, Kəbəm, pirim,
Sarmas, Urmiya, Səreynim,
Muğanşehrim, Xoyum, Nirim.
Ağrım-acım, ah-fəğanım,
Ey canım Azərbaycanım!
Qəlbi qandır Qəzvin, Nəmin,
Əsirəm əlində qəmin...
Vətən dərdli bu sinəmin,
Bir yarası Həmədanım,
Ey canım Azərbaycanım!
Çıxmayıbdı yaddan,fələk,
Borçalıma yanır ürək.
Hasil olar arzu, dilək,
Qibləm səcdəm, din-imanım,
Ey canım Azərbaycanım!
Sən canımda əziz cansan,
Ruhum,hissim,şərəf-şansan,
Sən bütöv Azərbaycansan,
İki sahil, bir cahanım,
Ey canım Azərbaycanım!
TORPAĞINA QURBANAM
Vətən, burdan Göyçəyədək sancılan,
Dalğalanan bayrağına qurbanam.
Addım-addım caynaqlardan sıyrılan,
Qan qoxulu torpağına qurbanam.
Köksüm üstə sanki xəncər saplanıb,
Qəlbdə nifrət, düşmənə kin toplanıb,
Mərd oğullar xilasına yollanıb,
Cənnət olan qucağına qurbanam.
Yer tapmıram ürəyimi ovudum,
Leysan olum, bu yanğımı soyudum,
Şəhidim, ağrını necə unudum,
Vətən qoynu yatağına qurbanam.
Tor toxuyur zaman- zaman qəm mənə,
ŞƏHİD adlı dağ çəkilib sinəmə.
"Ana, dik dur, qəddin əymə, göynəmə"-
Bu yazdığın varağına qurbanam.
Yadın, doğman həsrətinə dözməyir,
Gedişini fəryad ilə izləyir,
Nazlı yarın vüsalını gözləyir,
Bəzəkli bəy otağına qurbanam.
Vətən dərdi ürəyində göynəyən,
Düşmənini nifrətilə çeynəyən,
"Vətən, sənə canım fəda" söyləyən,
Bayraq öpən dodağına qurbanam.
Düşmənlərin istehkamın sökmüsən,
Göyçəyədək zəfər yolu çəkmisən,
Ürəklərdə dağılmaz mülk tikmisən,
Dastan yazan sorağına qurbanam.
Vətən qoynu yatağına qurbanam.
14.07.2022
MƏNİM ŞANLI BAYRAĞIM
Bayraqların içində,
Möhtəşəmdir duruşun.
Düşmənlərə dağ çəkir,
Qartal təki uçuşun.
Sən azadlıq eşqimə,
Sökülən dan yerisən.
Ərənimin, mərdimin,
Tökülən qan yerisən.
Vəsf etməkdən yorulmaz,
Səni qələm, varağım.
Zirvələrdə dalğalan,
Mənim şanli Bayrağim!
BAYRAĞIM
Nə söyləyim mən şəninə.., vüqarına dəyər olsun,
Qüdrətindən nə dostların, nə düşmən bixəbər olsun.
Şərəfini qorumağa oğullar səfərbər olur,
Uğrunda canını verən hər fədai bir ər olur.
Hüququndan keçən hər kəs igid, müsəlləh əsgərdir,
Üç rəngli ağ hilalınla adın dillərdə əzbərdir.
Cumhuriyyət yadigarım, əmanətim, nübarımsan.
Mənliyimin ən dəyərli zəmanəti, vüqarımsan,
Sən dünyamın içindəki bir dünyasan, ulu bayraq,
Yollarıma işıq saçan nur, ziyasan, ulu bayraq.
Dörd tərəfdə əsir qalan torpağımda, hey gözlərim gəzir səni,
O yerlərdə görmədikcə yurd həsrəti üzür məni,
Ürəyimi yarıb orda saxlayaram, sənə düşmən toxunmasın,
Ədalətin qanunları əleyhinə oxunmasın.
Sənə yad əl toxunarsa, gözlərim bil, yuxu yatmaz,
Sənə olan bu sevgimi göylər tutmaz.., yerlər tutmaz...
Dalğalanan hilalından mən alıram qüvvətimi,
Sən göylərə ucaldıqca dünya görür qüdrətimi.
Hüsnünə kəc baxan olsa gözlərini oyaram mən,
Namərdlərin, xainlərin dərisini soyaram mən.
Uca bayraq, ucalığım, ey amalım, saf əqidəm,
Necə səni vəsf eləyim, necə səndən mən bəhs edəm...
Hansı sözlə çatdırım mən şöhrətini günə, aya,
Məmməd Əmin dühasından işıq saçdın bu dünyaya.
Ay-ulduzlu, çox möhtəşəm simvolusan sən yurdumun,
Qürurusan, and yerisən əsgərimin, həm ordumun.
Şəhidimin qanı vardır al rəngində, müqəddəssən,
Qəlbi Vətən sevgisiylə vuranlara sən nəfəssən.
Bayraqların arasında göz oxşayır gözəlliyin,
Rənglərinin mənasında, ay ulduzda özəlliyin.
Sən xalqımın qürurusan, şərəfisən, təpərisən,
Azadlığın, hürriyyətin sən ən böyük zəfərisən!
DƏMİR YUMRUQDA BİRLƏŞƏK!
Ey yurdumun insanları,
Bu xalq uğrunda birləşək.
Oyandıraq vicdanları,
Dəmir yumruqda birləşək!
Xoş niyyətlə, xoş amalla,
Əzəmət, vüqar, inamla,
Addımlayaq biz İLHAMLA,
Dəmir yumruqda birləşək!
Hər kəs güc tapsın qolunda,
Külüng çalsın el yolunda.
Olaq xilaskar rolunda,
Dəmir yumruqda birləşək!
Təməllər gözəl qurulsun,
Hər kəs işinə vurulsun.
Yurdum gülsün,"el bir olsun",
Dəmir yumruqda birləşək!
Təhsilimiz, savadımız,
Bilik olsun muradımız.
Düşmənə sərt cavabımız,
Dəmir yumruqda birləşək!
Zərdabidən mirasımız,
Elm, təhsil libasımız.
Birlikdədir xilasımız,
Dəmir yumruqda birləşək!
Ədalətdir, qanundur şah
Vətənim, xalqımçün mübah,
Açmaq üçün nurlu sabah,
Dəmir yumruqda birləşək!
DOĞUB ZƏFƏR GÜNƏŞİ
Tarix yazdı igidlər,
Müqəddəs al qanıyla.
Ucaldılar zirvəyə,
Şərəfiylə, şanıyla.
Göstərdilər dünyaya,
Millətimin gücünü.
Yağılardan aldılar,
Xocalımın öcünü.
Torpağıma əbədi,
Gətirdilər səadət.
Bölünməsin bir daha,
Bu müqəddəs məmləkət.
Qarabağa xalqımın,
Möhtəşəmdi dönüşü.
Yurdumuzda əbədi,
Doğub Zəfər Günəşi.
MƏNİM ORDUM
Azərbaycan - ANA yurdum çox tufana sinə gərdi,
Köksü üstdə sağalmayan neçə dərdi...
Vardı bir də, güclü ordum,
Hər bir əsgər igid, ərdi.
Dayanıbdı millətinin, Azərbaycan adlı məğrur, yenilməyən, əyilməyən,
amma qəlbi yaralanmış, öz "yarı"ndan aralanmış,
əsrlərlə parçalanıb düşmənlərə yem olunmuş dövlətinin keşiyində.
Bu sevgini Anaları aşılayıb, doğulanda beşiyində...
Dur, ey düşmən, bir dayan,
Nədir axı niyyətin?
Deyəsən, darıxmısan içmək üçün
ölümün o "ləzzətli şərbətin"?
Belə tez unutmusan Ordumun şücaətin?
Çalışdığın məqsədin yalnızca bir röyadır.
Hətta boş bir xülyadır.....
Çox nahaq, can atırsan, göz dikirsən elimə,
Başdan-başa bir cənnət qoxuyan hər gülümə.
Sən ordumun önündə tab gətirə bilməzsən,
Bir də ayağa dursa,.. Birdə tətiyi çəksə,...
Sən bir daha bir ömür heç özünə gəlməzsən.
Mənim ordum qüvvətli,
Dağ vüqarlı, qeyrətli,
Şərəfi-şöhrətiylə,
yenilməz qüdrətiylə rəşadətli ordudur .
Yurdu "Odlar Yurdu"dur!
O qoymaz yağı düşmən parçalasın yurdunu,
Dağıdıb yelə versin ocağını, odunu.
Ayıq-sayıq dayanır o, düşmənin önündə,
Canını qurban eylər Vətənin dar günündə.
Mətindir, qəhrəmandır, ayıqdır gündüz-gecə,
Sən ona xəyanəti necə düşündün, necə?
Onun əli tətikdə, gözü torpağındadır,
Xalqı üçün azadlıq, sülhün sorağındadır.
Tanıyır düşmənini,
bilir onun o mənfur, o xain niyyətini,
Hər gün, hər an hiss edir onun xəyanətini.
Aman verməz yağıya, gözlərini oyar o,
Torpağına göz dikən, murdar, yağı düşməni
gözü yaşlı qoyar o.
Anasın ağlar qoyar,
Sinəsin dağlar qoyar...
O, daima sayıqdı - yuxu, rahatlıq bilməz,
Vətən gözü yaşlısa, onunda qəlbi gülməz.
Qurban gedib Vətənə, ucalsa şəhadətə,
Bunu səadət bilər qovuşaraq Cənnətə.
Bir qarış belə verməz, torpağını, elini,
Düşməninə qoxlatmaz, otuz il həsrət qalan,
"Xarıbülbül" gülünu.
Qarış-qarış alaraq,
tarixin zaman-zaman payladığı torpağın,
Kəsər mənfur düşmənin o bir daha qulağın.
Mənim ordum Şanlıdır...
İgiddir, müzəffərdir.
Tək amalı zəfərdir.
Onu tanıyır dünya,
Onun Vətən sevgisi, bir ümmandır, bir dərya...
O, yazdı tarixlərə igidlik salnaməsi,
Bu vəhdəti,dözümü, birliyi, iradəsi,
Dolandı diyar-diyar dastanı, əfsanəsi...
Ordum sənə əmanət...
Onu qoru, Allahım....
Nizamı pozularsa, heç açılmaz sabahım.
Qoru, Şanlı Ordumu...
minlərlə Şəhidiylə yaralanmış yurdumu...
Qoru, sən millətimi, - xalqımı, dövlətimi,
Bu AZƏRBAYCAN adlı dəyərli sərvətimi.
Sən qoru ki, ordum da güc toplasın özündə,
"Azərbaycan" nidası, hər kəlmə, hər sözündə.
Vətən sevgisi qəlbdə, "Azadlıq", "sülh" dilində,
Qorusun, bəxş etdiyin "Vətən "əmanətini.
GENERALIM
Şəhid General mayor POLAD HƏŞİMOVUN
əziz xatirəsinə
Polad kimi iradəylə düşmənlərin bağrın yaran,
Milyonların ürəyində mərdliyinə bir taxt quran,
Millətinə, ordusuna, əsgərinə arxa duran,
Amalıyla el yolunda mətin duran Generalım!
Sən oyatdın içimizdə buxovlanmış qeyrətimi,
Dünya görüb şahid oldu yenilməyən qüdrətimi,
İgidlərim, Şəhidlərim qurdu bütöv dövlətimi,
Cavan ikən qəlbi talan, ömrü viran Generalım.
Sevdin doğma vətəninin hər dağını, dərəsini,
Tutdun müqəddəs yolunu, qurdun səngərdə yerini.
Kabinetə sığınmadın, tək qoymadın əsgərini,
Cürətilə düşmənlərin əzmin qıran Generalım!
Ucalmısan zirvələrə, qəlbimizdə yaşayırsan,
Sən xalqının vüqarını oz adında daşıyırsan!
Bu zəfəri, qələbəni sən bizimlə yaşayırsan!
Parçalanmış Vətənimi bütöv quran Generalım!
Arzun idi azad olsun, bütövləşsin Azərbaycan,
Zəfər yolu, qalibiyyət yolun seçsin Azərbaycan!
Şəhid olan hər igiddən yaranacaq minlərlə can!
Şəhidliyi tariximə möhür vuran Generalım!
02.01.2021
OĞUZUM
Qoy söz açım, doğulduğum diyardan,
Başdan-başa əzəmətdir Oğuzum.
Yaradanım naxış vurub hüsnünə,
Camalıyla bir cənnətdir Oğuzum.
Zümrüd meşə, yaşıl çəmən, dağ-dərə,
Qürbət eldən qiymətlidir min kərə.
Aş üstündə çığırtmalı bir fərə,
Damaqlarda dad-ləzzətdir Oğuzum.
Sıra dağlar şahə qalxıb əzəldən,
İnsan ruhu heç doyarmı gözəldən?
Qızıl payız yetişəndə xəzəldən,
Xalı sərər, süs, zinətdir Oğuzum.
Buz bulaqlar şırıl-şırıl axanda,
Çimşək göydə rəqs eləyib çaxanda,
Dörd bir yana seyr eləyib baxanda,
Hərarətdir, lətafətdir Oğuzum.
Arzu yazar şeirləri şəninə,
Tay görmədim yaraşıqda təninə,
Havasını hər çəkdikcə canına,
Deyər vallah, bal-şərbətdir Oğuzum.
CƏBRAYIL.
Hər daşına, hər qayana qurbanam,
Doğma elim,ata yurdum Cəbrayıl,
Səndən ayrı yaşadığım illəri,
Min həsrətlə başa vurdum, Cəbrayıl.
Torpağın quruyub, susuz qalıbdır,
Kənd-kəsəkdə həsrət yuva salıbdır,
Baş daşında baxışlar da donubdur,
Danışmadı, kimə sordum, Cəbrayıl.
Dağıdaraq hər tərəfdən bəndləri,
Qırıb tökdü düşmən quran sədləri.
Yerlə yeksan olan viran kəndləri,
Xilas etdi şanlı ordum, Cəbrayıl.
Əzab idi səndən ayrı illərim,
Dualara açılmışdı əllərim.
Şükür Allah, azad oldu ellərim,
Tilsimləri sonda qırdım, Cəbrayıl.
Çox qorxurdum həsrətinlə öləcəm,
Görüşünə dizin-dizin gələcəm,
Göz yaşımı torpağınla siləcəm,
Xəyalımda qala qurdum, Cəbrayıl.
* * *
DEMƏ, SEVMİRƏM SƏNİ
Üzün niyə dönübdü,
Nədən məni üzürsən?
Soyuq-soyuq baxırsan,
Kinli-kinli süzürsən.
Hanı o xoş gülüşün,
Şirin sözün, söhbətin?
Açıq danış, düzün de,
Nədir belə niyyətin?
Yağdır hər gün başıma,
Qar, yağış, duman, çəni.
Bircə bunu söyləmə,
Demə, sevmirəm səni.
23. 02. 2023
YAZ GƏLİR
Yaşıl libasını geyir meşə, düz,
Yurduma nə gözəl bahar, yaz gəlir.
Müşk-ənbər qoxuyur bənövşə, nərgiz,
Nəğməkar bülbülə xoş avaz gəlir.
Bahar qədəm qoyur bizim Vətənə,
Əlvan xalısını sərir çəmənə,
Könül bağışlayır sevən sevənə.
İncə gözəllərə işvə, naz gəlir.
Günəş gur parlayır, şəfəqin saçır,
Kölların dibində bənövşə açır,
Əlvan kəpənəklər çəməndə uçur.
Sanki yer üzünə sehrbaz gəlir.
Düzün xonçalara qoğal, paxlava,
Nənələr bişirir təzə-tər halva.
Toy-düyün ətiri qoxuyur hava,
Şənliyi coşduran telli saz gəlir.
Bahar qədəm qoyur bizim ellərə,
Sevinc, fərəh verir yaz könüllərə.
Nəğmələr yaraşır şirin dillərə,
Cənnət Vətənimə bahar qız gəlir.
20. 03. 2023
GÖZƏL ANAM
Ən ülvi məhəbbətim,
Ən zərif mələyimsən.
Ətir saçan bənövşəm,
Tər gülüm, çiçəyimsən.
Qoynun isti beşiyim,
Nəfəsin yorğanımdı.
Laylan ən şirin nəğməm,
Sevgimdi, ümmanımdır.
Sevincim, gülüşüm də,
Səndən alır rəngini.
Qəmli görsəm itirir,
Sözlərim ahəngini.
Gülüş görüm üzündə,
Kədər yaxın gəlməsin.
Eşqlə baxan gözündə,
Ümidlərim ölməsin.
Əziz günün mübarək,
Mənim gülərüz sonam.
Gəl sarılım boynuna,
Ey mənim gözəl anam.
02. 03. 2023
UŞAQLIĞIM
Hələ yaşanmayan neçə arzunun
Ürəkdə həsrəti, qəmi qalıbdı,
Yaş ötüb keçsə də, kövrək qəlblərdə,
Uşaqlıq duyğusu yuva salıbdı.
Dünyanı yığardıq biz qəlbimizə,
Orda saf sevgilər dastanı vardı.
Min arzu sığardı ürəyimizə,
İndi dərdimizə bu dünya dardı.
Dönmək istəyirik o xoş çağlara,
Bir dünya sevgini daşımaq üçün.
Unudub azacıq agrı-acını,
Yenidən uşaqlıq yaşamaq üçün.
Şirin gülüşümüz, şən qəh-qəhəmiz,
Qalxıb ucalardı düz asimana.
Necə xoşbəxt idik biz hər birimiz,
Meydan oxuyardıq vaxta, zamana.
Sən ey uşaqlığım, ayrılma məndən,
Doya bilməmişəm, həsrətəm şənə,
Lap belə bir əsr yaşım da olsa,
Səni soraqlayıb gəzəcəm yenə.
11. 06. 2023
TALE
Tale axtarıram, tale gəzirəm,
Ömründə bir dəfə ürək dolmasın.
Üzlərdə bir sevinc, gülüş sezirəm,
Kaş ki, bu gülüşlər saxta olmasın.
Həsrət baxışlarda yuva quranda,
Təbəssüm üzlərdə vaxtsız solanda,
Dərddən, acılardan ürək yananda,
Yastığa basılıb gözlər dolmasın.
Acılı, şirinli xatirələrdə,
Gözəl kəlmələrdə, düşüncələrdə,
Duyğulu, mehriban, xoş könüllərdə,
Sevgilər boy atsın, heç vaxt solmasın.
Çoxu istəmirəm, bəs edər azım,
Ömür qışa dönüb, açılmır yazım.
Əgər deyiləmsə Vətənə lazım,
Heç kimin yadında adım qalmasın.
16. 01. 2022
GECƏLƏR
Dərdi dərd üstünə qalaq eyləyib,
İnsanın ömrünü yeyər gecələr.
Yaralı ürəklər yanar, göynəyər,
Səssizcə ağılar deyər gecələr.
Artıq bu dərdlərə alışsan da sən.
Başını qatmağa çalışsan da sən,
Gecənin qoynuna qarışsan da sən,
Yenə dərdlərini duyar gecələr.
Köksünə sıxarsan acılarını,
Gizlində çəkərsən sancılarını.
Gözündən süzülən damcılarını,
Yığıb üz-gözünü yuyar gecələr.
09. 12. 2022
DAŞ OLDU
Hara getdi ömrün şirin çağları,
Hey yollarım çıxmazlara tuş oldu.
Xəyalımda yurd yerinin dağları,
Zirvəsində ruhum uçan quş oldu.
Çəmənindən əlvan çiçək üzərdim,
Qayalarda kəklik olub süzərdim,
Oba-oba, oymaq-oymaq gəzərdim,
Xoşbəxt anlar gözlərimdə yaş oldu.
Yaman düşdük biz toruna Fələyin,
Açammadıq bir hiyləsin, kələyin
Yurdum üçün çabalayan ürəyim,
Sinəm üstə yumruq boyda daş oldu.
Ömür ötdü qəriblikdə, uzaqda,
Dondu ürək intizarda, sazaqda,
Ümidlərim külə döndü ocaqda,
Baharım da şaxta oldu, qış oldu.
Bu çəmənzar, gül-çiçəyi neynərəm,
İçin-için ağlayaram, göynərəm.
Öz elimdə qol qaldırıb oynaram,
Tək bu arzum arzularda baş oldu.
03. 04. 2023
ATA
Gözlərimdən selə dönüb axırsan,
Ürəyimə yağır leysan yağışlar.
Şəkillərdən məhəbbətlə baxırsan,
Bəs nədəndir isitməyir baxışlar?
"Otaq" bumbuz, havalarda sazaqdır,
Bəlkə gəlib evimizdə qalasan?
Sən gedəndən xoşbəxt günlər uzaqdır,
Yatağını qollarımda salasan?
Yerin boşdur kölgəsində söyüdün,
Axtarıram orda səni,ay Ata?
Daha gəlmir qulağıma öyüdün,
Sevmirsənmi yoxsa məni, ay Ata?
Əcəl gəldi, çin olmadı duamız,
Döngələrdə bizi sənsiz buraxdı.
Nəfəsinlə isinirdi yuvamız,
Sənsiz həyat şaxta, ayaz, quraqdı.
Ata, səni arzulayır ürəyim,
Yanağımda nəfəsini duymağa.
Axtarıram, təkcə sənsən diləyim,
Başımı da sinən üstə qoymağa.
Arzu dərdli, ümidləri buz tutub,
"Sol yanı"nda bir yara var sağalmaz.
Korun-korun hey yanaraq köz tutub,
Gözü gedən yollarından yığılmaz.
İZAH:korun-korun yəni için-için, közərə-közərə,asta-asta.
QIZIM
Sən mənim könlümün baharı yazı,
Ən zərif çiçəyi, tər gülü qızım.
Ömrümə parlayan bir dan ulduzu,
Dünya nemətinin gözəli qızım.
Ömür sarayımın sən şahzadəsi,
Bəxtimin ulduzu, tək nişanəsi,
Sevinci, gülüşü, şən qəhqəhəsi,
İnci-mirvarisi, həm ləli qızım.
Sən parlaq Günəşə, nurlu aya tən,
Ətirli çiçəksən,nərgiz, yasəmən,
Şəninə söz qoşum, mahnı deyim mən,
Qələmimin şeri, qəzəli qızım.
09. 11. 2023
GET
Anladım ki, səndən mənə yar olmaz,
Sevgini də qucaqlayıb, götür, get.
Lazım deyil təmtəraqlı sözlərin,
Əfsanədi, qulağımdan ötür, get.
Məhəbbətin alovunda kül oldum,
Budağımda şaxta vuran gül oldum.
Eşq əlindən fəryad edən dil oldum,
Həsrətini, möhnətini bitir, get.
Ovutmaz ki, soyuq kəlmə, söz məni,
Çətin bir də arayar bu göz səni.
Şeirlərdə az axtarıb gəz məni,
Daha yoxdu ünvanına sətir, get.
Adımı sil, heç yadında qalmasın,
Elə unut, gözün qəmlə dolmasın,
Getdiyini görən, duyan olmasın,
İzlərini yollarımdan itir, get.
Xatirələr həkk olsa da yaddaşa,
Gözlərimdə əksin dönüb bir daşa,
Ayrılırıq, yol verməyək savaşa,
Son arzumu yerinəcə yetir, get.
28. 07. 2022
KƏLAĞAY
Gözəlliyin üzdə həya pərdəsi,
Nəsillərin əmanəti kəlağay.
Xalqımızın çox dəyərli sərvəti,
Milliliyin zəmanəti ,kəlağay.
Ruhumuza yaxın, doğma örpəyim,
Millətimi tanıtmaqçün gərəyim,
Nənələrdən miras qalmış örnəyim,
Qadınlığın səadəti kəlağay.
Xanımların bəzəyisın, nurusan,
Aydan arı, saf sudan da durusan,
Ürəyimin odu, közü, qorusan,
Həm qeyrəti, həm isməti kəlağay.
Dəyişmərəm sətin, atlas, xaraya,
Atılmısan qan düşəndə araya,
Yetişmisən zaman-zaman haraya,
Kəsdirmisən ədavəti, kəlağay.
Sən xalqımın möhürbəndi, imzası,
Millətimin dünya içrə rizası,
Əsərlərin baş cümləsi, misrası,
Tariximin həqiqəti, kəlağay.
16. 08. 2022
DÜNYA
Kiminin gözündə sevinc işığı,
Kiminin gözündə dərddi bu dünya.
Kiminin gözünə küllər üfürür,
Kiminin gözündə mərddi bu dünya.
Kimiyə qiymətli sərvətdir, maldır,
Bu sərvət içində ömrü bir baldır,
Kiminin qəlbində bir qara xaldır,
Çaylaq daşından da sərtdi bu dünya.
Kiminin aparıb əqlin, kamalın,
Kiminin puç edib doğru amalın,
Kimiyə şan-şöhrət edib xəyalın,
Kimiyə uğursuz, bəddi bu dünya.
Kimi cah-cəlalın ucaldar göyə,
Yığar var-dövləti, nemətdir deyə,
Məhşər vaxtı çatar, düşər tələyə,
Unudar, yalançı vəddi bu dünya.
Kimi xoşbəxt olar, kimi deyinər,
Kimi qara bağlar, qara geyinər,
Udan, uduzana baxıb öyünər,
Arzunun gözündə, nərddi bu dünya..
14. 07. 2022
ÇIXIB GEDƏSƏN
Tutub bir arzunun titrək əlindən,
Sakitcə, səssizcə çıxıb gedəsən.
Həzin duyğuların şirin dilində,
Kövrək nəğmə təki axıb gedəsən.
Gedəsən dünyanın o bir ucuna,
Dərdlərdən qaçasan, uzaqlaşasan.
Noğulu, nabatı yığıb xurcuna,
Unudub hər şeyi uşaqlaşasan.
Dəyişə havanın rəngi bir anda,
Bir leysan tökülə, bəxtin yuyula.
Titrək arzuların qol-qanad aça,
Həsrətin, hicranın gözü oyula.
22. 05. 2023
ƏZİZ ANAMA
Dünyamızın bəzəyidi, zəridi,
Ürəyimin hakimidi bu qadın.
Ömür boyu sığındığım səngərim,
Dərdlərimin həkimidi bu qadın.
Gülüşündə acım oda qalanır,
Görüb sevincini xoşbəxt oluram.
Duaları başım üstə dolanır,
Qəmli görsəm üzülürəm, soluram.
Çox çəkmisən zəhmətimi, nazımı,
Mənimlə bir uşaqlaşıb getmisən.
Xoşbəxt görsən, gülən görsən gözümü,
İstəyinə, muradına yetmisən.
Yatmamısan, dayanmısan keşikdə,
Ağlamışam, ürəyinə od düşüb.
Taleyinə laylay çalmaq beşikdə,
ANA deyə çox müqəddəs ad düşüb.
Yaradanın şah əsəri, ey qadın,
Məqamını gərək yoxdu soruşum.
Qədəmindən öpüm əzizdir adın,
Cənnətimə bu dünyada qovuşum.
08. 03. 2023
YOLLARINI GÖZLƏRƏM
Yollarını gözlərəm, mən bir ömür boyunca,
Yalnız səni sevərəm...
çox sevərəm...
doyunca...
Gözlərinə baxaram, gözlərində itincə.
Damarından axaram,
ürəyinə yetincə.
Nəfəsinin istisin saçlarımda duyaram.
Üşüyən əllərimi ürəyinə qoyaram..
Qəmli baxışlarına bir təbəssüm əkərəm,
Sevgimdən həyatına gözəl tablo çəkərəm...
Gecə yuxularında şirin röyan olaram,
Gəlib səhərə kimi, qollarında qalaram...
Səhərin şəfəqində ,
süzülüb pəncərədən,
Səsimə həsrət qalan otağına dolaram...
Səni seyrə dalaram....
Qoymaram unudasan bir an, bircə an belə,
Sev məni...
həyat adlı evinə qonaq elə.
Səni ömrümə yazdım,
pozulmaz bir qələmlə,
Sən də məni belə sev,
ömrünə ortaq elə.
04. 02. 2022
SƏN DEYİR
Ayrılığın ocaq çatıb sinəmdə,
Odu sönüb, közüm elə sən deyir.
Yaralanmış ürəyimi dindi(r)mə
Kəlmələrim,sözüm elə sən deyir.
Yuva qurub qüssə, kədər üzümdə,
Tükənibdi taqətim də,dözüm də,
Gözlərinin əksi qalıb gözümdə,
Baxışlarım, gözüm elə sən deyir.
Həsrətini badələrə süzmüşəm,
Elə bilmə ümidimi üzmüşəm,
Sən keçdiyin küçələri gəzmişəm,
Yollarında izim elə sən deyir.
Çox darıxıb əllərim də səninçün,
Ayrı qalan illərim də səninçün,
Qəribsəyib tellərim də səninçün,
Çəkiləsi nazım elə sən deyir.
Viran olub bu eşq xeyli zamandı,
Sənsiz könlüm inildəyən kamandı.
Başqa eşqə düşmə,gülüm, amandı,
Alnımdakı yazım elə sən deyir.
25. 04. 2023
ALLAH
Dərdim qalaq-qalaq, bağrım da al-qan,
Axır ürəyimə göz yaşım, Allah.
Nə var istəmirəm, nə dövlət, nə şan,
Qoy halalım olsun az aşım, Allah.
Yoxdan var eyləyib yaratdın bizi,
Biz də seçməliyik doğrunu, düzü,
Yaşayaq xoş günü, xoşbəxt gündüzü,
Dilimdə olmasın heç "kaş"ım, Allah.
Əlimi açmışam hey dərgahına,
Apar qaranlıqdan xoş sabahına.
Batmayım dünyanın boş günahına,
Səbirdir, şükürdür daş-qaşım, Allah.
Verdin hidayəti, şük(ü)r etdim sənə,
Salma imanımı dumana, çənə,
Görənlər üzümə vurmasın tənə,
Qəlbimə axmasın göz yaşım, Allah.
Qazandım həm hörmət, şöhrət, izzət, san,
Yolunda qurbandı bu bədən, bu can,
Sən tut əllərimdən gen düşən zaman,
Qoyma uzaqlaşım, yadlaşım, Allah.
Dünyanın astarı üzündən baha.
Çəkmə imtahana yorğunam daha,
Düşməyim bir daha amana, aha,
Sən ol bu yollarda yoldaşım, Allah.
Arzunun ümidi, pənahı sənsən,
Şirin muğamatı, segahı sənsən
Saf izzəti-nəfsi, tamahı sənsən,
Səndən ayılmasın heç başım, Allah.
19. 05. 2023
KÖÇƏ BİLSƏN
Bu dünyanın yaxşı tanı rəngini,
Ağını qaradan seç, seçə bilsən.
Unutma, çalınan ömür zəngini,
Haqqın körpüsündən keç, keçə bilsən.
Anlasan hikmətin sən Yaradanın,
Doğru olar yolun, sağ olar canın,
Olar el içində uca ad-sanın,
Əkdiyindən xeyir biç, biçə bilsən.
Xalqın arasında qazan hörməti,
Qoru ləyaqəti, gizlə nifrəti,
Bilsən öldürəcək eşqin şərbəti,
Onu da şövq ilə iç, içə bilsən.
Oynama həyatla şeş qoşa, dü bir,
Tələsmə, hər işdə eylə bir səb(i)r.
Cisminin məkanı kiçik bir qəbir,
Ruhunun qapısın aç, aça bilsən.
Dərdləri calayıb yük eyləmə çox,
Qarın ac olsa da, gözlər olsun tox,
Arzu, bu dünyanın ədaləti yox,
Köçəndə, vicdanla köç, köçə bilsən.
21. 07. 2022
turan.info.az
DAĞLARDA
Ayrı düşdüm öz elimdən,
Ürəyim qaldı dağlarda.
Xəyallarım gecə-gündüz,
Cığırlar saldı dağlarda.
Elim döndü yad qürbətə,
Düşdüm dərdə,çox möhnətə.
Bir yaralı məhəbbətə,
Həsrət, ney çaldı dağlarda.
Belə yazdı yazı yazan,
Bu yazını yoxdu pozan,
Gülşənimi vurdu xəzan,
Güllərim soldu dağlarda.
Ayrılıqdan gözüm dolub,
Ümidlərim vaxtsız solub.
Xatirələr Leyli olub
Saçını yoldı dağlarda.
Arzu olub yurd xəstəsi,
Dilində Vətən bəstəsi,
Ürəyində qəm dəstəsi,
Qəlbində xaldı dağlar da.
XOCALI
O gecə Xocalı yuxu yatmadı,
O gün cərxi-fələk tərsinə döndü.
Onun köməyinə kimsə çatmadı,
Həyat Xocalıda o gecə söndü.
Qocaya, cavana, qıza, qadına,
Xəstəyə qıydılar, qətl elədilər.
Baxmayıb günahsız insan ahına,
Zəmi kimi biçib məhv elədilər
Fəryadlar, nalələr ucaldı göyə,
Günahsız körpələr qana boyandı...
Gəlməzdi kimsənin heç gümanına,
Xocalı o gecə vaxtsız oyandı.
Yerlə yeksan oldu gör neçə ailə,
Fəlakət toxumu səpildi yerə.
Bu necə dəhşətdi, necə faciə,
Şər qalib gəlmişdi o gecə xeyrə.
Ana-bacıları aldılar əsir,
Qaçanlar yollarda güllələndilər.
Bu dəhşət insanın nəfəsin kəsir,
Xocalı məhv oldu,"dillənmədilər".
Bu qanlı faciə, bu fəryad, ölüm,
Titrətdi yer-göyü, qopdu qiyamət.
Bu necə qırğındı, bu necə zülüm,
Qurdu qaniçənlər qanlı cinayət.
Xalqın qan yaddaşı - bir tarix daha,
Unutmaq olarmı yaşananları..?
Əmanət eyləyək Uca Allaha,
Bu dərdi qəlbində daşıyanları.
Tariximiz boyu bu faciələr,
Millətimin əzmin qırıb, əymədi,
İnsanlığa doğru yağan güllələr,
Dünyanın bağrına nədən dəymədi?!
Dualar ucalsın ərşin yanına,
Məhv olsun dünyada sülhü sevməyən,
Haqq versin cəzasın, batsın qanına,
Sülhə səs verməyib boyun əyməyən.
25.02.22
XOCALIM
Damarımda qan donur, yenə üzüm gülmədi,
Yenə ziyarətinə bu gün kimsə gəlmədi,
Əllərim uzansa da, sənə çata bilmədi.
Otuz bir il düşməndə əsir olan Xocalım,
Qan-yaş tökən gözləri yolda qalan Xocalım.
Xalqımın bu tarixi anan günüdü bu gün,
Sazağında üşüyüb, donan günüdü bu gün,
Ürəklər cayır-cayır yanan günüdür bugün.
Xan Şuşaya boylanıb səssiz solan Xocalım,
Qan-yaş tökən gözləri yolda qalan Xocalım.
Çatammadıq dadına, yetəmmədik ününə,
Qovuşdura bilmədik səni azad gününə,
Bu ildə əklil qoyduk bir heykəlin önünə.
Ürəyi qübar edib, dərdlə dolan Xocalım,
Qan-yaş tökən gözləri yolda qalan Xocalım.
26.02.2023
XOCALIYA QƏRƏNFİL DÜZÜN
Xocalım - köksümə saplanmış bir ox,
Ağır faciədir,dəhşətdir çox-çox..,
Yüz əlli sakindən hələ xabər yox.
Otuz bir ildir ki, görən yox izin,
Düzün, Xocalıya, qərənfil düzün!
Yer,göy necə çəkir, bu qədər ahı?
Körpə fidanların nəydi günahı,
Tuşlayan kimdirsə süngü-silahı.
Bir an acımadan başını üzün,
Düzün, Xocalıya, qərənfil düzün!
Kimdi günahkarı axan qanların?
Yanıram dərdinə bu qurbanların,
Gözləri oyuldu körpə canların.
Allah özü oysun cəlladın gözün,
Düzün, Xocalıya, qərənfil düzün!
Xocalı dönmüşdü qanlı cəbhəyə,
Millət səpilmişdi dağa, dərəyə,
O gecə analar qıydı körpəyə...
Köksünə sıxaraq batırdı səsin,
Düzün, Xocalıya,qərənfil düzün!
Nədir tariximin başı çəkdiyi,
Nədir məşəqqətlə gözdən tökdüyü,
Sülhün carçısıdır, haqdır əkdiyi,,
Yetər, cəlladların başını ,üzün,
Düzün, Xocalıya,qərənfil düzün.
25. 02. 2023
QANLI YANVAR
O gün, o zülmət gecə qan rənginə boyandı,
Azərbaycan o səhər faciəylə oyandı,
Milyon- milyon ürəklər dərddən alışdı, yandı,
Zülmətdən azadlığa yol salan cavanları,
Tarix unutmayacaq o dəhşətli anları.
Müqəddəs Vətən üçün candan keçdi oğullar,
"Xalqa Azadlıq!" deyib ölüm seçdi oğullar,
Qərənfildən Bakıya libas biçdi oğullar.
Çevrilib qan gölünə dönən o meydanları,
Tarix unutmayacaq o dəhşətli anları.
Vətənin göylərinə çəkdilər al bayrağı,
Yalın əllə oldular Vətənimin dayağı,
Tankın altında qaldı başı, qolu, ayağı.
Tankların qabağında tank olan aslanları,
Tarix unutmayacaq o dəhşətli anları.
Bundan otuz il sonra bütövləşdi yurdumuz,
Qələbələr qazandı, mətin, şanlı ordumuz,
Azadlıq gətirdiniz, bütöv Vətən oldunuz,
Məzarda param-parça yatan o qurbanları,
Tarix unutmayacaq o dəhşətli anları.
Siz şanlı tariximin əsl memarısınız,
Azad Azərbaycanın əzmi, vüqarısınız,
Ən qiymətli sərvəti, dəyəri, varısınız,
Yazırıq şəninizə igidlik dastanları,
Tarix unutmayacaq o dəhşətli anları.
19. 01.2022
QIRMIZI GECƏ
O gecənin görəsən necə qoyum adını..?
Qanlı 20 yanvar?... yoxsa Qırmızı gecə..?
Xalq itirdi əzizin, doğmasını, yadını,
Dəhşətli fəlakətdi, bir sirr idi o gecə…
Yerin-göyün rəngi də dəyişmişdi büsbütün,
Gecəni al qanına boyamışdı o xain.
Səma da qırmızıya bələnmişdi o gecə,
Qan qoxuyurdu o gün hər məhəllə, hər küçə.
Bu nə idi, İlahi, zülüm ərşə çıxırdı,
Bakımızdan Xəzərə qan kəhrizi axırdı.
Uçuşurdu səmada vıyıltıyla güllələr,
Məsum, günahsız bu xalq nələr yaşadı, nələr...
Tankların qorxunc səsi titrədirdi hər yanı,
Tapdalayıb keçirdi günahsız insanları.
Biçirdi zəmi kimi qarşısına çıxanı,
Hədəfinə alırdı pəncərədən baxanı.
Evlərinin içində gülləyə tuş gələn də,
Yuduğu paltarları eyvanında sərən də,
Qurbanına çevrildi qəddar qızıl ordunun,
Dağ çəkdi sinəsinə düşmən Odlar yurdunun.
Qan örtmüşdü yağının gözlərini o gecə,
Qoydu qan yaddaşımda izlərini o gecə.
Bakının səmasından qan yağırdı elə bil,
Laylay deyirdi o gün boynu bükük qərənfil.
Şəhərin küçələri qan gölündə üzürdü,
Bu günahsız qırğına Allah necə dözürdü?!
Azadlığı uğrunda çabalayan bir xalqa,
Qan donduran qırğınla vurdular ağır zərbə.
O gecənin zülməti qızıl qana boyandı,
Bu dünyanı hər səhər günəşlə salamlayan
Səhər də, yuxusundan qan içində oyandı.
Dünyanı titrətsə də xalqın ahı, naləsi,
Qanla yazıldı o gün "Azadlıq salnaməsi."
13.12.2023
ŞƏHİD
Vətən sənə oğul dedi,
Məlhəm oldun yarasına.
Canını qurban eylədin,
Üçrəngli ayparasına.
Bayrağına büründün ki,
Qucaqlasın yaranı bərk.
Torpağında süründün ki,
İstisini duysun ürək.
Al qanınla damla-damla,
Suvardın çölü-çəməni.
Pak eylədin murdarlanmış,
Müqəddəs Ana Vətəni.
Şəhid, ruhun dönüb quşa,
Səmada açıb qanadın.
Azərbaycanımla qoşa,
Çəkiləcək daim adın!
20 YANVAR ŞƏHİDİNİN
MƏZARI BAŞINDA
Daş otaqda oğul qoyub bir ana,
Ocağının odu sönüb alışmır.
Həyat sönüb gözlərində o gündən,
Dünya ona yad görünür, yovuşmur.
Diz çökərək qəbri üstdə oğlunun,
Acı-acı qan ağlayır, yaş tökür.
Bəxti sönüb, tale onun üstünə,
Göydən sanki od ələyir, daş tökür.
İllər keçib, qaysaq tutmur yarası,
Zəhər qatıb zalım fələk aşına,
Ağıları yerə-göyə sığmayır,
Uçulubdu xanımının başına.
Baxışları "gəl çıx, oğlum" söyləyir,
Dərd əyibdi qamətini, boyunu.
Bu dərd bir az xəfiflərdi bəlkə də,
Görsə idi o oğlunun toyunu.
Məğrur idi, mətin idi, mərd idi,
Tarix gördü, o qəhrəman oğuldu.
Əsarətdə əsir olan xalqını,
Azadlığa aparmaqçün doğuldu.
ŞƏHİDİN VAR, AZƏRBAYCAN
Keçilməz sədləri yaran,
Yağıları biçən, qıran.
Azad, bütöv Vətən quran,
Hər əsgərin bir qəhrəman,
Şəhidin var, Azərbaycan.
Ölməz, igid, nər oğullar,
Göstərdi hünər oğullar,
Min-min igid, ər oğullar,
Qurban etdi yolunda can,
Şəhidin var, Azərbaycan.
Vətən həsrətini duyan,
Düşmənin bağrını oyan,
Dünyanı heyrətdə qoyan,
Əsgərimə qurban bu can,
Şəhidin var, Azərbaycan.
Niyə yazdın yazı yazan..,
Yoxdu bu qisməti pozan.
Gəldi payız, fəsli xəzan,
Yenə aldı gör,neçə can..,
Şəhidin var, Azərbaycan.
Bəsdi daha, yetmədimi?
Bu qan-qada bitmədimi?
Başın üstən ötmədimi,
Qara bulud, qatı duman,
Şəhidin var, Azərbaycan.
13. 09. 2022
ŞƏHİD ATASI
Ruhuyla qəlblərdə taxt quran insan,
Bu uca taxtına, tacına qurban.
Deyildir dərdlərii çəkmək heç asan,
Qəlbini dağlayan acına qurban.
Səsində bir nisgil, baxışda həsrət,
Ayrılıq əyibdi sanki qəddini,
Yazıldı bəxtinə bu acı qismət,
Çəkməyə məhkumsan oğul dərdini.
Ürəyin nə qədər böyükdür sənin,
Dünya çəkdiyini deyil tutası,
Dərdin kök salsa da, qəlbində dərin,
Duruşun çox məğrur, Şəhid atası.
Yaşamaq ağırdır, sevinmək çətin,
Axı asan deyil oğul itirmək...
Dayanıb məzarın önündə mətin,
Məğrurluq istəyir duruş gətirmək.
İtirmək?... səhv etdim, məni bağışla,
Ölməz, ölə bilməz Şəhidlər heç vaxt.
Bəzəyib ömrünü min bir naxışla,
Qurublar əbədi ürəklərdə taxt.
Vətəni canından əziz bilənlər,
Bütün insanlığa bir örnəkdilər.
Vətənə canını qurban verənlər,
Haqqın dərgahında bir mələkdilər.
Başını vüqarlı, dik tut, ey Ata.
Təmkinin, duruşun bir nümunədir.
Böyüdüb,sən Şəhid verdiyin oğul,
Vətənçün əvəzsiz bir hədiyyədir.
15.10.2022
VƏTƏNİMİ NURLANDIRAN ÇIRAQSAN
Bu şeir Şəhid şəkli qarşısında dayanmış bacının dilindən qələmə alınıb.
Şəhid bacısının duyğu və düşüncələrini ifadə edir. Allah səbr versin xalqımıza.
Gözlərində qəm görürəm, qardaşım,
Sanki duyur olacağı indidən.
Tellərimi ağ hörürəm, qardaşım,
Səni bir də görəcəmmi yenidən?
Sən cənnətin qucağında uyudun,
Ana torpaq aldı səni qoynuna,
Torpağıma "can" deyərək qorudun.
Sarılıbdı yaralanmış boynuna.
Vətən adlı bir duyğunun qoruydun,
Alovlanıb tonqal oldun yolunda.
Düşmən üçün məzarıydın, goruydun,
Şəhidliyin qürur olub "solumda".
Üç min ölməz, tarix yazan qardaşa,
Ağı deyir damarım da, qanım da.
Pir deyirəm qan tökülən hər daşa,
Üç mindən çox yara var bu canımda.
Baş əyirəm ucaldığın zirvəyə,
Sən cənnətdə Şəhid adlı mayaksan.
And yerimsən, çevrilmisən Kəbəyə,
Səcdə edib, diz çökdüyüm sən, haqsan,
Vətənimi nurlandıran çıraqsan.
31. 01. 2023
CƏNNƏTDƏ YAŞAYAN BİR QƏHRƏMANSAN
Şəhid Nuralıyev Elşən Rövşən oğlunun xatirəsinə ithaf olunur.
Dağ çəkdi qəlbimə bu acı xəbər,
Kəndimə bir Şəhid tabutu gəldi.
Bütün el geyindi əyninə kədər,
Bu Şəhid xəbəri qəlbləri dəldi.
Bu oğul nə zaman böyüdü, Allah,
Vətəni qorumaq niyyəti oldu.
Geyindi əsgəri libas bir sabah,
Müqəddəs Şəhidlik qisməti oldu.
Ağladı kənd-kəsək, yer-yurd, göy-səma,
Açılan çiçəklər saraldı, soldu.
Onun böyüdüyü o isti koma,
Soyudu, buz tutub zimistan oldu.
Onu tanıyanlar, onu sevənlər,
Matəmə bürünüb kədərə batdı.
Vətən keşiyində duran bu əsgər,
Ölmədi, ən uca məqama çatdı.
Zəfərdə payın var, ölməzsən Elşən,
Daim ürəklərdə yaşayacaqsan.
Vətənin uğrunda canından keçən,
Cənnətdə yaşayan bir qəhrəmansan.
QOŞA ŞƏHİDİM
Kəndimizin iki igid Şəhidi - tankçı Nuralıyev Elşən Rövşən oğlunun
və tank Komandiri Məmmədov Tural Arif oğlunun əziz xatirəsinə
Ürəyində Vətən eşqi yurd salan,
Neçə-neçə Rəşidin* var, a kəndim.
Ana yurdun qeyrətini qoruyan,
Bir cüt qoşa Şəhidin var, a kəndim.
Yağılara qan udduran, qan tökən,
Sədləri dağıdıb istehkam sökən,
Düşmənləri qabağında diz çökən,
Bir cüt qoşa Şəhidin var, a kəndim.
Tanklarıyla bənd-bərəni uçuran,
Yağıların yuxusunu qaçıran,
Leşlərini cəhənnəmə köçürən,
Bir cüt qoşa Şəhidin var, a kəndim.
Ucaldığı zirvəyə bax,ada bax,
Canı yanan qohuma bax, yada bax,
Ürəyində Vətən adlı oda bax,
Bir cüt qoşa Şəhidin var, a kəndim.
Arzu yanır için-için odlara,
Elşən,Tural, min-min çəsur adlara.
Torpağını yem etməyən yadlara,
Bir cüt qoşa Şəhidin var, a kəndim.
06.10.2022
ÖPÜRƏM
Vətənə iki ciyərparasını qurban verən Zeynəb anaya ünvanlanmış duyğular
Oğul dərdi qəddin əyən ananın,
Qar ələnmiş tellərindən öpürəm.
Laylasında: "Vətən sənin anandır",
Söylədiyi dillərindən öpürəm.
Min arzuyla böyütmüşdü övladı,
Əvəz olunmurdu nə ətri, dadı.
Ən uca zirvədi Şəhidlik adı,
Bu zirvənin güllərindən öpürəm.
Şəhidlərim mələklərlə göydə tən,
Zeynəb Ana, qəlbini almasın çən,
Vətən üçün iki Şəhid yetirən,
O qabarlı əllərindən öpürəm.
QANLI PAYIZ
Payız fəsli, yaman düşdün gözümdən,
Saf suları durulmayan fəsilsən.
Hər il gəlib neçə igid apardın,
Can almaqdan yorulmayan fəsilsən.
Dağ vüqarlı oğulları, ərləri,
Yağı düşmən gülləsinə tuş etdin.
Payızda toy edəcəkdi analar,
Gör bir neçə arzuları puç etdin.
"Qızıl payız" adın düşdü dillərə,
Ən qorxulu yuxulara yozuldun.
Qatil olub neçə igid ömrünə,
Tariximə "QANLI PAYIZ" yazıldın.
19.09.2023
ŞƏHİD XƏBƏRİ
Yenə qəlbim qan ağlayır,
Gələn Şəhid xəbərinə.
Bir də "Əhsən" söyləyirəm,
Əsgərimin zəfərinə.
Qürurlanıb sevinməyi,
Yasaq etdim mən özümə,
Həbs eylədim öyünməyi,
Leysan tökən bu gözümə.
Mən şadlanım, gülüm necə..,
Vətənimin Şəhidi var.
Boyanıb al qana gecə.
Dünya olub başıma dar.
Neçə-neçə anaların,
Ürəyinə dağ çəkilib.
O vüqarlı ataların,
Beli vaxtslz, tez bükülüb.
Saçlarını yolur Ana,
Bacı nalə, ah qoparır,
Necə dözsün bu hicrana,
Canlarından can aparır.
Hələ qardaş boynun büküb,
Qol-qanadı qırılıbdır.
Gözlərinə qüssə çöküb,
Bu həyatdan yorulubdur.
Tutulmamış neçə xonça,
Yol gözləyən yar qalıbdır.
Gözü yaşlı neçə körpə..,
Dünyaları qaralıbdır.
Uzaq, yaxın, elim, obam,
Şəhidinə yas saxlayar,
Sönübdü gur yanan sobam,
Ürəyimi qəm dağlayar
Ey Allahım, yetiş dada,
Qoru igid əsgərimi.
Torpağımı vermir yada,
Müzəffər et, ləşkərimi.
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.