XALİD QURBANOĞLU (1970)

XALİD QURBANOĞLU (1970) Məmmədov Xalid Qurban oğlu 1970-ci il oktyabr ayının 15-də qədim Borçalı mahalının Faxralı kəndində anadan olub.
1987-ci ildə doğulduğu kənddə orta məktəbi bitirib. 1988-1993-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri universitetində təhsil alıb. Hal-hazırda 1994-cü ildən Rusiyada, Moskva vilayətinin Korolyov şəhərində yaşayır.
2020-ci ildə "Deyəsən yetişir ömrün payızı" adlı ilk kitabı işıq üzü görüb.

DÜNYAYA MESAJ

Vətən müharibəsinin zəfərlə başa çatması münasibətilə yazılıb.

Qalx ayağa, gələn Türkün oğludur,
Görmürsənmi şanlı tarix yazanı?
Ta Adəmdən zəfərlərlə doludur,
Hər keçmişi, hər zamanı, hər anı,
Görmürsənmi şanlı tarix yazanı!?

Yağıların günəşini söndürən,
Bayrağını zirvəsindən endirən,
Vətən deyib öz yurduna can verən,
Müqəddəsdir şəhidlərin al qanı,
Görmürsənmi şanlı tarix yazanı!?

Ayaqdadır, Təbriz, Mərənd, Ərdəbil,
Bu mərdliyi yaşatmışıq min nəsil.
Aç gözünü, yaxşı tanı, yaxşı bil,
Düşməninə dərin məzar qazanı,
Görmürsənmi şanlı tarix yazanı!?

Tanı, zülmün zəncirini qıranı,
Əldə qılınc zülmətləri yaranı.
Yaxşı tanı haqq divanı quranı,
Haqqa çəkir haqq yolundan azanı,
Görmürsənmi şanlı tarix yazanı!?

Bilirsən ki, köküm necə dərində,
Fırlanmıram zamanların pərində.
Turan ellər yerindədir, yerində!
Saz götürüb dastan qoşur ozanı,
Görmürsənmi şanlı tarix yazanı!?
10.11.2020


ÖZÜN OL

Çalışma kimsəyə bənzəmək üçün,
Çalış bu həyatda özün ol, özün.
Şölə saçmaqdansa yad alovunda,
Özünün işaran közün ol,közün.

Olmasın gözlərin özgə payında.
İtər xətir-hörmət, haqqı-sayın da.
Çaşıb, azmaqansa yad dolayında,
Özünün saldığın izin ol, izin.

Mənalı ömür sür, mənalı yaşa.
Adın çəkilməsin nadanla qoşa.
Dəyəri yoxdursa danışma boşa,
Haqqına deyilən sözün ol, sözün.

Xalidin sözünü saxla sərində,
Həqiqət axtarsan ara dərində.
Yük olma kimsənin çiyinlərində,
Özünü aparan dizin ol, dizin.


GƏLİR

Dağım boran, dərəm boran,
Düzümə də qarmı gəlir?
Nə tez əsir xəzan yeli,
Ömrə son baharmı gəlir?

Nə qazandım illərimdən,
Həsrət tutub əllərimdən.
Sona qalxmır gözlərimdən,
Gülşənimə xarmı gəlir?

Xalid yardı qəmə, dərdə.
Zülmət gördüm hər səhərdə.
Ruhum göydə, özüm yerdə,
Dünya mənə darmı gəlir?
2021

GƏLMİŞƏM

Dağlar məndən inciyibdi deyəsən,
Günahkaram, barışmağa gəlmişəm.
Əriməyə güneyində qar kimi,
Sellərinə qarışmağa gəlmişəm.

İl tələsir, nə tez ötür vaxt, vədə.
Ürəyimdə yüz yara var, yüz zədə.
Qoşulmağa qartalına zirvədə,
Küləklərlə yarışmağa gəlmişəm.

Nahaq verdim qürbətlərə illəri,
Əsən mehi azaldarmı dərd-səri?
Səhər-səhər sökülməmiş dan yeri,
Şeh ətrinə bulaşmağa gəlmişəm.

Gəldim ömrə təzə sətir yazmağa.
Damcı-damcı yaddaşlara sızmağa.
Pöhrən örtmüş cığırlarda azmağa,
Gədiklərdə dolaşmağa gəlmişəm.

Xalid, yoxdu dərd qananım yanımda,
Həsrət yatır hər yaşanan anımda.
Min Kərəmin yanğısı var canımda,
Kül olmağa, alışmağa gəlmişəm.

Dağlar məndən inciyibdi deyəsən,
Günahkaram, barışmağa gəlmişəm.


MƏN HAQQA GEDƏN YOLDAYAM

Müqəddəs bir uğurdayam,
Mən haqqa gedən yoldayam.
Bir saf sulu axar çayam,
Mən haqqa gedən yoldayam.

Dərə keçir, dağ aşıram.
Keçilməzlər dolaşıram.
Sanmayın yolu çaşıram,
Mən haqqa gedən yoldayam.

Baxmıram ki, dərdə tuşam,
Yeri, göyü unutmuşam,
Həqiqətdən yük tutmuşam,
Mən haqqa gedən yoldayam.

Baxın bu yola, bir baxın.
Karvanları axın-axın.
Bu yol Tanrıya lap yaxın,
Mən haqqa gedən yoldayam.


BAĞLAYIN

Haqqın oxu daşa dəyən dünyanı,
Mən görməyim, gözlərimi bağlayın.
Yalanları faş etməyə qoymayın,
Qıfıl vurun, sözlərimi bağlayın.

Qul eyləyin, sarılmayım qılınca,
Rahatlıq yox bu dünyada qalınca.
Mən getməyim haqq-ədalət dalınca,
Yerə yıxın, dizlərimi bağlayın.

Möhkəm durun, haqlı haqqın almasın,
Çəpər qurun, doğru binə salmasın.
Bu cahanda izim-tozum qalmasın,
Qar yağdırın, izlərimi bağlayın.

Ayırmayın qaraları ağlardan,
Gen dolanın əqidəsi sağlardan.
Salın yolu siz aşrımsız dağlardan,
Çəmənimi, düzlərimi bağlayin.

Haqqın oxu daşa dəyən dünyanı,
Mən görməyim, gözlərimi bağlayın.
2020


XAM XƏYALDADI

İxtiyar sənindi ay zalım qızı,
Aç bax ürəyimi, gör nə haldadı.
Dərdi dərd üstündən sıralamısan,
Durna qatarı tək dalbadaldadı.

Həsrətin əlində qalmışam naçar.
Fələyin o qədər yanlış hökmü var.
Özüm də bilmirəm kimdi günahkar,
Taleyim bəxtimlə qalmaqaldadı.

Eşqin daşa çaxıb, sındırıb məni.
Var ikən dünyada dandırıb məni.
Hicranın oduna yandırıb məni,
Demə bədbəxt oğlu xam xəyaldadı.
2010


BƏXTİMƏ DÜŞƏN PAY

Necə də gözəldi bu qız, ilahi,
Haqqın dərgahında doğan aydımı?
Bu bir həqiqətmi, bu bir rö’yamı,
Yoxsa mələklərə ərşdə taydımı?

Tanrıdan səxamı, yoxsa şərdimi?
Oyatdı illərlə yaran dərdimi.
Ay Allah, dumduru, göz yaşı kimi,
Qəlbimdə çağlayıb axan çaydımı?

Deməyin əllidə həddi aşmışam.
Deməyin qaynayıb necə daşmışam.
Bəlkə yanılmışam, bəlkə çaşmışam,
Xalidin bəxtinə düşən paydımı?
2019

GEDƏR

Güvənmə bu günkü vara, dövlətə,
Gün gələr, bəhərin çəkilər gedər.
Fələyin izniylə qurulan büsat,
Fələyin hökmüylə sökülər gedər.

Deyil ki, əbədi nə altun, nə zər.
Gəlimi, gedimi tək bilən bilər.
Və’dəsiz qar altda qalan zəmilər,
Dəni sünbülündə əkilər gedər.

Əcəl ox əlində dönər səyyada.
Nə aha bənd olar, nə bir fəryada.
Xalid, yıgılanlar qalar dünyada,
Hamı beş arşına bükülər gedər.
2010


YAŞAMIŞAM

Yön çevirib haqqa doğru,
Əyridən gen yaşamışam.
Yanmağa çox öyrənmişəm,
Kərəmlə tən yaşamışam.

Qırılsa da qəlbin simi,
Səbr olmayıb səbrim kimi.
Ötən gənclik illərimi,
Saçımda dən yaşamışam.

Tutmamışam başda varı,
Tac bilmişəm namus, arı.
Dağlarımda boran-qarı,
Düzümdə çən yaşamışam.

Dünya keşməkeş dünyadı.
Seçmək olmur dostu, yadı.
Anılırsa Xalid adı,
Deməli, mən yaşamışam.
2016

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: