"Qəlbim yenə narahatdır..."

"Qəlbim yenə narahatdır..."


















OLACAQSAN

Gözümün önündə tamam özgə, yad,
Qəlbimin içində sən olacaqsan.
Üzümdə təbəssüm, içimdə fəryad,
Ağaran saçımda dən olacaqsan.

Bu həsrət, intizar məni yaxacaq,
Gözüm hey arxanca sənin baxacaq,
Bəlkə də, dözməyib sellər axacaq,
Gözümdən hey axan nəm olacaqsan.

Qorxma, kimsələr tapım, arayım,
Sevgidən zədəyim, xəstə yarayım,
Bağlı qalacaqdır könül sarayım,
Bu saray içində qəm olacaqsan.

Eşqin qəmini, qəhərini içib,
Bir gün eşidirsən Yunis də köçüb.
Ruhum varlığına yol tapıb keçib,
Dönüb mənsizlikdə mən olacaqsan.


AXTAR

Ömürdən gen düşən o səadəti,
Geri dön, bir anlıq özündə axtar.
Nifrətə dəyişən o məhəbbəti,
Sevmirəm dediyin sözündə axtar.

Qəlbin ağrısında, ahu - zarında,
Sənsiz ötüb keçən hər anlarında,
Payızın yelində, qışın qarında,
Ömrün keçib gedən yazında axtar.

Bir zaman sevmədin, axı, dirisin?
İndi neyləyirsən ölmüş birisin?
Yandır həsrətinlə, yandır, ərisin,
Sonra atəşində, közündə axtar.

Göz yaşı qəlbimə axan gözləri,
Həsrətdən qarası çıxan gözləri,
Bir zaman, əzizim, baxan gözləri,
Arxanca baxdığım izində axtar.

Daha tapammazsan, inan, dincliyi,
Mənimlə birlikdə olan dincliyi,
Niyə məhv eylədi yalan dincliyi?
Səhvini çək - çevir, düzündə axtar.

Demə ki, qəlbində sızlayır ağrı,
Sən oldun itirən əhdi - ilqarı.
Məni öz yanında istəsən barı,
Mənim yadigarım, qızında axtar.


AXŞAM - AXŞAM

Qəlbim yenə narahatdır,
Heç bilmirəm, neyçün, nədən?
Küçələri dolaşıram,
Bu narahat qəlbimlə mən.

Sığmır köksə, tüğyan edir,
Təlatümlü dəniz kimi.
Heç bilmirəm, dərdi nədir?
Tənhalıqmı, sənsizlikmi?

Baxır sola, baxır sağa,
Köks ötürür, xivvət çəkir.
Sağ - solunun evlərində,
İşıq yanır, o, dərd çəkir.

Alov - alov dərdi yanır,
Öz içində sanki bir şam.
Gah yıxılır, gah dayanır,
Səfil gəzir axşam - axşam.


QƏFİL GƏLDİ BU AYRILIQ

Nə yaxşı ki, yaşamışam,
Gözəl idi ömür, yaşam.
İndi isə tək qalmışam,
Qəfil gəldi bu ayrılıq.

Yağış yağdı, külək əsdi,
Gəldi ömrə payız fəsli.
Soyuğu gülümü kəsdi,
Qəfil gəldi bu ayrılıq.

Arzular qəlbimdə qaldı,
Məni məndən ayrı saldı,
Gözlərim yollara daldı,
Qəfil gəldi bu ayrılıq.

Yunisə yazılan qədər
Budur, içi dolu kədər.
Cavanlığım böylə gedər,
Qəfil gəldi bu ayrılıq.

Yunis QARAXANOV,
"Şərqin səsi" qəzetinin
xüsusi müxbiri



turan.info.az



.
Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: