MÜBARİZ HÜSEYN BORÇALI: "ZİRVƏLƏR"

MÜBARİZ HÜSEYN BORÇALI: "ZİRVƏLƏR" Mübariz Hüseyn Borçalı (Mübariz Hüseyn oğlu Məmmədov) - 1960-cı il iyulun 22-də qədim Borçalı mahalının Başkeçid rayonunda - indiki Gürcüstan Respublikasının indiki Dmanisi rayonundakı Aşağı Qa-rabulaq kəndində anadan olub. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyasını) bitirib. Qaz-neft-mədən fakültəsinin qaz, neft yataqlarının istismarı və kompleks mexanikləşdirilməsi ixtisası üzrə ali təhsil alıb (1979-1988). O, neft mədənlərində operator (1988-1989), neftçıxarma ustası (1989-1995), dərin dəniz özüllü quyular rəisinin müavini (1995-1997), “28 May” Neftqazçı-xarma idarəsində növbə rəisi (1997-2004) vəzifələrində işləyib.
2004-cü ildən isə “BP” şirkətində çalışır.
Mübariz Hüseyn istedadlı qələm sahibidir, poeziya vurğunudur.
Artıq özünü çoxdan təsdiq etmiş nəğməkar şairlərimizdəndir.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.
"Abdulla Şaiq", "Zirvə" "Qızıl qələm" mükfatları laureatıdır.
İlk şeirləri “Azad Azərbaycan”, “Şərqin səsi”, “Ziya”, “Təhsil”, “Azərbaycan gəncləri”, “Neft kadrları uğrunda”, “Azərbaycan dünyası”, “Neft daşları”, “Vışka” qəzetlərində, “Mədəni-maarif”, “Ulduz” jurnallarında, “Çilovdan gələn səslər” almanaxında və digər mətbuat orqanlarında, sonralar isə “Zirvə”, “Zəfər”, “Vətən”, “Canım Azərbaycanım”, “Sazlı-sözlü Borçalı”, “Sazlı-sözlü Başkeçid”, “Şah dağı”, “Ləlvər dağı”, “Turan”, “Poeziya çələngi” və s. antalogiyalarda və ədəbi məcmuələrdə çap olunub... Şeirləri Bakı şəhərindəki 131 saylı və digər orta məktəblərin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyalarda tez-tez səslənir...
Elə ilk şeirlərindən oxucuların qəlbinə yol tapan şairin ilk şeirlər kitabı - “Ömür yolu” 1998-ci ildə işıq üzü görüb. Müəllifin ikinci kitabı - “Dünyanın hökmü” - 2001-ci ildə, üçüncü kitabı - “Əzablı sevgi yolu” və dördüncü kitabı -“Salam, Sınıq Körpü, hanı Borçalı?” 2010-cu ildə “Borçalı” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilmişdir. (Hər üç kitabın naşiri və redaktoru - Müşfiq Çobanlıdır).
Mübariz Hüseynin “Dünyanın hökmü” (“Borçalı” NPM, 2001) kitabına Bakı Ali Hərbi Dənizçilik Məktəbinin “Dillər” kafedrasının müdiri, Nyu-York Elmlər Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Mədəd Çobanov “Əmək də poeziyadır” sərlövhəli ön söz yazmışdır.

Biz də istedadlı qələm dostumuz Mübariz Hüseynə yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza ərmağan edirik.

turan.info.az



ZİRVƏLƏR

Könül, görüb sevindin hər gedəndə,
Yamaclarda gül - çiçəkli səfanı.
Bilirsənmi, yüksəyə meyl edəndə?
Qarşılayar, qüssə, kədər tuganı.

Düzəngahlar şəfəq nuru görməmiş,
Dağ döşünə ürəkaçan gün çıxar.
Getsən əgər, sevincdən pay dərməmiş
Yüksəkliklər qar, boranı can yaxar.

Zirvələrin mağarası tutulub,
Bil ki, orda hər gedənə, yoxdu yer.
Cəhd edəni qarşılayan qəm olub,
Vətənində öl, ya yaşam haqqı ver.

İstəmirəm nə şah olum, nə nazir,
Siyasətin yolunda nə edim mən.
Necə nicat tapım deyin, dərd üzür?
Öz sahəmin zirvəsinə gedim mən.


BİZ KİMİK Kİ, BƏXT SEÇƏK

Az ömrü üzsə də qəm, için - için
Qönçədən çıxmağa can atar ləçək.
Arzumdur, əllərdə xoş məram üçün,
Ürəkaçan ola hər açan çiçək.

İnam üzə gülsə hicran tez gedər,
Təbəssümdən uzaq qaçar qəm, kədər.
Səadəti verib qəlbi xoş edər
Özü gözəl, əqli kamil, bəxt göyçək.

Meyl edərsə, özgə gəlbə qəm süzə,
İnciyərsə haqlı olan düz sözə,
Görsən əgər məqam gəzir can üzə
Eləsindən kənar dolan, əlin çək.

Xəzan vursa, bağda incə gül solar.
Açıq bəxtə, kədər gəlsə tez dolar.
Talemizə düşən haqqı pay olar
Özümüzdən, biz kimik ki, bəxt seçək.


İNCİ KİMİ İNCƏDİ

Aşiqlərin məşuq üçün dərdiyi
Tər çiçəklər əvəzsizdi, özəldi.
Titrəyərək, yar əliylə verdiyi,
Gülün ətri özgəsindən gözəldi.

Sədaqəti, düzlük varsa sözündə,
O, şux mələk gözəllərdən öncədi.
Hər sevənin sevgilisi gözündə
Şəfəq saçan inci kimi incədi.

Xəyalların uçub cana od salar,
O, deyilmi gecələr can üzənin?
Təşnə çəksən ancaq onda əlac var,
Suyu şərbət dadar süzsə nazənin.

Sevinc içrə qəm gizlənər sevgidə,
Nakam eşqin çoxdu ağrı, cəfası.
Sadiq olsan istəməz ki, incidə
Səadət bəxş edər bil ki, vəfası.


FƏRQLİ ADAMLAR

(düşündürücü şeir)


Yerini bilən deyil, qoyma məhəl
Üz vermə, üz görənin üzdü isə.
Alaraq, satıb yada nifaq salar,
Söz demə, söz bəzəyən sözdü isə.

Aldatmaq, asan olar qəlb yuxanı,
İnsanın, qəddar olar can yaxanı.
Biləsən, el tanıyır ev yıxanı
Üzülmə, üzdən iraq üzdü isə.

Bar deməz, dərd - kədərdən ağrı dərən.
Yox olar, el uduzub düşsə pərən.
İnanın, can da verər cəsur, ərən
Dözəndi, dözümsüzə dözdü isə.

Xəyal göy məhvərində gizli süzər,
Canından qəm dağıdan tənha gəzər.
Mübariz, ehtiyat et, salsa nəzər
Gözdən qaç, gözü dəyən gözdü isə.


AĞBİRÇƏK

Könüllər oxşayan təbəssüm ilə,
Üzlərə səmimi gülər, ağbirçək.
Vüsala yetişən düyün günündə
Gənclərə, xoş arzu dilər ağbirçək.

Qoruyar nənələr qoyan, izzəti
Onlarsız yaşamın nədir ləzzəti?
Kəlağay ataraq desə söz qəti
Nifaqı kökündən silər ağbirçək.

Qədimdən danışıb haqq, kəlam deyər,
Harama zidd olub O, halal yeyər.
Ağsaqqal da durub, hörmət eyləyər
Nə vaxt ki, məclisə gələr ağbirçək

Tədbir eyləməsən, kədər bənd aşar,
Məsləhət duymayan acı gün yaşar.
Hamı öz dərdini açıb danışar
Elin hər sirrini bilər ağbirçək.

Əmanət sayılar, kökdən qalan iz
Biganə yanaşsan quruyar kəhriz.
Nə vaxt ki, dərd, qəmə düşür Mübariz
Qəlbinə xoş sevinc çilər, ağbirçək.


ACI XATİRƏLƏR

Sevgidə, vüsala çata bilməyən
Xəyalın gözündən qan-yaş süzülür.
İntizar odunu ata bilməyən
Qəm çəkib sızlayan tale üzülür.

Qüssə gələ bilməz sevinc çökməsə,
Kədər gülə bilmız can dərd çəkməsə.
Səadət bağına yar qəm əkməsə
Bilməzdim hicrana necə dözülür.

Özgə ürəklərdə bilinməz olan,
Ruh tək göyə uçub görünməz olan,
Bəxtin vərəqindən silinməz olan
Acı xatirələr ömrə düzülür.

Aləmi lərzəyə salar, çıxsa ün.
Canı isidərmi qürub edən gün?
Məhəbbət yolunda dolaşan düyün
Ey gənclər, vaxtında bilsən çözülür.


GİZLİ SİRRLƏR

Ey talemin, üzə gülən xoş anı!
Nədən belə ömrün kəmdi - kəsirdi?
Acı günmü, məğlub edir dünyanı?
Canın bəlkə qəm, kədərə əsirdi.

Dara düşsək inciyərdik zamandan,
Daha səndən küsməyin də yeri yox.
Əlac qalıb, istək umaq gümandan,
Gözlənilən biri olur, biri yox.

Üzüntünün tuşlayaraq atdığı
Sancılan ox, qəsdə girir qəlb deşə.
Asimanın son ucuna çatdığı
Fəlakətlər, dönüb adi vərdişə.

Çağrılmamış qonaq kimi gələn, qəm
Məhvərində, dolandırır insanı.
Necə deyim gizli sirri aç qələm,
Müəmmadır nədə gəzim nöqsanı?


ƏLAC EDİN

(dodaqdəyməz)


Ey aşıqlar, hərcayıyla cəng edin,
El sənəti intizarlı, dardadı.
Əhli - yazar keçən əsrə zəng edin
Dədə Ələsgərin sazı hardadı?

Geri gələr halal nəyin itsə də,
Haqqa inan, səndən alan getsə də,
Aqil hər an nəsihətlər etsə də
Qədər çəkən canlar ahı, zardadı.

İnsanlıqdı, dağılanı tikəsən,
Dərdlilərin qayğısını çəkəsən,
Cəhd eylə ki, yazda ağaç əkəsən
Din də deyər, dərdə əlac nardadı.

Yetişdirər sənətkarı hər alət,
Yanan cana niyyət eylə şən niyyət.
Qışda əgər yaradırsa əziyyət
Ləzzət edər yayda yesən, qar dadı.

Taleyinə dərddən acı dilərək,
Gizli - gizli yanaqdan yaş silərək,
Hər gecəsi kədər ilə gələrək
Yanan aşiq xəyalları, yardadı.


BORÇALININ QEYDİNƏ QAL,
EY BAKI!


Düşünəni perik düşüb elindən,
Qocaların bir şey gəlmir əlindən.
Aşıqların qəm süzülür dilindən
Məclislərdə gündəmə sal, ey Bakı!
Borçalının qeydinə qal, ey Bakı!

Bir vaxt mahal qurmaqçün qol gərildi,
Qılınc çalıb, zəfərdən pay dərildi.
Nadir şahın günahından verildi
Tarixlərin qisasın al, ey Bakı!
Borçalının qeydinə qal, ey Bakı!

Sevindirək acı günlər çəkəni,
Azəri yurdundan olan tikəni.
Kəsib ataq qövr eliyən ləkəni
Ürəkləri göynədir xal, ey Bakı!
Borçalının qeydinə qal, ey Bakı!

Nisgil, həsrət, hicran vardır o yerdə,
Minlərlə qəm gizlənibdi kədərdə.
Qüssə çəkən necə dözsün bu dərdə?
Zəhər dadır ağızda bal, ey Bakı!
Borçalının qeydinə qal, ey Bakı!

turan.info.az

.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: