İstehsalat fəaliyyəti ilə yanaşı, Rəhbər müəllim İncəsənət aləmində də aktiv fəaliyyət göstərir. Bir neçə seriallarda və bədii filmlərdə rol alıb. Şeirləri "Yaşıl İşıq", "Turan", "Qarabağ Azərbaycandır" ədəbi-bədii, elmi-publisistik toplularında və bir çox mətbuu orqanlarda mütəmadi dərc olunub.
Rəhbər bəyə ədəbi fəaliyyətində böyük uğurlar arzulayırıq.
turan.info.az
BU EVİN, EŞİYİN YİYƏSİ HANI?
A dadlı qonşular,ləziz qonşular,
Arzusu,istəyi təmiz qonşular,
Səsimə səs verin əziz qonşular,
Bu evin,eşiyin yiyəsi hanı?
Bir az kövrəlmişəm,dolub gəlmişəm,
Sorağın,sədasın alıb gəlmişəm,
Ölüm namazımı qılıb gəlmişəm,
Bu evin, eşiyin yiyəsi hanı?
Həsrətdən bənizi solub bu evin,
Külək saçlarını yolub bu evin,
Bir quru divarı qalıb bu evin,
Bu evin,eşiyin yiyəsi hanı?
Gəlib axtarıram sonamı burda,
Ömrüm yetəcəkmi sonamı burda?
Axtarıb tapmadım anamı burda,
Bu evin,eşiyin yiyəsi hanı?
Daha suyu gəlmir,gölü quruyub,
Bu daşın,divarın dili quruyub.
Ağacı bar vermir,gülü quruyub,
Bu evin,eşiyin yiyəsi hanı?
Yavan çörəyindən,duzundan ötrü,
Yanan ocağından,közündən ötrü.
Ölürəm anamın özündən ötrü,
Bu evin,eşiyin yiyəsi hanı?
ƏLÖVSƏT SALDAŞA NƏZIRƏ
Elə ki,dəfn oldu,qayıdıb gedin,
Bir qadın gələcək qəbrimin üstə.
Biri birinizi ovudub gedin,
Bir qadın gələcək qəbrimin üstə.
Bir əldə gül,bir əldə şam gələcək,
Yarımçıq gələcək,nakam gələcək.
Həm gündüz gələcək,axşam gələcək,
Bir qadın gələcək qəbrimin üstə.
Gəlişini bir kimsə duymayacaq,
Bilirəm ki,ağlayıb doymayacaq.
Məni məzarda da tək qoymayacaq,
Bir qadın gələcək qəbrimin üstə.
Baş daşıma baxıb,gözü dolacaq,
Keçmişi düşünüb məyus olacaq.
Qəbrimin üstündə saçın yolacaq,
Bir qadın gələcək qəbrimin üstə.
Bir az ağlayacaq,çıxıb gedəcək,
Boylanıb geriyə baxıb,gedəcək.
Göz yaşın sinəmə sıxıb,gedəcək,
Bir qadın gələcək qəbrimin üstə.
UNUDA BİLMİRƏM SƏNİ
Xoş qoxu gətirən külək kimisən,
Küləyim,unuda bilmirəm səni.
Mənim gözlərimdə mələk kimisən,
Mələyim,unuda bilmirəm səni...
Mən sənə solmayan çiçək deyərdim,
Həmişə şadlanaq,gülək,deyərdim.
Yadındamı? Sənə ürək deyərdim,
Ürəyim,unuda bilmirəm səni.
Həm arxa-dayaqsan,dirəksən mənə,
Həm arzu-istəksən,diləksən mənə.
Sən elə sevginlə gərəksən mənə,
Gərəyim,unuda bilmirəm səni...
DARIXIRAM ÇOX
Belə darıxmaqmı olar, ilahi?
İllərdi ki,şadlanmıram,gülmürəm.
Kimdən ötrü darıxıram görəsən?
Kim olduğun heç özüm də bilmirəm.
Verdiyin bu gözəl,bu göyçək ömrün,
Günün aya,ayın ilə vermişəm.
Darıxa-darıxa bu gödək ömrün,
Yarıdan çoxunu yola vermişəm.
Ağaran saçların qara hənası,
Qapqara saçlarda düm ağ dənəm, mən.
Darıxmağın adın qoyan başqası,
Darıxmağın "dadın" bilən mənəm,mən.
Mənə də bir nəzər elə,nə olar,
Eləmisən yüzü üçün,Ilahi.
Bircə dəfə kaş darıxa biləydim,
Darıxmağın özü üçün, İlahi ...
GƏL YUXUMA GİR
Dedim ki,yuxuma gəlmə,gəlirsən,
Hansı dildə deyim başa düşəsən?
Yuxum karvansara qapısı deyil,
Könlün istəyəndə gəlib,gedəsən.
Yuxuma girməyə icazən yoxdur,
Qaydanı,qanunu poza bilməzsən.
Girdiyin yuxunu danışsam sənə,
Bir yana çıxardıb,yoza bilməzsən.
Yəqinki sən məni düşünüb sonra
Başını balınca qoyub,yatırsan.
Mən sənin əlindən yata bilmirəm,
Tez gəlib yuxuma haram qatırsan.
Yuxularım sənə oyuncaq deyil,
Onu oyun qurub,yıxa bilməzsən.
Yuxumda elə bir oyun quraram,
Girdiyin yuxumdan çıxa bilməzsən.
Gözəlim,xətrinə dəydim elə bil,
Vallah azım sənin,çoxum sənindi.
Nə qədər istəsən gəl oyna,de, gül,
Zarafat edirəm,yuxum sənindi.
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.