O, 7 şeir kitabı, 1 sözlərinə bəstələnmiş mahnılardan ibarət diskin müəllifidir.
Sözlərinə mahnılar bəstələnmiş, mahnıları dəfələrlə müsabiqələrdə qalib olmuşdur.
Mahnıları dəfələrlə “V&V Company”tərəfindən keçirilən “İlin mahnısı” nominasiyası üzrə qalib olmuşdur.
2009-cu ildə Yeni Azərbaycan Partiyası tərəfindən Bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə üzv seçilmiş, “Gənclər, İdman və Turizm Məsələləri Daimi Komissiyası”nın sədr müavini vəzifəsində çalışmışdır.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsüdür.
ÖLƏNMİ YAZIQDIR, QALANMI YAZIQ?!..
Get-gedə seyrəlir sıramız bizim,
bir ovuc qalmışıq... nə yaman azıq!..
Soruşaq dünyadan bəlkə, əzizim,
ölənmi yazıqdır, qalanmı yazıq?..
Ömrün əvvəlində çiçəkli bahar,
ömrün axırında qışıq, ayazıq.
Hamının dünyadan gedən günü var!..
Ölənmi yazıqdır, qalanmı yazıq?!..
Allahın işindən baş açammırıq,
biz Onun yanında xeyli dayazıq.
Ölümdən qorxuruq, amma qanmırıq
ölənmi yazıqdır, qalanmı yazıq?!..
SOKRATIN XƏLƏFİ
(elegiya)
(Sevgili dədəm Camal Vəli bəy oğlu Mustafayevin unudulmaz xatirəsinə...)
Öldü... Sokratın xələfi,-
o qocaman, pirani zat!..
Sonuncu mogikan təki
öldürdü onu da... həyat!..
Soyuq, qaranqu bir gecə
ruhu uçdu bədənindən...
gözlərimin önündəcə!..
QURTULUŞ!
Yumdu büllur gözlərini,-
daha görmək istəmədi
bu yalan-palan dünyanı...
iyrənc buqələmunları...
Nifrət etdi!..
Nifrin etdi!..
Lənətlədi!..
Karvanını çəkib getdi...
getdi Süd Yolu boyunca...
aşdı kəhkəşanları...
getdi... o işıq adam,
nur yolunun yolçusu...
Növi-bəşər deyildi sanki, Xudam!..
Bu dünyanın ən qərib,
ən qəraib insanı.
Fəza idi vətəni...
hə, fəza...
bütün fəza!..
Bu dünya - yekparə daş,
osa eynən Prometey,-
zəncirlənmişdi...
CƏZA!
O,-
ən qədim əsatir...
ən üsyankar həqiqət...
Gözləri - teyxa düşüncə...
İdrakı başqa aləm!..
O,-
xeyir təcəssümü...
vicdan mücəssəməsi...
Allahın sufi dostu...
Dimağı dərya dədəm!..
İKİ OVUC QƏPİK-QURUŞ VƏ MÜRÜVVƏT
Əfv ediniz, qəni, zəngin cənablar,
əcəba, neçəyədir mürüvvət?..
Yəqin ki, xeylaq baha.
İlla, qəhətə çıxmazdı.
Qiyməti yenəndə deyin,-
kəlisa kənarındakı
bir dəri, bir sümük qalan
o dilənçi qarıcığaz
varı-yoxu iki ovuc qəpik-quruş bahasına
bir dünya MÜRÜVVƏT alıb
tolazlasın
dünyapərəst xudbinlərin qafasına!
BÜTÜN DÜNYA - BİR SƏHNƏDİR...
"Bütün dünya - bir səhnədir...
Və bütün kişilər və qadınlar
sadəcə birər aktyor..."
Uilyam Şekspir.
Şekspir düz deyirdi ki,
"bütün dünya - bir səhnədir,
insanlarsa aktyorları...".
Hə... xanımlar və cənablar!..
Hərəmiz bir maska geyib
oynayırıq rolumuzu.
İntəhası,
kimi müsbət,
kimi mənfi qəhrəman.
Nə olsun ki?-
Hamımızın sonu eyni.
Yəni, ölüm.
Həə... elə ki, işıq sönür...
pərdə enir...
maska düşür üzümüzdən,
üzə çıxır gerçək üzlər.
Diri başqa, ölü başqa.
Bu dünyada özümüz ola bilmirik.
Mümkün deyil.
İnsanların içi başqa, çölü başqa.
Gözlərində gürzələr,
üzlərində iblisanə təbəssüm...
qəlbi başqa, dili başqa.
Pahatonnan!..-
ƏDAVƏTLƏR...
XƏYANƏTLƏR...
SUİ-QƏSDLƏR...
PULPƏRƏSTLƏR...
YALAN... YALAN!..
Beş quruşluq dünya üçün
ruhunu şeytana satan
abdal insan,
fani insan
anlamır ki, əvvəl-axır
məhv olacaq,
yox olacaq?!..
Aman Allah!..
Xirtdəyəcən çıxıb GÜNAH!..
Ümid kimə?!..-
İndən belə İsa Məsih doğulacaq?..
Dünyanı kim qurtaracaq???!!!
.........................................................
.........................................................
.........................................................
Hə... xanımlar və cənablar!..
Doğrudan da,
"bütün dünya - bir səhnədir"...
OKEANİDA
Əsir səmum küləkləri...
Bu necə həsrət səhrası?..
Ucu-bucağı görünmür...
Bircə ümid vahəsi var.
O da göyə sovrulacaq
bircə ovuc kül kimi.
Qeyb olacaq mirajlar...
Bu necə sevgidir, Yarəb?..-
Məcrası işgəncə, əzab.
Bu necə fəraq atəşi?..
Uf, ruhum tutuşdu, yandı!
Bu necə özləm, intizar?..
Əllərim uzalı qaldı...
Əllərimi tut, nə olar...
doyunca tut...
bütün ömür boyunca tut...
Gözlərim üzümdə qərib.
Gözlərim - issız okean...
sahilində ağ at qaçır...
yəhəri boş...
kimsəsiz...
səni gəzir... qəribanə...
Ey mənim EŞQ əsatirim,-
ilahəm...
Okeanidam...
YOLLAR
Zaman - sarban, insan ömrü - karıvan,
hünərin var dayan bir an, dur bir an.
Əzəldən bu yana bəzən ayrılan,
bəzən də birləşən yollardı yollar...
Necə qəribədir həyat yolları,-
şəfəqi, çiçəyi, yağışı, qarı...
Beşiyi götürüb tabuta sarı
uzadan vəfasız qollardı yollar!..
Sən demə, qəm imiş suyu, çörəyi,-
əzab kürəsiymiş insan ürəyi.
Nə qədər tikanı, daşı-kəsəyi,-
yaman yorub məni yollar... bu yollar...
AĞ ÖRPƏKLİ VƏ SƏMAVİ GÖZLÜ QIZ
(İncə ruhlu, dərin düşüncəli arqadaşım Fərizəyə ithafən...)
Camenin kandarında
ağ örpəkli qız durub...
və səmavi gözləri
bir cift göyərçin kimi
uçur ta uzaqlara,-
səma düzəngahına...
mavi dərinliklərdə
itib-batır, qeyb olur...
Pıçıltıyla, astaca
Yaradana yalvarır...
əcz ilə dua edir...
və qəlbinin ən dərin kədərindən
nəşət edən göz yaşı
kirpiyindən inci təkin sallanır,
axıb, axıb sinəsində göllənir...
Növi-bəşərdən küsüb...
inciyib...
gileylidir...
Bir dürlü barışmayır.
Elə bil ki,
qanadları qoparılmış mələkdir...
qulyabanılar içrə,
korgöz şeytanlar içrə
çırpınır...
uça bilmir!..
Dünya - günah lehməsi...
batdaqlıdır,
kirlidir...
Camenin kandarında
ağ örpəkli qız durub...
pıçıltıyla, astaca
Yaradana yalvarır...
ağlayır...
dua edir...
TANIŞ OLAQ, BU MƏNƏM!
Hisslərimdən... utanmıram!..
Eşq...
nifrət...
ehtiras... –
Bu mənəm!
Gizlətmirəm heç nəyimi!
Birdir üzüm, astarım!
“Nəsənsə, o cür də ol!” -
budur mənim şüarım...
Mən yalanı sevmirəm!
Qəşəng, şirin yalandan
yüz min dəfə yaxşıdır
çirkin, acı həqiqət!
Məni qəzəbləndirir üzəvari ibadət,
üzəvari itaət!
Gizlətmirəm tərzi-həyatımı,
fikrimi,
sözümü...
Barama qozasında gizlənmiş tırtıl kimi
gizlətmirəm özümü!
Mən su kimi şırıl-şırıl axıram,
cığırıma düşmən daşı dolsa da!
Mən günəşin düz üzünə baxıram
parıltısı gözlərimi yolsa da!
Külək kimi əsirəm,
yarpaq kimi əsmirəm!
Mən təklikdən qorxmuram, –
taleyimdən küsmürəm!..
Döyüşkəndir,
dəyişkəndir
içimdəki duyğular! –
Dörd fəsiləm:
baharım var...
yayım var...
payızım var...
qışım var...
Aşinamdır poeziya və şərab...
Məhəbbətdir fəlsəfəm! –
Bu mənəm!
MƏRHƏMƏT!
Mərhəməti öldürməyək, adamlar!
Qarlı qüzeylərdə üşüyüb...
xəstələnib mərhəmət!..
Sağaldaq!
Üst-başında ayaq izi, tapdaq izi, –
tapdalanıb mərhəmət!!!
Yuyunduraq,
saçlarını sığallayaq, darayaq.
Sinəsində dırnaq izi,
caynaq izi,
güllə izi,
bıçaq izi... –
yaralanıb mərhəmət!
Yarasını sarıyaq!
Mərhəməti öldürməyək, adamlar!
Mərhəmətsiz axırımız nə olar?!..
ƏLLƏRİM GÖYDƏN GƏLİRDİ...
Əllərim göydən gəlirdi,
Xudavəndin qapısından.
Ovucumda göyərçinlər uçuşurdu.
Göyərçinlər azad idi, –
nə qəfəs var idi, nə zindan.
Ovucumda ayaqyalın uşaqlar
oynaşırdı, ora-bura qaçışırdı.
Uşaqlar şad idi, –
nə daş-kəsək var idi, nə tikan.
Ovucumda küreyi-ərz fırlanırdı.
Küreyi-ərz abad idi, –
nə savaş var idi, nə də qan!..
Əllərim uzalı idi...
əllərimdən tutmaq üçün
İNSAN axtarırdım, İNSAN!
QIZIM
Qoy həyat üzməsin səni heç zaman, –
qəlbimi yandırıb-yaxmasın, qızım!
Mavi gözlərinin buludlarından
kədər çiskinləri yağmasın, qızım!
Olsa bircə zərrə dərdi-sərin də,
nigaran ürəyim durmaz yerində!
Gülgün taleyinin üfüqlərində
qaranlıq şimşəklər çaxmasın, qızım!
Saçına çələnglər hörsün ilk bahar,
əsməsin üstünə nə yağış, nə qar.
Həmişə yar olsun sənə yaxşılar,
qarşına yamanlar çıxmasın, qızım!
Könül ver... aşiqin mərdsə, qoçaqsa!
Əlini yarımçıq buraxacaqsa,
haçansa üzünə kəc baxacaqsa...
qaçırt gözlərini... baxmasın, qızım!..
Qarşına yamanlar çıxmasın, qızım!
GECƏLƏR
Qərib-qərib baxışırıq,
gecələr, aman, gecələr.
Karvan-karvan fikir keçir
yenə başımdan, gecələr.
Ay gecənin dərin dəmi
şölə çəkir çıraq kimi.
Füzulinin Leylisimi
zülfü pərişan gecələr?
Hər tərəfi zülmət udur,
göyə, yerə pərdə tutur.
Kiminə şirin yuxudur,
kiminə zindan gecələr.
Yuxularım düşür qaçaq, –
gecədən sübhəcən oyaq,
qəm evinin şamı sayaq
od tutur bu can gecələr...
DÜNYAYA GƏLƏNDƏ AĞLAYIR İNSAN
Dünyaya gələndə ağlayır insan,
şam kimi əriyib bitməyə gəlir.
Dünyaya gələndə ağlayır insan,
qayğılar içində itməyə gəlir.
İnsanlar qaynaşır qarınca təki,
hərənin çiynində bir ömür yükü.
Aman yük əlindən, ağırdır çəki,
gələnlər ahü zar etməyə gəlir.
Çarpışır, vuruşur, yaşayır insan,
yaşamaq eşqiylə çağlayır insan.
Dünyaya gələndə ağlayır insan,
bilir ki, dünyadan getməyə gəlir.
BALIQÇI QIZI
(verlibr)
Bonjur, bonjur... Paris qızı –
şlyapalı madmazel!
Yosma qız,
ədalı qız!
Atan əsil-nəcabətli aristokrat,
əntiqfüruş,
Anan moda həvəskarı,
süslü-püslü bir qadın.
Onlar səni bəsləyiblər
çiçək kimi,
ipək kimi...
yağ içində böyrək kimi...
Bixəbərsən ehtiyacdan,
kasıbdan,
fəqirdən,
acdan.
Gördüklərin:
ipək yataqlar...
çilçıraqlı salonlar,
tənbəki qoxulu məxmər pərdələr...
tanqo, vals...
səliqəli kavalerlər...
lüks avtomobillər...
əntiqə geyim-kecim...
cazibəli ətirlər...
dikdaban ayaqqabılar...
pudralı üzlər...
sürməli gözlər...
boyalı dodaqlar...
kremli əllər,
şirmayı barmaqlar...
Oxay... dolçe vita!..
...Osa balıqçı qızıdır.
Gümüş pullu balıqlardır onun dövləti, varı.
Bəzək-düzək görməyib
saçlarının qızıl qıvırcıqları.
Bət-bənizi azca soluq,
fəqət gözləri atəş kimi parlaq!
Təmiz hava yanağını qızardıb,
sahil qumu paltarının ətəyini bozardıb.
Nə tanqo bilir, nə vals.
Nə kremi var, nə duxusu,
üst-başından gəlir dəniz qoxusu.
Aralı dur,
iyrənərsən,
çiyrənərsən.
Varlı qızı, –
inteligent mühitinin ağ zanbağı!
O, -
azadə, vəhşi gözəl!
Dili sadə, ütüsüz,
yalan-palansız,
fəlsəfəsiz-filansız.
Ürəyi tərtəmiz!..
Zinətidir, incisidir
alın təri, əllərinin qabarı!
O, balıqçı qızıdır, –
yosun qoxulu dəniz,
havada uçuşan martılar,
köhnə balıqçı qayığı,
ağımsov balıqçı toru
və gümüş pullu balıqlardır onun dövləti, varı!
DALĞALAR
Sevgilim, küləklə çarpışır dəniz,
dalğalar qıvrılır saçların kimi.
Gəzirəm sahili fikirli, sənsiz,
sevgimin bu küskün, bu məlul dəmi...
Sevgilim, yadıma düşürsən yenə:
havada oynadır saçını külək,
açıb qollarını qaçdıqca mənə,
elə bil, uçursan bir qağayıtək.
Səni qucaqlayıb, sıxıb sinəmə,
saçını doyunca qoxlayıram mən.
Sarmaşıq qollarım sarılıb sənə,
buraxmaq istəmir səni sinəmdən.
Sonra ayaqyalın, verib əl-ələ,
dəniz sahilini gəzirik qoşa.
Dəniz dalğalanır, xəyallar ilə
onu seyr edirik verib baş-başa...
İndi sənsiz-sənsiz xəyala dalır,
könlüm bu sahildə axtarır səni...
Elə bil, dalğalar yadıma salır
sularda qərq olan gülüşlərini.
Sənin yoxluğunun səssizliyində
necə qərib gəlir mənə dalğalar.
Dəniz sahilinin sənsizliyində
indi bir mən varam, bir də külək var.
Bu eşqdən yadigar nə qoyduq ki biz?.. –
Bu eşqin quruca nəfəsi vardı.
Qalmışdı sahildə qoşa izimiz,
onu da dalğalar yuyub apardı...
XUDAM... YOL GÖSTƏR MƏNƏ!!!...
Ləbbeyk, Xudam!..
Əmr et... yol göstər mənə!..
Ruhum eyzən fırtınalar içində.
Çaşbaş qalıb fikirlərim.
... Mələk idim,
uçub gəldim bu dünyaya.
Səd heyif!..
Qəvi dünya o günahsız qanadları-
o bəmbəyaz pərquları
tapdaladı, qopardı.
Küpəgirən qarı imiş bu dünya, -
bədləkərmiş,
cadugərmiş...
fəqət üzündə niqab.
Bir hörümçək toru imiş bu dünya, -
Oh! Şikarı bihesab...
İlla ki, mən də çaşdım, -
başqalaşdım...
kibirləndim...
kirləndim...
Eyvah, Xudam! -
Günahkaram!..
Xudam... yol göstər mənə!!!...
YÜKSƏL!..
İlk eşqin əlindən düşərək dəryayi-dərdə,
vardım xəyalın qoynuna səssiz gecələrdə...
Yolmuşdu könül bağçamı hicran yeli erkən!..
Bir gün yenə solğun və ümidsiz düşünərkən
seyr etdim uzaq göyləri... göz vurdu bir ulduz.
Sordum ki, nədir?.. Söylədi:
– Divanəsən onsuz!..
Çoxdan yanıram halına, düşkün görünürsən,
mən göydə ikən, sən yerə düşmüş, sürünürsən.
Daim düşünürsən, qaralırsan, bulanırsan,
neçin bu qədər halı pərişan dolanırsan?..
– Get baisə sor bunları, məndən xəbər alma,
“mən göydə ikən, sən sürünürsən...”, ələ salma!..
– Yox, yox, qulaq as, dünyaya mən sənlə doğuldum,
ilk eşqinin, ilk həsrətinin şahidi oldum.
Mən həp var ikən, həp mənə röyadı dedin sən,
bəzən küsərək bəxtinə, üsyan elədin sən.
Min macəra gördüm, zaman öz çarxını sürdü,
söndürmək üçün şamımı şeytanlar üfürdü.
Şahiddi zaman, şölələnib daima yandım,
əsdikcə tufan, mən başın üstündə dayandım!..
Lütf etdi Xuda, qoymadı zirvəmdən enəm mən,
yüksəl mənə, yüksəl mənə, yüksəl, səninəm mən!..
– Titrək şəfəqin cazibəyə, xoşluğa sahib,
aldın bu sınıq könlümü, ey dadlı müsahib.
Parlat bu gözəl ulduzu, ey Qadiri-Mütləq!..
Sayrışsın işıqlar, çiləsin ruhuma rövnəq!..
Yarəb!.. Bu gözəl mənzərə bilməm nə xəyaldır!..
Gücsüzdü bəşər, Sən məni yüksəklərə qaldır!!!
ƏN GÜNAHSIZ FAHİŞƏ
Gecədir...
küçədəki lampaların kədərli işığında
bir qadının silueti görünür
və getdikcə uzaqlaşan kabluk səsi
çəkic kimi asfaltı döyəcləyir...
Çiliklənir küçənin buz sükutu.
Bu, odur. O...
ən günahsız fahişə...
istibdadın pəncəsində çırpınan
tül qanadlı kəpənək...
iztirablı, müztərib!..
Eheyy... zalım zorbalar!..
Laübalı adamlar –
yeriyən heykəllər,
daşürəklilər!..
Eheyy... maskalanmış vəhşilər,
yırtıcılar,
MÜQƏSSİRLƏR!..
Eheyy... mənəvi fahişələr, –
vicdanını, şərəfini pula satan
pulpərəstlər,
dünyagirlər!..
Eyş və şəhvət düşkünləri, –
kefçilər,
tiryəkilər,
tüfeylilər!..
Qəhr olun!!!
Sizdə vicdan nə gəzər!..
Öncə onu çeynədiniz, əzdiniz, –
onun bəkarətini, ismətini pozdunuz...
sonra onu daşladınız,
lağa qoyub güldünüz...
siz, əvət siz!..
Qəhr olun!!!
Əcəba,
zər-zibalı, forslu xanımlarınız
bilirmi ÇARƏSİZLİK, ACLIQ, EHTİYAC nədir?!..
Zənn etməm!
Ax, nadanlar,
qudurğanlar,
dübbələr!..
Həyat sizə əyləncə!..
Həyat ona MƏŞƏQQƏT,
ƏZAB,
CƏFA,
İŞGƏNCƏ!..
Ürəyində fırtınalar, üzündə gülüş maskası...
nələr çəkir yaşamaqçün!..
Eh... siz hardan biləsiniz?!
Sizin üçün o sadəcə
bir oyuncaq, bir əyləncə!..
Onun da sizin kimi
ətdən, qandan ibarət
bir İNSAN olduğunu
unutmusunuz fəqət!
“Öyüd”lər, “nəsihət”lər,
qınamalar, söyüşlər...
şillə kimi sifətinə çırpılan
kinayəli gülüşlər...
Off! Həqarət... həqarət!..
İnsanı ruhən əzmək –
ən dəhşətli CİNAYƏT!..
Hamı “Allah adamı”,
hamı “səhvsiz”, “günahsız”...
bircə odur müqəssir?!..
...İyrənin, nifrət edin,
hətta tüpürün ona...
Sizi görsəydi yəqin
qəhqəhəylə gülərdi
Mariya Maqdalena.
SƏN KİMSƏN, İNSAN?!..
Sən kimsən, insan, söylə, sən kimsən?!..
... Hələ onda nə çəmənlər vardı, nə dəryazlar...
Üfüqlər geniş idi...
dünya düz-düzəngah...
Nə azman binalar vardı, nə təyyarələr...
Nə sülh vardı, nə müharibə...
Nə bəşəriyyət vardı, nə Habil-Qabil əhvalatı...
Yalnız MƏHƏBBƏT vardı!..
Və insan xəlq olundu, –
yəni sən!
Və hər şey də elə bundan başladı! –
Düşmənlik, nifrət və yalan...
Həə, insan!
İndi söylə, sən kimsən?!..
.............................................
.............................................
.............................................
ÇƏHRAYI PALTOLU QIZ
Əynində çəhrayı palto,
üzündə sirli bir hüzn...
yenə dəniz qırağında durub təmtək
düşünür o...
Ağ köpüklü dalğalarla pəncələşir
onun müztərib gözləri...
Əllərini ovuşdurur, -
sazaqdanmı, təklikdənmi üşüyür o?..
Onun qıvrıq saçlarını
qarışdırır sırtıq külək...
Səma bomboz...
nə günəş var, nə martılar.
O, düşünür...
dərin-dərin...
uzun-uzun...
Başında sarp uçurumlar
və uçqunlar...
gözlərində qış fəsli var,
kirpiyində sırsıralar...
O, dənizə baxır yenə
məhzun-məhzun...
Elə bil ki, qıfıllanıb dodaqları,
zəncirlənib ayaqları.
Durub baxır bir heykəltək...
üzündə qəm...
Yenə bu dəm
onun qıvrıq saçlarını
qarışdırır sırtıq külək.
Nədir onun dərdi-səri?..
Neçin böylə həsrətlidir onun büllur didələri?..
Ax... necə mükəddər sima,
necə əsrarəngiz sükut...
və həp YALQIZ!..
Axı kimdir o əsrarlı,
şeir gözlü,
o çəhrayı paltolu qız?...
NƏSİHƏT SAYAĞI
Özgənin səhvinə tənə edərkən
öncə öz səhvini mizana vur sən.
Dünyada ən axmaq kəsdir ki, o kəs
özgəyə don biçər, özünü görməz.
YAĞIŞ
Nə yaman yağırsan bu gecə, yağış!.. -
Sənin də ürəyin dolub deyəsən.
Dərdləşək sübhəcən beləcə, yağış,
evdə mən ağlayım, çöldə ağla sən...
Kimdən rəncidəsən, nədən gileyli?-
Göydənmi küsmüsən, yerdənmi, yağış?..
Hüzn var, öfkə var səsində xeyli,
danış, qurban olum... hər nə var, danış...
Səni də firqətmi salıb təşvişə?..
Kimi axtarırsan, nəyi gəzirsən?..
Şiddətin az qalır bağrımı deşə,
dəli-divanəyik... həm sən, həm də mən...
Çırpıb daş-divara damcılarını,
mənim pəncərəmi döyəcləyirsən.
Yumub gözlərimin qapaqlarını
sənin şır-şırını dinləyirəm mən.
Kirpiyim islanır, üzüm islanır,
yəqin ki, dərdimi yaxşı bilirsən?..
Havaxtdır ürəyim od tutub yanır,
söndür atəşini, söndürə bilsən!..
Nə yaman yağırsan bu gecə, yağış!.. -
Sənin də ürəyin dolub deyəsən.
Dərdləşək sübhəcən beləcə, yağış,
evdə mən ağlayım, çöldə ağla sən...
ƏBƏDİ SÜBH AŞİQİ...
(Görkəmli şair-publisist Nurəngiz Günün xatirəsinə...)
Ah!.. O qadın-
tanrıçadır qaliba!..
Təcəllası bərq vurur...
Gözləri-
əsrarəngiz...
gözləri-
dərin fəza...
düşüncə xeyməgahı...
Didələri teyxa nur...
* * *
Yorğun gözləri sanki
yol gəlib ta Misirin
ucqar qədimlərindən...
papirus üzərindən...
Nefertiti misalı...
* * *
“Dodağında təbəssüm”,
beretli,
kübar bayan...
Simsiyah gözlərinin ipək üfüqlərində
ulduz seli parlayan...
küsüb getdi bu yalan,
bu hoqqabaz dünyadan!..
Getdi...!-
Susqun bir üsyan!!!
* * *
Əllərini göyə açdı...
GÜNƏŞƏ...
qanad oldu əlləri...
Ayağını yerdən üzdü...
qanadlandı...
uçdu...
uçdu...
uçdu getdi...
göy üzündən o yana...
* * *
İndi onun məskəni-
göy üzündən yuxarı
yamyaşıl, büllur ŞƏHƏR...
Hisarında ürkək gül salxımları.
Ağacları, çiçəkləri nadidə,
sakinləri bəxtəvər...
Nə sürgün var, nə göz yaşı, nə hicran...
nə qəriblik, nə təklik...
İndi əcdadı, nəsli, istəkli adamları
onun yan-yörəsində.
Nə müqəddəs xanədan!..
Sevinir, qanadlanır,-
əziz-xələfdir yenə.
* * *
Dizlərini qucaqlayıb əyləşib
akasiyalar altında.
Gözləri-
cüt göyərçin...
uçur göylər tərəfə.
Göy qübbəsi bərq vurur
çilçıraqlar, avizələr içində.
Gülümsəyir gözləri...
Nə dərin bəxtiyarlıq!..
Necə dinc bir sükunət...
Qırpılır kirpikləri.
Ətrafında uçuşan bəmbəyaz kəpənəklər,
meh əsdikcə titrəşən ətri ənbər çiçəklər,
yarpaqları rəngbərəng, hündür boylu ağaclar
və “qəfəssiz bülbüllər”...
ruhunu sığallayır...
SƏADƏTDİR!
Yuxu deyil,
HƏQİQƏTDİR!
İlğımlar orda qaldı...
Orda...
ölümdən əqdəm...
Qafasında sükunət...
nə üzüntü var, nə qəm...
İndi o arxayındır,
indi onun üzündə
parıldayır təbəssüm şəfəqləri.
Allahın yanındadır!
İndi hər gün, hər səhər
günəşin saptək incə
tazə şəfəqlərindən
geyinir əlbəsələr.
Hər səhər ehtiramla
günəşi salamlayır
o şeir gözlü qadın-
ƏBƏDİ SÜBH AŞİQİ...
ÇİNAR
Salaməleyküm, çinar...
necəsən, əski arqadaş?..
Qamətin yenə də şax...
səd maşallah!..
Tanıdınmı məni, çinar?-
Səni altdan-yuxarı
maddım-maddım seyr edən
qıvırcıqsaç, xəyalpərəst uşağı?..
Hə, o mənəm, mən... çinar!..
Dəyişmişəm... xeyli...
Gözlərimdən tanıdın?..
Həə, düz deyirsən, çinar!-
Yenə əvvəlki kimi kədərlidir gözlərim...
Hələ xatirindədir
islanmış kirpiklərim,
üzümdə muncuqlanan
o mirvari damcılar?..
Eh, çinar...
səni gördüm,
atasız uşaqlığım
nagah yadıma düşdü...
nənəmi xatırladım...
ev-eşik...
qonum-qonşu...
o köhnə xatirələr
xəyalımda canlandı birər-birər...
...Yaxşı, de görüm, çinar,
sən necəsən?-
O illər
xatirinə düşəndə
darıxırsanmı sən də?..
Çox dəyişib buralar...
soyuqlaşıb, yadlaşıb...
Həə... qəribə həyatdır...
...Yarpaqların süst düşüb,
nə külək var, nə meh var.
Sənə bir az su verim...
iç, iç, istidir hava...
...Yenə budaqlarında
quşlar qururmu yuva?
Yenə də səhərədək
mahtab ilə sevişib
olursanmı bəxtiyar?..
Çinar, çinar, ay çinar...
Necə şairanədir
sənin qoca təkliyin!..
Heyif,-
çoxları keçir
önündən yeyin-yeyin.
Bir az ayaq saxlayıb
varmı səni seyr edən,
sükutunu dinləyən,
önündə fikrə gedən?..
Mənim qocam, müdrikim...
...Di, salamat qal, çinar!-
Evdə gözləyənim var...
Tanıyırsan onu da,-
ta uşaqlıq çağımdan
arqadaşımdır o da...
Adı TƏKLİKDİR, çinar...
İLLƏR
Ötüb keçdi yuxu kimi,
xatirimdə qaldı illər.
Yalın qaldım... hər şeyimi
əllərimdən aldı illər.
Gətirmədi heç mənimki,-
dərdim nə birdir, nə iki...
Mən bilmirəm neylədim ki,
mənə düşmən oldu illər?!
İki çeşmim qan ağladı,
qəm sevinci qabaqladı.
Arzularım buz bağladı,
qış qiyamət saldı illər.
Bir ah çəkdim, qopdu tufan,-
yandı bağrım, aman... aman!..
Yolum boyu dabanımdan
ilan kimi çaldı illər.
Mənə düşmən oldu illər!..
AĞ BULUD...
Salam, köhnə rəfiqim,
pərqu təkin ağ bulud!..
Səhər-səhər
yolun hayana belə?..
Karvanın qəribsəyib
göy üzünün mavi düzənliyində?..
Ağ bulud... ağla bir az,
göyə doğru açım ovuclarımı...
ovuclarım islansın,
kirpiklərim, saçlarım islansın...
göz yaşların gümüş misralar kimi
aynalara yazılsın...
şeirləşsin bu şəhər...
Sonra günəş parıl-parıl parlasın,
nurlandırsın hər yanı
kəhrəbayi şəfəqlər...
Xəfifcə külək əssin,
çətirlənsin,
ətirlənsin
nazəndə gül-çiçəklər...
titrəşsin ağacların yaşıl yelpazələri...
Cənnətmisal,-
gözəlləşsin bu şəhər...
Ağ bulud... ay ağ bulud...
hanı mənim sevdiyim
bəmbəyaz göyərçinlər?..
Xəbər göndər,
yenə uçub gəlsinlər...
Ağ bulud,
hanı nənəm?-
Ağ saçlı qəmküsarım...
Əgər görsən,
məndən salam de ona.
De, qalmasın nigaran,
de ki, yaxşıdır nəvən...
Ağ bulud... ay ağ bulud...
sarmaşıqlı eyvanımız, de, hanı?..
Hanı ürkək uşaqlığım?..
Hanı qıvraq gəncliyim?..
Mən sevdiyim o durna qız, de, hanı?...
Eh!..
Keçmiş xəyal oldu...
Gedənlər dönən deyil...
Həə, köhnə rəfiq...
Belə.
ÜRƏYİMƏ TOXUNMA...
Ürəyimə toxunma,-
ürəyim od içində
zəbanə çəkib yanır!..
İçimdəki cəhənnəm
odlandırca odlanır!..
Toxunma ürəyimə,-
atəşimdə yanarsan!
Ürəyimə toxunma,-
dəymə dərdimə, qafil...
silkələmə dərdimi!
Hönkürüb ağlayar o
üstünə gürşad kimi.
Toxunma ürəyimə,-
dərdimdə islanarsan!
Ürəyimə toxunma,-
gülmə dərdimə, qafil.
Mənim dərdim qocadır,
üç-beş günlük dərd deyil.
Dərdim - tufanlı qışdır...
Toxunma ürəyimə,-
üşüyərsən, donarsan.
Ürəyimə toxunma,-
bilmə dərdimi, qafil!
Ürəyim qırıq-qırıq...
Təbəssümümdə kədər,
sükutumda qışqırıq...
Toxunma ürəyimə,-
atəşimdə yanarsan...
dərdimdə islanarsan...
üşüyərsən, donarsan!..
AZADƏ QUŞ OLAYDIM
Bir azadə quş olaydım,
əllərim qanad olaydı...
uçaydım evrən tərəfə,-
qaçaydım Yer kürəsindən...
tamam qurtulmuş olaydım...
Dünya - yalan,
bəşər - məğmun...
Davam edir köhnə oyun,-
iblislərin siyasəti,
hökmü, əmri, rəyasəti...
Həp bir riya,
həp bir savaş!..
İnsan yaranmayaydım kaş!..
Ya bir torpaq yaranaydım,-
güllələnmiş körpələri
ağuşuma almaq üçün...
ya qasırğa,-
bu dünyaya Nuh tufanı salmaq üçün!..
Xudavənda!
Qoy yarılsın ərşi-fələk
və mələklər səf çəkərək
görükdürsün öz müəzzəm,
cəsamətli surətini...
Hiddətinlə alt-üst eylə
bu zülmət səltənətini!!!...
...Bir azadə quş olaydım,
əllərim qanad olaydı...
uçaydım evrən tərəfə,-
qaçaydım Yer kürəsindən...
tamam qurtulmuş olaydım...
EHEEEYYY... DÜNYAAA!..
Uff!.. Xudavəndi-aləm!
Mən - əzab pərvanəsi...
yandı bağrım...
köz-köz oldu...
Nə qəddar imiş bu qəm!..
Eheeyy... dünya!..
Eheeeyyy... dünyaaa!..
Bər-bəzəkli xaniman!
Nə çox imiş üsrətin, zülmün, cəfan!!!
Müsafirik,-
macal ver.
Onsuz da gedərgiyik.
Heç yox imiş müsafirpərvərliyin,
əhdü peymanın, vəfan.
Səni beləmi sevdim?!..
Yox... yox... yox...
o zaman mən
eyzən su kimi safdım...
sadədildim...
uşaqdım...
Neçə il bundan əqdəm!
Hələ onda qızılgülün tikanı
əlimə batmamışdı,
hələ onda daş-kəsək
ayağımı əzib-qanatmamışdı...
Dünya - sevgi vahəsi,
yamyaşıl ipək cığır...
mən - sevdalar təşnəsi...
İlğım imiş, səndemə!..
Səadət nə gəzirmiş
dünyanın fitrətində! -
Sevinci bir əsim meh,
qəmi dağ siqlətində!
Onda çiyinlərimdə
hələ dərd yükü yoxdu,
ipək bir heybə vardı.
Heybəmdə nə vardı?-
Bir ovuc arzu,
bir udum təsəlli,
bir əlçim ümid...
O da heç-puç oldu... ədalətmi bu?!..
Dünya - etibarsız... dünya - müstəbid!..
Eheeyy... dünya!..
Eheeeyyy... dünyaaa!..
Daş kürə!
Hərçənd sən yalansan,
amma səndə saqlıdır
HƏQİQƏTƏ açılan
üstü kirli pəncərə!
ÇƏHRAYI ARZULAR
Payızın çənində, qışın qarında
açacam qoynumu sənə bahartək.
Səmavi eşqimin qanadlarında
çəhrayı arzular çiçəklənəcək.
Çətirli ulduzlar süzəcək bizi,
biz - dəli-divanə iki sarmaşıq...
Xəfifcə örtəcək üzərimizi
gecənin mehtabı - nurani işıq.
Baxışlar... dodaqlar... çılpaq əzalar
şəstlə bir-birinə toxunacaqdır.
Dünyada sevgidən müqəddəs nə var?-
Kim deyir, sevişmək, sevmək günahdır?!
Payızın çənində, qışın qarında
açacam qoynumu sənə bahartək.
Səmavi eşqimin qanadlarında
çəhrayı arzular çiçəklənəcək.
MƏNƏ SEVİRƏM DEMƏ!..
Nə vaxtsa ayrılacaq əllərin əllərimdən
ağacdan qopub düşən ikicə yarpaq kimi.
Nə vaxtsa sənin üçün yanacağam, gülüm, mən
bir damcı suya möhtac qupquru torpaq kimi.
Sən özün yanımdasan, cüt göyərçin gözlərin
uçub gedib uzağa... aşiyanı bəllidir.
Mənə sevirəm demə, bilirəm ki, sözlərin
ürəksiz və nidasız adi bir təsəllidir.
YAĞIŞ
Axşam-axşam yağış yağır,
fikrə dalır qoca şəhər...
qəribsəyir boş küçələr...
Yağış yağır... damcıları
küçələrin sükutunu döyəcləyir...
naxışlanır pəncərələr.
Yağış yağır... elə bil ki,
qəmli-qəmli, həzin-həzin şeir deyir...
qulaq asır qoca şəhər.
Axşam-axşam yağış yağır,
yada düşür nələr, nələr...
xatirələr... xatirələr...
Mən başımı TƏKLİYİMİN omuzuna söykəmişəm
və yağışı seyr edirik pəncərədən...
TƏKLİK və mən...
HARDADIR HƏQİQƏT?!..
Ey həqiqətpərəst... hanı həqiqət?-
Dünya başdan-ayaq yalan deyilmi?..
Həqiqət dünyanın harasındadır?..
Hardadır həqiqət?..-
Yekə divlərin
qanlı caynağında...
kor kahasında...
yekparə qaranlıq içərisində...
ahü zar eyləyir...
Əsirlikdədir.
Üstündə leylərin azman kölgəsi...
iskelet qafalar arasındadır...
və yan-yörəsində
sarp uçurumlar,
sıldırım qayalar,
dərin kanyonlar...
Binəva həqiqət!..
Yazıq həqiqət!..
... Ümid Allahadır,
zira ki, O var!!!
QADIN ƏTRİ VƏ YAXUD EYFORİYA
Oxqay!.. Yarəb...
necə xoş bir rayihə...
necə füsunkar ətir...
Huşumu apardı, yahu!..
Məst oldum...
EYFORİYA!..
Qaliba, bu, eynən cənnət ətridir...
Ta Həvva əyyamından,-
ibtidadan eynidir...
Eynən səma ətridir.
Ax, cənnət çiçəkləri,-
gövhər gözlü qadınlar...
Müqəddəsdir o ev ki,
orda qadın ətri var...
qadın hərarəti var...
qadın məhəbbəti var!..
turan.info.az
.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.