KAMANDAR ALIOĞLU (1961)

KAMANDAR ALIOĞLU (1961) Kamandar Alı oğlu Sadıqov - 11 iyul 1961-ci ildə qədim Borçalı mahalının ən gözəl guşələrindən biri olan Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonunun "Azərbaycan Gəyliyəni” kəndində dünyaya göz açıb. Ömrün qayğısız və ən xoşbəxt uşaqlıq, ilk gənclik çağını doğma kəndində keçirib. 1978-ci ildə orta məktəbi bitirib. Elə həmin il Bakıda Azərbaycan Dövlət Pedaqoji İnstitutunun "Filologiya" fakultəsinə daxil olub. 1982-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirib, təyinatla Zaqatala rayonunun Muğanlı kənd məktəbinə ixtisası üzrə müəllim göndərilib. Üç il orada işlədikdən sonra, valideynlərinin tək övladı olduğundan 1985-ci ildə doğma kəndinə qayıdıb, pedaqoji fəaliyyətini vaxtıilə təhsil aldığı doğma məktəbdə davam etdirib. 1986-cı ildə atası dünyasını dəyişib. Allah rəhmət eləsin.
1981-ci ildə ailə quran Kamandar Alıoğlunun üç qız övladı dünyaya gəlib. Kiçik qızı uzun sürən xəstəlikdən sonra 2006-cı ildə 19 yaşında dünyasını dəyişib. Allah rəhmət eləsin.

Kamandar Alıoğlu hazırda doğma kəndində yaşayır-yaradır, həm ixtisası üzrə müəllim işləyir, Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir, həm də bədii yaradıcılıqla məşqul olur. “Mən sənət aşiqi, söz vurğunuyam” adlı kitabın müəllifidir.
Ailəlidir. İki qızı, dörd nəvəsi var. Ən böyük arzusu budur ki, ömrünün sonunadək qoynunda yaşadığı gözəl dağlardan tanrı heç vaxt onu ayırmasın. Amin.

Biz də Kamandar Alıoğluna pedaqoji fəaliyyətində, eləcə də, bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.
turan.info.az



MƏN SƏNƏT AŞİQİ, SÖZ VURĞUNUYAM

Necə salım yad gözələ meylimi,
Mən ceyran baxışlı göz vurğunuyam.
Bir Məcnunam, tapın mənim Leylimi,
Mən də sevgilimin öz Vurğunuyam.

Yaman sıxır bu yerlərin havası,
Dağda qalıb dərdlərimin dəvası.
Unudulmaz yaylaqların səfası,
Mən çəmən, dağ, dərə, düz vurğunuyam.

Yenə qalxam o dağların başına,
Səcdə qılam torpağına, daşına.
Dözəmmirəm, yad ellərin qışına,
Özüm gül-çiçəkli yaz vurğunuyam.

Körpəlikdən dağda ömür sürmüşəm,
Sevincimi o dağlara vermişəm,
Cığırlarda qalıb nərgiz, bənövşəm,
Cığır vurğunuyam, iz vurğunuyam.

Mənə ilham verir doğma el-obam,
O torpaqda yatır öz nənə-babam.
O yerdə bir evi isidir sobam,
Od-ocaq düşkünü, köz vurğunuyam.

Ayrılmışam eldən, şirin söhbətdən,
Gəlib düşdüm cəhənnəmə cənnətdən,
Azad edin Kamandarı qürbətdən,
Mən sənət aşiqi, söz vurğunuyam.


ANA

Heç dözə bilmirəm bu ayrılığa,
Yaman darıxmışam səninçün, Ana.
Zamanın gərdişi salıb uzağa,
Qalmışam yad eldə mən yana-yana,
Yaman darıxmışam səninçün, Ana.

Salıb kəməndinə bu zalım dövran,
Ayrı salıb çox ananı baladan,
Səndən ayrılmazdım yoxsa heç zaman,
Nə danla qəlbində, nə məni qına,
Yaman darıxmışam səninçün, Ana.

Birgə yolçusuyuq aranin, dağın,
İndi qocalmısan getmir ayağın,
Sənsiz mənası yox heç yaşamağın,
Nifrət eyləyirəm mən bu cahana,
Yaman darıxmışam səninçün, Ana.

Yıxıb can evimi az qala dərdim,
Getməyir mənimlə heç yola dərdim,
Qövr edir sinəmdə öz bala dərdim,
Az qalıb ömrümü yetirə sona,
Yaman darıxmışam səninçün, Ana.


AY MƏNİM VƏFALI ÖMÜR YOLDAŞIM

Sənsən bu həyata məni bağlayan,
Mənlə ömür sürən, mənlə yaşayan,
Sənsən can yandıran qeydinə qalan,
Ən yaxşı həmdəmim, dostum, sirdaşım,
Ay mənim vəfalı ömür yoldaşım.

Sənsiz ilə dönür hər ötən ayım,
Nə yazım bilinir, nə də ki, yayım,
Sənsən ümid yerim, tanrıdan payım,
Səninlə bahardi boranlı qışım,
Ay mənim vəfalı ömür yoldaşım.

Sənsiz nə çoşaram, nə də çağlaram,
Nə şer yazaram, nə saz çalaram.
Vaxtsız yaşa dollam, tez qocalaram,
Camalın görəndə gəncləşir yaşım,
Ay mənim vəfalı ömür yoldaşım.

Gəl birgə danışaq, birlikdə gülək,
Sevinci, kədəri bərabər bölək,
Birgə yaşayırıq, birgə də ölək,
Yoxsa qan ağlayar torpağım, daşım,
Ay mənim vəfalı ömür yoldaşım.
31 mart 2010-cu il.


DAĞLARIN

Necə bəxtəvərdi görün Başkeçid,
Köksündən başlayır yolu dağların.
Sığınıb qoynuna bir bala kimi,
Sarılıb boynuna qolu dağların.

Cənnətə bənzəyir bu yurdun barı,
Çəmənin çiçəyi, zirvənin qarı,
Çiləyir hər yana xoş bihuşdarı,
Hər açan çiçəyi, gülü dağların.

Təbiət bu yurda min cür hal çəkir,
Min cür naxış vurur, min cür xal çəkir,
Öz sərin mehiylə min sığal çəkir,
Darayır saçını əli dağların.

Bülbüllər oxuyur həzin səsiylə,
Bulaqlar qaynayır zümzüməsiylə,
Qarışır çaylara öz nərəsiylə,
Baharda çağlayan seli dağların.

Sanki dil açıbdı, hər yan dil deyir,
Qüssəni qəlbindən qopar, sil deyir,
Durma, ay kamandar, durma, gəl deyir,
İndi hər yamacı, yalı dağların.


VARIYDI

Necə gözəliydi keçmişi elin,
El içində gur hərəkət varıydı.
Öz yeri varıydı böyük kiçiyin,
Ona görə din, bərəkət varıydı.

Hər evdə yanardı əlvan çıraqlar,
Danışıb gülərdi körpə uşaqlar,
Bir an boş qalmazdı evdə otaqlar,
Nə qorxu, nə də ki, dəhşət varıydı.

Tezcə seçərdilər yalanı, düzü,
Halal tərəziydi bu elin gözü,
Onda qanunuydu ağsaqqal sözü,
Yaxşıya, yamana qiymət varıydı.

Onda uzaq idik yad minnətindən,
Hər kəs məşğul idi öz sənətinnən,
Kimsə çıxmazdı el adətindən,
Elin adətinə hörmət varıydı.

Sükuta dalmazdı onda qulaqlar,
Qız gəlinlə dolu idi bulaqlar,
Yayda məskəniydi yaşıl yaylaqlar,
Nə ayrılıq, nə də qürbət varıydı.

Ağır toylar görüb bu el, bu mahal,
Xatırla keçmişi özün yada sal,
Göylərə qalxardı novruzda tonqal,
Bayramda süfrədə şərbət varıydı.

Nə dünya gözümdə bir dəhşət idi,
Nə qəlbimi üzən qəm, möhnətiydi,
O vaxt Az-Gəyliyən bir cənnətiydi,
Sanki bu dünyada cənnət varıydı.


MƏRD KİMİ

Hər bir çətinliyi ağır yük edib,
Qoyma öz həddini aşa, mərd kimi.
Baş əymə önündə heç bir nakəsin,
Dik saxla başını, yaşa mərd kimi.

Arxalan qüvvənə, güvən qoluna,
Çevrilmə zamanın nakam quluna,
Heç zaman namǝrdin keçmə yoluna,
Dəysin ayaqların daşa mərd kimi.

Gəlməsin heç zaman dilinə yalan,
Alnı açıq olar, sözü düz olan,
Yaşa el içində, namusla dolan,
Gəlsin əməllərin xoşa, mərd kimi.

Bacar möhtac olma yad imdadına,
Yaradan yetirsin öz muradına,
Ay Kamandar, ləkə salma adına,
Hər zaman çəksinlər başa mərd kimi.

Gəyliyən.

turan.info.az


.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: