"İt hürər, karvan keçər,
Yel qayadan nə aparar."
Doğma səni talamasa,
Yad mayadan nə aparar.
Düz çörəkli olsa masa,
Onda hər an dolar kasa,
İnsan özü daşımasa,
Quş tayadan nə aparar.
Qonşuyla yola getməsə,
Uyğun tək hoya yetməsə
İnsan yaxşılıq etməsə,
Bu dünyadan nə aparar.
09.02.2017.
OLAYDI
Dörd fəsil yaşayır həyatda insan,
Deyərlər ömrümün yazı olaydı.
Özüm haqq aşığı düşəydim yola,
Əlimdə Əmrahın sazı olaydı.
Düşməni olaydım qəmin-kədərin,
Olaydım mehmanı mavi səhərin,
Ana təbiətin, yaşıl düzlərin
Qəlbimi oxşayan nazı olaydım.
İstisi azalıb ömür yayının,
Fərqi bilinməyir ilin, ayının,
Uyğuna verilən ruzi payının,
Mənə qismət olan azı olaydı.
08.012015.
GÜLÜM
Mən torpaq olaydım, sən dən olaydın,
Mənim torpağımda bitəydin gülüm.
Dönüb bir çiçəkli çəmən olaydım,
Çiçəklər içində itəydin gülüm.
Sevsən də ürəkdən, sevirəm demə,
Sevda yollarında kədər-qəm yemə,
Tanrıdan verilən bu taleyimə,
Arılar bal yığan pətəydin gülüm.
Özün bahar qızı, dönüb bahara,
Gəl salma Uyğunu bu əzablara,
Düşsəm eşq yolunda borana, qara,
Onda sən dadıma yetəydin gülüm.
02.01.2015.
BAHARIN BİR ANI
Bulud getdi, günəş doğdu,
Yer üzünə nur ələndi.
Otlar üstə şəfəq düşdü,
Şeh damcılar gilələndi.
Bax göstərdi öz varını,
Çən tərk etdi dağlarını,
Geydi təzə paltarını,
Göy çəmənlər məzələndi.
Bəhrələndi arzu,dilək,
Öz yerindən uçdu ürək,
Bax dünyanı belə görcək
Uyğun, ömrün təzələndi.
3.03.2011.
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.