Dostum, qardaşım
Müşfiq Borçalının dilindən
Elimizin fəxri vətəndaşı olan professor,
Nyu-York Elmlər Akademiyasının akademiki
(kitablarımdan 4-nün ön söz yazarı)
Mədəd Çobanovun dünyasını dəyişməsinə ithaf edirəm.
Allah rəhmət eyləsin. AMİN....
Kainat dəyişib, zülmətə dönür,
Günəşin ziyası, Ay nuru sönür,
Zamanın çarxında ulduz üyünür
Gözümə tor gəlir, yoxsa dumandı?
Ata, gözlərini yumma, amandı.
İnlədən nisgilin dadını vermə,
Övladlara yetim adını vermə,
Qəmə, can yoldaşı qadını vermə.
Ürəyim sızlayan tardı, kamandı,
Ata, gözlərini yumma, amandı.
Qovrulan qəlbimi döndərir saca,
Acizəm, məlhəm də yoxdu əlaca,
Yalvarıb ürəkdən, edirəm rica
Niyə dinməyirsən xeyli zamandı?
Ata, gözlərini yumma, amandı.
Bilirəm, ağrılar incidib üzür,
Mərdliyin, susmağa bəs necə dözür?
Göylər də ah çəkib, qəmli yaş süzür
Təsəlli gətirən yenə gümandı,
Ata, gözlərini yumma, amandı.
Gedişin salmazmı vaxtsız, saça dən?
Necə qıyıb səni verim əlimdən?
Cənnətmi diləyim de: - uca Rəbbdən?
Artıq inam yerim dindi, imandı
Ata, gözlərini yumma, amandı.
Heyhat... Atasızlıq necə yamandı.
MÜBARİZ HÜSEYN
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.